1.1. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. akvakultura – balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının yetişdirilməsi və saxlanılması üzrə fəaliyyət;
1.1.2. balıq məhsulu – balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən məhsul;
1.1.3. balıq ovu – akvakultura məqsədilə istifadə edilən balıqçılıq su obyektləri istisna olmaqla, balıqçılıq su obyektlərində bu Qanunun 6.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu, akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət, habelə iqlimləşdirilmə məqsədləri ilə tutulması;
1.1.4. balıq ovu alətləri – balıq ovunu həyata keçirmək üçün istifadə edilən avadanlıq, o cümlədən torlar, nevodlar, venterlər, domca, tral və başqa ov vasitələri;
1.1.5. balıq ovu üçün kvota – balıq və digər su bioresurslarının ovuna yol verilən maksimum həcm;
1.1.6. balıq və digər su bioresursları – balıqçılıq su obyektlərində məskunlaşan balıqlar və onların kürüləri, habelə digər su heyvanları və bitkiləri və onların reproduktiv (çoxalma) materialları;
1.1.7. balıq və digər su bioresurslarının iqlimləşdirilməsi – balıq və digər su bioresurslarının onların mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və həmin mühitə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər;
1.1.8. balıqartırma – balıq və digər su bioresurslarının çoxaldılması, bərpası və ovunun tənzimlənməsi məqsədilə akvakultura yolu ilə yetişdirilmiş və ya iqlimləşdirilmə yolu ilə əldə edilmiş balıq və digər su bioresurslarının balıqçılıq su obyektlərinə buraxılması üzrə fəaliyyət;
1.1.9. balıqçı gəmisi – izləmə qurğuları ilə təchiz edilmiş, tor, tral və digər balıq ovu alətləri ilə balıq və digər su bioresurslarının ovunu və daşınmasını həyata keçirən gəmi və ya qayıq;
1.1.10. balıqçılıq – balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının akvakulturası, ovu, artırılması, mühafizəsi, emalı və dövriyyəsi ilə bağlı fəaliyyətin məcmusu;
1.1.11. balıqçılıq infrastrukturu – balıqçılığın həyata keçirilməsi üçün zəruri əmlak kompleksləri, o cümlədən binalar, tikililər, qurğular, vətəgə sahələri üzərində tikilmiş və ya quraşdırılmış obyektlər və qurğular;
1.1.12. balıqçılıq obyektləri – iqtisadi əhəmiyyətli və (və ya) mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları;
1.1.13. balıqçılıq su obyektləri – balıq və digər su bioresurslarının məskunlaşdığı və (və ya) onların akvakulturası, artırılması, ovu və mühafizəsi üçün istifadə edilən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan su obyektləri;
1.1.14. balıqçılıq su obyektlərinin meliorasiyası – balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası (suyun oksigenlə zənginləşdirilməsi), habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn fəaliyyət;
1.1.15. balıqçılıq subyektləri – balıqçılıq sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər, bələdiyyələr və dövlət orqanları (qurumları);
1.1.16. balıqmühafizə – balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, onların ovunun tənzimlənməsi və balıqçılıq su obyektlərinin meliorasiyası işlərinin təşkili ilə bağlı tədbirlər sistemi;
1.1.17. balıqyetişdirmə – balıq və digər su bioresurslarının damazlıq materiallarından çoxalma və ilkin inkişaf mərhələsində olan canlı formalarının (kürü, sürfə, körpə və digər erkən inkişaf mərhələləri) əldə edilməsi, inkubasiyası və bəslənilməsi;
1.1.18. göl və dəniz qəfəsləri – balıq və digər su bioresurslarının açıq və ya yarıaçıq su məkanlarında saxlanması və yetişdirilməsi məqsədilə quraşdırılan metal, taxta, plastik və ya digər materiallardan hazırlanmış qurğu;
1.1.19. vətəgə sahəsi – balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış balıqçılıq su obyektlərinin sahili boyu balıqçı gəmilərinə xidmət göstərilməsi, balıq ovu alətlərinin təmiri və qurulması, habelə istirahət, balıq satışı və istehsalat təyinatlı bina və tikililərin yerləşdirilməsi məqsədilə balıqçı gəmilərinin yan alması və manevr etməsi üçün kifayət qədər su sahəsinə (akvatoriyaya) malik olan, dalğaqıranlarla mühafizə olunan su qanunvericiliyində müəyyən edilmiş qaydada ayrılan ərazi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.