Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi 163 ştat vahidi, Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2006-cı il
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Nazirlik) ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Nazirlik Bakı şəhərində yerləşir.
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönəldir;
7.3. gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini həyata keçirir;
7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. icra hakimiyyəti orqanlarının və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək;
8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;
8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumat hazırlamaq;
8.6. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin həyata keçirilməsini, habelə elmi tədqiqat işlərinin aparılmasını və onların nəticələrinin təcrübədə tətbiq edilməsini təmin etmək;
8.7. yerlərdə müvafiq sahənin inkişafı ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən perspektiv planların işlənib hazırlanmasında iştirak etmək;
8.8. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.9. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.10. müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
8.11. müvafiq sahəni işıqlandıran televiziya və radio proqramlarının layihələrini hazırlayıb həyata keçirmək;
8.12. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.13. bədən tərbiyəsi və idman mütəxəssislərinə olan tələbatı müəyyən etmək, müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək və mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnməsinə şərait yaratmaq;
8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
8.13-2. tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparmaq;
8.13-3. tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
8.14. ümumbəşəri və milli dəyərlərə, demokratik cəmiyyətin qurulması yolunda qarşıda duran məsələlərə dair gənclərin, o cümlədən tələbələrin diskussiya klublarını təşkil etmək;
8.15. gənclərin təhsil və sosial problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək, onlar üçün yaradıcı mühitin formalaşdırılmasına kömək göstərmək, bu məqsədlə sərgilər, festivallar, konsertlər, tamaşalar təşkil etmək;
8.16. müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının gənclər tərəfindən öyrənilməsində, istehsalın səmərəli təşkili, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o cümlədən fermer təsərrüfatlarının yaradılmasında müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə metodik məsləhətlərin verilməsi işini təşkil etmək;
8.17. gənclərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə iş aparmaq, gənclərin işlə təmin olunmasına şərait yaratmaq;
8.18. əlilliyi olan, xüsusilə də müharibə ilə əlaqədar əlilliyi olan gənclərin və əlilliyi olan uşaqların problemlərinin aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən həll edilməsi məqsədilə müvafiq vəsatətlər qaldırmaq;
8.19. gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırmaq, proqramlar hazırlamaq və digər zəruri tədbirlər görmək;
8.20. gəncləri narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmək;
8.21. tələbə gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında iştirakına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə müvafiq proqramlar hazırlayıb həyata keçirmək;
8.22. şəxsiyyətin harmonik, hərtərəfli inkişafı, gənclərin əməyə, Vətəni müdafiəyə hazırlanması, onların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılmasına dair tədbirlər görmək;
8.23. ölkədə bədən tərbiyəsi və idmanın təşviqini və təbliğini, o cümlədən mediada bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etmək, təbliğinin forma və metodlarını müəyyən etmək;
8.24. təhsil müəssisələrində, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların, məktəblilərin və tələbələrin sağlamlığının qorunmasını və möhkəmlənməsini təmin etmək, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlamaq;
8.24-1. öz səlahiyyətləri daxilində müxtəlif idman növləri üzrə proqram və normativləri təsdiq etmək;
8.25. ölkədə uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbləri şəbəkəsini yaratmaq, fəaliyyətlərini istiqamətləndirmək, koordinasiya etmək, idman məktəbləri üçün nümunəvi tədris proqram və planlarını hazırlamaq və təsdiq etmək;
8.26. əlilliyi olan gənclərin və əlilliyi olan uşaqların bədən tərbiyəsi və idmanla məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün əlverişli şərait yaratmaq, belə gənclər və uşaqlar arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını təşkil etmək və bu yarışlarda əlilliyi olan idmançıların iştirakını təmin etmək;
8.27. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hüquqi və fiziki şəxslərə məxsus olan yarış məqsədli, xüsusi idman təyinatlı mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını və onların dövlət texniki baxışını həyata keçirmək;
8.28. əhalinin sağlam həyat tərzinə cəlb olunmasını və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlardan səmərəli istifadə edilməsini təmin etmək məqsədilə belə qurğular və avadanlıqlardan istifadə edilməsini norma və qaydalarının hazırlanmasını təşkil etmək;
8.29. respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planını qanunvericiliyə uyğun olaraq təsdiq etmək;
8.30. idman yarışlarının qaydalarını, ənənəvi və yeni idman növləri üzrə işin təşkilini və aparılmasını tənzimləyən metodik, normativ sənədləri təsdiq etmək;
8.30-1. ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin müəyyən edilmiş qaydada tanınması səlahiyyətini həyata keçirmək;
8.31. idman növlərinin, o cümlədən milli idman növlərinin dövlət reyestrini, bu idman növlərinə daxil edilmiş idman fənlərinin siyahılarını, idman növlərinin və idman fənlərinin kodlarını formalaşdırmaq və təsdiq etmək;
8.32. idman növləri üzrə milli yığma komandaların maddi-texniki təchizatını təmin etmək, milli yığma komandalara namizəd idmançıların siyahılarını, milli yığma komandaların tərkibini və məşqçilərini təsdiq etmək, hazırlığını təşkil etmək və bu komandaların beynəlxalq yarışlarda, dünya və Avropa çempionatları və birinciliklərində, Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya Oyunlarında iştirakını təmin etmək, aidiyyəti icra hakimiyyəti orqanları, hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları, o cümlədən idman federasiyaları ilə birlikdə ehtiyat qüvvələrinin hazırlığı üzrə iş aparmaq, ölkədə bütün idman məktəbləri və Olimpiya hazırlığı mərkəzləri şəbəkəsinin inkişafını əlaqələndirərək onlara metodik tövsiyələr vermək;
8.32-1. milli yığma komandaların tərkibinə daxil edilmiş idmançıların bir idman təşkilatından (idman klubundan və digər idman yönümlü qurumdan) digərinə, habelə xarici idman klublarına keçməsinə rəsmi razılıq, milli yığma komandaların üzvü olan idmançılarla bağlanan müqavilələrə və idmançıların bir idman təşkilatından digər idman təşkilatına keçməsi qaydalarına razılıq vermək;
8.33. milli yığma komandaların tibbi-bioloji və elmi-metodiki təminatı üzrə kompleks tədbirlərin hazırlanmasına, habelə bütün idman növləri üzrə elmi qrupların yaradılmasına, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
8.34. idman növləri üzrə Azərbaycan rekordlarını təsdiq etmək, dünya və Avropa rekordlarının təsdiq edilməsinə dair sənədləri müvafiq beynəlxalq idman təşkilatlarına təqdim etmək;
8.35. bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təşkilatların, əhalinin, xüsusilə də idmançıların idman təyinatlı avadanlıq və geyimlərə olan tələbatını öyrənmək, onların istehsalının və ya əldə edilməsinin təşkilinə kömək göstərmək;
8.36. idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat dərəcələrinin tələb və normativlərini qanunvericiliyə uyğun olaraq təsdiq etmək;
8.37. ölkədə idman sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını, o cümlədən federasiyaları və digər qurumları öz səlahiyyətləri daxilində akkreditə etmək;
8.37-1. idman mərc oyunlarını həyata keçirən hüquqi şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditə etmək;
8.38. əhaliyə idman-sağlamlıq xidmətinin göstərilməsi sahəsində normativləri hazırlayıb təsdiq etmək;
8.39-1. idman yarışlarının manipulyasiyası ilə mübarizə tədbirləri həyata keçirmək;
8.40. Nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafına dair, habelə Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.41. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.42. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
9.3. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.4. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
9.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.5-1. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, milli antidopinq qurumu yaradır və onun müşahidə şurasının tərkibini müəyyən edir;
9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.7. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
9.7-1. beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək, həmin məqsədlə bədən tərbiyəsi-idman təşkilatlarını müəyyən etmək;
9.8. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.10. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirlər təşkil etmək;
9.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.13. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tövsiyələr, təlimatlar və digər normativ sənədlər hazırlamaq və təsdiq etmək;
9.14. gənclərin, xüsusilə də gənc ailələrin mövcud sosial-məişət problemlərini təhlil etmək və onların aradan qaldırılmasına dair təkliflər vermək;
9.15. bədən tərbiyəsi və idmanın inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək;
9.16. uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərindən statistik hesabatları toplamaq, təhlil etmək və aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək;
9.17. fəxri idman adlarmı vermək, bədən tərbiyəsi və idman sahəsindəki işçiləri, fəalları, habelə idman klubları və təşkilatlarının nümayəndələrini mükafatlandırmaq, “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək;
9.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.
Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;
14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Nazirliyi təmsil edir.
15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirindən, Nazirliyin rəhbər işçilərindən, müvafiq sahədə fəaliyyət göstərən qurumların rəhbərlərindən, Milli Olimpiya Komitəsinin nümayəndəsindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
17-1. Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış normativ hüquqi aktları;
17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
17-1.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
17-1.6. bu Əsasnamənin 17-1.1–17-1.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.
18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.
20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
22. Nazirliyin nəzdində onun fəaliyyət istiqamətləri üzrə ictimai şuralar, mərkəzlər və komissiyalar yaradıla bilər. Həmin ictimai şuraların, mərkəzlərin və komissiyaların əsasnamələri nazir tərəfindən təsdiq edilir.
1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi.
3. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin regional idarələri.
1. 16 oktyabr 2006-cı il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 849)
2. 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612)
3. 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)
4. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
5. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
6. 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 83)
7. 1 oktyabr 2010-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 03 oktyabr 2010-cu il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 851)
8. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
9. 4 sentyabr 2012-ci il tarixli 704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 sentyabr 2012-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 856)
10. 11 aprel 2014-cü il tarixli 146 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 362)
11. 19 aprel 2017-ci il tarixli 1343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 557)
12. 17 may 2017-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 813)
13. 20 fevral 2018-ci il tarixli 1841 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 205)
14. 14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036)
15. 16 avqust 2021-ci il tarixli 1428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 920)
16. 17 avqust 2022-ci il tarixli 1809 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 avqust 2022-ci il, “Xalq” qəzeti, 18 avqust 2022-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 869)
17. 10 dekabr 2022-ci il tarixli 1900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 dekabr 2022-ci il, “Xalq” qəzeti, 11 dekabr 2022-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1410)
18. 21 fevral 2023-cü il tarixli 2039 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 fevral 2023-cü il, “Xalq” qəzeti, 22 fevral 2023-cü il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 247)
19. 25 iyun 2023-cü il tarixli 2199 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2023-cü il, “Xalq” qəzeti, 26 iyun 2023-cü il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 804)
20. 19 yanvar 2024-cü il tarixli 2446 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Xalq” qəzeti, 20 yanvar 2024-cü il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 22)
21. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
22. 24 dekabr 2024-cü il tarixli 263 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Xalq” qəzeti, 25 dekabr 2024-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1369)
23. 20 fevral 2025-ci il tarixli 337 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 21 fevral 2025-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 129)
24. 25 aprel 2025-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 27 aprel 2025-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 345)