Yerli özünüidarə Azərbaycan Respublikasının qanunları, öz iqtisadi və maliyyə bazası əsasında, əhalinin mənafeyini nəzərə almaqla yerli həyatın bütün məsələlərini vətəndaşların bilavasitə, yaxud seçdikləri dövlət təşkilatları və ictimai təşkilatlar vasitəsilə müstəqil həll etməsi üçün onların ərazi özünütəşkilidir.
Yerli özünüidarə Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidlərinin hüdudları daxilində həyata keçirilir.
Yerli özunüidarə sistemində əsas pillə öz ərazisində yerli özünüidarənin bütün digər pillələrinin fəaliyyətini birləşdirən və əlaqələndirən yerli xalq deputatları Sovetləridir.
Yerli təsərrüfat əhalinin tələbatının bilavasitə ödənilməsini təmin edir və müvafiq inzibati ərazi vahidinin mülkiyyəti olan müəssisələrdən, birliklərdən, təşkilatlardan, istehsal və sosial infrastruktur obyektlərindən ibarətdir.
Yerli xalq deputatları Sovetləri yerli təsərrüfat müəssisələrinin, birliklərinin və təşkilatlarının fəaliyyətini əlaqələndirir, sahibkarlığın və kiçik müəssisələrin inkişafına kömək edir. Yerli xalq deputatları Sovetlərinin ərazisində təsərrüfat fəaliyyəti onların icazəsi ilə həyata keçirilir.
Yerli xalq deputatları Sovetləri müstəqil büdcəyə malikdir.
Yerli dövlət hakimiyyəti orqanlarının onların mülkiyyətinə aid olmayan müəssisələr, birliklər və təşkilatlar ilə münasibətləri vergi və müqavilə əsasında qurulur.
Yerli xalq deputatları Sovetlərinin öz səlahiyyəti daxilində qəbul etdikləri qərarlar ərazidə yerləşən bütün müəssisələr, təşkilatlar və idarələr üçün məcburidir.