AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları”, “Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları”, “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”, “Sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Suların kompleks işlədilməsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması və təsdiq edilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1976-cı il 2 iyun tarixli 408 nömrəli qərarı barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 4 avqust tarixli 259 nömrəli qərarı (IV bölmə istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 15 oktyabr 1998-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırmanın əsas məqsədi sudan istifadə limitlərinin müəyyən edilməsi, elmi-texniki tərəqqini nəzərə almaqla su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsidir.
3. Yerüstü su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla aparılır.
4. Yeraltı su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi və digər aidiyyəti təşkilat və orqanlarla razılaşdırılmaqla aparılır.
5. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla aparılır.
6. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena standartları, normaları və qaydaları Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti təşkilatlarla razılaşdırmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
7. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində ekoloji və texnoloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
8. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində hidrogeoloji və hidroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
9. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində meteoroloji standartlar, normalar və qaydalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
10. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma ölkənin sosial-iqtisadi tələbatı nəzərə alınmaqla Su Kadastrına əsasən və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi və sxemlərinə uyğun şəkildə aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Sudan istifadə limitləri əhalinin içmək, məişət, müalicə, kurort, sağlamlıq və digər ehtiyacları, habelə kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, balıqçılıq təsərrüfatı və sair dövlət və ictimai tələbatlar üçün hesablanır və həyata keçirilir.
3. Yerüstü su obyektlərindən kənd təsərrüfatının tələbatı üçün istifadə limitləri su obyektlərinin sululuğuna dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsaslanır, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun müvafiq təşkilatları tərəfindən hazırlanıb həyata keçirilir.
4. Sudan əhalinin içmək, məişət və digər ehtiyacları üçün istifadə limitləri rayon (şəhər) icra hakimiyyəti orqanları və onların müvafiq təşkilatları tərəfindən hazırlanıb həyata keçirilir.
5. Sudan əhalinin müalicə, kurort və digər ehtiyacları üçün istifadə limitləri Səhiyyə Nazirliyi və müvafiq kurort təşkilatları tərəfindən hazırlanıb həyata keçirilir.
6. Sudan sənaye, energetika, tikinti, nəqliyyat, balıqçılıq təsərrüfatı və digər ehtiyaclar üçün istifadə limitləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Azərenerji” Səhmdar Cəmiyyəti və digər müvafiq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla hazırlanıb həyata keçirilir.
7. Yerüstü su mənbələri olmayan, yaxud az olan regionlarda, yeraltı suların ehtiyatı kifayət qədərdirsə, həmin sulardan, ilk növbədə, əhalinin içmək və məişət ehtiyacları üçün istifadə edilir.
8. Yeraltı sulardan istifadə limitləri yeraltı su mənbələrinin səmərəli istifadə tələblərinə riayət edilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hazırlanıb həyata keçirilir.
9. Sudan istifadə limitləri hər bir magistral, təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda olan su itkilərini nəzərə almalıdır.
10. Kənd təsərrüfatının tələbatı üçün sudan istifadə limitləri magistral və rayonlararası kanallar üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilir.
Təsdiq edilmiş sudan istifadə limitlərinə əsasən su bölgüsü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq təşkilatları tərəfindən həyata keçirilir.
Kanallara götürülən və su istifadəçilərinə su ayırıcı məntəqələrində verilən suyun miqdarı bu məntəqələrdə quraşdırılmış ölçü cihazları vasitəsilə müəyyən edilir.
11. Suvarma mənbələrinin sululuğundan və iqlim şəraitindən asılı olaraq sudan istifadə limitlərində düzəlişlər və dəqiqləşmələr aparıla bilər. Bu düzəliş və dəyişikliklər sudan istifadə limitlərini təsdiq etmiş təşkilat tərəfindən aparılır.
Limitlərdə dəyişikliklər və düzəlişlər bu barədə 10 gün əvvəlcədən xəbərdarlıq edildikdən sonra həyata keçirilir.
12. Sudan istifadə limitlərinə ciddi riayət etmək bütün su istifadəçilərinin borcudur.
13. Su təsərrüfatı sistemlərində və quyu ağzında quraşdırılmış mexanizm və qurğuların korlanıb sıradan çıxarılmasına və sudan istifadə limitlərindən icazə olmadan çox su götürülməsinə görə su istehlakçıları məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını və bununla əlaqədar həyata keçirilməsi tələb olunan su təsərrüfatı tədbirlərini müəyyənləşdirmək, su obyektlərinin səmərəli istifadəsini və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədilə su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, habelə hövzə və ərazi sxemləri işlənib hazırlanır.
3. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri ölkənin sosial iqtisadi inkişafı üzrə uzunmüddətli direktiv sənədlərə və proqramlara, elmi-texniki tərəqqiyə, axtarış və tədqiqatlara, İqtisadiyyat Nazirliyinin və layihə institutlarının tərtib etdikləri proqnozlara əsaslanır.
4 Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi Azərbaycan Respublikası su təsərrüfatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirir, su ehtiyatlarının vəziyyəti, su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir.
5. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri çayların və başqa su obyektlərinin hövzələri üzrə Baş sxemin əsasında hazırlanır.
6. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ərazi sxemləri Naxçıvan Muxtar Respublikası, ayrı-ayrı iqtisadi rayonlar və bölgələr üzrə Baş sxemin və hövzə sxemlərinin əsasında hazırlanır.
7. Yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlanır.
8. Yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlanır.
9. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərində nəzərdə tutulan tədbirlər su axınlarının nizamlanması, sudan qənaətlə istifadə olunması, habelə mütərəqqi su təchizatı sxemlərinin və texnologiyaların tətbiqi əsasında təmizlənməmiş suların tullantısının qarşısının alınması yolu ilə sulardan ölkə iqtisadiyyatının bütün sahələrində daha səmərəli istifadə edilməsini (birinci növbədə əhalinin içməli suya olan ehtiyaclarının ödənilməsini nəzərə almaqla) təmin etməlidirlər.
10. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri dövlət büdcəsindən ayrılan vəsait hesabına ixtisaslaşmış layihə institutlarının gücü ilə işlənib hazırlanır.
Onların dövlət ekspertizası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
11. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqdimatı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
12. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərenerji” Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq olunur.
13. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ərazi sxemləri yerüstü və yeraltı su ehtiyatları üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq olunur;
14. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi 15 illik bir müddətə işlənib hazırlanır və dövrü dəyişikliklər nəzərə alınmaqla hər 5 ildən bir dəqiqləşdirilir.
15. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarı ilə
1. Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Azərbaycan Respublikasında sudan istifadə edənlər mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
3. Suvarma sistemlərinin, otlaqların su təminatı sistemlərinin və digər su təsərrüfatı obyektlərinin suyundan istifadə sudan təsərrüfatdaxili istifadə və sudan istifadəyə dair ümumsistem planları əsasında həyata keçirilir.
4. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən suya olan tələbat nəzərə alınmaqla tərtib olunur.
5. Sudan təsərrüfatdaxili istifadə planları suvarılan torpaqların miqdarı, əkin sahələrinin strukturu, suvarma rejimi və bitkilərin suvarma vaxtı, daxili təsərrüfat kanallarının faydalı iş əmsalı, əkin sahələrinin torpaq-meliorativ şəraiti və su ehtiyatları barədə məlumatları özündə əks etdirməlidir.
6. Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən rayon suvarma sistemləri idarələri ilə razılaşdırıldıqdan sonra yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunur.
7. Sudan istifadəyə dair ümumsistem planları rayon suvarma sistemləri idarələri tərəfindən yerli kənd təsərrüfatı təşkilatları ilə əlaqəli şəkildə əkin proqnozlarına və suvarma rejimlərinə uyğun tərtib olunur və sudan təsərrüfatdaxili istifadə planları əsasında dəqiqləşdirilir.
8. Sudan istifadəyə dair ümumsistem planlarında sudan təsərrüfatdaxili istifadə planlarında göstərilən məlumatlardan başqa magistral və təsərrüfatlararası kanalların və baş su götürücü qurğunun sərfi, təsərrüfatlararası kanalların və ümumiyyətlə sistemin faydalı iş əmsalı haqqında məlumatlar da öz əksini tapmalıdır.
9. Sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadəyə dair ümumsistem planları təsərrüfatlarda işin təşkili və aqrotexnika üzrə görülən tədbirlər sistemi ilə uzlaşmalı və hidrometeoroloji şərait nəzərə alınmalıdır.
10. Suvarma suyundan energetika, sənaye, nəqliyyat, kommunal, məişət və digər məqsədlər üçün istifadə, sudan istifadəyə dair ümumsistem planlarında nəzərə alınmalıdır.
11. Sudan istifadəyə dair ümumsistem planları təsdiq edilir:
rayon əhəmiyyətli suvarma sistemləri üzrə rayon suvarma sistemləri idarələri tərəfindən;
respublika əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən.
* (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı ilə 11-ci hissənin üçüncü abzasına edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)
12. Sudan istifadə planları və onların əsasında bağlanmış sudan istifadə müqavilələri rayon suvarma sistemləri idarələri ilə su istifadəçiləri arasında münasibətləri müəyyənləşdirən əsas sənədlərdir.
Sudan istifadə müqavilələrində rayon suvarma sistemləri idarələri tərəfindən sudan istifadə edənlərə su ayrıcılarından sudan təsərrüfatdaxili istifadə planlarına uyğun vaxtlı-vaxtında və tələb olunan miqdarda suyun verilməsi, sudan istifadə edənlər tərəfindən isə plan üzrə suvarmanın aparılması, suvarma suyunun kollektor-drenaj şəbəkəsinə axıdılmaması, suvarma texnikasının təkmilləşdirilməsi, təsərrüfatdaxili şəbəkə və onların üzərindəki qurğuların işlək vəziyyətdə saxlanması və digər şərtlər göstərilir.
13. Əkiləcək sahənin miqdarı, əkiləcək bitki növləri, su mənbələrində olan suyun miqdarı nəzərdə tutulduğundan 10 faizə qədər dəyişərsə, yaxud güclü yağışlar nəticəsində suvarma vaxtının və suvarma normasının dəyişməsinə ehtiyac olarsa, sudan istifadəyə dair ümumsistem planları dəqiqləşdirilir.
Ümumsistem planları su mənbələrinin sululuğu haqqında dəqiqləşdirilmiş məlumatlar və əkinin vəziyyəti nəzərə alınmaqla dəqiqləşdirilir.
14. Suvarma sistemlərindən planda nəzərdə tutulduğundan artıq, hətta su mənbələrində su çox olduqda belə, yerli suvarma sistemləri idarələrinin razılığı olmadan su götürülməsinə yol verilmir.
15. Təsərrüfatlararası suvarma kanallarından yeni su qəbuledici qurğu tikməklə müvəqqəti nasos stansiya quraşdırmaqla, yaxud başqa üsullarla su götürülməsinə ancaq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin razılığı ilə icazə verilir.
* (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı ilə 15-ci hissəyə edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4. 10 may 2012-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 483)
5. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
6. 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)
7. 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)
8. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)
9. 2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 4 oktyabr 2025-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 966)
10. 8 sentyabr 2026-cı il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 15 sentyabr 2026-cı il, № 167) (Bu Qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)