AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasının Dövlət Himninin ədliyyə orqanlarında ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydası”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
010.030.000; 380.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Azərbaycan Respublikasının Dövlət Himninin ədliyyə orqanlarında ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).
3. Qərar bütün ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun 7.1-ci maddəsinə əsasən hazırlanmışdır və ədliyyə orqanlarında Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması məsələlərini tənzimləyir.
1.2. Ədliyyə orqanlarının keçirdiyi tədbirlər zamanı ifa edilən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olmalıdır.
1.3. Ədliyyə orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqinin səviyyəsi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.
1.4. Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə iştirakçılar üzü bayrağa tərəf durmalıdırlar.
2.1. Ədliyyə orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
2.1.1. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və ya bağlanışı zamanı;
2.1.2. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrlə əlaqədar təşkil edilən tədbirlərdə;
2.1.3. ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirlərdə;
2.1.4. ədliyyə orqanlarına qulluğa qəbul olunan şəxslərin andiçmə mərasimi keçirildiyi zaman;
2.1.5. Nazirliyin rəhbər heyəti tərəfindən əməkdaşların və hərbi qulluqçuların nümunəvi çıxışlarına baxış zamanı.
2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən hallar da daxil olmaqla Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayı və Konvoy taborunda Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
2.2.1. Mühafizə alayı və Konvoy taboruna aid əlamətdar tarixi hadisələrlə bağlı təşkil edilən tədbirlərdə;
2.2.2. ümumalay və ya ümumtabor yoxlanışı vaxtı;
2.2.3. hərbi andiçmə mərasimləri zamanı;
2.2.4. Döyüş Bayrağının verilməsi mərasimlərində;
2.2.5. Parad (nümayiş, təntənəli yürüş) keçirildikdə.
2.3. Azərbaycan Respublikasının Dövlət Himni Ədliyyə orqanları tərəfindən keçirilən digər mühüm tədbirlər zamanı da səsləndirilə bilər.
3.1. Ədliyyə orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam səsləndirilir, sözlərinin və musiqisinin təhrifinə, yaxud başqa dildə oxunmasına yol verilmir.
3.2. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə işçilər onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.
4.1. Mühafizə alayında və Konvoy taborunda Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi” və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə uyğun olaraq səsləndirilir.
4.2 Dövlət Himni ifa ediləndə sıradakı əməkdaşlar və hərbi qulluqçular komanda verilməmiş “farağat” vəziyyətini alır, taqım komandirləri və onlardan yuxarı bütün bölmələrin komandirləri əsgəri salam verirlər. Sırada olmayan əməkdaşlar və hərbi qulluqçular Dövlət Himni ifa ediləndə komanda verilməmiş “farağat” vəziyyətini alır, baş geyimində olanlar isə əsgəri salam verirlər.
4.3. Bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş hallarda Mühafizə alayı və Konvoy taborunda Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir, şəxsi heyət tərəfindən oxunur.
5.1. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Kadr xidmətləri tərəfindən həyata keçirilir.