“18” oktyabr 2023-cü il
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 3.6-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasında emissiyasını, kütləvi təklifini və tədavülünü tənzimləyir.
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. beynəlxalq təşkilat – Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilat;
2.1.2. beynəlxalq təşkilatın qiymətli kağızları – beynəlxalq təşkilatlar tərəfindən buraxılmış istiqrazlar;
2.1.3. buraxılış şərtləri – beynəlxalq təşkilat haqqında və beynəlxalq təşkilatın emissiya etdiyi qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar barədə məlumatı əks etdirən sənəd;
2.1.4. kütləvi təklif – beynəlxalq təşkilatın qiymətli kağızlarının qeyri-müəyyən sayda şəxsə, yaxud media ilə və ya 50 (əlli) nəfərdən artıq şəxsə təklif edilməsi;
2.1.5. qapalı yerləşdirmə – beynəlxalq təşkilatın qiymətli kağızlarını 50 (əlli) nəfərdən az şəxsə təklif etməklə və ya qiymətli kağızların buraxılışı haqqında qərarda qiymətli kağızları əldə edəcək investorları göstərməklə keçirilən yerləşdirmə;
2.1.6. mərkəzi depozitar – qiymətli kağızlar üzrə depozitar sistemini təşkil və idarə edən Milli Depozit Mərkəzi;
2.1.7. tədavül – yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesi;
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.
3.1. Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:
3.1.1. beynəlxalq təşkilat tərəfindən buraxılış şərtlərinin tərtib edilməsi;
3.1.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması;
3.1.3. buraxılış şərtlərinin açıqlanması (beynəlxalq təşkilatın kütləvi təklif edilən qiymətli kağızları üçün);
3.1.4. beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi.
3.2. Beynəlxalq təşkilatın qiymətli kağızlarının nominalı milli və ya xarici valyutada ifadə olunur.
3.3. Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası barədə məlumat və qiymətli kağızlarla təsbit olunan hüquqlar buraxılış şərtlərində əks olunur.
4.1. Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtlərində ən azı aşağıdakılar öz əksini tapır:
4.1.1. beynəlxalq təşkilat haqqında məlumat:
4.1.1.1. beynəlxalq təşkilatın tam adı, baş ofisinin ünvanı və əlaqə vasitələri (telefon nömrəsi və elektron poçt ünvanı);
4.1.1.2. beynəlxalq təşkilatın məqsəd və funksiyalarının qısa təsviri;
4.1.1.3. beynəlxalq təşkilatın imtiyazları və toxunulmazlıqları haqqında (olduqda) məlumat.
4.1.2. beynəlxalq təşkilatın ən son dərc olunmuş və audit edilmiş maliyyə hesabatı və ya bu hesabatın açıqlandığı və ya baxılması mümkün olduğu mənbə;
4.1.3. buraxılış barədə aşağıdakı məlumatlar:
4.1.3.1. buraxılışın maksimum məbləği;
4.1.3.2. yerləşdirilmə üsulu və tətbiq edilən prosedurlar;
4.1.3.3. beynəlxalq təşkilatın qiymətli kağızlarının faizli (sabit və ya dəyişən faiz dərəcəsi ilə) və ya diskontlu olması və tədavül müddəti, tətbiq edildiyi halda faizlərin hesablanması və ödənilməsi qaydası (ödənilmə tarixi və müddəti, müddətin hesablanma qaydası);
4.1.3.3-1. beynəlxalq təşkilatın qiymətli kağızlarının geri satın alınma qiyməti və ya belə qiymət həmin qiymətli kağızın yerləşdirilməsi zamanı satış qiymətinə bərabər olmadıqda, onun müəyyən edilməsi qaydası;
4.1.3.4. təmin edilmiş qiymətli kağızlar üzrə təminatın təsviri və şərtləri;
4.1.3.5. beynəlxalq təşkilatın qiymətli kağızlarının mülkiyyətçilərinin hüquqları;
4.1.3.7. kütləvi təklif üsulu ilə yerləşdirildiyi halda beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirildiyi fond birjasının adı və ünvanı;
4.1.3.8. abunə yazılışı vasitəsilə yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq təşkilatın qiymətli kağızları üçün abunə yazılışı prosesinin qısa təsviri, beynəlxalq təşkilatın qiymətli kağızlarının anderrayteri (olduqda) barədə məlumat (adı və ünvanı) və ya anderrayter barədə məlumatların açıqlanma qaydasına dair məlumat;
4.1.3.10. beynəlxalq təşkilatın qiymətli kağızlarının saxlanılmasını və uçotunu aparan mərkəzi depozitarın adı və ünvanı.
4.2. Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtləri Azərbaycan və ingilis dillərində tərtib olunur və beynəlxalq təşkilat tərəfindən təsdiq edilir. Buraxılış şərtlərinin notariat qaydasında təsdiqi və ya qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılması (apostil verilməsi) tələb olunmur.
4.3. Beynəlxalq təşkilatın qiymətli kağızları buraxılışın dövlət qeydiyyatına alındığı tarixdən bir il müddətində yerləşdirilmədikdə, buraxılış şərtləri qüvvədən düşmüş hesab edilir.
5.1. Beynəlxalq təşkilat qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə ilə Mərkəzi Banka müraciət edir. Ərizə Azərbaycan və ingilis dillərində tərtib olunur, beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və Mərkəzi Banka təqdim edilir.
5.2. Ərizəyə beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtləri əlavə olunur.
5.3. Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü müddətində Mərkəzi Bank tərəfindən baxılır və imtina üçün əsas olmadıqda, buraxılış Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınır və beynəlxalq təşkilata qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir.
5.4. Mərkəzi Bank beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edir:
5.4.1. beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qaydanın tələblərinə cavab vermədikdə;
5.4.2. beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtlərinə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi Mərkəzi Bank tərəfindən müəyyən olunduqda.
5.5. Bu Qaydanın 5.4-cü bəndində göstərilən hallar müəyyən edildikdə, Mərkəzi Bank 2 (iki) iş günü ərzində beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edir və bu barədə beynəlxalq təşkilata yazılı məlumat göndərir.
Beynəlxalq təşkilat kütləvi təklif olunan qiymətli kağızlarının buraxılış şərtlərini Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, yaxud beynəlxalq təşkilatın rəsmi internet səhifəsində açıqlamalıdır və onun surəti yerləşdirmə üzrə anderraytinq xidmətini həyata keçirən investisiya şirkəti tərəfindən ödənişsiz qaydada investorlara təqdim edilməlidir. Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsindən sonra emitent bu Qaydanın 4.1-ci bəndində sadalanmayan əlavə məlumatları özündə əks etdirən buraxılış şərtlərini tam həcmdə açıqlayır və belə açıqlanma buraxılış şərtlərinə düzəliş hesab olunmur.
7.1. Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi onun ilk mülkiyyətçilərinin depo hesablarına köçürüldüyü anda başa çatmış sayılır.
7.2. Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir. Kütləvi təklif üsulu ilə yerləşdirilən beynəlxalq təşkilatın qiymətli kağızları fond birjasının müvafiq bazar seqmentində listinqə daxil edilir.
7.3. Beynəlxalq təşkilat qiymətli kağızlarının yerləşdirilməsi hüququnu yalnız onların buraxılışı dövlət qeydiyyatına alındıqdan və kütləvi təklif zamanı qiymətli kağızlarının buraxılış şərtlərində olan məlumatlar bu Qaydanın 6-cı hissəsində müəyyən olunan qaydada açıqlandıqdan sonra əldə edir.
7.5. Beynəlxalq təşkilatın qiymətli kağızlarının fond birjasında yerləşdirilməsi fond birjasının daxili qaydaları əsasında həyata keçirilir. Beynəlxalq təşkilatlar qiymətli kağızlarının yerləşdirməsini investisiya şirkətləri vasitəsilə həyata keçirir.
7.6. Beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyəri investorlar tərəfindən yalnız pulla ödənilir və pul vəsaitləri beynəlxalq təşkilatın Azərbaycan Respublikasındakı bank hesabına köçürülür.
7.7. Mərkəzi depozitar beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyərinin ödənilməsi haqqında məlumatı beynəlxalq təşkilatdan, yaxud anderrayterdən aldığı gündən sonrakı iş günü ərzində beynəlxalq təşkilatın qiymətli kağızlarını ilk mülkiyyətçilərin depo hesablarına köçürür.
8.1. Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması Mərkəzi Bankın qərarı ilə həmin qiymətli kağızlarının reklamının və yerləşdirməyə yönəlmiş digər tədbirlərin dayandırılmasıdır.
8.2. Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beynəlxalq təşkilat tərəfindən buraxılış şərtlərində əks olunan məlumatların, habelə bu Qaydanın tələblərinin pozulması faktı Mərkəzi Bank tərəfindən aşkar edildikdə, Mərkəzi Bank beynəlxalq təşkilatın adı, qiymətli kağızının qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul edir:
8.2.1. pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırması barədə;
8.2.2. yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırılması barədə.
8.3. Bu Qaydanın 8.2-ci bəndində göstərilən qərarların qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Mərkəzi Bank həmin qərarı beynəlxalq təşkilata, beynəlxalq təşkilatın qiymətli kağızlarının təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə təqdim edir.
8.4. Beynəlxalq təşkilat, onun qiymətli kağızlarının təklif və yerləşdirilməsini həyata keçirən şəxslər bu Qaydanın 8.2-ci bəndində göstərilən qərarları aldıqdan sonra bu Qaydanın 6-cı hissəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində bu barədə məlumatı açıqlamalı və Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldıraraq bu barədə Mərkəzi Banka hesabat verməlidirlər.
8.5. Bu Qaydanın 8.2.1-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu Qaydanın 8.4-cü bəndində göstərilən hesabatdan yol verilmiş pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə və ya həmin hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində əsasları göstərilməklə, bu Qaydanın 8.2.2-ci yarımbəndində nəzərdə tutulan qərarı qəbul edir və həmin qərarı mediada açıqlayır.
8.6. Bu Qaydanın 8.2.2-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu Qaydanın 8.4-cü bəndində göstərilən hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində aşağıdakı qərarlardan birini qəbul etməlidir:
8.6.1. yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə - emissiyanın davam etdirilməsi barədə;
8.6.2. yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə - emissiyanın baş tutmamış hesab edilməsi barədə.
8.7. Bu Qaydanın 8.6.1-ci yarımbəndində göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu barədə məlumatı bu Qaydanın 8.3-cü bəndi ilə müəyyən edilmiş şəxslərə həmin bənd ilə müəyyən edilmiş qaydada göndərir və açıqlayır. Bu zaman qiymətli kağızların təklifi və yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.
9.1. Qiymətli kağızların yerləşdirilməsi başa çatanadək buraxılış şərtlərində dəyişikliklər beynəlxalq təşkilatın daxili qaydalarına uyğun olaraq qəbul edilir. Buraxılış şərtlərində dəyişikliklər Azərbaycan və ingilis dillərində tərtib olunur və beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Buraxılış şərtlərində dəyişikliklərin notariat qaydasında təsdiqi və ya qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılması (apostil verilməsi) tələb olunmur.
9.2. Buraxılış şərtlərində dəyişikliklər edilməsi barədə məlumat və dəyişikliklərin məzmunu həmin dəyişikliklərin qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.
9.3. Mərkəzi Bank buraxılış şərtlərində dəyişikliklə bağlı təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 5 (beş) iş günü müddətində baxır və nəticəsi barədə beynəlxalq təşkilata yazılı məlumat verir.
9.4. İctimaiyyətə açıqlanmış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat bu Qaydanın 9.5-ci bəndində qeyd olunan müddət bitdikdən sonra 2 (iki) iş günü ərzində beynəlxalq təşkilatın rəsmi internet səhifəsində açıqlanır və açıqlandığı tarixdən 2 (iki) iş günü bitdikdən sonra qüvvəyə minir, bu şərtlə ki, bu Qaydanın 9.5-ci bəndində göstərilən qərar qəbul edilməmiş olsun. İctimaiyyətə açıqlanmamış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat müvafiq buraxılış şərtlərinin təqdim edildiyi şəxslərə göndərilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş məlumat onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş məlumat isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır və bu tarixdən qüvvəyə minir.
9.5. Bu Qaydanın 5.4-cü bəndində göstərilən hallar müəyyən olunduqda, Mərkəzi Bank buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasına və tətbiq edilməsinə buraxılış şərtlərində dəyişiklik edilməsi barədə məlumatı aldığı gündən 5 (beş) iş günü müddətində etiraz edir. Mərkəzi Bank etirazlarını əks etdirən əsaslandırılmış qərar qəbul edir, beynəlxalq təşkilatı bu barədə yazılı qaydada məlumatlandırır və həmin qərarı mediada açıqlayır.
9.6. Buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasından və ya təqdim edilməsindən əvvəl qiymətli kağızların alınması üzrə abunə yazılışına razılaşmış şəxslər həmin dəyişikliklərin qüvvəyə minmə tarixindən 7 (yeddi) iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.
10.1. Beynəlxalq təşkilatın qiymətli kağızıları ilə alqı-satqı əqdləri investisiya qiymətli kağızları ilə alqı-satqı əqdlərinin bağlanmasını tənzimləyən normativ xarakterli akta uyğun olaraq bağlanılır.
10.2. Fond birjasında qiymətli kağızlarla alqı-satqı əqdləri yalnız qiymətli kağızların fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir.
10.3. Beynəlxalq təşkilatın qiymətli kağızlarının əsas məbləği və faiz (diskont) üzrə öhdəliklər investorlar qarşısında tam icra edildikdən sonra beynəlxalq təşkilatın qiymətli kağızları ödənilmiş hesab edilir və dövriyyədən çıxarılır.
11.1. Mərkəzi Bank beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasını aşağıdakı hallarda baş tutmamış hesab edir:
11.1.1. bu Qaydanın 4.3-cü bəndinə əsasən buraxılış şərtləri qüvvədən düşdükdə;
11.1.2. bu Qaydanın 8.6.2-ci yarımbəndində nəzərdə tutulan qərar qəbul edildikdə.
11.2. Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Mərkəzi Bank bu barədə beynəlxalq təşkilata, qiymətli kağızların təklifi və yerləşdirilməsini həyata keçirən şəxslərə yazılı məlumat verir və 7 (yeddi) iş günü ərzində bu qərarı mediada açıqlayır.
11.3. Beynəlxalq təşkilat kütləvi təklif olunmuş qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi barədə Mərkəzi Bankın qərarını bu Qaydanın 6-cı hissəsi ilə müəyyən edilmiş qaydada açıqlamalı, həmin qərarın qəbul edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.
11.4. Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası zamanı bu Qaydanın tələbləri pozulduğu hallarda məhkəmə həmin buraxılışı etibarsız hesab edə bilər. Bu halda həmin emissiyaya daxil olan bütün qiymətli kağızlar dövriyyədən çıxarılır və beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsindən əldə edilmiş vəsait investorlara qaytarılır.
1. 14 yanvar 2025-ci il tarixli 01/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202501140011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 yanvar 2025-ci il)