Qanunvericilik › “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026) › Tam mətn

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026)

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 560 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 1.2-ci bəndində qeyd edilən “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 iyun 2026-cı il

1.1. Bu Qayda “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 560 nömrəli Fərmanının 1-ci hissəsində göstərilən qurumlar (bundan sonra – donor qurumlar) tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra - QHT Agentliyi) ilə birlikdə həyata keçirilməsi mexanizmini müəyyən edir.

1.2. Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi əsasında əlaqələndirməni bu Qayda ilə müəyyən edilmiş mexanizm çərçivəsində “Elektron Hökumət İnformasiya Sistemi” üzərindən sahibi və operatoru QHT Agentliyi olan “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi (bundan sonra – Sistem) həyata keçirir. Dövlət qurumları qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində “bir pəncərə” prinsipi üzrə məlumat mübadiləsi, sorğular, şikayətlər, müqavilə, saziş və digər sənədlərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanması daxil olmaqla bütün sənəd dövriyyəsini Sistem vasitəsilə aparır.

1.3. QHT Agentliyi donor qurumlar ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak edir.

1.4. QHT Agentliyi hər il oktyabrın 1-dək növbəti təqvim ili üzrə donor qurumlardan onların QHT-lərə ayrılması nəzərdə tutulan maliyyə vəsaitlərinin həcmini və bölgüsünü, bu xüsusda planlaşdırılan işlərə dair ilkin tarixləri və mövzuları hazırladığı nümunəvi formalar əsasında qəbul edir, daxil olmuş məlumatları təhlil edir, təqdim olunmuş mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu (gənclər siyasəti sahəsində qrant maliyyələşdirilməsi ilə bağlı mövzuların qiymətləndirilməsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi-Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun aparılır) nəzərdən keçirir, donor qurumların rəylərini nəzərə almaqla, növbəti təqvim ili üzrə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə planlaşdırılan işlərin ardıcıllığını müəyyənləşdirir, əlaqələndirməni aparır. Donor qurumlar “bir pəncərə” prinsipi əsasında QHT-lərin maliyyələşdirilməsi üzrə planlaşdırdıqları fəaliyyətlərə başlamazdan ən azı 1 (bir) ay əvvəl QHT Agentliyinin hazırladığı nümunəvi formalar əsasında yekun məlumatları QHT Agentliyinə təqdim edirlər. QHT Agentliyi 20 (iyirmi) iş günü ərzində bu məlumatları təhlil edir və təqdim edilmiş fəaliyyətlərə dair rəyini verir.

1.5. Bu Qayda donor qurumların yalnız subyekti QHT olan təsisatların maliyyələşdirilməsinə dair münasibətləri tənzimləyir.

1.6. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış QHT-lər donor qurumlar tərəfindən maliyyələşdirilə bilməz.

1.8. Donor qurumlar QHT-lərin irəli sürdükləri layihələrin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, bu Qaydaya və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirirlər.

1.9. QHT-lərə ayrılmış maliyyə vəsaiti donor qurumlar tərəfindən Azərbaycan manatı ilə QHT-nin bank hesabına köçürülür.

2.1. Donor qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə və ya dövlət sifarişi yolu ilə maliyyələşdirilməsi 2 mərhələlidir. I mərhələdə QHT Agentliyi donor qurum və ya qurumlarla birlikdə müsabiqəni elan edir, onun və ya onların müvafiq təmsilçilərinin iştirakı ilə Sistem üzərində layihələrin ekspertizasını (gənclər siyasətinə dair qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların ekspertizası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nə uyğun aparılır), qiymətləndirilməsini aparır, QHT Agentliyinin Müşahidə Şurasının iclasında nəticələrə baxır və rəyini müvafiq donor quruma və ya qurumlara təqdim edir. II mərhələdə donor qurum və ya qurumlar QHT Agentliyinin rəyini nəzərə almaqla, layihələrin maliyyələşdirilməsinə dair qərar qəbul edir, bu qərarın qəbul edildiyi tarixdən layihələri müsabiqədə qalib gəlmiş QHT-lərlə Sistem üzərindən müqavilələri 30 (otuz) gün ərzində QHT Agentliyinin iştirakı olmadan bağlayır, maliyyələşdirilməni təmin edir, layihələrin monitorinqini aparır, hesabatı qəbul edir və yekun aktı təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edir.

2.2. QHT Agentliyi Sistemdə II mərhələ üzrə gedişatı müşahidə edir, təhlil aparır, müvafiq rəylərini sistemləşdirərək Azərbaycan Respublikasının Prezidentinə ildə bir dəfədən az olmayaraq hesabat təqdim edir.

3.1. QHT Agentliyi və digər donor qurumlar qeyri-hökumət təşkilatlarının müsabiqədənkənar yolla, subsidiya yolu ilə və digər bütün növ maliyyələşdirilməsini (müsabiqə, dövlət sifarişi istisna olmaqla) Sistem üzərindən QHT Agentliyinin müəyyən etdiyi nümunəvi forma əsasında aparır. QHT Agentliyi 2 (iki) ay müddətində ekspertizanı təşkil edir, QHT Agentliyinin Müşahidə Şurasının iclasında ekspertizanın nəticələrinə baxır, QHT Agentliyinin ayrılıqda səlahiyyətinə aid məsələ olduqda müvafiq qərar qəbul edir, donor qurumlara münasibətdə rəyini müvafiq donor quruma və ya qurumlara təqdim edir. Donor qurum və ya qurumlar QHT Agentliyinin rəyini nəzərə almaqla layihələrin maliyyələşdirilməsinə dair qərar qəbul edir, bu qərarın qəbul edildiyi tarixdən həmin QHT-lərlə Sistem üzərindən müqavilələri 30 (otuz) gün ərzində QHT Agentliyinin iştirakı olmadan bağlayır, maliyyələşdirilməni təmin edir, monitorinqi aparır, hesabatı qəbul edir və yekun aktı təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edir.

3.2. QHT Agentliyi Sistemdə bu mərhələ üzrə gedişatı müşahidə edir, təhlil aparır, müvafiq rəylərini sistemləşdirərək Azərbaycan Respublikasının Prezidentinə ildə bir dəfədən az olmayaraq hesabat təqdim edir.

4.1. QHT Agentliyi ayrılıqda və ya donor qurumlarla birlikdə aşağıdakı müsabiqələri təşkil edir:

4.1.1. kiçik qrant müsabiqəsi;

4.1.2. böyük qrant müsabiqəsi;

4.1.3. səfər qrantı müsabiqəsi.

4.2. Donor qurumlar tərəfindən eyni QHT-nin bir təqvim ili ərzində bu Qaydanın 4.1-ci bəndində qeyd edilmiş müsabiqələrə uyğun olaraq hər donor qurum üzrə yalnız 1 (bir) layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər.

4.3. Müsabiqə elanına uyğun olaraq QHT müsabiqəyə təklikdə və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər. Layihə birlikdə verildikdə QHT-lər saziş imzalamaqla müraciət edən əsas QHT-ni müəyyən edir, layihəni əsas təşkilat təqdim edir və qrant müqaviləsi onunla bağlanılır.

5.1. Kiçik qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə cavab verməlidir:

5.1.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;

5.1.2. layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;

5.1.3. layihə təqdim edən QHT-nin donor qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;

5.1.4. layihə təqdim edən QHT-nin son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılması;

5.1.5. layihənin icra müddətinin 18 (on səkkiz) aydan artıq olmaması.

6.1. Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:

6.1.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;

6.1.2. layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;

6.1.3. layihə təqdim edən QHT-nin donor qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;

6.1.4. layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılması;

6.1.5. layihənin icra müddətinin 36 (otuz altı) aydan artıq olmaması.

7.1. Səfər qrantı müsabiqəsi QHT-nin Azərbaycan Respublikasının hüdudlarından kənarda milli maraqların müdafiəsi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə prioritetlərinin, təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığının gücləndirilməsi ilə əlaqədar layihələrinin maliyyələşdirilməsi məqsədilə təşkil olunur.

7.2. Səfər qrantı müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:

7.2.1. layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;

7.2.2. layihənin icra müddətinin 2 (iki) aydan çox olmaması.

8.1. Bu meyarlar QHT-lərin qrant müsabiqəsinə təqdim etdikləri layihələrin qrant maliyyələşdirilməsi ilə bağlı donor qurumların maliyyə mənbələrindən səmərəli istifadə olunması, o cümlədən qrant məbləği müəyyən edilərkən həmin layihələrin icrası ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətin layihə büdcəsinə mütənasibliyini müəyyən edir.

8.2. Müsabiqəyə təqdim edilmiş layihələrə münasibətdə qrant məbləğləri aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edilir:

8.2.1. layihənin icra planında nəzərdə tutulmuş fəaliyyətin, o cümlədən layihənin işçi heyətinin saxlanılması üçün xərclərin layihənin icrası məqsədilə nəzərdə tutulan büdcəyə uyğun olması;

8.2.2. QHT-nin kadr potensialı və layihənin idarə olunması mexanizmləri;

8.2.3. layihənin icrasında digər QHT-nin cəlb edilməsi;

8.2.4. layihə müddətinin qarşıya qoyulan məqsədlərin icrası üçün mütənasib olması;

8.2.5. layihənin məqsədinin aydın, nəticələrinin ölçüləbilən olması.

8.3. Kiçik, böyük və səfər qrantları üzrə məbləğin müəyyən edilməsi hədləri aşağıdakı qaydada müəyyən edilir:

8.3.1.“Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30000 (otuz min) manat;

8.3.2.“Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30000 (otuz min) manat:

8.3.2.1. “Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi hər bir müsabiqə üzrə QHT Agentliyi tərəfindən, donor qurumlara münasibətdə isə müvafiq donor qurum və ya qurumlarla birlikdə müəyyən edilir və müsabiqə elanında açıqlanır;

8.3.3.“Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15000 (on beş min) manat.

9.1. Müsabiqə QHT Agentliyi və müvafiq donor qurum tərəfindən şəffaflıq, səmərəlilik, hesabatlılıq, obyektivlik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir.

9.2. Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 10 (on) təqvim günü qalmış QHT Agentliyinin və donor qurumun rəsmi internet informasiya ehtiyatında, Sistemdə və sosial şəbəkə hesablarında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.

9.3. Müsabiqənin keçirilməsi müddəti 6 (altı) aydan çox, müsabiqələr üzrə sənədlərin qəbulu müddəti 20 (iyirmi) gündən az ola bilməz.

9.4. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar qeyd edilir:

9.4.1. bu Qaydanın 9.5-ci bəndində nəzərdə tutulan sənədlərin (məlumatların) siyahısı;

9.4.2. müsabiqənin mövzusu və şərtləri;

9.4.3. müsabiqənin başlanılma və bitmə tarixi;

9.4.4. müsabiqəni təşkil edən qurumun və ya qurumların adı və ya adları, ünvanı və ya ünvanları və əlaqə vasitələri barədə məlumatlar;

9.4.5. “Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi.

9.5. QHT müsabiqədə iştirak etmək üçün Sistem vasitəsilə elektron ərizə ilə müraciət edir. Elektron ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:

9.5.1. layihə təklifi;

9.5.2. layihənin icra planı;

9.5.3. layihənin xərclər smetası;

9.5.4. layihənin büdcəsinin maliyyə əsaslandırılması;

9.5.5. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

9.5.6. QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

9.5.7. QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

9.5.8. maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

9.5.9. kiçik qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 3 (üç) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

9.5.10. böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

9.6. Bu Qaydanın 9.5-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar QHT-dən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müvafiq QHT-nin razılığı ilə sorğu əsasında aidiyyəti dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin QHT tərəfindən təmin edilir.

9.7. Bu Qaydanın 9.5.1-9.5.4-cü, 9.5.9-cu və 9.5.10-cu yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin nümunəvi formalarını QHT Agentliyi təsdiq edir, özünün rəsmi internet informasiya ehtiyatında və Sistemdə yerləşdirir.

9.8. Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

9.8.1. əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş təkrar, plagiat layihələr;

9.8.2. məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və bu Qayda ilə ziddiyyət təşkil edən layihələr;

9.8.3. nizamnamə məqsədlərinə uyğun layihə təqdim etməyən QHT müsabiqəyə buraxılmır.

9.9. Müsabiqəyə təqdim olunan bütün layihələr təqdim edildiyi gün Sistem üzərindən QHT-yə elektron qaydada layihə məlumatlarının Sistemə daxil olması haqqında bildiriş göndərilir.

9.10. QHT Agentliyi elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıq aşkar etmədikdə 10 (on) iş günü ərzində sənədlərin növbəti ekspertiza mərhələsinə keçirilməsi ilə bağlı QHT-yə Sistem üzərindən bildiriş göndərilir.

9.11. Elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə onların məzmun və mahiyyətini dəyişməyən və aradan qaldırılması mümkün olan, müsabiqədə iştirak etmək üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, elektron ərizənin Sistemə daxil olduğu tarixdən başlayaraq 10 (on) iş günü ərzində QHT Agentliyi onların aradan qaldırılması barədə bildirişi Sistem üzərindən QHT-yə göndərir və Qayda üzrə müəyyən edilən tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni vaxtda QHT-yə bildirilməlidir. QHT 5 (beş) iş günü ərzindən gec olmayaraq qeyd olunan çatışmazlıqları aradan qaldırmalı və Sistemdə QHT Agentliyinə göndərməlidir.

9.12. QHT elektron ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 9.11-ci bəndində göstərilən müddətdə aradan qaldırdıqda sənədlərin növbəti ekspertiza mərhələsinə keçirilməsi ilə bağlı, bu Qaydanın 9.11-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda isə elektron ərizənin baxılmamış saxlanılması haqqında QHT Agentliyi qərar qəbul edir və bu barədə 15 (on beş) iş günü müddətində QHT-yə Sistem üzərindən bildiriş göndərir.

10.1. QHT Agentliyi Sistemə daxil olmuş elektron ərizə üzrə ekspertiza həyata keçirir.

10.2. Layihələrin ekspertizasının əsas məqsədi layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir.

10.3. Layihələrin ekspertizası 3 (üç) mərhələdə aparılır:

10.3.1. birinci mərhələ - layihələrin texniki ekspertizası 30 (otuz) gün ərzində aparılır;

10.3.2. ikinci mərhələ - layihələrin cəlb olunmuş ekspert qrupu tərəfindən ekspertizası 30 (otuz) gün ərzində aparılır;

10.3.3. üçüncü mərhələ - layihələrin qiymətləndirilməsi və rəy verilməsi 30 (otuz) gün ərzində aparılır.

10.4. QHT Agentliyi donor qurumlarla birlikdə müsabiqə, müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə işləri təşkil etdikdə, həmin qurumların müvafiq məsul şəxsləri ekspert qrupunun tərkibində layihələrin ikinci mərhələ üzrə ekspertizasında iştirak edir.

10.5. Birinci mərhələ - layihələrin texniki ekspertizası məqsədilə QHT Agentliyi aşağıdakı tədbirləri həyata keçirir:

10.5.1. QHT-nin və təqdim olunan layihənin bu Qaydanın 5-8-ci hissələrinin, eləcə də 4.2-ci, 9.5-ci, 9.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır;

10.5.2. təkrar təqdim olunan və ya digər layihələrlə oxşar, plagiat layihələri müəyyən edir;

10.5.3. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və QHT tərəfindən əvvəllər icra edilmiş layihələrin icra vəziyyətini araşdırır;

10.5.4. texniki ekspertizanın nəticələri ilə bağlı hər bir layihəyə dair bu Qaydanın 10.5.1-ci yarımbəndində göstərilən tələblərin uyğunluğu ilə bağlı arayış hazırlanır. Layihənin texniki ekspertizası zamanı bu Qaydanın 9.5-ci bəndində qeyd olunan sənədlər (məlumatlar) qaydasında olmadıqda çatışmazlıqlar arayışda qeyd olunur. Texniki ekspertizanın nəticələrinə əsasən bu Qaydanın tələblərinə cavab verən layihələr ekspertizanın növbəti mərhələsinin həyata keçirilməsi üçün ekspert qrupuna təqdim olunur.

10.6. İkinci mərhələ - ekspert qrupu layihələrin ekspertizası zamanı aşağıdakı meyarları nəzərə almalıdır:

10.6.1. layihənin məqsədinin aydınlığı;

10.6.2. layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi;

10.6.3. layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

10.6.4. layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu;

10.6.5. QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi;

10.6.6. layihə üzrə risklərin təhlili və səmərəli monitorinq mexanizmi;

10.6.7. layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

10.6.8. layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq;

10.6.9. layihədən gözlənilən nəticələr;

10.6.10. layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi.

10.7. Ekspert qrupu hər meyar üzrə 0-10 bal olmaqla, hər bir layihəyə dair 100 ballıq sistem üzrə qiymətləndirilmə aparır.

10.8. Ekspertizanın üçüncü mərhələsində QHT Agentliyi aşağıdakı tədbirləri görür:

10.8.1. layihələri müzakirə edir, ekspert qrupunun 100 ballıq sistem üzrə qiymətləndirilmələri əsasında keçid balını müəyyənləşdirir, layihələrin səmərəliliyini, habelə nəticəlilik və davamlılıq amillərini bu Qaydanın 1.8-ci bəndində qeyd olunmuş normativ hüquqi aktların tələblərini rəhbər tutmaqla qiymətləndirir;

10.8.2. layihələrin büdcəsinin qrant məbləğinə uyğunluğuna baxır;

10.8.3. bu Qaydanın 8.2-ci bəndində qeyd olunan müddəalara görə layihələrin qrant maliyyələşdirilməsi ilə bağlı qrant məbləğlərini müəyyən edir;

10.8.4. hər bir layihə üzrə maliyyə vəsaitinin verilməsi və ya verilməsindən imtina barədə rəy verir.

10.9. Bu Qaydanın 10.8.4-cü yarımbəndi üzrə QHT Agentliyi tərəfindən qəbul olunmuş rəydə layihəsinin maliyyələşdirilməsi təklif olunan QHT haqqında məlumat, layihənin adı, ayrılması nəzərdə tutulan maliyyə vəsaiti qeyd edilir.

10.10. QHT Agentliyinin müvafiq rəyi əsasında donor qurum müsabiqənin nəticəsi barədə qərar qəbul edir.

10.11. Maliyyə vəsaitinin verilməsinə və ya verilməsindən imtinaya dair qərar barədə məlumat qərarın qəbul olunduğu gündən 10 (on) iş günü ərzində QHT Agentliyi tərəfindən (donor qurumlarla birlikdə müsabiqə təşkil edildikdə isə qərar qəbul edən donor qurum tərəfindən) Sistem üzərindən elektron qaydada QHT-yə göndərilir.

10.12. Maliyyə vəsaitinin verilməsindən imtina barədə qərarda imtinanın səbəbləri qeyd edilir.

10.13. QHT maliyyə vəsaitinin verilməsindən imtina barədə qərardan QHT Agentliyinin (donor qurumlarla birlikdə müsabiqə təşkil edildikdə QHT Agentliyi tərəfindən həmin qurumlarla birlikdə təşkil edilmiş) Apellyasiya Komissiyasına 5 (beş) iş günü ərzində müraciət edə bilər.

10.14. QHT müsabiqəyə təqdim etdiyi, lakin maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihəsini imtina səbəblərinə uyğun təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim edə bilər.

11.1. Layihənin maliyyələşdirilməsi qərarını qəbul edən donor qurum müsabiqənin qalibi olan QHT ilə maliyyə vəsaitinin verilməsi haqqında müqavilə bağlayır və maliyyələşdirilməni təmin edir.

11.2. Müqavilə Sistem üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunur və müqavilə üzrə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq müvafiq qeydiyyat orqanına Sistem üzərindən təqdim olunur.

11.3. Maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə donor qurum tərəfindən ödənişlər azı 2 (iki) mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra QHT-yə ödənilən ilkin vəsait müqavilə dəyərinin 50 (əlli) faizindən az ola bilməz.

11.4. Layihənin icra planında və xərclər smetasında dəyişikliklər layihə icraçısının əsaslandırılmış müraciəti əsasında layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edən donor qurum tərəfindən təsdiq edilir.

11.5. Layihə üçün ayrılmış maliyyə vəsaiti “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilir.

12.1. Donor qurum maliyyələşdirdiyi layihələrlə bağlı layihələrin icra planına uyğun monitorinq aparır.

12.2. Layihələrin monitorinqi müşahidələrin aparılması, monitorinq anketi, müsahibə, sorğu və digər üsullarla aparılır. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinqlərə müvafiq dövlət qurumlarının nümayəndələri, müqavilə əsasında müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilərlər.

12.3. QHT tərəfindən icra olunan layihə üzərində müşahidələrin aparılması dedikdə, layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edən donor qurumun bu Qaydaya əsasən QHT-nin təqdim etdiyi məlumatları qəbul etməsi, öyrənməsi, müqayisə etməsi və həyata keçirilən tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

12.4. Donor qurumun maliyyələşdirdiyi layihələr çərçivəsində keçirdiyi tədbirlərdə QHT tərəfindən müvafiq donor qurumun iştirakı üçün lazımi şərait yaradılır.

12.5. Monitorinqlər layihənin icra olunduğu ərazidə QHT-nin, donor qurumun ünvanında və ya Sistem üzərindən icra edilməklə aparıla bilər. QHT donor qurum tərəfindən maliyyələşdirilən layihə çərçivəsində keçirilən tədbirin vaxtı və yeri barədə müvafiq donor quruma azı 5 (beş) iş günü əvvəl Sistem üzərindən məlumat verir. Donor qurum təşkil olunacaq monitorinqin aparılmasından 2 (iki) iş günü əvvəl QHT-ni məlumatlandıra bilər.

12.6. Donor qurum maliyyələşdirdiyi layihələr çərçivəsində keçirilən tədbirlərdə iştirak etmədən monitorinq apardıqda QHT-dən bu Qaydaya əsasən təqdim edilməli olan sənəd və məlumatları tələb edə bilər. QHT monitorinq zamanı müvafiq layihə fəaliyyətinin icrası ilə bağlı sənədləri tələb olunan müddətdə müvafiq donor quruma təqdim etməlidir.

12.7. Layihənin icra və nəticələri ilə bağlı aparılan monitorinqdən sonra 10 (on) iş günü ərzində əldə edilmiş yekun nəticə haqqında QHT Agentliyi tərəfindən tərtib olunmuş formaya uyğun olaraq monitorinq hesabatı hazırlanır.

12.8. Monitorinq hesabatının strukturu aşağıdakılardan ibarətdir:

12.8.1. layihə haqqında ümumi məlumat;

12.8.2. icra planı üzrə nəzərdə tutulan tədbirlər və fəaliyyətlər;

12.8.3. icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin həyata keçirilməsi vəziyyəti, müvafiq təsdiqləyici sənədlər;

12.8.4. icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin layihənin xərclər smetasına uyğunluğu, müvafiq təsdiqedici sənədlər;

12.8.5. layihənin icrası zamanı, o cümlədən müvafiq tərəfdaşlarla və sahəvi qurumlarla əməkdaşlıq çərçivəsində əldə edilən ölçüləbilən nəticələr.

12.9. Monitorinq hesabatına uyğun olaraq layihənin icrasında nöqsanlar və çatışmazlıqlar aşkar olunduqda, donor qurum tərəfindən bu Qaydanın 13.3-cü və 13.5-ci bəndləri ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür.

12.10. Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün akt tərtib olunur.

13.1. QHT layihənin nəticələrinə dair icra planı üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirən, ölçüləbilən nəticələrin məcmusundan ibarət yekun hesabatları təsdiqləyici sənədlərlə birlikdə Sistem vasitəsilə müqavilədə qeyd olunan müddətdə müvafiq donor quruma təqdim edir.

13.2. Donor qurum daxil olan yekun hesabatlara 15 (on beş) iş günü ərzində baxır. Donor qurum hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı məlumat əldə etmək hüququna malikdir.

13.3. QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən layihələrin həyata keçirilməsi zamanı müqavilə öhdəliklərinin pozulması aşkar edildikdə, donor qurum tərəfindən QHT-yə xəbərdarlıq olunur. QHT qeyd olunan uyğunsuzluq və çatışmazlıqlar üzrə 10 (on) iş günü ərzində düzəlişlər etmədikdə, layihə ilə bağlı müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda müvafiq donor qurumun əsaslandırılmış qərarı ilə layihənin maliyyələşdirilməsi dayandırılır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı, o cümlədən bu Qaydanın 13.5-ci bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

13.4. Layihə üzrə ayrılan vəsait tam xərclənmədikdə qalıq məbləğ “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də müqavilə tələblərinə uyğun olaraq istifadə edilir.

13.5. Bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilmiş hallar aşkar edildikdə, QHT Agentliyi 2 (iki) ilədək müddətə həmin QHT-ni “bir pəncərə” prinsipi ilə bütün növ maliyyələşdirilmə hüququndan məhrum edir. Maliyyələşdirilməni həyata keçirən digər donor qurum eyni hal ilə qarşılaşdıqda Sistem üzərindən QHT Agentliyinə əsaslandırılmış arayış verir, QHT Agentliyi bu müraciəti araşdırır və 2 (iki) ilədək müddətə həmin QHT-ni “bir pəncərə” prinsipi ilə bütün növ maliyyələşdirilmə hüququndan məhrum edir.

14.1. Layihələrin icrasının qiymətləndirilməsi QHT Agentliyinin müəyyən etdiyi forma əsasında layihənin maliyyələşdirilməsi qərarını qəbul edən donor qurum tərəfindən Sistem üzərindən aparılır.

14.2. Layihələrin icrasının qiymətləndirilməsi maliyyələşdirilmiş layihənin onun məqsəd və vəzifələrinə uyğun təşkilini, səmərəliliyinin ölçülməsini və nəticələrinin müəyyən edilməsini özündə ehtiva edən və donor qurum tərəfindən təsdiq olunmuş müvafiq plan əsasında aparılır. Qiymətləndirilmə ölçüləbilən indikatorların (kəmiyyət və keyfiyyət göstəricilərinin) və meyarların təsbit olunduğu qiymətləndirilmə anketi vasitəsilə aparılır.

14.3. Qiymətləndirilmənin aparılması zamanı şəffaflıq, səmərəlilik, hesabatlılıq, obyektivlik və bərabərlik prinsipləri rəhbər tutulur.

14.4. Donor qurum qiymətləndirilmə prosesində maliyyələşdirdiyi layihənin heyət və iştirakçılarına layihənin icra vəziyyətinin öyrənilməsi məqsədilə sorğu göndərə bilər.

15.1. QHT-lərin dövlət sifarişləri yolu ilə maliyyələşdirilməsi mexanizmi aşağıdakı qaydada həyata keçirilir:

15.1.1. QHT Agentliyi bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq Sistem üzərindən donor qurumlardan müraciətləri qəbul edir, təhlil aparır, onların müvafiq dövlət qurumlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu nəzərdən keçirir və rəy verir;

15.1.2. QHT Agentliyi donor qurumla birlikdə bu Qaydanın 9.4.5-ci, 9.5.9-cu və 9.5.10-cu yarımbəndləri istisna olmaqla, müsabiqəni Qaydanın 9-cu hissəsinə uyğun olaraq təşkil edir.

15.2. Müsabiqə elanına aşağıdakı məlumatlar da əlavə edilir:

15.2.1. dövlət sifarişi məbləğinin yuxarı həddi;

15.2.2. müsabiqəyə layihə təqdim edən QHT-nin son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

15.3. QHT Agentliyi daxil olan müraciətlərin 10.5.1-ci yarımbəndinin birinci hissəsi və 10.8.3-cü yarımbəndləri istisna olmaqla bu Qaydanın 10-cu hissəsinə uyğun olaraq ekspertizasını təşkil edir və rəy verir.

15.4. Layihələrin maliyyələşdirilməsi bu Qaydanın 11-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

15.5. İcra olunan layihələrin monitorinq mexanizmi bu Qaydanın 12-ci hissəsinə uyğun olaraq təşkil edilir.

15.6. Layihə nəticələrinə dair hesabatlılıq bu Qaydanın 13-cü hissəsinə uyğun olaraq təşkil edilir.

16.1. Donor qurum qeyri-hökumət təşkilatlarının müsabiqədənkənar yolla, subsidiya yolu ilə və digər bütün növ maliyyələşdirilməsinə dair (müsabiqə, dövlət sifarişi istisna olmaqla) təkliflərini Sistem üzərindən aşağıdakı sənədlərlə təqdim edir:

16.1.1. QHT Agentliyi tərəfindən hazırlanan və QHT haqqında məlumatı özündə əks etdirən ərizə;

16.1.2. layihə təklifi;

16.1.3. layihənin icra planı;

16.1.4. layihənin xərclər smetası;

16.1.5. layihənin büdcəsinin maliyyə əsaslandırılması;

16.1.6. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

16.1.7. QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

16.1.8. QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

16.1.9. maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

16.1.10. layihə heyətində iştirak edən şəxslər haqqında məlumat.

16.2. QHT Agentliyi müvafiq donor qurumla birlikdə bu Qaydanın 10-cu hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olaraq daxil olan müraciətlərin ekspertizasını təşkil edir.

16.3. QHT Agentliyi bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq rəyini donor quruma təqdim edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver