8.1. Balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilir. Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8.2. Balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsinin əldə edilməsi məqsədilə balıqçılıq subyektlərindən nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Biotexnoloji Layihə Sənədinin hazırlanması tələb olunur. Biotexnoloji Layihə Sənədinin ekspertizasının həyata keçirilməsi üçün məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmət haqqı tutulur.
8.3. Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir.
8.4. Akvakultura təsərrüfatlarında elmi tədqiqat məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarının yetişdirilməsinə və istifadəsinə yol verilmir.
8.5. Akvakultura təsərrüfatları tərəfindən bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulduğu və ya akvakultura sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeydiyyat şəhadətnaməsini həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır.
8.6. Akvakultura təsərrüfatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində göstərilən hal istisna olmaqla, qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.
8.7. Qeydiyyat şəhadətnaməsinin dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda qeydiyyat şəhadətnaməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinə uyğun olaraq bərpa olunur.
8.8. Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular akvakultura təsərrüfatı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.