Qanunvericilik › “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2015) › Tam mətn

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2015)

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.02.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 2 fevral 2015-ci il

1.1. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra – Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.

2.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətə qəbul edilirlər.

2.3. Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər.

2.4. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar.

2.5. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər.

2.5-1. Bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.

2.6. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçulara, hərbi vəzifəlilərə və hərbi qeydiyyatda olmayan qadınlara bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında şəxsi iş tərtib edilir.

2.7. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sənədlər əsasında şəxsi iş tərtib edilir.

2.8. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.

2.9. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslərin müəyyən olunmuş tələblərə uyğun olaraq həqiqi hərbi xidmətə qəbul və ya imtina edilməsinə dair rəyin verilməsi bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə həvalə edilir.

2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:

2.10.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

2.10.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər;

2.10.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, habelə 19 yaşından 40 yaşınadək qadınlar;

2.10.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.

3.2. Hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarına, həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir.

3.3. Zərurət yarandığı halda, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir.

3.4. Şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:

3.4.1. şəxsiyyəti təsdiq edən sənəd;

3.4.2. ərizə və ya raport;

3.4.3. şəxsən yazılmış tərcümeyi-hal;

3.4.4. xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

3.4.5. təhsil haqqında sənədin surəti;

3.4.6. doğum haqqında şəhadətnamənin surəti;

3.4.7. nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);

3.4.8. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);

3.4.9. 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə);

3.4.10. məhkumluğun olub-olmaması barədə arayış.

3.4-1. Bu Qaydanın 3.4-cü bəndində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.

3.5. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlər aşağıdakılardır:

3.5.1. sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı;

3.5.2. rejim obyektlərində işə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.

3.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bu Qaydanın 3.4.1-ci, 3.4.2-ci, 3.4.5-ci, 3.4.9-cu yarımbəndlərində göstərilmiş sənədlər (bu Qaydanın 3.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilir.

3.7. Bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətə qəbulla bağlı bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

3.7.1. ailə tərkibi və yaşayış yerinin yoxlanılması;

3.7.2. tibbi şəhadətləndirmənin keçirilməsi (Hərbi-həkim komissiyası);

3.7.2-1. icbari narkoloji müayinənin keçirilməsi;

3.7.3. peşə-psixoloji seçim üzrə tədbirlərin keçirilməsi;

3.7.4. bilik, bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması.

3.8. Peşə psixoloji seçim üzrə tədbirlər bu sahə üzrə mütəxəssislər tərəfindən aparılır. Bu zaman namizədlərdə aşağıdakılar qiymətləndirilir:

3.8.1. intellektual inkişafın səviyyəsi;

3.8.2. hərbi xidmət keçməyə psixoloji cəhətdən hazırlıq dərəcəsi;

3.8.3. dərketmə qabiliyyəti (qavrama);

3.8.4. məntiqli düşünmə qabiliyyəti;

3.8.5. ünsiyyət yaratmaq bacarığı.

3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir:

3.9.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla);

3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə;

3.9.3. təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda;

3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə;

3.9.4-1. icbari narkoloji müayinənin keçirilməsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak olunması aşkar edildikdə;

3.9.5. peşə psixoloji seçimdən keçmədikdə;

3.9.6. bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə;

3.9.7. öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə.

3.10. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək öz istəyindən imtina edə bilər.

3.11. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulmuş tələblərə cavab verməyən, bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan imtina edirlər.

3.12. Həqiqi hərbi xidmətə (kursantların həqiqi hərbi xidməti istisna olmaqla) daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə könüllü daxil olduqda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında həqiqi hərbi xidmətə daxil olmağa dair bağlaşma eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 1 nömrəli əlavə). Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxəsi (nüsxələri) isə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanının aidiyyəti qurumunda saxlanılır.

3.12-1. Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin edilirlər.

3.13. Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həqiqi hərbi xidmətə könüllü daxil olduqda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında həqiqi hərbi xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 2 nömrəli əlavə).

3.13-1. Kursantların həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və ya orta ixtisas təhsili müəssisələri arasında həqiqi hərbi xidmətə daxil olmağa dair bağlaşma (bu Qaydanın 3.13-3-cü bəndi nəzərə alınmaqla) eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 3 nömrəli əlavə). Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxəsi (nüsxələri) isə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanının aidiyyəti qurumunda saxlanılır.

3.13-2. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda bağlaşmada nəzərdə tutulur.

3.13-3. Bu Qaydanın 3.13-1-ci bəndinə uyğun olaraq bağlaşma bağlanarkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır.

3.14. Tərtib edilmiş bağlaşma bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən imzalanır.

3.15. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.

3.16. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər.

3.17. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.

3.18. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilmiş hərbi vəzifəlilər və hərbi qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları barədə şəxsi heyət üzrə əmrlərdən çıxarışların bir nüsxəsi və ya məktub hərbi qeydiyyatdan çıxarılması üçün onların hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir.

3.19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən bağlaşma əsasında hərbi xidmətə qəbul edilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarının hərbi biletləri onların hərbi qeydiyyatdan çıxarılması barədə qeydlər aparılmaqla, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə göndərilir. Həmin şəxslər hərbi qeydiyyatdan çıxarıldıqdan sonra xidmət etdikləri bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında xüsusi qeydiyyata alınırlar.

3.20. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab edilir.

3.21. Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar.

3.22. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir.

3.23. Hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilməsi, həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir.

3.23-1. Bu Qaydanın 3.12-1-ci bəndində göstərilən qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab edilir.

3.24. Bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda, toplanmış sənədlər müvafiq qaydada məhv edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən götürülmüş şəxsi işlər həmin orqanlara qaytarılır.

3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir:

3.25.1. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;

3.25.2. gizirlər və miçmanlar üçün - 5 il (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün – 10 il). Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır;

3.25.3. ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün - 1 il. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;

3.25.4. bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - 3 ilədək. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.

4.1. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.

4.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan hərbi qulluqçuların hərbi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

“_____” ________________ 20 ______ il

Biz, aşağıda imza edənlər, bir tərəfdən __________________________________________

komandiri (rəisi)__________________________________________________________şəxsində

Azərbaycan Respublikasının müvafiq dövlət orqanı, digər tərəfdən

__________________________________________________________________________________

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər tutaraq aşağıdakı bağlaşmanı bağladıq.

1. Tərəflər aşağıdakı öhdəlikləri qəbul edirlər:

1.1. mən, ___________________________________________________________________

Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) bağlaşma üzrə könüllü surətdə hərbi xidmətə daxil olarkən:

1.1.1. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ___________________________ ay/il, müddətində ____________________________________________________ vəzifəsində xidmət etməyi;

(hərbi hissənin və ya müvafiq dövlət orqanının adı, heyəti)

1.1.2. bağlaşma üzrə hərbi xidmətdə olduğum müddətdə mənə həvalə edilmiş xidməti vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi;

1.1.3. komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi;

1.1.4. Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, mənə tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyimi;

1.1.5. törətdiyim hüquqazidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı öhdəmə götürürəm.

1.2. Azərbaycan Respublikasının müvafiq dövlət orqanı:

1.2.1. _______________________________________________________________________

və onun ailə üzvləri üçün Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqi müdafiəni, sosial zəmanət və güzəştləri təmin etməyi;

1.2.2. hər ay ştat vəzifəsi üzrə müəyyən olunmuş pul vəsaiti ilə təmin etməyi;

1.2.3. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə və müəyyən olunmuş qaydaya əsasən növbəti və digər məzuniyyətlər verməyi;

1.2.4. hərbi qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi qulluqçular üçün nəzərdə tutulan təminat hüquqlarını təmin etməyi öhdəsinə götürür.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda, bağlaşma ləğv edilir.

3. Bağlaşmanın qüvvədə olma müddəti bağlaşma Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq edildiyi andan başlayır və həmin şəxsin şəxsi heyətin siyahısından çıxdığı gün qüvvədən düşmüş hesab edilir.

4. Bağlaşmanın müddətinin bitməsinə ən azı üç ay qalmış tərəflər yeni bağlaşmanın imzalanmasına və ya bağlaşmanın bitməsinə dair qarşılıqlı olaraq bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər.

5. Bu bağlaşma hər biri eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanı___________________________________

Bağlaşma bağlayan şəxs

Müvafiq dövlət orqanının rəhbəri

6.1. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ____________________________________________________

(hərbi qulluqçu heyəti )

vəzifələrində həqiqi hərbi xidmət müddətimi ____________________________________ ay/il,

“___”_________20___ ilədək artırmağınızı xahiş edirəm.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanı _________________________________

_______________________________________

Müvafiq dövlət orqanının rəhbəri

Mən, aşağıda imza edən________________________________________________________

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə tanış olaraq,

həqiqi hərbi xidmətə könüllü daxil olarkən öhdəlik götürürəm:

a) Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)

b) _________________________________________________________ həqiqi hərbi

xidmətdə olarkən, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, mənə tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyəm.

“_____” ______________ 20 ______ il

Biz, aşağıda imza edənlər, bir tərəfdən

____________________________________________________________________________

rektoru (rəisi) __________________________________________________________ şəxsində

Azərbaycan Respublikasının müvafiq dövlət orqanı, digər tərəfdən ___________________

____________________________________________________________________________

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər tutaraq aşağıdakı bağlaşmanı bağladıq:

1. Tərəflər aşağıdakı öhdəlikləri qəbul edirlər:

1.1. mən, _______________________________________________________________

hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsinə bağlaşma üzrə könüllü surətdə qəbul olarkən:

1.1.1. bağlaşma üzrə hərbi xidmətdə olduğum müddətdə mənə həvalə edilmiş xidməti vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi;

1.1.2. komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi;

1.1.3. Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların tələblərini, komandir və rəislərin əmrlərini, sərəncamlarını, mənə tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyimi;

1.1.4. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsini bitirdikdən sonra Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il və ya gizir (miçman) heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün – 10 il) müddətində xidmət etməyi;

1.1.5. törətdiyim hüquqazidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı;

1.1.6. müvəffəqiyyətsizliyimə, təhsilimi davam etdirmək istəmədiyimə və ya intizamsızlığıma görə təhsil aldığım hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edildiyim, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini bitirərək kadr zabit heyətinə və ya gizir (miçman) heyətinə keçirildikdən sonra (təqvim hesabı ilə azı 10 il zabit heyəti və ya təqvim hesabı ilə 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmədiyim halda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6 - 41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxıldığım halda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində mənim hazırlanmağıma çəkilmiş xərclərin əvəzini Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəmə götürürəm.

1.2. Azərbaycan Respublikasının müvafiq dövlət orqanı:

1.2.1. __________________________________________________________________

və onun ailə üzvlərinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları üçün nəzərdə tutulmuş hüquqi müdafiəni, sosial zəmanət və güzəştləri təmin etməyi;

1.2.2. hər ay müəyyən olunmuş pul vəsaiti ilə təmin etməyi;

1.2.3. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə və müəyyən olunmuş qaydaya əsasən tədris tətil və digər məzuniyyətlər verməyi;

1.2.4. hərbi qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi qulluqçular üçün nəzərdə tutulan təminat hüquqlarını təmin etməyi öhdəsinə götürür.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda bağlaşma ləğv edilir.

3. Bağlaşmanın qüvvədəolma müddəti bağlaşma Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq edildiyi andan başlayır və həmin şəxsin şəxsi heyətin siyahısından çıxdığı gün qüvvədən düşmüş hesab edilir.

4. Bu bağlaşma hər biri eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilir.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanı __________________________

Bağlaşma bağlayan şəxs _______________

______________________________________

_____________________________________

Müvafiq dövlət orqanının rəhbəri

______________________________________

18 yaşı tamam olmayan namizədin qanuni nümayəndəsi – valideyni, övladlığa götürəni və ya himayəçisi________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

__________________________

“_____” ______________ 20 ______ il

1. 06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 658)

2. 29 avqust 2016-cı il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2016-cı il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1456)

3. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

5. 30 dekabr 2021-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 yanvar 2022-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1542)

6. 05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 973)

7. 9 avqust 2022-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 10 avqust 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 979)

8. 25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020)

9. 23 may 2023-cü il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 may 2023-cü il, “Xalq” qəzeti, 24 may 2023-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 729)

10. 3 oktyabr 2023-cü il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1432)

11. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)

12. 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 84)

13. 24 fevral 2026-cı il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 196)

14. 20 may 2026-cı il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 may 2026-cı il, “Xalq” qəzeti, 23 may 2026-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 477)

15. 22 iyun 2026-cı il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Xalq” qəzeti, 02 iyul 2026-cı il, № 114)

16. 30 sentyabr 2026-cı il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 2 oktyabr 2026-cı il, № 180)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver