Qanunvericilik › “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.2019) › Tam mətn

“Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.2019)

“Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 627 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 dekabr 2019-cu il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 7.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gerbinin (bundan sonra – Dövlət Gerbi) təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydasını müəyyən edir.

1.2. Dövlət Gerbinin binalara, sərhəd nişanlarına vurulan təsviri ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.1. Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsi ilə müəyyən edilən binalarda yerləşdirilərkən, birmərtəbəli və çoxmərtəbəli binaların memarlıq xüsusiyyətləri aşağıdakı qaydada nəzərə alınmalıdır:

2.1.1. birmərtəbəli binada Dövlət Gerbinin təsviri (diametri 0,5 metr olmaqla) binanın əsas girişi tərəfindən örtük səviyyəsində və ya frontonunda və ya binanın giriş günlüyünün üzərində yerləşdirilir;

2.1.2. hündürlüyü 20 metrədək olan iki, üç, dörd, beş mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1 metrdən 1,5 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;

2.1.3. hündürlüyü 30 metrədək olan altı, yeddi, səkkiz, doqquz mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1,5 metrdən 2,0 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;

2.1.4. hündürlüyü 30 metrdən yuxarı olan çoxmərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində (diametri 3,0 metr və daha çox olmaqla) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir.

3.1. Dövlət Gerbinin təsvirindən dövlət mənsubiyyətini müəyyən edən sərhəddə mühüm yolların, göl və çayların kəsişmə yerlərində, sərhədin quru sahələrində, döngə və burulma nöqtələrində quraşdırılan əsas sərhəd nişanlarında istifadə olunur.

3.2. Dövlət Gerbinin təsviri əsas sərhəd nişanının qonşu dövlət tərəfə yönəlmiş hissəsinin yuxarı qırmızı zolağının üzərinə vurulur.

3.3. Sərhəd nişanlarında istifadə edilən Dövlət Gerbinin təsviri paslanmayan materialdan hazırlanır, tunc (sarı) rəngdə olur.

3.4. Sərhəd nişanına bərkidilmiş Dövlət Gerbinin ölçüsü 160x162 mm olur.

3.5. Sərhəd nişanlarında istifadə olunan Dövlət Gerbinin təsvirinin istismarına 10 (on) il zəmanət verilir.

3.6. Sərhəd nişanlarının formaları, ölçüləri və qurulması qaydası “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver