“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 noyabr tarixli 38 nömrəli Fərmanının 1.4-cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 iyun 2015-ci il
1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 noyabr tarixli 38 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına (bundan sonra - xüsusi hesab) köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.
1.2. Ödənilən cərimələrdən daxil olan vəsaitin (bundan sonra - vəsait) 18 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.
2.1. Vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirliyin xüsusi hesabı açılır.
2.2. Xüsusi hesabın maliyyə mənbəyini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Nazirlik tərəfindən baxılan və Nazirlik tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə ödənilən cərimələrdən toplanan vəsait təşkil edir.
2.3. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
2.4. Xüsusi vəsaitin istifadə olunmasına dair 6 aylıq, 9 aylıq və illik hesabatlar Nazirlik tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
2.5. Vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
3.1. Xüsusi vəsait Nazirliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olaraq ödənilir.
3.2. Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr hər bir işçinin əməkhaqqı kartına köçürülür.
3.3. Vəzifə maaşına əlavə aşağıdakı qaydada hesablanır:
3.3.1. inzibati xəta haqqında protokol tərtib edən işçilərə:
Ə - inzibati xəta haqqında protokol tərtib edən işçilərin vəzifə maaşına əlavə;
ƏTPDM - əməkdaşın tərtib etdiyi protokoldan daxil olan cərimənin məbləğidir;
3.3.2. qalan vəsait inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən digər işçilərin sayına bölünərək, onların vəzifə maaşına əlavə kimi ödənilir.
3.4. Aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.
1. Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilər aşağıdakılardır:
1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin işçiləri:
1.1.1. inzibati xətalar haqqında işlər üzrə icraatı aparan Aparatın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri, sektor müdirləri, baş və böyük məsləhətçiləri;
1.1.2. dövlət sanitariya nəzarəti orqanlarının və sanitariya-epidemioloji xidmət müəssisələrinin işçiləri;
1.1.3. inzibati xəta haqqında protokol tərtib edən işçilər;
1.1.4. icraatın aparılmasında iştirak edən digər işçilər.
1. 1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446)
2. 3 noyabr 2020-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 noyabr 2020-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1384)
3. 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667)
4. 21 fevral 2022-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2022-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 172)
5. 13 mart 2024-cü il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 19 mart 2024-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 327)