7.1. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi heyətin tərkibinə ayrı-ayrı hərbi qulluqçular, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hüquq mühafizə orqanlarının və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə orqanların, habelə digər dövlət orqanlarının hərbi və hərbiləşdirilmiş birləşmələri (müvafiq silahlara və texnikaya, yardım və təminat vasitələrinə malik olan hissə və bölmələr) daxil edilə bilər.
7.2. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən mülki heyətin tərkibinə diplomatik statusa malik olan və ya malik olmayan mülki şəxslər, o cümlədən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ayrı-ayrı nümayəndələri, nümayəndə qrupları və ya bölmələri daxil edilə bilər.
7.3. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyət könüllülük əsasında komplektləşdirilir. Onlar sülhməramlı kontingentin tərkibinə göndərilməzdən əvvəl müəyyən olunmuş qaydada xüsusi hazırlıq keçməlidirlər.
7.4. Sülhməramlı əməliyyatların iştirakçılarının və onların ailə üzvlərinin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. Azərbaycan Respublikası sülhməramlı əməliyyatların iştirakçıları və onların ailə üzvləri üçün əlavə təminatlar, imtiyazlar və kompensasiyalar müəyyən edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə sülhməramlı əməliyyatların iştirakçılarının sosial müdafiəsinin milli qanunvericiliyə nisbətən daha yüksək təminatı nəzərdə tutulmuşdursa, o zaman müvafiq beynəlxalq müqavilənin normaları tətbiq edilir.