21.1. İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.
21.2. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsilə, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəyə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, habelə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan, habelə xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşları İdarə Heyətinin üzvləri ola bilərlər.
21.3. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri, bələdiyyələrin seçkili üzvləri, habelə dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ola bilməzlər.
21.4. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.
21.5. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
21.6. Mərkəzi Bankın sədri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilir.
21.7. Mərkəzi Bankın sədrinin birinci müavini və digər müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilirlər.
21.7-1. Bu Qanunun 23.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla İdarə Heyətinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə İdarə Heyətinin səlahiyyət müddəti bitmiş üzvləri yeni müddətə üzvlər təyin edilənədək, lakin 3 aydan çox olmayan müddətdə öz səlahiyyətlərinin icrasını davam etdirirlər.
21.8. İdarə Heyətinin üzvləri Mərkəzi Bankda daimi əsaslarla işlədiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Mərkəzi Bankın İdarə Heyətinin daimi əsaslarla işləyən üzvləri bu Qanuna uyğun olaraq Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərin icra orqanlarında vəzifə tuta bilməzlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İdarə Heyətinin Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvləri digər hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.
21.9. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.
21.10. İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər.
21.12.