Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır.
Nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd mühafizə orqanlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri sərhəd mühafizə orqanlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.
Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər.
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən şəxslərin nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın buraxılması üçün sadələşdirilmiş qayda qoyula bilər.
Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar.
Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmaya bilərlər.