Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən “Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 4.7 bəndini rəhbər tutaraq və “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası məqsədilə
1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən “Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (əlavə olunur) təsdiq edilsin.
2. Komitə sədrinin müavini Fuad Hüseynova tapşırılsın ki, bu reqlamenti 3 gün müddətində Hüquqi Aktlar Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Komitə sədrinin müavini Gəray Fərhadova həvalə edilsin.
Dövlətqaçqınkomun sədri
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 26 sentyabr tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı:
Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu:
Elektron xidmət vətəndaşlara məcburi köçkünlüyü təsdiq edən vəsiqələrin verilməsinə yönəlir
1.3 Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu 21 may 1999-cu il № 668-IQ;
“Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikasının Qanunu 4 aprel 1996-cı il № 55-IQ;
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 30 sentyabr 1998-cı il № 527-IQ;
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı;
“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə)
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Komitə tərəfindən təsdiq olunmuş formada Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi
2.1. Elektron xidməti növü:
2.2. E-xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.refugees-idps-committee.gov.az, www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://www.refugees-idps-committee.gov.az saytı
telefon 012 431 11 66
e-mail: info@refugees-idps-committee.gov.az; status-shobe@qachqinkom.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunması forması:
Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin əldə olunması üçün aşağıdakı sənədlər tələb olunur:
Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);
3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) rayon şöbəsi və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış;
4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmış və nikaha daxil olmamış qadınlar üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
3. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
3. Nikah haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
4. Nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətləri (əsli ilə birlikdə);
5. Nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi halda ərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
6. Nikaha daxil olduğu şəxsin (ərinin) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2).
2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);
3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin surəti (əsli ilə birlikdə);
5. Ərin (atanın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
6. Qadının və ərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğalından əvvəl nikahı pozulmuş qadınlar və onların övladları üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);
3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin surəti (əsli ilə birlikdə);
5. Qadının (ananın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
6. Qadının (ananın) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə);
4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış.
6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl ailə başçısını (atanı) itirmiş şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
3. Atanın ölüm haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
4. Ananın şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
5. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
6. Ananın məcburi köçkün düşməsi barədə sakini olduğu rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl hər iki valideynini itirmiş şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə)
3. Valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə birlikdə)
4. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
5. Şəxsin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan sonra hər iki valideynini itirmiş şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
3. Valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə birlikdə);
4. Valideynlərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
5. Valideynlərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və başqa şəxslər tərəfindən övladlığa, himayəyə, qəyyumluğa götürülmüş şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
3. Övladlığa götürənin, himayəçinin və qəyyumun şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
4. Övladlığa, himayəyə və qəyyumluğa verilmə barədə müvafiq sənədin surəti (əsli ilə birlikdə);
5. Övladlığa, himayəyə və qəyyumluğa götürənin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
6. Övladlığa, himayəyə və qəyyumluğa götürənin adına məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayışı;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı hərbi qulluqda olan (həqiqi hərbi xidmət istisna olmaqla) şəxslərə və onun ailə üzvlərinə:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
3. Doğum haqqında şəhadətnaməsi və nikahın surətləri (əsli ilə birlikdə);
4. Şəxsin (ərin, atanın) işğal zamanı xidmət keçdiyi hərbi hissənin işğal olunmuş rayonların ərazisində dislokasiyasını (yerləşməsi) özündə əks etdirən şəxsi işindən çıxarış;
5. Ananın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısının və ya müavini tərəfindən verilmiş arayışı;
6. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
Rayonun işğal zamanı ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər üçün:
1. Ərizə forması (Əlavə 1 və ya Əlavə 2);
2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);
3. Ali, orta ixtisas və peşə təhsili müəssisəsinin diplomunun surəti (əsli ilə birlikdə);
4. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;
5. İşğal illərində tələbə olmuş şəxsin təhsil aldığı dövrdə müvəqqəti qeydiyyatda olduğu ünvanda tərtib olunmuş sənədin təsdiqlənmiş surəti (Forma-A və ya Forma-13);
6. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
1.1 “Məcburi köçkün” statusu almaq niyyətində olan şəxslər ərizədə aşağıdakıları göstərməlidirlər:
1.2 Məcburi köçkün düşdüyü şəhər, rayon, kənd;
1.3 Soyadı, adı, atasının adı;
1.4 Təvəllüdü və doğulduğu yer;
1.5 Hazırda müvəqqəti məskunlaşdığı ünvan;
1.6 Məcburi köçkün vəziyyətinə düşmə tarixi və səbəbi;
1.7 Ərizənin verildiyi tarix və imza.
Ərizə formasında göstərilən bütün suallara yığcam və dəqiq cavab verilməlidir.
1.8 “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir.
1.9 “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən şəxsin ərizəsi, şəxsiyyətini təsdiq edən sənədlərinin surəti və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:
Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin verilmə tarixi, nömrəsi, hərbi xidmətdə olub-olmaması, yaşayış yeri və yaşayış yeri üzrə müəyyən məlumatların əldə olunması məqsədilə müvafiq orqanların yaratdıqları informasiya ehtiyatlarından Komitə tərəfindən istifadə edilməlidir
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:
Həmin sənədlərin əsli vətəndaşlardan tələb olunmalıdır. (Qeyd 1)
Qeyd 1. Tələb olunan sənədlərə qanunvericiliklə notarial qaydada təsdiqlənmə və ya digər tələblər müəyyənləşdirilmişdirsə, bu halda elektron xidmətin göstərilməsi üçün həmin sənədlərin elektron formada surətləri, icranın nəticəsinin əldə edilməsi zamanı isə onların əsli bilavasitə təqdim edilir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:
3.2.1. Sorğunun formalaşdırılması: Məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün məcburi köçkünlər http://www.refugees-idps-committee.gov.az saytının elektron xidmətlər bölməsində müvafiq qaydada ərizə-anket formasını doldurur, imzalayır, skan edir və digər sənədlərin skan edilmiş surətləri ilə birlikdə Komitəyə göndərir.
3.2.2. Sorğunun qəbulu: Komitə sənədləri elektron qaydada qəbul etdikdən sonra tələb olunan sənədləri göndərən şəxslərin elektron poçt ünvanına sənədlərin qəbul edilməsinə dair təsdiqetmə bildirişi göndərir. Bildirişdə müraciət əsasında qərar qəbul edilməsi üçün notarial qaydada təsdiqlənməsi tələb olunan sənədlərin, o cümlədən müvafiq sənədlər barədə dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından informasiya əldə etmək mümkün olmadığı hallarda həmin sənədlərin əslinin bilavasitə təqdim ediləcəyi barədə məlumat verilir.
“Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahiºinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir və bu barədə həmin şəxslərin elektron poçt ünvanına bildiriş göndərilir. Bildirişdə sənədlərin qəbulundan imtinanın səbəbləri və çatışmazlıqlar göstərilir. Bu hallar aradan qaldırıldıqdan sonra yenidən müraciət oluna bilər.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:
1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına;
2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına;
3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə;
4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra);
5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə;
6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;
7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara;
8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:
1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.
2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.
3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə.
4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə.
5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə.
6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Məcburi köçkün statusu almaq niyyətində olan şəxslər onlara məcburi köçkün statusu verilməsi haqqında elektron formada bilavasitə Komitəyə ərizə ilə müraciət edir. Ərizə məcburi köçkün statusu almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və elektron imzası ilə təsdiq edilməlidir. Ərizə formasında göstərilən bütün qrafalar doldurulmalı və qoyulmuş suallara yığcam cavab verilməlidir. Status sektoru ilkin araşdırmaları apararaq şəxsə məcburi köçkün statusunun verilməsi üçün 2.6-cı bənddə qeyd olunan sənədlərin olub-olmamasını müəyyənləşdirir və məcburi köçkün statusunun verilməsi haqqında qərarın əsaslılığı, qanuniliyi və düzgünlüyünə görə bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Status sektoru tərəfindən bir ay müddətində icra olunur.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:
Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərar bu barədə ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Əlavə araşdırma zərurəti yarandıqda aidiyyəti dövlət qurumlarına sorğular verilir və bu zaman sənədin icra müddəti qanunvericilikdə nəzərdə tutulan qaydada uzadıla bilər.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Komitənin status sektoru inzibati prosedurun nəticəsi olaraq məcburi köçkün statusu verilməsi haqqında toplanmış sənədlərə əsasən şəxsə məcburi köçkün statusu verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Məcburi köçkün statusu almış şəxslərə və onların 16 yaşına çatmış ailə üzvlərinə müəyyənləşdirilmiş formada və nümunəsi Komitə tərəfindən təsdiq edilmiş məcburi köçkün vəsiqəsi verilir və Komitənin status sektoru tərəfindən uçotu aparılır.
3.5 Elektron xidmətin yerinə yetirilməsinə nəzarət
3.5.1 Elektron xidmətin yerinə yetirilməsinə nəzarət forması:
Komitə sədrinin müavini tərəfindən həyata keçirilir. Komitə sədrinin müavininə Status sektorunun müdiri tərəfindən mütəmadi olaraq xidmətin yerinə yetirilməsi barədə məlumat verilir.
3.5.2 Elektron xidmətin yerinə yetirilməsinə nəzarət forması:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6 Elektron xidmətin göstərilməsi üzrə mübahisələr
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə
“_____” _______________201 ___cü il _______________________
_______________________ M.Y.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “məcburi köçkün” statusunu müəyyənləşdirən bölməsinin rəyi
(sədr müavini): ___________________________________
Səlahiyyətli şəxs _______________________________
“____” ___________________201____cü il M.Y
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə
“_____” _______________201___cü il _______________________
Telefon nömrəsi __________________________
Şəxsin sənədləri tərəfimdən sənədlərinin (pasport, hərbi bilet, şəxsiyyət vəsiqəsi və digərlərinin) əsli ilə yoxlanıldı və ərizəsində göstərilən faktların doğruluğu müəyyən edildi.
Status sənədlərinin qəbul edilməsi üzrə
1. 8 sentyabr 2017-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709080002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 sentyabr 2017-ci il)