5.1. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin dövlət mühafizəsinin və qorunmasının təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.
5.2. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5.4. Yazılı göstərişə əməl edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərcləri, habelə dəymiş zərərin əvəzini göstərişi icra etməmiş şəxslərdən tələb edir.
5.5. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir. Belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.
5.6. Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılır. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.
5.7. Dünya əhəmiyyətli abidələr istisna olmaqla, dövlət mülkiyyətində olan digər abidələr və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, xüsusi mülkiyyətdə olan abidələr və ya onların hissələri isə elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra icarəyə (istifadəyə) verilə bilər. Mülkiyyətində abidələr olan hüquqi və fiziki şəxslər abidələri və ya onların hissələrini digər məqsədlər üçün icarəyə (istifadəyə) verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
5.8. Şuşa şəhərinin ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə (istifadəyə) götürən fiziki və ya hüquqi şəxslər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər.
5.9. Şuşa şəhərinin ərazisində “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yol verilir.
5.10. Xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.
5.11. Dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olmayan abidələr ilə əlaqədar bu işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçi (icarəçi və ya istifadəçi) tərəfindən və onun hesabına aparılır.
5.12. Şuşa şəhərinin ərazisində abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında abidələrin qorunmasına dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə müqavilələri bağlanılır. Abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin abidələrin salamatlığına görə qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
5.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək hüququna malikdir. Monitorinqin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5.14. Şuşa şəhərinin ərazisində abidələr ilə bağlı bu Qanunla tənzimlənməyən məsələlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.