Qanunvericilik › “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) › Tam mətn

“Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018)

“Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 18 fevral 2004-cü il tarixli 9-T nömrəli əmri (02.03.2004-cü il tarixli 3036 nömrəli şəhadətnamə) və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə bir sıra normativ aktlara əlavə və dəyişikliklər edilməsi və bəzi əmrlərin qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04 may 2007-ci il tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş Siyahının 16-cı hissəsi (20.06.2007-ci il tarixli 3317 nömrəli şəhadətnamə) ləğv edilsin.

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2018-ci il “28” sentyabr tarixli “20-N” nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bundan sonra – Penitensiar xidmət) tabeliyində olan cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının, Mühafizə alayının, Konvoy taborunun əməkdaşları və hərbi qulluqçuları (Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları) tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununda nəzərdə tutulmuş hallarda xüsusi vasitələrdən istifadə olunması qaydalarını müəyyən edir.

1.2. Bu Təlimat Avropa Penitensiar Qaydalarının, işgəncələrin, qeyri-insani, ləyaqət alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında beynəlxalq normaların əsas prinsipləri nəzərə alınmaqla məhkumların, həbs edilmiş şəxslərin, şəxsi heyətin və penitensiar müəssisələrə baş çəkən bütün şəxslərin təhlükəsizliyinin təmin edilməsi və təhlükəsizliyə təhdid yarada bilən zorakılıq risklərinin minimuma endirilməsi məqsədi ilə hazırlanmışdır.

1.3. Xüsusi vasitələrin tətbiq olunmasının hüquqi əsaslarını Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu təşkil edir.

1.4. Xüsusi vasitələr tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:

1.4.1. insana qarşı xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;

1.4.2. qrup halında və ya odlu silah işlətməklə basqın etmə, o cümlədən silahlı müqavimət göstərmə halları istisna olmaqla, xüsusi vasitələr qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;

1.4.3. xüsusi vasitələr yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;

1.4.4. xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;

1.4.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;

1.4.6. xüsusi vasitələr tətbiq edilmiş şəxslər tibbi müayinədən keçirilməli və onlara tibbi yardımın göstərilməsi təmin edilməlidir.

1.5. Əməkdaşlar və hərbi qulluqçular rezin dəyənəkləri və əl qandallarını nümayişkaranə surətdə üzərlərində gəzdirməməlidirlər.

1.6. Xüsusi vasitələrin qeyri-qanuni tətbiqinə yol vermiş penitensiar sistemin əməkdaşları, Mühafizə alayının və Konvoy taborunun hərbi qulluqçuları qanunla müəyyən edilmiş qaydada intizam və ya cinayət məsuliyyəti daşıyırlar.

2.1. Xüsusi vasitələr – Penitensiar xidmətin struktur qurumlarının əməkdaşları və hərbi qulluqçuları tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada tətbiq edilən vasitələrdir. Bu Təlimatda nəzərdə tutulmayan xüsusi vasitələrdən istifadə edilməsi qadağandır.

2.2. Fövqəladə hadisə – Penitensiar müəssisələrdə əməliyyat şəraitinin sabitliyinin pozulması ilə nəticələnən və Penitensiar xidmətin digər struktur qurumlarının normal fəaliyyətinin pozulmasına səbəb olan, eləcə də əməkdaşların, məhkum və həbs edilmiş, habelə digər şəxslərin həyatına, sağlamlığına təhlükə yaradan hadisələrdir.

2.3. Aşağıdakı fövqəladə hallarda penitensiar sistemdə xüsusi saxlanma şəraiti tətbiq oluna bilər:

2.3.1. həbs edilmiş şəxslərin və ya məhkumların qaçışı;

2.3.2. kütləvi itaətsizlik və iğtişaşlar;

2.3.3. insanların girov götürülməsi;

2.3.4. təhlükə törədən təbii və texnogen xarakterli hadisələr;

2.3.5. kütləvi zəhərlənmə və ya epidemiya yayıldıqda.

2.4. Xüsusi əməliyyat – penitensiar müəssisələrdə fövqəladə hadisələrin qarşısının alınması, kütləvi iğtişaşların yatırılması, asayişin bərpa olunması məqsədi ilə güc və qüvvələri vahid mərkəzdə birləşdirməklə həyata keçirilən döyüş-xidməti, əməliyyat-rejim və xüsusi texniki tədbirlər kompleksidir.

2.5. Mühafizə xətti – mühafizə olunan obyektin sərhədlərini müəyyən edən həbs edilmiş şəxslər, məhkumlar, habelə digər şəxslər tərəfindən keçməsi qadağan edilən şərti xətdir. Həbs edilmiş şəxslərin və məhkumların nəqliyyat vasitələrinə mindirilməsi və nəqliyyat vasitələrindən düşürdülməsi, habelə məhkəmələrin inzibati binalarında müşayiət zamanı qarovul heyəti tərəfindən mühafizə edilən sahənin sərhədləri mühafizə xətti hesab olunur. Mühafizə xəttini qanunsuz olaraq keçməyə cəhd edən şəxslərə qarşı xüsusi vasitələr tətbiq edilməzdən əvvəl onlara bu barədə səslə xəbərdarlıq edilir və bundan sonra bu vasitələr tətbiq edilir.

3.1. Xüsusi vasitələr penitensiar sistemin şəxsi heyəti, həmçinin bu müəssisələrin mühafizəsini, həbs edilmiş şəxslərin və məhkumların müşayiətini həyata keçirən hərbi qulluqçular tərəfindən aşağıda göstərilən müstəsna hallarda tətbiq oluna bilər:

3.1.1. Penitensiar xidmətin işçilərinə və ya digər şəxslərə həbs edilmiş şəxslər və ya məhkumlar tərəfindən edilən hücumları dəf etmək üçün;

3.1.2. kütləvi iğtişaşların və ya penitensiar müəssisədə saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;

3.1.3. penitensiar müəssisənin işçilərinin və ya penitensiar müəssisədə rejimin təmin edilməsinə cəlb olunmuş əməkdaşların qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən həbs edilmiş şəxslərin və məhkumların qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;

3.1.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;

3.1.5. həbs edilmiş şəxslərin və məhkumların penitensiar müəssisədən və ya mühafizə altından qaçması cəhdinin və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin qarşısını almaq üçün;

3.1.6. həbs edilmiş şəxsin və məhkumun intihar, özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün;

3.1.7. hazırlanan və ya törədilən cinayətlərin qarşısını almaq üçün.

3.2. Həbs edilmiş şəxslərə və məhkumlara aşağıdakı xüsusi vasitələr tətbiq olunur:

3.2.1. rezin dəyənəklər - bu Təlimatın 3.1.1-3.1.7-ci yarımbəndlərində göstərilən hallarda;

3.2.2. əl qandalları - bu Təlimatın 3.1.3, 3.1.5-3.1.7-ci yarımbəndlərində göstərilən hallarda;

3.2.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri - bu Təlimatın 3.1.1-3.1.4-cü, 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərində göstərilən hallarda;

3.2.4. maneə dağıdan vasitələr - bu Təlimatın 3.1.4-cü yarımbəndində göstərilən hallarda;

3.2.5. suvuranlar və zirehli maşınlar - bu Təlimatın 3.1.2-ci və 3.1.4-cü yarımbəndlərində göstərilən hallarda;

3.2.6. xidməti itlər - bu Təlimatın 3.1.1-3.1.7-ci yarımbəndlərində göstərilən hallarda;

3.2.7. gözyaşardıcı qaz - bu Təlimatın 3.1.1-3.1.7-ci yarımbəndlərində göstərilən hallarda.

3.3. Həbs edilmiş şəxslərin və məhkumların hava gəmisində müşayiəti zamanı əl qandalı əllər qabaq tərəfdə olmaqla tətbiq edilir.

3.4. Xüsusi vasitələrin tətbiq edilməsi barədə xüsusi jurnalda qeydiyyat aparılır (əlavə 1).

4.1. Xidmət aparan əməkdaşların və hərbi qulluqçuların xüsusi vasitələrlə təchiz edilməsi barədə icazə aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:

4.1.1. dəbilqələr, zirehli jiletlər və gödəkcələr, zirehli və zərbəyə davamlı qalxanlar, əl qandalları, rezin dəyənəklər, gəzdirilən aerozol balonları - cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi, Mühafizə alayının və Konvoy taborunun bölük komandirləri tərəfindən;

4.1.2. qaz qumbaraları atan xüsusi silahlar, işıq-səs qumbaraları, yayındırıcı təsir göstərən vasitələr, qaz əl qumbaraları, xidməti itlər – Penitensiar xidmətin rəisi (Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri), cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının rəisləri, Mühafizə alayının komandiri tərəfindən (Konvoy taborunun komandiri tərəfindən isə yalnız xidməti itlər və qaz əl qumbaraları);

4.1.3. zirehli texnika, xüsusi təyinatlı nəqliyyat vasitələri, su şırnağı vuran vasitələr, rezin güllələr və qaz silahları - ədliyyə naziri, Penitensiar xidmətin rəisi (Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) tərəfindən.

4.2. Xüsusi vasitələrin tətbiq olunması barədə qərar konkret əməliyyata rəhbərlik edən vəzifəli şəxs, həbs edilmiş şəxslərin və məhkumların müşayiəti zamanı isə qarovul rəisi və ya onun köməkçisi tərəfindən qəbul edilir. Fərdi qaydada hərəkət edən əməkdaş, hərbi qulluqçu xüsusi vasitələrin tətbiq olunması haqqında qərarı müstəqil olaraq qəbul edir.

4.3. Xüsusi vasitələrin növü və onun tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquqazidd hərəkətin xarakteri, hüquqazidd hərəkət edən şəxsin şəxsiyyəti və xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

4.4. Xüsusi vasitələr tətbiq olunduqda əməkdaşlar təmkinlik göstərməlidirlər. Xüsusi vasitələri tətbiq edən əməkdaşların hərəkətləri qarşıda duran vəzifələrə uyğunlaşdırılmalı və vətəndaşların sağlamlığına ziyan vurulması ehtimalı minimuma endirilməlidir.

4.5. Xüsusi vasitələr hər hansı bir şəxsə və ya şəxslərə qarşı tətbiq edilməzdən əvvəl onlara bu barədə səslə xəbərdarlıq edilir (həmçinin onların ana dilində) və bundan sonra bu vasitələr tətbiq edilir.

4.6. Uzaq məsafədən və ya böyük qrup şəklində olan şəxslərə müraciət səs gücləndirici qurğular vasitəsi ilə edilir. Bütün hallarda xəbərdarlıq iki dəfədən az olmayaraq təkrarlanmalı və xəbərdarlığa cavab reaksiyası verilməsi üçün kifayət qədər vaxt verilməlidir.

4.7. Hüquqazidd hərəkətlərə yol verən şəxslər tərəfindən açıq şəkildə hücum edildikdə xüsusi vasitələr xəbərdarlıq edilmədən tətbiq oluna bilər.

4.8. Xüsusi vasitələrin tətbiq edilməsi aşağıdakı hallarda qadağandır:

4.8.1. Hamilə və azyaşlı uşağı olan qadınlara, yetkinlik yaşına çatmayanlara və əlilliyi aşkar görünən şəxslərə - vətəndaşların, əməkdaşların həyat və sağlamlığına onlar tərəfindən hücum və təhlükə yaradan hərəkətlər istisna olmaqla;

4.8.2. Tez alışan və ya partlayıcı maddələrin hazırlanması, saxlanılması, yaxud istehsalı ilə bağlı olan binalarda.

4.9. Əl qandalı tətbiq edildikdə hər iki saatdan bir kilidlərin fiksasiya vəziyyəti yoxlanılmalıdır.

4.10. Əl qandalları onların tətbiq edilməsinə göstəriş vermiş şəxsin və ya yuxarı rəisin göstərişi ilə çıxarılır.

4.11. Rezin dəyənək tətbiq edildikdə insanın başına və boyun nahiyəsinə zərbə endirməkdən çəkinmək lazımdır. Müqavimət göstərməyən şəxsə rezin dəyənəyin tətbiq edilməsi qadağandır. Əməkdaşların qanuni tələblərinə qrup şəklində tabe olmayan şəxslərə tətbiq olunan fiziki qüvvə müsbət nəticə vermədiyi halda onlara əvvəlcədən xəbərdarlıq etməklə rezin dəyənək tətbiq etməyə icazə verilir.

4.12. Xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda zərərçəkmiş şəxslərə təxirəsalınmadan tibbi yardım göstərilməsini təmin etmək üçün tədbirlər görülməlidir. Xüsusi vasitələri tətbiq edən əməkdaşlar ilkin tibbi yardım göstərmək təcrübəsinə yiyələnmək üçün təlim keçməlidirlər.

4.13. Xüsusi vasitələr tətbiq edildikdən sonra, bu vasitələrin tətbiq edildiyi binalarda və yerlərdə yanğın törədə biləcəyi ehtimal olunan mənbələrin, zədələnmiş yaşayış təyinatlı obyektlərin, zərərçəkmişlərin aşkar edilməsi və işə düşməmiş xüsusi vasitələrin yığılması məqsədilə baxış keçirilir, zəruri hallarda qazdan təmizləmə işləri aparılır.

4.14. Xüsusi vasitələri tətbiq etmiş əməkdaşlar, hərbi qulluqçular bu barədə raportla öz rəislərinə məruzə etməli, raportda xüsusi vasitələrin nə vaxt, hansı şəraitdə, harada və kimə qarşı tətbiq etdiklərini göstərməlidirlər.

4.15. Xüsusi vasitələrin tətbiq edilməsi faktı ilə əlaqədar penitensiar müəssisələrin rəisləri, Mühafizə alayının və Konvoy taborunun komandiri tərəfindən ədliyyə nazirinə və Penitensiar xidmətin rəisinə yazılı məlumat göndərilir (Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin tabeliyində olan müvafiq qurumların rəhbərləri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirinə məruzə edirlər).

4.16. Xüsusi vasitələrin qanuni əsaslarla tətbiq olunub-olunmadığı araşdırılır. Xüsusi vasitələrin qeyri-qanuni tətbiqi hallarında tətbiq etmiş şəxsin əməlində cinayət tərkibi müəyyən edildikdə, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün ərazi üzrə prokurorluq orqanlarına göndərilir.

4.17. Barəsində xüsusi vasitə tətbiq edilmiş şəxs bununla əlaqədar şikayət etmək hüququna malikdir.

5.1. Xüsusi vasitələr penitensiar sistemin müvafiq hazırlıq keçmiş əməkdaşları və hərbi qulluqçuları tərəfindən tətbiq edilir.

5.2. Xüsusi vasitələrin tətbiq edilməsi qaydaları şəxsi heyətə Penitensiar xidmətin Təlim mərkəzində və xidməti hazırlıq sistemində tədris olunur. Mühafizə alayının və Konvoy taborunun hərbi qulluqçularına tədris proqramlarına uyğun Xüsusi vasitələrin tətbiq olunması ilə bağlı təlimlər keçirilir. Təlimlərin yekununda əməkdaşların və hərbi qulluqçuların bilikləri qiymətləndirilir.

5.3. zirehli texnika, xüsusi təyinatlı nəqliyyat vasitələri, su şırnaqları, qaz qumbaraları, işıq-səs qumbaraları, rezin güllələr, yayındırıcı təsir göstərən vasitələr (boş patronlar, tüstü buraxan konteynerlər) tətbiq edən mütəxəssislər Penitensiar xidmətin Təlim mərkəzində və xüsusi qruplarda hazırlanır. Tədris keçmiş əməkdaşların şəxsi işlərinə onların biliklərinin qiymətləndirilməsi barədə arayış əlavə edilir.

5.4. Bu Təlimatın 5.2 və 5.3-cü bəndlərində nəzərdə tutulmuş xüsusi hazırlıq keçməmiş əməkdaşlar və hərbi qulluqçular tərəfindən xüsusi vasitələrin tətbiq edilməsi qadağandır.

6.1. Xüsusi vasitələr konkret əməliyyat şəraiti, hüquqazidd hərəkətlər törədən şəxslərin nə dərəcədə silahlanmaları nəzərə alınmaqla bir-biri ilə uyğunlaşdırılmış şəkildə tətbiq edilir.

6.2. Xüsusi vasitələrin tətbiqi zamanı onun taktiki-texniki şərtlərinə əməl olunmalıdır.

6.3. Xüsusi vasitələrinin tətbiq edilməsi üçün hazırlandıqda zirehli müdafiə elementlərinin yerində olması və bütövlüyü, dəbilqələrdə və qalxanlarda nəzərə çarpmayan çatların olub-olmaması yoxlanılmalıdır. Tənzimləyici kəmərlərin, ilgəklərin və bağlanılan elementlərin işlək və etibarlı olması yoxlanılmalı və bu elementlərin köməyi ilə müdafiə vasitələri əməkdaşın ölçüsünə uyğunlaşdırılmalıdır.

6.4. Xüsusi vasitələr istifadə olunduqdan sonra onlara baxış keçirilməli və nasazlıq müəyyən edildikdə, bu barədə məruzə edilməklə nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülür.

7.1. Xüsusi vasitələrin uçotu və hesabatı müvafiq xidmət sahələrinin qəbul edilmiş uçot və məxaric sənədləri üzrə aparılır.

7.2. Xüsusi vasitələrin əməkdaşlara verilməsi və geri qəbul edilməsi barədə jurnalda (əlavə 2) qeydiyyat aparılır.

7.3. Xüsusi vasitələr xüsusi çantalarda, onların pasportları isə bu çantaların cibində saxlanılmalıdır. İstifadədə olan rezin dəyənəklər, əl qandalları, gəzdirilən aerozol qaz balonları quru və hava axını olan otaqlarda onların texniki sənədlərində nəzərdə tutulmuş saxlama qaydalarına uyğun saxlanılmalıdır. Çantalarda və ya müvafiq qaydada qablaşdırılmış xüsusi vasitələr daşınma qaydalarına uyğun olaraq daşınır.

7.4. Dəbilqələr, zirehli jiletlər və gödəkcələr, zirehli və zərbəyə davamlı qalxanlar cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının, Mühafizə alayının, Konvoy taborunun və tədris müəssisələrinin növbətçi hissələrində xüsusi ayrılmış otaqlarda, çantalarda qablaşdırılmış vəziyyətdə şkaflarda, dəmir yeşiklərdə və ya rəflərdə saxlanılmalıdır.

7.5. Gözyaşardıcı qazlar, rezin dəyənəklər və əl qandalları penitensiar müəssisələrin, Mühafizə alayının, Konvoy taborunun növbətçi hissələrində saxlanılmalıdır. Növbətçilər xüsusi vasitələrin saxlanılmasına görə şəxsi məsuliyyət daşıyırlar. Penitensiar müəssisələrin istifadəsində olan aerozol balonlar rejim-nəzarət xidmətinin xidməti otağında xüsusi seyflərdə saxlanılır, müvafiq əmrlə təhkim olunmuş əməkdaş aerozol balonların saxlanılmasına görə cavabdehlik daşıyır.

7.6. zirehli texnika, işıq-səs qumbaraları, rezin güllələr, yayındırıcı təsir göstərən vasitələr (yanğınsöndürən avtomobillər istisna olmaqla) və qaz qumbaralarının atılması üçün nəzərdə tutulmuş xüsusi silahlar döyüş silahı kimi Mühafizə alayında (Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin müvafiq struktur qurumunda) saxlanılmalıdır.

7.7. Növbətçilər aerozol formalı gəzdirilən qaz balonlarını qəbul etdikdə, balonları sıra sayı ilə nömrələməli və onların istifadəyə yararlı olmasını yoxlamalıdırlar. Balonların yoxlanılması 1 saniyədən artıq olmamaq şərti ilə açıq havada klapanı sıxmaq yolu ilə həyata keçirilir. Klapanı sıxdıqda qaz axını püskürmədikdə və ya gözyaşardıcı vasitə su şırnağı şəklində axdıqda, həmçinin klapanı buraxdıqdan sonra maye ifraz olunarsa bu balonlar istifadəyə yararsız sayılır və mütləq dəyişdirilməlidir.

7.8. Xüsusi vasitələrin uçotu, qeydiyyatdan çıxarılması və məhv edilməsi bu Təlimatda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.9. Anbarlarda saxlanılan aerozol formalı gəzdirilən qaz balonları tərəzidə çəkilmək yolu ilə yoxlanılır. Balonların çəkilərək yoxlanılması ilk dəfə onlar daxil olduqda, sonradan isə ayda bir dəfədən az olmamaq şərti ilə aparılır. İstifadəyə yararlı olan balonun çəkisi onun texniki göstəricilərində qeyd olunan ümumi çəkisinin üçdə bir hissəsindən az olmamalıdır. Çəkisi tələb olunan normadan aşağı olan balonlar istifadəyə yararsız hesab edilir.

7.10. Balonların yoxlanılması penitensiar müəssisənin rəisləri, Mühafizə alayının və Konvoy taborunun komandirləri tərəfindən təyin edilmiş komissiya tərəfindən rübdə bir dəfə tərəzidə çəkmək yolu ilə həyata keçirilir. Çəkisi normadan aşağı, habelə nasaz vəziyyətdə olan qaz balonları qeydiyyatdan çıxarılmalı və məhv edilməlidir (çəkiclə balonun başlığı yastılanır). Məhv edilməzdən əvvəl balonun içərisindəki qaz və maye klapanı sıxmaq yolu ilə havaya buraxılır. İstifadəyə yararsız olan digər xüsusi vasitələr akt tərtib edilməklə qeydiyyatdan silinir və komissiyon şəkildə məhv edilir.

7.11. İstifadəyə yararsız olan xüsusi vasitələr tam zərərsizləşdirildikdən sonra əyani dərs vəsaiti kimi istifadə oluna bilər.

7.12. Qaz qumbaraları istifadə edildikdən sonra onların konteynerləri yığılır və yandırmaq yolu ilə məhv edilir.

7.13. Xüsusi vasitələrin taktiki və texniki göstəricilərdə nəzərdə tutulmuş tətbiq edilmə şərtlərinə, onların gəzdirmə, istifadə qaydalarına və saxlanma müddətinə dəqiqliklə əməl edilməsi məcburidir. Taktiki və texniki göstəricilərə uyğun gəlməyən, istifadəyə yararsız xüsusi vasitələrin tətbiqinə yol verilmir. İstifadəyə yararsız xüsusi vasitələr akt tərtib edilməklə Penitensiar xidmət rəisinə məruzə edilir və onun göstərişinə əsasən qeydiyyatdan çıxarılır.

7.14. Xüsusi vasitələrin verilməsi xüsusi jurnalda (əlavə 2) imza etdirməklə keçirilir. Xüsusi vasitələrin uçotu onların növü və sayı üzrə aparılır.

7.15. Xüsusi əməliyyat keçirildikdən və ya növbə başa çatdıqdan sonra xüsusi vasitələr müvafiq müəssisənin, xidmət sahəsinin növbətçisinə təhvil verilir və bu barədə jurnalda müvafiq qeydlər aparılır.

8.1. Qaz qumbaraları atan xüsusi silahlar bilavasitə tətbiq edilməzdən əvvəl, komanda üzrə doldurulur.

8.2. Əməliyyatın iştirakçıları qaz axınının təsir sahəsinə düşdükdə dərhal bu sahəni tərk etməli və onlara müvafiq tibbi yardım göstərilməlidir. Tüstülü qaz buludundan zərər çəkmiş şəxslərə ilkin yardım göstərmək üçün naşatır spirtindən (nəfəsə çəkmək üçün) və iki faizli yeyinti sodasının, yaxud bor turşusunun məhlulundan (gözləri yumaq üçün) istifadə olunur.

8.3. Qaz axını təsir göstərən zonalarda işlər əleyhqazlarda aparılmalıdır.

8.4. İşıq-səs qumbaralarını tətbiq edən əməkdaş fərdi müdafiə vasitələri ilə təchiz edilməlidir.

8.5. Xüsusi vasitələrin tətbiqi zamanı aşağıdakılar qadağan edilir:

8.5.1 qaz qumbarasını çantaya qoymadan, ilgəyindən asaraq gəzdirmək;

8.5.2. qaz, işıq-səs qumbaralarının nasazlıqlarını aradan qaldırmaq və ya onları sökmək;

8.5.3. qaz silahlarından nəzərdə tutulmayan sursatlarla atəş açmaq;

8.5.4. qaz qumbaralarını bunun üçün nəzərdə tutulmayan silahdan istifadə etməklə atmaq;

8.5.5. korpusunda qüsuru olan və ya üst örtüyü zədələnmiş işıq-səs qumbaralarından istifadə etmək;

8.5.6. sahəsi 60m az olan otaqlarda qaz qumbarasını bir dəfədən artıq tətbiq etmək;

8.5.7. işə düşməmiş işıq-səs qumbarasına 10 dəqiqə keçməzdən əvvəl yaxınlaşmaq.

8.6. İşıq-səs qumbaraları partlayıcı qurğulardan ayrılıqda daşınmalıdır.

8.7. Penitensiar müəssisələrdə xüsusi vasitələrin aşağıdakı hallarda istifadəsinə yol verilmir:

8.7.1. su şırnaqlarının və yanğınsöndürən maşınların mənfi temperaturlu hava şəraitində;

8.7.2. boş patronlarla insanlara tərəf 50 metrdən yaxın olan məsafədən atəş açmaq;

8.7.3. rezin güllələr ilə insanın başına və qasıq nahiyəsinə sərrast atəş açmaq.

Başlanıb ___________________________

Qurtarıb ___________________________

Başlanıb ___________________________

Qurtarıb ___________________________

1. 29 dekabr 2022-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202212290010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver