Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilsin.
2. Ləğv edilən Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.