7.1. Şuşa şəhərinin ərazi planlaşdırılması sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, habelə özündə müfəssəl həlləri ehtiva edən şəhərin Baş planı təşkil edir.
7.2. Şuşa şəhərinin ərazisində həyata keçirilən bütün tikinti-quraşdırma, abadlıq, təmir, bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işləri şəhərin Baş planına, ərazinin memarlıq üslubuna uyğun olmalıdır.
7.3. Şuşa şəhərinin ərazisinin zonalaşdırılması Baş planda müəyyənləşdirilir.
7.4. Tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılır və bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir.
7.5. Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, minatəmizləmə fəaliyyəti, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
7.6. Şuşa şəhərinin ərazisində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı tikintiyə icazə və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, belə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən, habelə tikinti fəaliyyətindən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.