Qanunvericilik › “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2015) › Tam mətn

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2015)

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 22 may 2015-ci il

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində (Şuşa şəhərinin ərazisi istisna olmaqla) arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.

1.2-1. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır.

1.3. Arxeoloji qazıntı işləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nəzarəti ilə aparılır.

1.4. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir.

1.5. Bu Qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür.

1.6. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən hesabat müvafiq şəxs tərəfindən imzalanmalı, hüquqi şəxs tərəfindən həmçinin möhürlə təsdiqlənməlidir.

2.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıları aparan şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

2.2. “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

2.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı;

2.2.2. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı;

2.2.3. ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi və bu məqsədlə ayrılan maliyyə vəsaiti;

2.2.4. qazıntı işləri aparılan abidənin ərazisi;

2.2.5. qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı və ya tədqiqat üsulları;

2.2.6. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının coğrafi koordinatları;

2.2.7. arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri;

2.2.8. qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər;

2.2.9. qazıntı işlərini aparan (yerinə yetirən) fiziki və ya hüquqi şəxslər;

2.2.10. arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr.

2.3. Bu Qaydanın 2.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təqdim edilməlidir:

2.3.1. qazıntı işləri aparılan ərazinin, aşkar olunan abidə, əşya və ya başqa tapıntının və onların aşkar olunan zaman vəziyyətinin fotosu və ya videosu;

2.3.2. bu Qaydanın 2.2.9-cu yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti;

2.3.3. bu Qaydanın 2.2.10-cu yarımbəndində göstərilən avadanlıqların fotoşəkilləri və texniki göstəricilərini müəyyən edən sənəd.

2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar arxeoloji qazıntılar aparan şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi həmin şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

3.1. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə elmi tədqiqat işləri tamamlandıqdan sonra 30 (otuz) gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir.

3.2. Azərbaycan Respublikasının ərazisində arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən təqdim edilən hesabatda aşağıdakılar barədə məlumatlar öz əksini tapmalıdır:

3.2.1. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı;

3.2.2. elmi tədqiqat işlərini yerinə yetirən elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası məqsədi ilə fəaliyyət göstərən ictimai birliklər və icraçı şəxslər;

3.2.3. tətbiq edilən elmi tədqiqat metodları;

3.2.4. tədqiq olunan abidə, əşya və ya başqa tapıntılar;

3.2.5. tədqiq olunan abidə, əşya və ya başqa tapıntıların mühafizəsi və onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən hesabatla birlikdə aşağıdakılar Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təqdim edilməlidir:

3.3.1. tədqiq olunan abidə, əşya və ya başqa tapıntının fotosu və ya videosu;

3.3.2. bu Qaydanın 3.2.2-ci yarımbəndində göstərilən şəxslərin ixtisasını təsdiq edən sənədin surəti.

3.4. Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar elmi tədqiqat işlərini yerinə yetirən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi həmin şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

4.1. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 3 (üç) iş günü müddətində təqdim edilən hesabatın bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə uyğunluğunu yoxlayır.

4.2. Təqdim edilmiş hesabatda çatışmazlıqlar (bu Qaydanın 2.4-cü və 3.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 (beş) gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır.

4.3. Bu Qaydanın 2.1-ci, 3.1-ci, 4.2-ci bəndlərində müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə və ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə uyğun müvafiq tədbirlər görülür.

1. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

2. 26 oktyabr 2020-ci il tarixli 424 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1312)

3. 5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346)

4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver