Qanunvericilik › Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 07.06.1996) › Tam mətn

Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 07.06.1996)

Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 07.06.1996) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Banditizm xüsusi təhlükəli cinayət olmaqla, həm vətəndaşların həyatına və əmlakına qarşı, həm də dövlətin, ictimai və xüsusi bölmənin normal iqtisadi və s. fəaliyyəti üçün böyük təhlükə yaradır.

Son illərdə ağır cinayətlər üstündə məhkum olunmuşların ümumi kütləsində banditizmə görə məhkumluğun xüsusi çəkisi artmışdır. 1994-cü il 21 oktyabr tarixli qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi yeni redaksiyada verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli qərarında isə həmin maddənin tətbiqi izah edilmişdir.

Qanunvericilikdə edilmiş dəyişikliklər, banditizmə görə məhkumluğun artması, həmçinin bu cinayəti başqa oxşar cinayətlərdən fərqləndirən əlamətlərin izahı tələb olunduğundan, məhkəmə təcrübəsində qanunun tətbiqinin vahidliyini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, banditizm xüsusilə ağır cinayət olmaqla vətəndaşların şəxsi təhlükəsizliyi, əmlakı, habelə dövlət, ictimai və xüsusi bölmənin iqtisadi və s. fəaliyyəti üçün təhlükə yaradır. Mütəşəkkil silahlı qrup tərəfindən törədilən cinayət işlərinə baxılarkən, həmin qrupların əməllərində banditizm cinayətinin tərkibi olub-olmaması ətraflı araşdırılmalı, bandanın təşkil edilməsi, onun tərkibində və ya cinayətkar basqınlarda iştirak edən şəxslərin müəyyən edilib, onların bu ağır cinayət əməlinə görə məsuliyyətə alınması üçün lazım olan bütün tədbirlər görülməlidir.

2. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 11 aprel tarixli qərarına əsasən banda dedikdə, bunun iki və ya daha çox şəxsdən ibarət olması, iştirakçılar arasında möhkəm təşkilati birlik olması, iştirakçılardan birində odlu və ya soyuq silah olması və digər iştirakçıların bunu bilməsi, iştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə birləşməsi başa düşülməlidir.

Şəxsin banditizmə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün, digər əlamətlərin mövcudluğu halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin dispozisiyasında göstərilən üç əlamətdən, yəni bandanı təşkil etmə, bandada iştirak etmə, bandanın basqınlarında (basqınında) iştirak etmə əlamətlərindən birinin olması kifayətdir.

3. Bandanın möhkəm təşkilat birliyi dedikdə, onun tərkibinin və təşkilat quruluşunun sabitliyi (iştirakçıların tərkibi bir qayda olaraq dəyişmir, iştirakçılar arasında vəzifə bölgüsü rəhbər tabeçilik münasibətlərinin mövcud olması), banda üzvləri arasında sıx birlik (əvvəlcə, kriminal əlbirliyin olması, vahid kriminal niyyətin mövcudluğu), kriminal fəaliyyətin eyni forma və metodlarla bağlılığı (əməlin fiziki, yaxud psixi zorla müşayiət olunan basqınla bağlı olması), müəyyən cinayətin, yaxud da cinayətlərin müntəzəm törədilməsi niyyətinin olması nəzərdə tutulur.

4. Bandanın əsas əlamətlərindən biri onun iştirakçılarında silah olmasıdır. Bu silahlar döyüş, ov silahı, zavod üsulu ilə və ya əldə düzəldilmiş soyuq silah, müxtəlif partlayıcı qurğular, qaz silahı ola bilər.

Banda üzvləri tərəfindən istifadə olunan predmetlərin silah olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza rəyinin alınması vacibdir.

Banda üzvlərinin heç olmasa birində silah olması, həmin silahın tətbiq edilməsi mümkünlüyünü yəqin edən digər banda üzvlərində bu haqda məlumat olması, həmin bandanın silahlı banda hesab edilməsi üçün əsas verir.

5. Silahlı bandanın təşkil edilməsi dedikdə, vətəndaşlara və ya idarə, müəssisə və təşkilatlara basqın edilməsi üçün silahlı möhkəm qrupun yaranmasına gətirib çıxaran hər hansı bir hərəkət başa düşülməlidir. Bu hərəkətlər razılaşmada, iştirakçıların axtarılmasında, silah əldə edilməsində, banda üzvləri arasında rolların bölünməsi və planların tərtib edilməsində özünü göstərə bilər.

6. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin mənasına görə, banda tərəfindən planlaşdırılmış cinayətin həyata keçirilməsindən asılı olmayaraq, silahlı bandanın təşkil edilməsi həmin cinayətin bitmiş tərkibini yaradır.

Möhkəm təşkilat birliyinə malik silahlı dəstənin (bandanın) yaradılmasına yönələn fəal hərəkətlərin qarşısı alındıqda və ya bu hərəkətlər başqa səbəblər üzündən bandanın yaradılmasına gətirib çıxarmadıqda, belə hərəkətlər silahlı bandanın təşkilinə sui-qəsd kimi qiymətləndirilir.

Bandanın təşkilinə yönələn fəaliyyətdə bandanın komplektləşdirilməsi üçün zəruri olan üzvlər (ikinci bir şəxs) tapılmış və razılıq alınmış olsa da, silah əldə edilməmişdirsə, yaxud da əksinə, belə fəaliyyətlə silah əldə edilsə də bandanın komplektləşdirilməsi üçün üzvlər tapılmamışdırsa, belə halda məsuliyyət sui-qəsdə görə yaranır.

7. Silahlı bandada iştirak etmək dedikdə, nəinki, bandanın basqınlarında bilavasitə iştirak etmək, həmçinin bandanın mənafeyi üçün digər hərəkətlərin həyata keçirilməsi də başa düşülür (məsələn, rəhbərlik etmək, maliyyələşdirmə, silahla təchiz etmə, basqın üçün obyektlərin müəyyən edilməsi, nəqliyyatla təmin etmə və s.).

8. Bandanın üzvü olmayan, lakin banda tərəfindən törədilən cinayətlərdə iştirak etdiyini başa düşən şəxslərin əməlləri də silahlı bandada iştirak etmək kimi qiymətləndirilir.

Bandanın üzvü olmayan və onun basqınlarında iştirak etməyən, lakin onun cinayətkar əməllərinin həyata keçirilməsinə kömək edən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17, 70-ci maddəsi ilə tövsif edilməlidir.

9. Zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir.

10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində silahlı bandanın basqınlarının konkret məqsədinin nədən ibarət olması göstərilməmişdir. Bu məqsəd yalnız vətəndaşların, idarə, müəssisə, təşkilatların əmlakını, pulunu və digər qiymətli mallarını, bilavasitə əldə etməklə deyil, həm də adam öldürmə, zorlama, başqasının əmlakını zədələmə və ya məhv etmə və digər ağır cinayətlər də ola bilər.

11. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində silahlı bandanın cinayətkar basqınları ilə əlaqədar baş verə biləcək nəticələrə görə məsuliyyət nəzərdə tutulmamışdır.

Bandanın basqınları ilə bağlı qəsdən adam öldürüldükdə, əmlak talan edildikdə, zorlama və s. ağır cinayətlər törədildikdə, təqsirli şəxsin hərəkətləri cinayətlərin məcmuyu qaydasında həm banditizmə görə, həm də faktiki törədilən cinayətə görə tövsif edilməlidir.

12. Banditizm bir qrup şəxs tərəfindən zorakılıqla törədilən digər cinayətlərdən (145-ci maddənin 2, 3-cü bəndləri) onun daxili tərkibinin daha mütəşəkkil, davamlı və möhkəm olması, bandanın silahlanması ilə fərqlənir.

13. Məhkəmələrin nəzərinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin subyekti 16 yaşına çatmış şəxslər ola bilərlər. Bandanın tərkibində müxtəlif cinayətlər törətmiş 16 yaşına qədər şəxslər yalnız konkret cinayətlərə görə, 14 yaşına çatmış şəxslər üçün qanunda nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət daşıyırlar.

14. Məhkəmələrin nəzərinə çatdırılsın ki, banditizm cinayətlərinə görə təqsirli bilinən şəxslərə cəza təyin edərkən, cəzanın fərdiləşdirilməsi prinsipinə dönmədən əməl etməlidirlər. Bu məqsədlə, işin halları tam və hərtərəfli araşdırılmalı, müttəhimlərin şəxsiyyətləri haqqında məlumatlar, onların bandanın təşkili və cinayətkar fəaliyyətində rolu və dərəcəsi onun basqınları nəticəsində törədilmiş cinayətlərin ağır nəticələri və s. nəzərə alınmalıdır.

15. Kassasiya və nəzarət instansiyası məhkəmələrinə tapşırılsın ki, banditizm işlərinə baxan birinci instansiya məhkəmələri tərəfindən bu barədə qanunvericiliyin düzgün tətbiq edilməsi üzərində nəzarəti gücləndirsinlər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Plenumun Katibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü

Bakı şəhəri, 7 iyun 1996-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver