Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 138 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 762; 2005-ci il, № 12, maddə 1102) qüvvədən düşmüş hesab edilsin.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2006-cı il
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
6. Nazirlik Bakı şəhərində yerləşir.
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.1-1. müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin edir;
7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. tabeliyində olan tibb müəssisələri vasitəsilə əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;
8.1-2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək;
8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
8.3. səhiyyə sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında iştirak etmək və fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin sənədlərlə bağlı aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;
8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;
8.4-1. təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını və ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını təsdiq etmək;
8.4-2. səhiyyə sistemi infrastrukturunun təşkili ilə bağlı planlaşdırmanı və proqnozlaşdırmanı aidiyyəti qurumlarla birlikdə həyata keçirmək;
8.4-3. tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyənin təşkili üçün mütərəqqi forma və metodların tətbiqi məqsədilə araşdırmalar aparmaq və sınaqlar keçirmək, səhiyyə sahəsində müxtəlif maliyyələşmə modellərinin effektivliyinin təhlilini həyata keçirmək;
8.4-4. müvafiq sahədə əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər görmək və bu tədbirlərin icrasının effektivliyinə nəzarəti təmin etmək;
8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək;
8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;
8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumat hazırlamaq;
8.5-3. icbari dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etmək;
8.6. öz səlahiyyətləri daxilində ölkə ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli istehlak mallarının (qida məhsulları istisna olmaqla) idxalından sanitariya mühafizəsini təmin etmək, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək;
8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;
8.7-1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;
8.7-2. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;
8.7-3. dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;
8.7-4. tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək;
8.8. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;
8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;
8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;
8.10-1. tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə mediada bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etmək;
8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;
8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;
8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirləri hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;
8.11-1. qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsaslarını müəyyən etmək;
8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tibb müəssisələrinə həvalə edilən məsələləri həll etmək;
8.13. tibb müəssisələrini tibb təhsilli kadrlarla təmin etmək məqsədilə tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;
8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
8.13-2. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;
8.13-3. tibb müəssisələrinin akkreditasiyasını həyata keçirmək;
8.13-4. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə tibb və ya əczaçılıq təhsili almış şəxsləri, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasına uyğun olaraq, ölkə ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxmaq;
8.13-5. ali və orta ixtisas tibb təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə qəbul barədə təkliflər vermək;
8.14. ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;
8.14-1. orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq;
8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək, o cümlədən tabeliyində olan tibb müəssisələrinin dayanıqlı inkişafı üçün təhlillər aparmaq və təkliflər hazırlamaq;
8.15-1. səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatlar aparılması, tibb müəssisələrinin maliyyələşməsi və xərclərinin idarə edilməsi məqsədilə mütərəqqi və effektiv beynəlxalq təcrübənin tətbiqi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.18. Nazirliyin Aparatında, qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;
8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;
8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;
8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;
8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;
8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.27-1. səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək;
8.27-2. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparmaq;
8.28. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək;
8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək;
8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
9.1-1. tibbi sığorta ilə bağlı təkliflər vermək;
9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlilliyin və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;
9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək;
9.4. ölkə üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;
9.5. qanunvericiliyə uyğun olaraq məhkəmə-tibbi ekspertizasını həyata keçirmək;
9.5-1. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaradır və onların əsasnamələrini təsdiq edir;
9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək;
9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə istiqamətləndirmək və əlaqələndirmək;
9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, tibb müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək;
9.9. tibb müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;
9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;
9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq;
9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;
9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, “Əməkdar həkim” fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;
9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;
9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;
9.17. qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;
9.18. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.19. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.22. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;
9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.25. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
9.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır.
Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
14.1-2. Nazirliyin Aparatının struktur bölmələrinin əsasnamələrinin, tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
14.2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
14.3-3. Elmi-Tibbi Şuranın, Farmakoloji və Farmakopeya Ekspert Şurasının və Apellyasiya Şurasının sədrlərini, Şura sədrlərinin təqdimatı (təklifi) əsasında onların digər üzvlərini, o cümlədən Apellyasiya Şurası Katibliyinin rəhbərini və tərkibini təsdiq edir;
14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Nazirliyi təmsil edir.
15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
17-1. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;
17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.1-2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
17-1.6. Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.
18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
22. Nazirliyin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən, müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Elmi-Tibbi Şura, Azərbaycan Respublikasında dərman vasitələrinin və dərman maddələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası və sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır. Həmin şuraların əsasnamələrini nazir təsdiq edir.
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatı (şöbələr və sektorlar)
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar:
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri
Respublika Sanitariya-Karantin Müfəttişliyi
1. 30 avqust 2006-cı il tarixli 455 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 680)
2. 14 iyun 2007-ci il tarixli 589 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 602)
3. 20 avqust 2007-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 770)
4. 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 947)
5. 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612)
6. 11 noyabr 2008-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 967)
7. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
8. 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779)
9. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
10. 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83)
11. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
12. 6 iyul 2012-ci il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 iyul 2012-ci il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 688)
13. 4 sentyabr 2012-ci il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 855)
14. 6 fevral 2013-cü il tarixli 820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 fevral 2013-cü il, № 28; “Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 114)
15. 25 iyun 2013-cü il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 651)
16. 26 sentyabr 2013-cü il tarixli 994 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1060)
17. 26 sentyabr 2013-cü il tarixli 995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1061)
18. 2 mart 2016-cı il tarixli 815 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 436)
19. 5 oktyabr 2017-ci il tarixli 1614 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1781)
20. 28 fevral 2018-ci il tarixli 1853 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 217)
21. 11 may 2018-ci il tarixli 64 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 932)
22. 4 oktyabr 2018-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1990)
23. 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1953)
24. 5 mart 2020-ci il tarixli 952 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 228)
25. 2 iyun 2020-ci il tarixli 1048 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 690)
26. 14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036)
27. 23 aprel 2021-ci il tarixli 1322 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2021-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 327)
28. 12 iyun 2021-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 570)
29. 16 avqust 2021-ci il tarixli 1428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 920)
30. 13 may 2022-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2022-ci il, № 1000, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 445)
31. 10 iyun 2022-ci il tarixli 1713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 iyun 2022-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 597)
32. 1 avqust 2022-ci il tarixli 1779 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 avqust 2022-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 839)
33. 8 oktyabr 2022-ci il tarixli 1849 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 9 oktyabr 2022-ci il, № 220, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1126)
34. 21 fevral 2023-cü il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 fevral 2023-cü il, “Xalq” qəzeti, 22 fevral 2023-cü il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 249)
35. 18 iyul 2023-cü il tarixli 2227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 iyul 2023-cü il, “Xalq” qəzeti, 19 iyul 2023-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 952)
36. 19 iyul 2023-cü il tarixli 2234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 959)
37. 27 oktyabr 2023-cü il tarixli 2335 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 28 oktyabr 2023-cü il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1383)
38. 14 mart 2024-cü il tarixli 22 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 15 mart 2024-cü il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 262)
39. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
40. 3 iyun 2024-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 647)
41. 24 dekabr 2024-cü il tarixli 263 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Xalq” qəzeti, 25 dekabr 2024-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1369)
42. 22 may 2025-ci il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2025-ci il, “Xalq” qəzeti, 23 may 2025-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 458)
43. 11 iyul 2025-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 12 iyul 2025-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 641)
44. 2 iyul 2026-cı il tarixli 707 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 iyul 2026-cı il, “Xalq” qəzeti, 3 iyul 2026-cı il, № 115)