Qanunvericilik › “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 17.11.2025) › Tam mətn

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 17.11.2025)

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 17.11.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il sentyabrın 16-da Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2025-ci il

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları və Əmirlikləşmə Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),

iki ölkə və onların xalqları arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq,

BƏƏ-də azərbaycanlı işçilərin əmək müqaviləsi əsasında məşğulluğunun təşviq edilməsi məqsədilə hər iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsini arzulayaraq,

hər iki ölkənin işçi qüvvəsi sahəsində sıx əməkdaşlıqdan əldə edəcəyi faydaları dərk edərək,

və hər iki ölkədə qüvvədə olan qanun və qaydalara uyğun olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

1. Bu Anlaşma Memorandumunun məqsədləri üçün:

“İşçilər” termini 18 yaşına çatmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti ilə cəlb olunmuş, daha sonra BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyində qeydiyyatdan keçmiş və əmək müqaviləsi əsasında BƏƏ-də işə götürülmüş və əmək müqaviləsinin müddəti bitdikdən sonra BƏƏ-dən Azərbaycan Respublikasına qayıdan bütün Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

2. BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvəqqəti məşğulluğun tənzimlənməsində ən yaxşı təcrübələrin təşviq edilməsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə bu Anlaşma Memorandumunun müddəalarını həyata keçirir.

Tərəflər əmək müqaviləsi əsasında məşğulluq dövrünün səmərəli tənzimlənməsini təmin etmək məqsədilə aşağıdakılar vasitəsilə əməkdaşlıq edirlər:

1. Əmək müqaviləsi əsasında məşğulluq dövrünün birgə tənzimlənməsi üçün informasiya texnologiyalarının istifadəsi və məlumat mübadiləsi.

2. İşçi qüvvəsinin yerləşdirilməsinin şəffaflıq, etik qaydada işə qəbul, ədalətlilik və qarşılıqlı fayda prinsiplərinə uyğun olaraq tənzimlənməsi.

3. İnsan alveri hallarının qarşısını almaq və Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq ədalətli və şəffaf işə cəlbctmə prosedurunu tətbiq etmək, həmçinin bütün iştirakçılar tərəfindən qanunun əliliyinə riayət edilməsini təmin etmək məqsədilə özəl işədüzəltmə şirkətlərinin fəaliyyətinə nəzarət edilməsi ilə bağlı Tərəflərin səylərinin gücləndirilməsi.

4. Tərəflər tərəfindən razılaşdırıldığı kimi digər müvafiq texniki və insan resurslarının inkişafı sahəsində əməkdaşlıq.

5. Səmərəli məşğulluğun təmin edilməsi məqsədilə yola düşməzdən əvvəl və çatdıqdan sonra təlimlərin təşkili üçün birgə proqramların və fəaliyyətlərin həyata keçirilməsi. Belə birgə əməkdaşlıq proqramları və ya birgə fəaliyyətlər barədə Tərəflərin rəsmiləri tərəfindən ictimaiyyətə məlumat verilməsi və (və ya) bəyan edilməsi onların həyata keçirilməsindən maksimum birgə fayda əldə etmək üçün Tərəflər arasında qarşılıqlı müzakirə olunur və əlaqələndirilir.

1. BƏƏ-də işləyəcək işçinin əmək münasibətlərinin şərtləri işçi ilə işəgötürən arasında bağlanacaq işçi və işəgötürənin hüquq və öhdəliklərini aydın şəkildə ifadə edən fərdi əmək müqaviləsi ilə müəyyən edilir. Əmək müqaviləsindəki şərtləri əks edən iş təklifi işçinin Azərbaycan Respublikasından gedişindən əvvəl işçi tərəfindən imzalanır. Təsdiqlənmiş iş təklifi işçinin BƏƏ-də əmək müqaviləsi ilə təmin olunacağına zəmanət verir. Bu baxımdan iş təklifinin həqiqiliyinin işçinin Azərbaycan Respublikasını tərk etməsindən əvvəl yoxlanılması Azərbaycan Respublikasındakı işəgötürmə agentliyinin və işçinin məsuliyyətidir.

2. İşçi BƏƏ-yə çatdıqdan sonra o, BƏƏ-nin əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlayır. Əmək müqaviləsinin bir nüsxəsi BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyində müvafiq qaydada qeydiyyata alınır. Məşğulluq dövründə əmək müqaviləsinin şərtləri işçi üçün əlverişli olan dəyişikliklər istisna olmaqla dəyişdirilə bilməz.

3. Əmək müqaviləsi Azərbaycan, ərəb və ingilis dillərində tərtib olunur.

4. Əmək müqaviləsinin Azərbaycan, ərəb və ingilis dillərindəki versiyaları BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi tərəfindən tanınan yeganə təsdiqlənmiş versiyalardır. İşçi ilə işəgötürən arasında əmək müqaviləsi şərtləri ilə bağlı mübahisə BƏƏ-nin müvafiq məhkəmə orqanlarına göndərildiyi təqdirdə, ərəb dilindəki mətn əsas götürülür.

1. İşçilərin BƏƏ-yə göndərilməsi üçün cəlb edilməsinin və hazırlanmasının Tərəflərin Dövlətlərinin qüvvədə olan qanunvericiliklərinə, prosedurlarına, təlimatlarına və qaydalarına uyğun olmasını təmin etmək.

2. Göndəriləcək işçilərin zəruri ixtisaslara malik olmasını təmin etmək və işə götürüldükləri işi yerinə yetirmək üçün fiziki və əqli cəhətdən uyğunluğunun müəyyən edilməsi məqsədilə işçilərin tibbi müayinələrini təşkil etmək.

3. BƏƏ-yə göndəriləcək işçilərin Azərbaycan Respublikasından getməzdən əvvəl işçi tərəfindən imzalanmış, BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi tərəfindən yoxlanılmış və təsdiq edilmiş iş təklifinə malik olmasını təmin etmək.

4. İşçilərə yola düşməzdən əvvəl məşğulluqları ilə bağlı BƏƏ-dəki müvafiq qanunlar, qaydalar, siyasətlər, prosedurlar, normalar, mədəniyyətlər və təcrübələr barədə müvafiq qısamüddətli təlimin keçilməsini təmin etmək.

5. BƏƏ-də işə götürülən işçilərin müqavilə bağlayan BƏƏ işəgötürəni tərəfindən müəyyən edilmiş ehtiyaclar əsasında cəlb olunmasını və göndərilən işçilərin hüquqi müdafiə ilə əhatə olunması üçün bütün zəruri tədbirlərin görülməsini təmin etmək.

1. Bu Anlaşma Memorandumu ilə tənzimlənən işçilərin BƏƏ-yə girişinin və məşğulluğunun BƏƏ-nin qanunlarına, prosedurlarına, təlimatlarına və qaydalarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək.

2. BƏƏ Hökuməti tərəfindən müvafiq qaydada təsdiq edilmiş əmək müqaviləsinin icrasını və tətbiqini təmin etmək.

3. BƏƏ-də işləyən işçilərin hüquqlarını ölkənin qanunlarına uyğun olaraq müdafiə etmək.

4. İşçilərin işə qəbulu üçün təqdim edilən müraciətlərdə işin xüsusiyyətləri, tələb olunan kvalifikasiyalar, işə qəbul üçün təklif olunan iş növləri, o cümlədən əməkhaqqı, əməkhaqqından əlavə imtiyazlar, müvafiq hallarda yaşayış və nəqliyyat, iş müddətinin başa çatması ilə bağlı ödənişlər daxil olmaqla iş təklifinin şərtləri və BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi tərəfindən tələb olunan hər hansı digər təfərrüatlar göstərilir. BƏƏ-nin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi tərəfindən verilmiş iş icazələrinin təsdiqinin surəti əlavə olunur.

5. İşçilərin BƏƏ-nin qanun və qaydalarına uyğun olaraq və öz mülahizələri ilə gəlirlərini mənşə ölkələrinə və ya başqa yerə köçürmək hüququna malik olmasını təmin etmək.

Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üçün zəruri olan vəsaitlər hər iki Tərəfin müvafiq il üçün büdcə təxsisatları daxilində, həmçinin Tərəflərin Dövlətlərinin müvafiq milli qanunvericiliklərinə zidd olmayan digər mənbədən ayrılır.

BƏƏ-nin milli qanunvericiliklərinin müvafiq müddəalarına uyğun olaraq:

1. Birləşmiş Ərəb Əmirliklərində qüvvədə olan qanunvericiliyə əsasən irqə, rəngə, cinsiyyətə, dinə, milli və sosial mənşəyə və ya əlilliyə görə ayrı-seçkilik qəti qadağandır. BƏƏ-dəki azərbaycanlı işçilər bu əsaslardan hər hansı biri üzrə ayrı- seçkiliyə qarşı müdafiə və bərabər rəftar hüququna malikdirlər.

2. İş yerində əməyin mühafizəsi və əmək şəraiti əməyin mühafizəsi qaydalarına uyğun olaraq yerli işçilərlə bərabər əsasda təmin edilir.

3. İşçilər iş yerində bədbəxt hadisələr, işəgötürənin müflisləşməsi və analıq məzuniyyəti hallarında tibbi sığortaya çıxış imkanları da daxil olmaqla, BƏƏ-nin əmək qanunu və BƏƏ-nin milli qanunvericiliklərinə uyğun müdafiə olunurlar.

4. İşçilər əmək müqaviləsi bağlanılmazdan əvvəl işəgötürənin hesabına tibbi müayinədən keçirilirlər.

5. Əməkhaqqı əmək müqaviləsində göstərilən tarixdə, ayda bir dəfədən az olmayaraq əməkhaqqının mühafizəsi sistemi vasitəsilə təmin edilir.

6. BƏƏ-nin qanun və qaydalarına uyğun olaraq, işçilər pasport və şəxsiyyət vəsiqəsi kimi şəxsi identifikasiya sənədlərini özündə saxlamaq hüququna malikdirlər.

7. İşçilər tibbi sığorta ilə təmin edilirlər (terapevt tərəfindən təməl tibbi xidmət və tibbi yardım).

BƏƏ ərazisində işçilərin ailə üzvlərinin yaşayışı BƏƏ-nin milli qanunvericiliklərinə uyğun həyata keçirilir.

1. Bu Anlaşma Memorandumu Tərəflərin həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yekunlaşması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir. Bu Anlaşma Memorandumu 4 (dörd) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti 4 (dörd) illik müddətlərə qüvvədə qalır. Bütün hallarda Anlaşma Memorandumu Tərəflərdən birinin ləğvetmə ilə bağlı bildirişi aldığı tarixdən altı (6) ay sonra ləğv olunur.

2. Tərəflər qarşılıqlı yazılı razılıq əsasında bu Anlaşma Memorandumuna, həmin Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan və hazırkı Anlaşma Memorandumunun bu maddəsinin 1-ci paraqrafına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilən dəyişikliklər edə bilərlər.

3. Tərəflər bu Anlaşma Memorandumunun tətbiqini milli təhlükəsizlik, ictimai qayda və ya ictimai sağlamlıq səbəbləri ilə müvəqqəti olaraq tamamilə və ya qismən dayandırmaq hüququnu saxlayırlar. Tərəflər, bu Anlaşma Memorandumunun dayandırılması və dayandırılmanın ləğvi barədə qərarları diplomatik kanallar vasitəsilə vaxtında bir-birilərinə bildirirlər.

4. Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə diplomatik kanallar vasitəsilə dostcasına həll edilir.

Şuşa şəhərində 2025-ci il 16 sentyabr tarixində, hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver