Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları", "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddi sənaye, nəqliyyat, rabitə, istehsal, xidmət, sahibkarlıq və digər məqsədlə fəaliyyət göstərən obyektlərə dair münasibətdə ayrı-ayrılıqda həmin obyektlərin fəaliyyəti üçün zəruri olan texniki, sanitar, mühafizə şərtləri nəzərə alınmaqla onların baş planlarında müəyyən edilmiş torpaq sahəsi, qalan hallarda isə 1 (bir) kvadrat metr qəbul edilir.
3. "Azərbaycan SSR-nin yay və qış otlaqları haqqında Əsasnaməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il 27 oktyabr tarixli, 346 nömrəli qərarı və "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin miqdarının müəyyən edilməsi ödənilməsi qaydası və toplanmış vəsaitin təyinatı" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 37 nömrəli qərarı (4-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 15 mart 2000-ci il
I. Kənd təsərrüfatı və meşə təsərrüfatı İstehsalı İtkİlərİnİn müəyyən edİlməsİ və ödənİlməsİ
1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərini həmin torpaqları xeyrinə geri alan, habelə obyektlərin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər ödəyirlər. Həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir.
2. Kənd təsərrüfatı torpaqlarının qeyri-kənd təsərrüfatı məqsədləri üçün geri alınması müqabilində yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiymətinin 20 faizi həcmində qəbul edilir.
3. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə tənzimlənir.
4. Kənd təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar geri alındıqda, xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər tərəfindən torpağın ayrılması barədə qərar qəbul edildiyi gündən 2 ay müddətində ayrılmış kənd təsərrüfatı təyinatlı torpaqların müqabilində itkilərin ümumi dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xüsusi hesabına keçirildikdən sonra həmin sahələrdən istifadə hüququna icazə verilir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xüsusi hesabına yığılan vəsait aşağıdakı işlərin yerinə yetirilməsinə yönəldilir:
suvarma sistemlərinin və mənbələrinin tikintisinə və yenidən qurulmasına, kənd təsərrüfatına yararlı torpaqların daşqın və sel sularından mühafizəsinə;
tarlalararası yolların təmirinə və yeni dövriyyəyə verilmiş torpaqlara yolların çəkilişinə;
tarlaqoruyucu meşə zolaqlarının yaradılmasına, yararsız torpaq sahələrində meşələrin salınmasına, dərə və yarğanların bərkidilməsinə, erroziyaya qarşı hidrotexniki qurğuların tikintisinə;
az məhsuldar kənd təsərrüfatı torpaqlarında torpağın münbit qatının yaxşılaşdırılmasına, səth sularının kənara axıdılmasına, toplanmış münbit torpaq qatının digər sahələrə daşınmasına və yayılmasına, sahələrin münbitliyinin artırılması üçün üzvi və mineral gübrələrin, habelə əhəng materiallarının alınmasına, saxlanılmasına və torpağa verilməsinə, yeni torpaqların kənd təsərrüfatında mənimsənilməsinə və onların münbitliyinin artırılması işlərinin aparılmasına;
suvarma məqsədi ilə artezian quyularının qazılmasına və suvarma şəbəkələrinin yaradılmasına;
torpaq ehtiyatlarının öyrənilməsinə, onların münbitliyinin artırılması ilə bağlı topoqrafiya-geodeziya, torpaq-geobotanika və başqa layihə-axtarış işlərinin aparılmasına;
torpaq kadastrının və monitorinqinin aparılmasına;
kənd təsərrüfatına yararlı torpaq sahələrində mədəni-texniki işlərin aparılmasına (kol-kosdan, kötüklərdən, daşdan təmizlənməsinə və sair);
korlanmış torpaqların yenidən yararlı hala salınmasına (rekultivasiya olunmasına).
6. Kənd təsərrüfatı istehsalı itkilərinin ödənilməsi ilə əlaqədar daxil olmuş vəsaitdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında başqa məqsədlər üçün də istifadə oluna bilər.
II. Torpaq mülkİyyətçİlərİnə, İstİfadəçİlərİnə və İcarəçİlərİnə vurulan zİyanın müəyyən edİlməsİ və ödənİlməsİ
7. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə həmin torpaq sahələrini əldə etmiş, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılmasına, yaxud həmin torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər tərəfindən ödənilir.
8. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə təsərrüfatına dəyən ziyanın ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir.
9. Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan ziyan və əldən çıxmış gəlir yerli icra hakimiyyətinin və ya bələdiyyənin təşkil etdiyi qiymətləndirmə komissiyası tərəfindən torpağın geri alındığı vaxtda qüvvədə olan bazar qiyməti ilə hesablanır və qiymətləndirmə komissiyasının aktı müvafiq yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiq edilir.
10. Xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə dəymiş ziyanı və əldən çıxmış gəliri torpaqdan istifadə edilməsinə və ya tikintiyə başlanmasına 3 ay qalmış ödəməlidir.
11. İtkilərin, ziyanın və əldən çıxmış gəlirin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir.
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
2. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçirilir.
3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.
Dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
4. Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.
5. Örüş, otlaq və biçənək sahələrinin məhsuldarlığı və münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
II. Yay və qış otlaqlarının bölünməsİ
6. Yay və qış otlaqları mülkiyyət formasından asılı olmayaraq heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, yem ehtiyatının artırılması məqsədi ilə istifadə edilir.
7. Yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin vəsatəti, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında yay və qış otlaq sahələrinin inzibati ərazi vahidləri üzrə bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
8. Yay və qış otlaq sahələrinin ərazi vahidinin vahidlərinin arasında bölüşdürülməsi zamanı aşağıdakı şərtlər nəzərə alınır:
a) damazlıq heyvandarlıq təsərrüfatlarının və bələdiyyə mülkiyyətində olan müəssisələrin yay və qış otlaqlarına olan tələbatı;
b)mülkiyyət formasından asılı olmayaraq, fiziki və hüquqi şəxslərin yay və qış otlaqlarına tələbatı;
c)otlaq sahələrinin yerləşdiyi yer;
ç)otlaq sahəsində müvafiq tikililərin olması;
d)fiziki və hüquqi şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan otlaq sahələrində davarların saxlanılması imkanı;
ə)otlaq sahəsinin tutumu;
f)köç yolu ilə mal-qara düşərgəsinin mövcud vəziyyəti.
9. Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formalı təsərrüfatların, eləcə də digər fiziki və hüquqi şəxslərin yay və qış otlaq sahələrinə olan tələbatı haqqında məlumatlar həmin təsərrüfatların yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən öyrənilərək, hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq edilir və 10 gün müddətində yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və bələdiyyələrə göndərilir.
10. Bu Qaydaların 9-cu hissəsində qeyd olunan siyahılar yay və qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün müddətində həmin rayon (şəhər) üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən müvafiq torpaqayırma sənədləri hazırlanır və təsdiq edilməsi üçün yerli icra hakimiyyəti orqanlarına təqdim edilir.
Yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr 15 gün müddətində həmin müraciətə və hazırlanmış sənədlərə baxaraq müvafiq qərar qəbul edirlər.
Qərarda aşağıdakılar göstərilir:
a) fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə veriləcək otlaq sahəsinin nömrəsi və adı;
b) otlaq sahəsinin ölçüsü və yerləşdiyi ərazi;
c) sahənin torpaq və bitki örtüyünün vəziyyəti;
ç) həmin torpağın normativ qiyməti (dəyəri) barədə nümunəsi əlavədə göstərilmiş qaiməyə (sertifikata) uyğun olaraq məlumat;
d) otlağın tutumu və su təminatı;
e) otlaq sahəsində olan müvafiq tikili və obyektlərin adı, sayı və ölçüsü;
ə) tikili və obyektlərin mövcud istifadəyə yararlılıq vəziyyəti.
11. Yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə ayrılmış otlaq sahəsinin sərhədi yerquruluşu xidməti tərəfindən yerdə (naturada) qoyulduqdan sonra istifadəçi (icarəçi) ilə icarə (istifadə) müqaviləsinin bağlanması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
12. Otlaq sahəsindən müvəqqəti istifadə və icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində və icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə və icarəçiyə verilir.
İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
III. Yay və qış otlaqlarının İstİfadəsİ və İcarəsİ
13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.
Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar otarılması nəzərdə tutulur.
14. Davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə xitam verilir. Əgər belə bir hal bütövlükdə hər hansı inzibati ərazi vahidinin ərazisində baş verərsə, onda otlaqların istifadə edilməyən hissəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həmin inzibati ərazi vahidinin istifadəsindən geri alınıb, ehtiyacı olan digər inzibati ərazi vahidinə verilir.
15. Yay və qış otlaqlarının istifadəsi və icarəsi zamanı inzibati ərazi vahidləri daxilində yaranmış mübahisə barədə müvafiq rayon, şəhər torpaq şöbəsinə müraciət olunur. Torpaq şöbəsində 10 gün müddətində məsələ torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılır və konkret təkliflə müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında vəsatət qaldırılır.
16. Yeri icra hakimiyyəti orqanı və ya bələdiyyə 15 gün ərzində həmin vəsatətə baxıb müvafiq qərar qəbul edir.
Yay və qış otlaqlarının istifadəsində inzibati ərazi vahidləri arasında baş verən mübahisələrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə baxılır və həll edilir.
17. Yay və qış otlaq sahələrindən istifadəyə görə vergi tutulması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə, icarə haqqının müəyyən edilməsi isə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir.
IV. Örüş sahələrİnİn və bİçənəklərİn İstİfadəsİ və İcarəsİ
18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.
19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.
20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər verilir.
21. Örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların II və III bölmələrinə uyğun olaraq həyata keçirilir.
V. Yay və qış otlaqlarından, örüş sahələrİndən və bİçənəklərdən İstİfadədə qanunverİcİlİyə əməl edİlməsİ
22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.
23. Yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır.
24. Otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda, tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır.
25. Torpaq istifadəçiləri və ya icarəçiləri aşağıdakı şərtlərə əməl etməyə borcludurlar:
a) otlaq sahələrindən təyinatı üzrə istifadəyə;
b) otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına;
c) otlaq sahələrindəki mərz nişanlarının qorunmasına;
ç) köç yolu və mal-qara düşərgəsinin təyinatı üzrə istifadəsinə;
d) yataqlar və otlaqlararası xüsusi yollardan istifadə etməyə, lazımsız yol və cığırların salınmasına yol verməməyə;
e) otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə;
ə) otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmamasına.
26. Quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə və ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilər.
27. Fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilmiş örüş, otlaq və biçənək sahələrinin sərhədlərinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə, inzibati ərazi vahidlərinin arasında bu cür dəyişikliklər müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirilir.
28. Örüş, otlaq və biçənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir.
_____________________________Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsinin rəhbəri
M.Y._________________________________________________ M.Y.________________________________________
imza, soyadı, adı və atasının adı imza, soyadı, adı və atasının adı
“________”________________________________2000-ci il “________”___________________________2000-ci il
1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydalarını tənzimləyir.
2. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
3. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin (bundan sonra — sifarişçi) istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.
4. Ayrılmış torpaqdan tam və səmərəli istifadə etmək üçün sifarişçi tikiləcək obyektin əsas texniki-iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihəqabağı araşdırmalar aparır. Təqribi hesablamalar əsasında aparılan bu araşdırmalar nəticəsində obyektin təyinatı, istehsalat və həndəsi parametrləri, suya, elektrik enerjisinə, istiliyə və s. tələbatı, tullantıların həcmi, nəqliyyat kommunikasiyalarına qoşulma ehtiyacı, tikinti üçün ayrılacaq torpaq sahəsinin ölçüləri və digər ilkin texniki-iqtisadi göstəricilər müəyyən edilir.
Aparılmış layihəqabağı araşdırmalar nəticəsində sifarişçi tikiləcək obyekt üçün torpaq sahəsinin ayrılmasına dair müvafiq vəsatət hazırlayır.
Torpaq sahəsinin ayrılması haqqında sifarişçinin vəsatətinə yerli icra hakimiyyəti orqanları 30 gün müddətində baxır və müvafiq qərar qəbul edirlər. Digər təyinatlı torpaqlar «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma layihəsində və yaşayış məntəqələrinin baş planlarında nəzərdə tutulmuş ərazilərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və mənafeyinə toxunulan digər təşkilatlarla razılaşdırılmaqla yerləşdirilməlidir.
6. Layihəqabağı araşdırmalara istinad edərək, sənaye obyektləri üçün ayrılmış torpaq sahəsi istehsalatın nəqliyyat və mühəndis xətlərinin əhatədəki müəssisə və yaşayış məntəqələri ilə əlaqəli təşkilini, eyni zamanda həmin müəssisənin fəaliyyətinə lazım olan suburaxma, təmizləyici qurğu və başqa obyektlərin yerləşdirilməsini təmin etməlidir.
7. Sənaye obyektləri yerləşdirildikdə torpaqdan istifadə daha səmərəli və iqtisadi cəhətdən əlverişli olmalı, habelə torpaq istifadəçisinə vurulan ziyan və əldən çıxan gəlir ödənilməlidir.
8. Layihələşdirmə zamanı tikiləcək (qurulacaq) obyektlər arasında istifadəsiz torpaq sahəsinin yaranmasına yol verilməməlidir.
9. Sənaye obyektləri yerləşdirilərkən onların arasındakı tələb olunan sanitar və yanğından mühafizə məqsədi ilə verilən məsafələr normadan artıq olmamalı və kommunikasiya xətləri maksimum qısa olmalıdır.
10. Sənaye müəssisələri texnoloji proseslərlə əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi üçün yaşayış və ictimai binalardan sanitar-mühafizə zonası ilə ayrılmalıdır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
11. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı, torpaqların istifadəsi nəticəsində yaranan istehsal tullantıları və çirkab suları ilə əlaqədar ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülməli, həmin obyektlərin yerləşəcəyi torpağın 15—20 sm-lik yuxarı (üst) məhsuldar qatı götürülərək az məhsuldar sahələrə köçürülməli və planlaşma həllinin texniki-iqtisadi cəhətdən ən əhəmiyyətlisi seçilməlidir.
12. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin yerləşdirilməsi üçün torpaq sahəsinin sərhədləri yerli icra hakimiyyətinin və bələdiyyənin müvafiq xidmətləri (memarlıq-tikinti, yerquruluşu) tərəfindən naturada (yerdə) müəyyən edilərək, torpaqdan istifadə hüququna dair müvafiq sənədlə (dövlət aktı, şəhadətnamə) və tikinti aparmaq üçün zəruri şərtlərlə birlikdə sifarişçiyə təhvil verilir.
13. Sifarişçiyə mənsub olan torpaq sahəsində yeni təyinatlı obyekt tikintisi aparmaq üçün bu Qaydalara uyğun yenidən razılaşdırmalar aparılmalıdır.
Torpaq sahəsinin ayrılması və mövcud istifadədən çıxarılması ilə əlaqədar torpağın qiymətinin, dəyəcək ziyanın və əldən çıxacaq gəlirin sifarişçi tərəfindən torpaq sahibinə ödənilməsi qaydası qüvvədə olan normativ hüquqi aktlarla tənzimlənir.
14. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə əlaqədar texniki-iqtisadi göstəricilərin və digər sənədlərin hazırlanması, razılaşdırılması, tərtibatı və sair xərclər sifarişçinin vəsaiti hesabına həyata keçirilir. Torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə sifarişçi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən edilən qaydada xidmət haqqı ödəyir.
15. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir.
1. 1 may 2000-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 360)
2. 22 fevral 2001-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116)
3. 30 iyul 2002-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 455)
4. 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 741)
5. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
6. 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 1228)
7. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
8. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)
9. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)
10. 23 aprel 2008-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 314)
11. 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)
12. 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 152)
13. 23 avqust 2010-cu il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 765)
14. 21 iyun 2013-cü il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 iyun 2013-cü il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 767)
15. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)
16. 28 avqust 2018-ci il tarixli 362 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1813)
17. 13 iyun 2019-cu il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1157)
18. 26 aprel 2021-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2021-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 417)
19. 19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)
20. 20 iyun 2024-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyun 2024-cü il, “Xalq” qəzeti, 22 iyun 2024-cü il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, II kitab, maddə 724)
21. 14 aprel 2025-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2025-ci il, “Xalq” qəzeti, 16 aprel 2025-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 397)
22. 21 iyul 2026-cı il tarixli 229 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyul 2026-cı il, “Xalq” qəzeti, 28 iyul 2026-cı il, № 132)