Qanunvericilik › Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi haqqında əsasnamə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 12.12.2005) › Tam mətn

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi haqqında əsasnamə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 12.12.2005)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi haqqında əsasnamə (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 12.12.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında" 2005-ci il 22 sentyabr tarixli 1018 №-li sərəncamına əsasən yaradılmışdır.

İdarə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasında qiymətli kağızlarla fəaliyyət, o cümlədən qiymətli kağızlar bazarının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətini, dövlət idarəetməsini və dövlət tənzimlənməsini, qiymətli kağızlarla bağlı normativ aktların icra hakimiyyəti orqanları və qiymətli kağızlar bazarındakı subyektlər tərəfindən icrasını, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti üzərində nəzarəti, investorların, səhmdarların və digər qiymətli kağız sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsini Naxçıvan Muxtar Respublikasında həyata keçirən struktur bölməsidir.

2. İdarə Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Milli Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və digər kredit təşkilatları, yerli özünüidarəetmə orqanları, qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

3.. İdarə hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətinə, bank idarələrində hesablaşma hesablarına, Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

4. İdarə Naxçıvan şəhərində yerləşir.

5. İdarənin vəzifələri aşağıdakılardır:

5.1. qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin, tənzimlənməsinin və nəzarətin təmin edilməsi;

5.2 qiymətli kağızlar bazarının təşkili və inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması;

5.3. qiymətli kağızlar bazarında emitentlərin, peşəkar iştirakçıların, fond birjalarının fəaliyyəti üzərində nəzarətin təmin edilməsi;

5.4. qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılması;

5.5. qiymətli kağızlar bazarının iştirakçılarının, o cümlədən, investorların, səhmdarların və digər qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsinin təmin edilməsi.

6. İdarə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

6.1 qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin, tənzimlənməsinin və nəzarətinin həyata keçirilməsi;

6.2. qiymətli kağızlar bazarının təşkilinin və inkişafının əsas istiqamətlərinə dair təkliflərin işlənib hazırlanması, qiymətli kağızlar bazarının vəziyyətinin və inkişaf perspektivlərinin təhlil edilməsi, qiymətli kağızlar bazarında müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

6.3. qiymətli kağızlar bazarında hamı üçün açıq olan informasiya sisteminin yaradılması, zəruri məlumatların açıqlanmasının təmin edilməsi və bu sahədə müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

6.4. emitentlərdən və qiymətli kağızlar bazarının iştirakçılarından, o cümlədən peşəkar iştirakçılarından qanunvericiliklə nəzərdə tutulmuş hesabatların alınması və təhlil edilməsi;

6.5. qiymətli kağızlar bazarında investorların, səhmdarların və digər qiymətli kağız sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsinin həyata keçirilməsi;

6.6. bütün növ qiymətli kağızlarla girovun, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin qeydiyyatının aparılması;

6.7. qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə emitentlər tərəfindən riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

6.8. emitentlər, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

6.9. qiymətli kağızların tədavülü zamanı qanun pozuntuları aşkar edildikdə qanun pozuntusu ilə müşayiət olunan əqdlərin bağlanılmasının və icrasının dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dərhal məlumatın verilməsi;

6.10. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) alınması üçün Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan fiziki şəxslərdən və Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrinə daxil olan hüquqi şəxslərdən müvafiq sənədlərin qəbul edilməsi, araşdırmanın aparılması və lisenziyanın verilməsi məsələsinə baxılması üçün sənədlərin öz rəyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməsi;

6.11. fond birjalarının fəaliyyətinin lisenziyalaşdırılması üçün Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrinə daxil olan hüquqi şəxslərdən müvafiq sənədlərin qəbul edilməsi, araşdırmanın aparılması və lisenziyanın verilməsi məsələsinə baxılması üçün sənədlərin öz rəyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməsi;

6.12. veksellərin uçot təşkilatı kimi qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrinə daxil olan hüquqi şəxslərdən müvafiq sənədlərin qəbul edilməsi, araşdırmanın aparılması və qeydiyyata alınması məsələsinə baxılması üçün sənədlərin öz rəyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməsi;

6.13. investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması üçün Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrinə daxil olan hüquqi şəxslərdən müvafiq sənədlərin qəbul edilməsi, araşdırmanın aparılması və lisenziyanın verilməsi məsələsinə baxılması üçün sənədlərin öz rəyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməsi;

6.14. bütün növ qiymətli kağızlar blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin lisenziyalaşdırılması üçün Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrinə daxil olan hüquqi şəxslərdən müvafiq sənədlərin qəbul edilməsi, araşdırmanın aparılması və lisenziyanın verilməsi məsələsinə baxılması üçün sənədlərin öz rəyi ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməsi;

6.15. fiziki şəxslərin qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşğul olmaq üçün ixtisas şəhadətnamələrinin verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ aktlarına müvafiq olaraq attestasiyanın keçirilməsi;

6.16. Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrində olan emitentlərin qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının həyata keçirilməsi;

6.17. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan fiziki şəxslərin Naxçıvan Muxtar Respublikasının ərazisində buraxdığı qiymətli kağızların dövlət qeydiyyatının həyata keçirilməsi;

6.18. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanlarının və bələdiyyələrinin qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatının həyata keçirilməsi;

6.19. dövlət aksiz markalarının sifarişi, satışı və uçotunun aparılması qaydalarına riayət olunmasına və onların tədavülünə nəzarətin həyata keçirilməsi;

6.20. bütün növ lotereyaların təşkilinə və keçirilməsinə nəzarətin həyata keçirilməsi;

6.21. qiymətli kağızlar üzrə tədris kurslarının təşkil edilməsi;

6.22. müvafiq qanunvericiliyə uyğun olaraq qiymətli kağızlar bazarında reklam qaydalarına riayət olunmasına nəzarət edilməsi;

6.23. qiymətli kağızlarla bağlı normativ aktların layihələrinin ekspertizasında iştirak edilməsi;

6.24. qanunvericiliyə uyğun olaraq digər funksiyaların həyata keçirilməsi.

7. İdarənin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

7.1. Öz səlahiyyətləri daxilində qiymətli kağızlarla bağlı normativ aktların icra hakimiyyəti orqanları, banklar və kredit təşkilatları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən icrasına nəzarətin həyata keçirmək;

7.2. qiymətli kağızlar bazarında investorların, səhmdarların və qiymətli kağız sahiblərinin hüquqlarının və qanuni maraqlarının pozulmasının qarşısının alınması məqsədi ilə xəbərdarlıq tədbirləri görmək;

7.3. qiymətli kağızlar bazarında investorların, səhmdarların və qiymətli kağız sahiblərinin hüquqlarının pozulması halları baş verdikdə, hüquq pozuntularına yol vermiş şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını təmin etmək;

7.4. bütün növ qiymətli kağızlarla girovun, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatını aparmaq;

7.5. qiymətli kağızlar bazarının iştirakçılarından, mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, banklardan və kredit təşkilatlarından, bələdiyyələrdən, hüquqi və fiziki şəxslərdən qiymətli kağızlar bazarında fəaliyyətlərinə dair zəruri məlumatları sorğu edərək almaq və onları təhlil etmək;

7.6. qiymətli kağızlar bazarında qanun pozuntularına yol vermiş şəxslərin lisenziyalarının dayandırılması və ya ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdimatlar vermək;

7.7. Naxçıvan Muxtar Respublikasında hüquqi şəxslərin dövlət reyestrində olan emitentlərə və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına, habelə qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarına qiymətli kağızlar bazarında fəaliyyətin həyata keçirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər vermək;

7.8. qiymətli kağızlar bazarında qanunvericilik pozulduqda müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək və məhkəmədə iddia qaldırmaq;

7.9. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8. İdarənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin sərəncamı və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad olunan idarənin müdiri rəhbərlik edir.

9. İdarənin strukturu və ştat cədvəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tərəfindən təsdiq olunur.

10.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

10.2. İdarənin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir;

10.3. İdarənin iş planını təsdiq edir;

10.4. İşçilər barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərini görür və bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məlumat verir;

10.5. İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsi məsuliyyət daşıyır;

10.6. İdarədə kargüzarlığın operativ, dəqiq və düzgün aparılmasını, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada işdə dövlət sirrinin saxlanılmasını təmin edir;

10.7. mühasibat uçotu və hesabat işlərinin aparılmasına nəzarət edir;

10.8. İdarəni dövlət orqanlarında, bələdiyyələrdə, məhkəmələrdə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir və onun adından vəkalətnaməsiz çıxış edir, vəkalətnamələr verir;

10.9. öz səlahiyyətləri daxilində dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin təklif, ərizə və şikayətlərinə müəyyən edilmiş qaydada baxıb, onlarda qaldırılan məsələləri həll edir, İdarənin işində yol verilən nöqsanların aradan qaldırılmasına dair konkret tədbirlər görür;

10.10. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

11. İdarə fəaliyyəti barədə hesabatları mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edir.

12. İdarənin strukturu 15 ştat vahidindən ibarətdir.

13. İdarənin fəaliyyəti dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saxlanılmasına yönəldilən vəsaitlər hesabından maliyyələşdirilir. İdarə həmin vəsaitlərin sərəncamçısıdır.

14. İdarənin xərclər smetası qanunvericiliyə uyğun olaraq təsdiq olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver