Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2023-cü il
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə istehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rusiya Federasiyası) (bundan sonra - Rospotrebnadzor),
artan inteqrasiya prosesləri və regional əməkdaşlığın inkişafı şəraitində təhlükəli yoluxucu xəstəliklərin alovlanmalarına qarşı vaxtında və effektiv cavab tədbirlərinin görülməsi və onların sərhədyanı yayılmasının qarşısının alınması üçün Beynəlxalq tibbi-sanitariya qaydalarının (2005-ci il) (bundan sonra - BTSQ) tətbiqinin vacibliyini qəbul edərək,
BTSQ-yə müvafiq olaraq beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə halların aşkar olunması, qiymətləndirilməsi və cavab tədbirlərinin görülməsi üçün milli imkanların yaradılması, möhkəmləndirilməsi və dəstəklənməsinin vacibliyini təsdiq edərək,
BTSQ-nin həyata keçirilməsində ölkələri bir-birinə dəstək olmaqda davam etməyə çağıran Ümumdünya Səhiyyə Assambleyasının 61.2 qətnaməsinə istinad edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində sanitar-epidemioloji xarakterli fövqəladə hallarda operativ cavab tədbirlərinin görülməsi və yoluxucu xəstəliklərə nəzarət sisteminin gücləndirilməsinə yönəldilmiş Beynəlxalq tibbi-sanitariya qaydalarının tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlığı inkişaf etdirirlər.
Tərəflər aşağıdakı istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq edirlər:
- Azərbaycan Respublikasında yoluxucu xəstəliklərin alovlanmalarının və sanitar-epidemioloji xarakterli fövqəladə halların aşkarlanması, qarşısının alınması və operativ cavab tədbirlərinin görülməsi sisteminin möhkəmləndirilməsi üzrə birgə fəaliyyətlərin əlaqələndirilməsi,
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rospotrebnadzor, həmçinin onlar tərəfindən bunun üçün səlahiyyət verilmiş müəssisələr arasında Tərəflərin dövlətlərinin ərazisində sanitar-epidemioloji və epizootoloji vəziyyət barədə məlumat mübadiləsi,
- Tərəflərin səlahiyyətli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə sanitar- epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə epidemiya əleyhinə birləşmələrin təlimlərin keçirilməsi,
- Azərbaycan Respublikasının yoluxucu xəstəliklərin alovlanmalarının və sanitar-epidemioloji xarakterli fövqəladə halların aşkarlanması, qarşısının alınması və operativ cavab tədbirlərinin görülməsi, həmçinin bioloji təhlükəsizlik məsələləri üzrə mütəxəssislərinin hazırlanması,
- yoluxucu xəstəliklərin alovlanmalarının və sanitar-epidemioloji xarakterli fövqəladə halların aşkarlanması, qarşısının alınması və operativ cavab tədbirləri sistemlərinin təkmilləşdirilməsinə yönəldilmiş birgə elmi tədqiqatlar.
Bu Sazişin həyata keçirilməsi məqsədilə Rospotrebnadzor Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən səlahiyyət verilmiş və yoluxucu xəstəliklərin alovlanmalarının və sanitar-epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması, aşkarlanması və operativ cavab tədbirlərini təmin edən müəssisələrə maddi-texniki yardım göstərə bilər.
Təmənnasız maddi-texniki yardımın həcmi və qaydası Rospotrebnadzor və ya Rospotrebnadzorun tabeliyində olan səlahiyyət verilmiş müəssisə ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılan ayrıca müqavilə ilə müəyyən olunur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun tərəfindən səlahiyyət verilmiş müəssisə mütəmadi qaydada, lakin ildə bir dəfədən az olmayaraq, Rospotrebnadzorun ünvanına göstərilmiş maddi-texniki yardımın istifadəsi barədə hesabat göndərəcəkdir.
Bu Sazişin müvafiq müddəalarının yerinə yetirilməsi ilə bağlı zəruri xərclər Tərəflərin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər çərçivəsində və onların sərəncamında olan digər mənbələr hesabına maliyyələşdirilir.
Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçıları olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Bu Sazişin həyata keçirilməsi və təfsiri ilə bağlı fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Bu Sazişə, Tərəflərin razılığı ilə bu Sazişin ayrılmaz tərkib hissəsi olan dəyişikliklər və əlavələr edilə bilər. Bu cür dəyişikliklər və əlavələr əlavə protokollar imzalanmaqla edilə bilər.
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş (5) il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müvafiq müddətinin bitməsinə ən azı altı ay qalmış onun qüvvəsinin dayandırılması barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə bu Saziş avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılacaqdır.
Tərəflər başqa cür razılaşdırmadığı təqdirdə, bu Sazişin müddətinin bitməsi, qüvvədə olduğu müddətdə razılaşdırılmış fəaliyyət və proqramların həyata keçirilməsinə təsir göstərmir.
Bakı şəhərində 17 noyabr 2022-ci il tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.