Qanunvericilik › “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil təşkilatların seçilmə meyarları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 31.01.2019) › Tam mətn

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil təşkilatların seçilmə meyarları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 31.01.2019)

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil təşkilatların seçilmə meyarları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 31.01.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Müvəkkil təşkilatların seçilmə meyarları” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Hüquq şöbəsi bu qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli Q-03-19 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Əsasnamə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.5-ci bəndinə əsasən hazırlanmışdır və aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə üzrə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatlarının (bundan sonra – müvəkkil təşkilatlar) seçilməsini həyata keçirmək üçün yaradılan Müsabiqə Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Komissiya fəaliyyəti zamanı hər hansı formada Agentliyin vəsaiti hesabına verilmiş kreditlərin təyinatına müdaxilə edə, həmin kreditlər və borcalanlar barəsində Agentlikdən məlumat əldə edə, habelə müvəkkil təşkilatın, sığortaçının və ya qiymətləndiricinin siyahısına dair təkliflər və ya namizədlər verə bilməz.

2.0. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil təşkilatların seçilməsini təmin etmək;

2.0.2. Agentliklə müvəkkil təşkilatlar arasında bağlanan müqavilə üzrə kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müəyyən etmək.

3.1. Komissiyanın tərkibini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (bundan sonra - nazir) təsdiq edir.

3.2. Komissiyanın tərkibinə Nazirlikdən 2 üzv, Agentlikdən 1 üzv və qeyri-hökumət təşkilatlarından 2 üzv olmaqla, cəmi 5 üzv daxildir.

3.3. Komissiya sədr, onun müavini, digər üzvlərdən və katibdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın katibi Agentliyin inzibati vəzifə tutan əməkdaşlarından təyin olunur.

3.4. Komissiyanın sədri Nazirliyin üzvlərindən seçilir, sədr müavini isə Agentliyin üzvüdür. Komissiyanın sədri olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə, Komissiyanın sədr müavini onu əvəz edir.

3.5. Komissiyanın sədri Komissiyanın iclasında açıq səsvermə yolu ilə Komissiyanın səlahiyyətli olduğu müddətə seçilir.

3.6. Komissiyanın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

3.7. Komissiyanın üzvlərinin səlahiyyət müddəti 3 ildir.

4.1. Komissiyanın üzvlərinin azı üçü iştirak etdikdə, Komissiya iclasları səlahiyyətli sayılır.

4.2. Komissiyanın qərarları açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab edilir.

4.3. Komissiyanın fəaliyyət istiqamətləri üzrə məsələlərə 7 iş günü ərzində baxılaraq nəticəsi barəsində Komissiyanın iclasında müvafiq qərar qəbul edilir. Müvəkkil təşkilatların seçilməsi barədə Komissiyanın qərarı bu Əsasnamənin 5-ci hissəsində göstərilən sənədlərə uyğun olaraq müvəkkil təşkilatların seçilmə meyarları əsasında qəbul edilir. Komissiya iclasında qəbul edilmiş qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın bütün üzvləri tərəfindən imzalanır.

4.4. Komissiyanın üzvü müvəkkil təşkilatın aidiyyəti şəxsidirsə, həmin müvəkkil təşkilat ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.

4.5. Komissiyanın iclas protokolu eyni hüquqi qüvvəyə malik olmaqla, Komissiya üzvlərinin sayına uyğun nüsxədə tərtib olunur və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən dövlət orqanlarına və təşkilatlara göndərilir.

4.6. Komissiyanın qəbul etdiyi qərarların nəticəsi barədə müvəkkil təşkilatlara məlumat verilir.

5.0. Müvəkkil təşkilatların seçilməsi ilə bağlı aşağıdakı sənədlər Agentlik tərəfindən Komissiyaya təqdim edilir:

5.0.1. müvəkkil təşkilatın hüquqi statusuna dair sənədlər (təsis sənədləri, lisenziya (icazə);

5.0.2. müvəkkil təşkilatın təkbaşçı icra orqanının rəhbəri və İdarə Heyətinin sədrinin təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;

5.0.3. müvəkkil təşkilatın məsul şəxslərinin imza nümunələri və möhürünün əksi;

5.0.4. kənar auditor rəyi ilə təsdiq olunmuş son bir il üçün maliyyə hesabatları (əgər mövcuddursa);

5.0.5. müvəkkil təşkilatın filialları haqqında məlumat;

5.0.6. beynəlxalq reytinq agentlikləri tərəfindən banka verilmiş reytinq barədə məlumat (əgər belə reytinq verilibsə);

5.0.7. Azərbaycan Kredit Bürosu ilə müvəkkil təşkilatlar arasında məlumat təchizatına dair müqavilənin surəti;

5.0.8. Agentliyin və ya Komissiyanın sorğusu əsasında müvəkkil təşkilatın maliyyə-statistik göstəriciləri, prudensial normativləri, habelə maliyyə vəziyyətinin qiymətləndirilməsi barədə müvəkkil təşkilatdan alınmış sənədlər (məlumatlar);

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli Q-03-19 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Müvəkkil təşkilatların seçilmə meyarları aşağıdakılardır:

1.1. Müvəkkil təşkilatın maliyyə hesabatlarının, kapital adekvatlığı və kapital dəyişmələrinin qənaətbəxş olması;

1.2. prudensial normativlərə və tələblərə əməl etməsi, onun fəaliyyətinin “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarının tələblərinə uyğun həyata keçirilməsi;

1.3. Mərkəzi Bankın və digər orqanların verdiyi lisenziyaya və ya icazəyə daxil edilmiş məhdudiyyətlərə əməl etməsi;

1.4. Mərkəzi Bank tərəfindən tətbiq edilən təsir tədbirlərinin növü, müddəti, ağırlığı.

2. Bu meyarların 1.1-1.4-cü bəndlərində göstərilmiş meyarlara uyğunluq müvəkkil təşkilatlar tərəfindən təqdim edilmiş sənədlər (məlumatlar) əsasında müəyyən edilir.

1. 24 iyul 2020-ci il tarixli Q-01-20 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007240120, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2020-ci il)

2. 17 iyul 2023-cü il tarixli 3-22/3-3-10/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307173310, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2023-cü il)

3. 29 noyabr 2023-cü il tarixli 3-22/3-3-19/2023 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311293319, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2023-cü il)

4. 5 avqust 2026-cı il tarixli 3-22/3-2-3/2026 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202608052323, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver