1076-3.1. Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti yalnız investisiya qiymətli kağızları, depozit sertifikatları, ipoteka şəhadətnamələri, girov kağızları və mənzil sertifikatları ola bilər.
1076-3.2. Girovla təmin edilmiş istiqrazların bir buraxılışının daxilində hər bir istiqraz sahibi girov qoyulmuş əmlaka münasibətdə həmin buraxılışda olan digər istiqrazların bütün başqa sahibləri ilə bərabər hüquqlara malikdir.
1076-3.3. Girovla təmin edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması qanunvericilikdə girov üçün nəzərdə tutulmuş prosedurlara müvafiq surətdə həyata keçirilir.
1076-3.4. Girovla təmin edilmiş istiqrazlar üzrə girovun predmeti olan qiymətli kağızlar qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq surətdə depozitarda deponentləşdirilərək öhdəliklərlə yüklənməlidir.
1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alındıqdan əvvəl girov predmetini təşkil edən qiymətli kağızların (adsız qiymətli kağızlar daxil olmaqla) girovu dövlət qeydiyyatına alınır və depozitarda və reyestrin aparılması sistemində (olduqda) dondurulur.
1076-3.6. Girov predmetini təşkil edən qiymətli kağızlar dondurulduqdan sonra, girovqoyan sərəncamçıya bu barədə rəsmi məlumat verir.
1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, girov predmeti olan əmlak bu istiqrazların hər hansı sahibinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə, sərəncamçı tərəfindən qanunvericiliyə müvafiq surətdə ödənişə yönəldilə bilər. Sərəncamçı istiqraz sahibinin yazılı tələbində qeyd olunmuş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi faktlarını araşdırır və yalnız bu faktlar təsdiq olunduqda girov predmetini ödənişə yönəldir.
1076-3.8. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsait girovla təmin edilmiş istiqrazların sahibləri olan şəxslərə verilir. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsaitin məbləği istiqrazlar üzrə icra edilməmiş öhdəliklərin məbləğindən çox olduqda, bu fərq öhdəliklər tam şəkildə ödənildikdən sonra emitentə qaytarılır.
1076-3.9. Girovla təmin edilmiş istiqrazların sahibləri bu Məcəllənin 1076-3.7-ci bəndində göstərilmiş tələbləri, öhdəliyin icra müddətinin bitdiyi gündən sonra qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vermək hüququna malikdir.