36.1. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxıla bilər.
36.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
36.3. Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
36.4. Manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavülə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəliyidir və onun bütün aktivləri ilə təmin edilir.
36.5. Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
36.6. Pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.
36.7. Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.