"Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamının 4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupu haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2005-ci il
1. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupu (bundan sonra - İşçi Qrupu) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır və fəaliyyət göstərir.
2. İşçi Qrupunun əsas məqsədi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasını, xarici siyasət strategiyasını, hərbi doktrinanı və təhlükəsizlik sahəsində digər konseptual sənədləri işləyib hazırlamaqdır.
3. İşçi Qrupu öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur və Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını nəzərə alır.
4. İşçi Qrupunun tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
5. İşçi Qrupunun əsas vəzifələri aşağıdakılardır:
5.1. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması üçün müvafiq dövlət orqanlarının birgə fəaliyyətini təmin etmək;
5.2. Azərbaycan Respublikasının milli maraqlarını, milli təhlükəsizliyinə yaranan təhdidləri və milli təhlükəsizliyin təmin olunması tədbirlərini təhlil etmək;
5.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyi sahəsində vəziyyətin dəyişməsindən asılı olaraq, milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin dəyişmiş vəziyyətə uyğunlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək.
6. İşçi Qrupu öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
6.1. dövlət orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri məlumatları və materialları alır;
6.2. dövlət orqanları, idarə və təşkilatlarının, habelə digər qurumların nümayəndələrini İşçi Qrupunun fəaliyyətinə cəlb edir, xarici məsləhətçilər və müstəqil ekspertlər ilə əməkdaşlıq edir.
7. İşçi Qrupunun iclaslarına Azərbaycan Respublikasının xarici işlər naziri, o olmadıqda isə İşçi Qrupunun üzvü olan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini sədrlik edir.
8. İşçi Qrupunun üzvləri öz səlahiyyətlərini başqa şəxsə verə bilməzlər və İşçi Qrupunun iclaslarında şəxsən iştirak edirlər.
9. İşçi Qrupunun fəaliyyəti İşçi Qrupunun iclasında təsdiq edilmiş fəaliyyət planı əsasında həyata keçirilir.
10. İşçi Qrupunun iclasları zərurət olduqda, lakin iki ayda bir dəfədən az olmayaraq keçirilir. İşçi Qrupunun iclaslarının vaxtını və gündəliyini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi müəyyən edir.
11. İşçi Qrupunun iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. İşçi Qrupunun qərarları iclasda iştirak edən İşçi Qrupunun üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir.
12. İşçi Qrupunun katiblik funksiyalarını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.
13. Milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin hazırlanması üçün Azərbaycan Respublikasının xarici işlər naziri İşçi Qrupunun tərkibinə daxil edilmiş şəxslərdən hər sahə üzrə ayrıca qrup yaradır. Sahələr üzrə qrupların fəaliyyəti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən əlaqələndirilir.
14. Sahələr üzrə qrupların iclaslarının vaxtını və gündəliyini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edir.
15. İşçi Qrupunun və sahələr üzrə qrupların fəaliyyətinə kömək göstərmək məqsədilə İşçi Qrupu öz tərkibində təmsil olunan dövlət orqanlarının mütəxəssislərindən ibarət ekspertlər qrupu yaradır. Ekspertlər qrupunun iclasları zərurət olduqda, lakin ayda bir dəfədən az olmayaraq keçirilir.
16. Ekspertlər qrupu Azərbaycan Respublikasınn milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin ilkin layihələrini və onlara dair təkliflər hazırlayaraq baxılmaq üçün müvafiq olaraq sahələr üzrə qruplara və ya İşçi Qrupuna təqdim edir, İşçi Qrupunun praktik fəaliyyəti ilə bağlı məsələləri həll edir.
17. Azərbaycan Respublikasının xarici işlər naziri İşçi Qrupunun, onun sahə qruplarının, ekspertlər qrupunun fəaliyyətinə yardım məqsədilə xarici məsləhətçiləri, dövlət orqanları, idarə və təşkilatlarının, eləcə də digər qurumların nümayəndələrini, elmi tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlarını, habelə ayn-ayn sahələr üzrə ekspertləri dəvət edə və onlarla görüşlər təşkil edə bilər.
18. İşçi Qrupu öz fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təhlükəsizlik məsələləri üzrə məlumat bazası yaradır.
19. İşçi Qrupu zərurət olduqda, lakin rübdə bir dəfədən az olmayaraq görülmüş işlər barəsində Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
20. İşçi Qrupunun, sahələr üzrə qrupların və ekspertlər qrupunun iclasları protokolla rəsmiləşdirilir. Protokollar iclasa sədrlik edən şəxs tərəfindən imzalanır.
21. İşçi Qrupunun fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı məsələlər İşçi Qrupunun qərarlarına uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.