6.1. Balıq ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
6.1.1. sənaye ovu;
6.1.2. idman və həvəskar ov;
6.1.3. akvakultura üçün ov;
6.1.4. elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ov;
6.1.5. iqlimləşdirilmə üçün ov.
6.2. Balıq ovunun həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.3. Xüsusi mühafizə olunan təbiət ərazilərində balıq ovu “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
6.4. Balıq ovunda siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qadağan olunmuş ov alətlərindən, istənilən növ partlayıcı, öldürücü və uyuşdurucu maddələrdən, eyni zamanda elektrikli və elektroşok cihazlardan istifadəyə yol verilmir.
6.5. Balıq və digər su bioresurslarının iqlimləşdirilmə, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət məqsədilə ovu istisna olmaqla, balıq ovu ödənişlidir.
6.6. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq icazə verilir.
6.7. Balıq ovu forması və verilmə qaydası bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir.
6.8. Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
6.9. Ovu nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən müəyyən edilir.
6.10. Balıq ovu üçün kvota müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.11. Balıq ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən müəyyən edilir.
6.12. Balıqovlama biletinin dayandırılması, bərpa edilməsi və ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.