Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanları qanunların və iqtisadi xarakterli tədbirlərin köməyi ilə:
istehsal-iqtisadi potensialdan istifadənin ən səmərəli üsullarını müəyyən edir, xalq təsərrüfatının struktur dəyişikliklərinə kömək göstərir, əsas bazar strukturlarını yaradır, intellektual mülkiyyət münasibətlərini tənzimləyir;
milli gəlirlərdən istifadə proporsiyalarını müəyyən edir, iqtisadi və sosial inkişaf, Azərbaycan xalqının mənəvi dirçəlişi proqramlarını hazırlayır və bunların həyata keçirilməsinə kömək göstərir, ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır;
başqa dövlətlərlə münasibətlərdə Azərbaycan Respublikasının mənafeyini qoruyur;
lazım olduqda lisenziyalar vermək və mal gətirilməsi, aparılması hədlərini müəyyən etmək yolu ilə Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının digər dövlətlərlə qarşılıqlı münasibətlərini tənzimləyir;
respublika əhalisinin xeyrinə olaraq malların və xidmətlərin qiymətlərini və tariflərini tənzimləyir, inhisarların amirliyinə qarşı tədbirlər görür, Azərbaycan Respublikasının milli, sosial, iqtisadi, ekoloji və mədəni mənafeyinə zidd olan fəaliyyətin qarşısını alır;
respublikanın əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını təmin edir;
respublika vətəndaşlarının dolanacaq minimumunun təminatlarını, sosial təminat və sığortalama üçün digər zəruri hüquqi təminatları həyata keçirir;
əhalinin, müəssisələrin və təşkilatların təbii fəlakətlərdən, istehsalat qəzalarından və başqa fövqəladə hadisələrdən və vəziyyətlərdən qorunması və bunların nəticələrinin ləğv edilməsi üçün lazımi tədbirlər sistemi yaradır və hazır saxlayırlar.