Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin 3.6-cı bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyası
1. “Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına təqdim edilmiş namizədlərin qiymətləndirilməsi üzrə Ekspert Komissiyasının Reqlamenti” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (Gülər Mikayılova) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Sənəd və vətəndaşlarla iş şöbəsi (Elçin Nəcəfov) bu qərarın surətinin Nazirliyin müvafiq struktur bölmələrinə çatdırılmasını təmin etsin.
Azərbaycan Respublikasının
1.1. “Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına təqdim edilmiş namizədlərin qiymətləndirilməsi üzrə Ekspert Komissiyasının Reqlamenti” (bundan sonra – Reqlament) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 3.6-cı bəndinin ikinci cümləsinin icrası məqsədilə hazırlanmışdır.
1.2. Reqlament Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına (bundan sonra – “Qızıl kitab”) təqdim edilmiş namizədlərin qiymətləndirilməsi üzrə Ekspert Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətinin təşkilini, Komissiya üzvlərinin hüquq və vəzifələrini, Qızıl Kitaba təqdim edilmiş namizədlərin seçimini, eləcə də adları Qızıl Kitaba daxil edilərək təqaüd alan şəxslərin (bundan sonra – şəxslər) mədəniyyət sahəsi (bundan sonra – müvafiq sahə) üzrə təhsilinin və ya fəaliyyətinin davam etdirilməsinin qiymətləndirilməsi qaydalarını müəyyən edir.
1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Reqlamenti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) digər normativ hüquqi aktlarını rəhbər tutur.
1.4. “Qızıl kitab”a təqdim edilmiş namizədlərin seçimi “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahə üzrə aparılır.
1.5. Komissiya qiymətləndirməni Əsasnaməyə və Reqlamentə uyğun olaraq həyata keçirir.
2.1. Komissiya “Qızıl kitab”a təqdim edilmiş namizədlərin qiymətləndirilməsi məqsədilə müvafiq sahə üzrə tanınmış mütəxəssislər, alimlər və mədəniyyət xadimləri sırasından 9 (doqquz) nəfərdən ibarət tərkibdə Nazirlik tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.
2.2. Komissiyaya onun işinə nəzarəti həyata keçirən və yekun qərarların hazırlanmasını təmin edən sədr rəhbərlik edir.
2.3. Komissiyanın sədri:
2.3.1. Komissiyanın işini təşkil edir;
2.3.2. Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
2.3.3. Komissiyanın iclaslarını çağırır və iclaslara sədrlik edir;
2.3.4. Komissiyanın qərarlarını, onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
2.3.5. Komissiya üzvlərinin təkliflərini dinləyir və onlarla bağlı qərarlar qəbul edir.
2.4. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.
2.5. Komissiyanın iclasları ildə 1 (bir) dəfədən az olmayaraq keçirilir. İclasların vaxtı və yeri barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
2.6. Komissiyanın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.
2.7. Komissiyanın iclasları başa çatdığı gün onun üzvləri tərəfindən müvafiq protokolun imzalanması ilə rəsmiləşdirilir.
2.8. Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı işləri Komissiyanın Katibi (bundan sonra – Katib) həyata keçirir. Katib:
2.8.1. Komissiyaya daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
2.8.2. müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsi qiymətləndiriləcək şəxslərin Nazirlik tərəfindən ümumiləşdirilmiş siyahısını baxılması üçün Komissiyaya təqdim edir;
2.8.3. Komissiyanın iclaslarını təşkil edir;
2.8.4. Komissiyanın iclaslarının keçiriləcəyi vaxt və yer barədə Komissiya üzvlərinə iclasa 10 (on) günədək qalmış müddətdə məlumat verir;
2.8.5. Komissiya iclasının gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün Komissiya üzvlərinə təqdim edir;
2.8.6. Komissiyanın fəaliyyəti ilə bağlı Nazirliyə illik hesabatlar təqdim edir;
2.8.7. Komissiyanın iclaslarının protokollarını və digər mühüm sənədləri saxlayır.
3.1. Komissiyanın üzvlərinin hüquqları aşağıdakılardır:
3.1.1. Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
3.1.2. Komissiyanın işinin təşkilinə və baxılan məsələlərə dair fikir bildirmək, suallar vermək;
3.1.3. Komissiyanın qərarı, protokolu və digər sənədləri ilə tanış olmaq;
3.1.4. aidiyyəti qurumlardan məlumat və sorğular tələb etmək və almaq.
3.2. Komissiyanın üzvlərinin vəzifələri aşağıdakılardır:
3.2.1. öz fəaliyyətində Reqlamenti rəhbər tutmaq;
3.2.2. namizədin təqaüdə uyğunluğunu, o cümlədən 3 (üç) illik müddəti başa çatmış təqaüdçünün müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsini qiymətləndirmək;
3.2.3. üzrlü səbəblərdən iştirakının mümkün olmadığı hallar istisna olmaqla, iclaslarda iştirak etmək;
3.2.4. Komissiyanın iclasına mane olan texniki və digər vasitələrdən istifadə etməmək, o cümlədən rabitə vasitələrini iclas otağına gətirməmək və iclasın aparılmasına mane olan digər hərəkətlərə yol yerməmək.
4.1. Komissiya hər bir namizədi fərdi qaydada 20 dəqiqədən az olmamaqla dinləyir və qiymətləndirir.
4.2. Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq Komissiya tərəfindən namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılır.
4.3. Qiymətləndirmənin nəticəsi olaraq Komissiya üzvləri namizədin lehinə və ya əleyhinə səs verirlər.
4.4. Qiymətləndirmə zamanı Komissiya üzvlərinin hüquqları bərabərdir və hər bir üzv rəyinin düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyır.
4.5. İclaslarda qərarlar açıq səsvermə yolu və iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Komissiya sədri həlledici səsə malikdir.
4.6. Nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş namizədlərin siyahısı qiymətləndirmənin aparılmasından 5 (beş) iş günü ərzində mediada və Nazirliyin rəsmi internet səhifəsində açıqlanır.
4.7. Şəffaflığın təmin edilməsi məqsədilə namizədləri əvvəlcədən məlumatlandırmaqla seçim və qiymətləndirmənin videoçəkilişi aparılır.
5.1. Komissiya Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq namizədlərin siyahısını iclas protokolları və digər aidiyyəti sənədlərlə birlikdə Nazirliyə təqdim edir.
5.2. Namizədlər qiymətləndirmənin nəticələrindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.