“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 may 2023-cü il
1.1. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası” (bundan sonra – Qayda) “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını müəyyən edir.
1.2. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti geyimlərini daşımaq hüququ vardır.
1.3. Bu Qaydaya riayət etmək Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşları üçün məcburidir.
1.4. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə tənzimlənir.
1.5. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təchizatı hər il Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) hesabına təmin edilir.
1.6. Agentliyin nəzarət funksiyasını həyata keçirən əməkdaşları şəxsi nömrə yazılmış fərqləndirmə döş nişanına (jetona) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jetonu) Agentliyin aparatına və ya regional idarəyə təhvil verməlidirlər.
2.1. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təsviri:
2.1.1. yay dəsti - tünd göy rəngli parçadan hazırlanmış pencək, furajka (kepka), şalvar (qadınlarda - yubka), ağ rəngli qısaqol və uzunqol köynək, jilet, tünd göy rəngli qalstuk, qara və ya tünd göy rəngli corab (qadınlarda - dəri rəngli neylon corab) və dəridən hazırlanmış qara rəngli ayaqqabıdan ibarətdir (şəkillər 1-3, 6-8, 14, 15, 17, 19). Fərqləndirmə döş nişanı (jeton) yay mövsümündə qısaqol və uzunqol köynəklə daşınmır;
2.1.2. qış dəsti - tünd göy rəngli parçadan hazırlanmış furajka (kepka), qış gödəkçəsi (qadınlarda - palto), demisezon gödəkçə (kişilərdə), pencək və şalvar (qadınlarda - yubka), ağ rəngli köynək, tünd göy rəngli qalstuk, kişilər üçün qara və ya tünd göy rəngli corab (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corablar olur) və dəridən hazırlanmış qara rəngli ayaqqabıdan və qış çəkməsindən (qadınlarda - uzunboğaz çəkmə) ibarətdir (şəkillər 4, 5, 9, 14, 15, 18, 20);
2.1.3. furajka (kepka) - tünd göy rənglidir, ön hissəsinin ortasında kokardası vardır (şəkillər 1-10, 14);
2.1.4. gödəkçə - sukeçirməyən, mövsümə uyğun tünd göy rəngli parçadandır. Bir bortludur, kürəyi bütövdür, üzərində səkkizguşəli ulduz və “AYNA” sözü həkk olunmuşdur, hər iki qolunda ağ zolaqdan ibarət kant vardır. Gödəkçənin hər iki yanında üstü qapaqlarla örtülən, 2 düymədən ibarət olan ciblər vardır. İçərisində isə 2 qoltuq cibi vardır. Yaxası zəncirbəndlə və parça ilə örtülmüş bir sırada yerləşən, ölçüsü 20 mm olan, 5 ədəd iri düymə ilə açılıb bağlanır. Gödəkçənin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir (şəkillər 4, 5, 11). Qış mövsümü üçün nəzərdə tutulan gödəkçənin zəncirbəndlə taxılıb-çıxarılan süni xəzdən istiləşdirilmiş içliyi və gödəkçənin boyunluğunun arxa tərəfindən salınıb çıxarılan yağışdan qorunmaq üçün xüsusi örtük papağı vardır (şəkil 5). Payız-yaz mövsümünün nisbətən soyuq hava şəraitində gündəlik yay geyim formasının pencəksiz mavi rəngdə demisezon gödəkçə ilə geyinilməsinə icazə verilir. Bu zaman demisezon gödəkçə üzərinə sol döş hissəsində fərqləndirmə döş nişanı (jeton) taxılır (şəkillər 4, 12);
2.1.5. palto - tünd göy rəngli parçadandır. Qatlanan boyunluqludur. Üzərində 2 ədəd düyməsi və 2 ədəd yan cibləri vardır. Paltonun sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən tikmə fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Paltonun üzərində sol döş hissəsində fərqləndirmə döş nişanı (jeton) taxılır (şəkillər 9, 11, 12);
2.1.6. pencək - tünd göy rəngli parçadandır, bir bortludur, arxası bütövdür, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan 2 yan cibləri və hər cibin üzərində bir ədəd qızılı rəngli düymə, içəri tərəfində isə qoltuqaltı cibləri vardır. Pencək, ölçüsü 20 mm olan, bir sırada yerləşən 4 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Üzərində aypara və səkkizguşəli ulduz həkk olunmuş düymələr qızılı rəngli metaldan hazırlanır. Pencəyin sol döş hissəsində fərqləndirmə döş nişanı (jeton) taxılır. Pencəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Pencək mövsümə uyğun kostyum parçasından olmalıdır (şəkillər 3, 8, 11, 12);
2.1.7. şalvar - tünd göy rəngli mövsümə uyğun kostyum parçasından və manjetsiz tikilir. Şalvarın kəsmə yan cibləri, arxa hər iki tərəfdə qapaqlı kəsmə cibi vardır. Qurşaqda kəmər üçün yeddi halqa vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir (şəkillər 1-5);
2.1.8. köynək - uzunqol və qısaqol olmaqla ağ rəngdədir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı cibləri vardır. Qatlanan boyunluqludur. Köynəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqləndirmə qol nişanı (şevron) yerləşdirilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Cib qapaqlarında 1 ədəd və uzunqol köynəyin qolunda 2 ədəd kiçik düyməsi vardır (şəkillər 1, 2, 6, 7, 11);
2.1.9. qalstuk - kişilər üçün geyim dəstinə aiddir və uzunqol köynəklə daşınır. Tünd göy rəngli iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir (şəkillər 2, 15);
2.1.10. ayaqqabı - qara rəngli, üstü yaxşı aşılanmış dəridən, altlığı göndən və ya rezindən olur. Dabanı orta ölçüdədir və qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qış çəkməsi (qadınlarda - uzunboğaz çəkmə) qara rəngli, üstü yaxşı aşılanmış dəridən hazırlanır, dabanı orta ölçüdədir, zəncirbəndlə bağlanır. Altlığı qəliblənmişdir. Qış çəkməsinin (qadınlarda - uzunboğaz çəkmənin) içərisi süni xəzdəndir (şəkillər 1-9,17-20);
2.1.11. jilet - açıq mavi rəngli parçadan hazırlanır, düzbiçimlidir. Yaxası zəncirbəndlə açılıb bağlanır. Jiletin ön və arxa hissələrinin kənarlarından ətək hissəsinə doğru bir-birinə paralel 4 sm enində işığı əks etdirən materialdan hazırlanmış 2 şaquli və onların ortasından bir-birinə paralel 2 üfüqi zolaq vardır. Jiletin sol döş hissəsində 6x9 sm ölçüsündə “AYNA” sözü və həmin sözün aşağı hissəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri yazılır. Kürək hissəsi bütövdür. Kürək nahiyəsində işığı əks etdirən materialdan eni 10 sm olan “AYNA” sözü və həmin sözün aşağı hissəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri yazılır. Jiletin boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində qara rəngli köbə ilə tikilir (şəkil 13);
2.1.12. digər geyim əşyaları - bel kəməri (şəkil 16), kişilər üçün corab qara və ya tünd göy rəngli (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corablar) olur (şəkillər 21-22).
2.2. Qadınlarda palto, pencək, uzunqol və qısaqol köynək forması eyni olmaqla sol tərəfə düymələnir. Yubkanın ətəyi diz qapağından 10 sm aşağı olur və corablar dəri rəngli neylon və yaxud qara rəngli yarımyun olur (şəkillər 6-9, 22).
2.3. Fərqləndirmə nişanlarına fərqləndirmə qol nişanı (şevron), fərqləndirmə döş nişanı (jeton) və kokarda (materialı parçadandır) aiddir.
2.4. Baş geyimindəki kokarda Agentliyin emblemini əks etdirən diametri 5 sm ölçüsündə olan səkkizguşəli ulduzun içərisində mavi rəngli halqa dairə formasındadır və halqanın içərisində halqa boyu nöqtələr vardır. Emblemin təsvirində halqanın içində ağ rəngli fonda mavi rəngdə səkkizguşəli ulduz və “AYNA” sözü və həmin sözün aşağı hissəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri yazılmışdır. Kokarda furajkanın (kepkanın) ön tərəfdən xarici səthinin mərkəzində yerləşdirilir (şəkil 10).
2.5. Fərqləndirmə qol nişanı (şevron), materialı parçadandır, ölçüləri 10x7 sm nisbətində olan qalxanabənzər formadadır. Qalxanın içərisində tünd göy rəngli fonda ağ rənglə səkkizguşəli ulduz və “AYNA” sözü, həmin sözün aşağı hissəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” yazılmış və aşağı hissəsində düz üfüqi xətt vardır (şəkil 11).
2.6. Fərqləndirmə döş nişanı (jeton) gümüşü rəngli metaldan hazırlanmış səkkizguşəli ulduz formasındadır. Ulduzun səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun daxilində tünd göy rəngli halqanın içərisində (yuxarıda), “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” sözləri yazılmışdır. Halqanın aşağı hissəsində 5 rəqəm əks olunur. Birinci 2 rəqəm hansı regional idarəyə aid olduğunu, sonrakı 3 rəqəm isə əməkdaşın şəxsi nömrəsini göstərir. Fərqləndirmə döş nişanının (jetonun) orta hissəsində minalanmış təsviri qabarıq surətdə həkk edilmiş Azərbaycan Respublikasının tünd göy rəngdə xəritəsi, xəritənin altında isə ağ rənglə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qısaldılmış adı “AYNA” sözü əks olunur (şəkil 12). Fərqləndirmə döş nişanı (jeton) arxa hissəsinə lehimlənmiş sancaq vasitəsilə gödəkçənin, paltonun, pencəyin ön tərəfdən yuxarı sol küncündə daşınır. Əks uclarının arasında məsafənin ölçüsü 7 sm-dir.
3.1. Geyim forması daşınarkən bütün düymələr, zəncirbəndlər və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır.
3.2. Baş geyimi - furajka (kepka) yana meyilsiz, düz şəkildə geyinilir.
3.3. Uzunqol köynəyi pencəksiz geyinərkən qalstukla, qısaqol köynək isə qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyinilir. Yay mövsümündə hava yağmurlu, soyuq olarsa, demisezon gödəkçə və ya pencək uzunqol köynəyin üstündən qalstukla geyinilməlidir.
3.4. Agentliyin nəzarət funksiyasını yerinə yetirən aşağıdakı əməkdaşları üçün xidməti geyim və fərqləndirmə nişanları müəyyən olunur:
3.4.1. regional idarənin müdiri;
3.4.2. baş inspektor;
3.4.3. böyük inspektor;
3.4.4. aparıcı inspektor;
3.4.6. kiçik inspektor.
3.5. Agentliyin əməkdaşlarının xidməti geyimi aşağıdakı müddətlərə təmin edilir:
3.5.1. qış gödəkçəsi və palto - 4 il;
3.5.2. demisezon gödəkçə - 3 il;
3.5.3. pencək, şalvar (qadınlarda - yubka), furajka (kepka) - 2 il;
3.5.4. köynək (uzunqol və qısaqol - hər birindən 2 ədəd), qalstuk - 1 il;
3.5.5. ayaqqabı və qış çəkməsi (qadınlarda – uzunboğaz çəkmə) - 1 il.
3.6. Agentliyin əməkdaşlarının xidməti geyimi qeyd edilən müddətdən tez sıradan çıxdıqda əməkdaşın öz şəxsi vəsaiti hesabına təmin olunmalıdır.
1. 24 fevral 2024-cü il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 231)