Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
1. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 10 iyun tarixli 1951100026 nömrəli Qərarı ləğv edilsin.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və ölkə daxilində banklarda, xarici bankların yerli filiallarında (bundan sonra – bank) bank hesablarının açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.
1.2. Bu Qayda rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılması, habelə rezidentlərin xarici valyutada və qeyri-rezidentlərin milli və xarici valyutada açılmış hesabları üzrə əməliyyatların aparılması qaydasına şamil edilmir.
1.3. Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
1.4. Banklar ölkə daxilində milli valyutada müxbir hesablarını yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) açırlar.
1.5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq büdcə təşkilatlarına (bilavasitə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar) bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin yazılı icazəsi tələb olunur.
1.6. “Qrant haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, rezidentlərin milli valyutada bank hesabları üzrə qrant müqavilələri, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının qəbul etdiyi ianələr ilə bağlı bank əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır. Qrant müqavilələri (qərarları) ilə bağlı bank əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.
1.7. Bu Qaydada istifadə edilən “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında”, “benefisiar mülkiyyətçi”, “xarici hüquqi təsisat”, “müştəri” və” “işgüzar münasibətlər” anlayışları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “elektron imza” və “gücləndirilmiş elektron imza” anlayışları “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.8. Bank bu Qayda ilə müəyyən edilmiş sənədlərin formalarını məzmun və rekvizitlər saxlanılmaqla dəyişdirə bilər.
1.9. Məsafədən bank hesabının açılması zamanı bu Qaydanın və Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məsafədən hesabların açılması Qaydası”nın tələblərinə əməl edilməlidir.
2.1. Bank hesabları aşağıdakı növlərə bölünür:
2.1.1. cari hesablar;
2.1.2. cari subhesablar;
2.1.3. əmanət hesabları;
2.1.4. müxbir hesablar.
2.2. Cari hesablar aşağıdakı məqsədlər üçün açılır:
2.2.1. dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (bundan sonra - fərdi sahibkar), xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması;
2.2.2. fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan pul vəsaitlərinin köçürülməsi və verilməsi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;
2.2.3. həmkarlar ittifaqının ilk təşkilatı üçün onun qanun və nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrinin icra edilməsi;
2.2.4. xarici hüquqi təsisat üçün onların təsis edildiyi xarici dövlətin qanunvericiliyində və təsis sənədlərində nəzərdə tutulan vəzifələrinin icra edilməsi.
2.3. Cari subhesablar hüquqi şəxslərin filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər icbari ödənişlərin ödənilməsi, habelə bu qurumların fəaliyyətini təmin edən kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, hüquqi şəxslə bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə onun cari hesabına köçürülür.
2.4. Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.
2.5. Müvəqqəti cari hesablar hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi üçün, həmçinin investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılır.
2.6. Xüsusi cari hesablar aşağıdakı məqsədlər üçün açılır:
2.6.1. büdcə təşkilatlarının cari hesabı - bu Qaydanın 1.5-ci bəndinə müvafiq olaraq verilmiş icazədə nəzərdə tutulmuş əməliyyatların aparılması;
2.6.2. məhkəmənin, icra qurumunun, gömrük orqanının, cinayət təqibini həyata keçirən dövlət orqanının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər dövlət qurumlarının depozit hesabları - qanunvericilikdə nəzərdə tutulmuş əməliyyatların aparılması;
2.6.3. notariusun depozit hesabı - dövlət və xüsusi notariuslar üçün qanunda nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, sənədli qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması;
2.6.4. zəmanət kassası hesabı - xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;
2.6.5. sığorta bank hesabı - vəkillərin müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;
2.6.6. valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabı - qanunla nəzərdə tutulan pul vəsaitinin lisenziyanın qüvvədə olduğu müddətdə girov qoyulması və depozitdə saxlanması (bu depozitlər digər əməliyyatlar üçün girov qismində çıxış edə bilməz);
2.6.7. xüsusi seçki hesabı - Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş məqsədlər üçün;
2.6.8. elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab - elektron pul təşkilatı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.5-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətinin göstərilməsi;
2.6.9. elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi üçün cari hesab - ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-3.1.4-cü maddələrində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi.
2.7. Bank tərəfindən müştərilərə kreditlərin verilməsi müştərinin həmin bankdakı mövcud və ya bu məqsədlə açdığı cari hesabı vasitəsilə həyata keçirilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış cari hesablarına köçürülür.
2.8. Əmanət hesabları bank əmanəti müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan hesabdır.
2.9. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılan hesabdır.
2.10. Bankın könüllü ləğvi zamanı ləğvetmə komissiyasının, məcburi ləğvi və ya iflas proseduru çərçivəsində isə məhkəmə tərəfindən təyin edilmiş ləğvedicinin müraciətinə əsasən ləğvetmə işlərinin həyata keçirilməsi üçün Mərkəzi Bankda cari hesab açılır, bankın müxbir və digər hesablarında olan vəsaitlər həmin hesaba köçürülür.
4.1. Bank hesablarının açılmasından əvvəl bank müştəri uyğunluğu tədbirlərini həyata keçirir. Bank hesabın açılması üçün müraciət edən şəxsdən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – ƏL/TMM Qanunu) müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın (bundan sonra – MUT Qaydaları) 2-ci hissəsinə uyğun olaraq məlumatlar əldə edir. Bank hesabı iki və ya daha çox fiziki şəxsin adına açıldıqda (birgə hesab) müştəri uyğunluğu tədbirləri həmin hesabın sahiblərinin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.
4.2. Müştəridən əldə olunmuş məlumatların verifikasiyası bu Qaydaya 2 nömrəli Əlavədə qeyd olunmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlərlə yanaşı, MUT Qaydalarının 6-cı hissəsinə uyğun olaraq tələb edilən digər sənədlərin təqdim edilməsi əsasında həyata keçirilir. Müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər bankda ƏL/TMM Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır. Elektron formada əldə edilmiş məlumat və sənədlər kağız daşıyıcıya köçürülmədən bankda elektron formada saxlanıla bilər.
4.2-1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicilərinə açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumat bank tərəfindən hesab açıldığı tarixdən 1 (bir) iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir. Vergi orqanı tərəfindən açılmış hesabın qeydiyyata alınması barədə qeydiyyat bildirişi daxil olanadək hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
4.3. Dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda bank hesabının açılması üçün tələb edilən sənəd və məlumatlar, o cümlədən surətinin notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər bank tərəfindən həmin informasiya sistemlərindən əldə olunur.
4.4. Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri ƏL/TMM Qanununun, habelə MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.
4.9. Bank hesabı müştəri və ya onun səlahiyyətli numayəndəsi ilə bank arasında kağız daşıyıcıda və ya elektron formada bank hesabı müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilir. Bank hesabı müqaviləsi aydın və oxunaqlı olmalıdır. Bank müştərinin tələbi ilə elektron formada bağlanmış bank hesabı müqaviləsinin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir.
4.10. Müştəriyə açılmış bank hesabının nömrəsi bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən edilmiş qaydada İBAN (International Bank Account Number) strukturu üzrə müəyyənləşdirilir və bank tərəfindən müştəriyə təqdim edilir.
4.11. Aşağıdakı hallarda tərəflərin razılığı ilə bank hesabı müqaviləsində dəyişiklik edilir və ya yeni müqavilə bağlanır:
4.11.1. dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı və (və ya) tabeçiliyi dəyişdikdə;
4.11.2. hüquqi şəxsin adı və (və ya) təşkilati-hüquqi forması dəyişdikdə;
4.11.3. filial, nümayəndəlik və ya digər ayrıca bölmənin adı və ya tabe olduğu hüquqi şəxsin adı və (və ya) təşkilati-hüquqi forması dəyişdikdə;
4.11.4. fiziki şəxsin (fərdi sahibkarın) adı, atasının adı və ya soyadı dəyişdikdə.
4.12. Bu Qaydanın 4.11-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər müvafiq təsdiqedici (eyniləşdirmə) sənədlər əsasında aparılır və bu zaman müştəriyə açılmış hesab nömrəsinin dəyişdirilməsi tələb edilmir.
4.12-1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 35-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicilərinə məxsus hesabların bankın özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı köçürülən hesablar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumat bank tərəfindən hesabın köçürüldüyü tarixdən 1 (bir) iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir.
4.13. Forması bu Qaydaya 5 nömrəli Əlavə ilə müəyyənləşdirilən imza və möhür nümunəsi vərəqəsinin (fiziki şəxslərə və fərdi sahibkarlara münasibətdə imza nümunəsi vərəqəsinin) tərtib edilməsinə dair tələblər aşağıdakılardır:
4.13.1. dövlət orqanının (qurumunun), bələdiyyənin, beynəlxalq təşkilatın, diplomatik və digər rəsmi nümayəndəliyin, hüquqi şəxsin, o cümlədən publik hüquqi şəxsin, onların filial və nümayəndəliyinin, habelə həmkarlar ittifaqının ilk təşkilatının imza və möhür nümunəsi vərəqəsi notariat qaydasında və ya bankın daxili qaydalarında nəzərdə tutulduğu hallarda bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq edilir (bank hesabı üzrə sərəncam hüququnu həmin təşkilatların rəhbərləri və (və ya) müvəkkil edilən şəxslər həyata keçirir, bank hesabı üzrə sərəncam hüququ bir şəxsə məxsus olduqda isə vərəqədə bu barədə qeyd edilir);
4.13.2. fiziki şəxsin, fərdi sahibkarın, xüsusi notariusun, ailə kəndli təsərrüfatının, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçisinin, o cümlədən müvəqqəti cari hesab açan hüquqi şəxsin səlahiyyətli şəxsinin imza nümunəsi vərəqəsi bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq olunur (xüsusi notarius istisna olmaqla şəxsin etibarlılığına, onun fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bank imza vərəqəsinin notariat qaydasında təsdiqini tələb edir);
4.13.3. imza və möhür nümunəsi vərəqəsində imza hüququna malik iki və ya daha çox şəxsin imzası nəzərdə tutulduqda, imzaların istifadə qaydası həmin vərəqədə qeyd olunur (imzalar birinci və ikinci imza hüququ kimi rəsmiləşdirildikdə, hesaba sərəncam birinci və ikinci imza hüququna malik şəxslərdən hər biri üzrə ən azı birinin imzası olduqda verilə bilər);
4.13.4. vərəqədə müştərinin möhürünün əksi həkk olunur və bu zaman “kadrlar üçün”, “buraxılış üçün”, “arayışlar üçün” və buna oxşar məqsədlər üçün möhür və ştamplardan istifadə oluna bilməz;
4.13.5. müştərinin möhürü olmadıqda, vərəqədə bu barədə qeyd olunur. Müvəqqəti olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə), bank sənədlərinin rəsmiləşdirilməsi qaydaları müştəri ilə bank arasında yazılı razılıq əsasında müəyyənləşdirilir;
4.13.6. bank hesabı açılan zaman fiziki şəxs, fərdi sahibkar, ailə kəndli təsərrüfatı və ya mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçisi olan müştəri bank hesabı üzrə sərəncam hüququnu başqa şəxsə də verdikdə, onların bu hüquqdan ayrı-ayrılıqda, yaxud birlikdə istifadə etmələri barədə vərəqədə qeyd aparılır;
4.13.7. birgə hesab açıldıqda imza nümunəsi vərəqəsində birgə hesab sahiblərinin hesab üzrə sərəncam vermək hüququnun həyata keçirilməsi qaydasını əks etdirən qeyd aparılır;
4.13.8. hesabın fəaliyyəti dövründə bu Qaydanın 4.13.6-cı yarımbəndində nəzərdə tutulmuş müştəri hesab üzrə sərəncam hüququnu başqa şəxsə həvalə etdikdə, səlahiyyətli nümayəndənin imzası notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında və ya müştərinin ərizəsi əsasında bank tərəfindən imza vərəqəsində təsdiq olunur.
4.14. İmza və möhür nümunəsi vərəqəsində imza hüququna malik olan şəxslər dəyişdikdə və ya imza hüququna malik olan şəxslərin sayı artırıldıqda (azaldıldıqda), yaxud vərəqədə əks olunan möhür dəyişdikdə yeni imza və möhür nümunəsi vərəqəsi təqdim olunur. Bu zaman qüvvəsini itirmiş vərəqə bank hesabının rəsmiləşdirilməsinə dair işdə saxlanılır.
4.15. İmza hüququna malik olan şəxslərin qismən dəyişdirilməsi və ya sayının artırılması zamanı imza və möhür nümunəsi vərəqəsinin yenisi ilə əvəz edilməsi mümkün olmazsa, hesab üzrə sərəncam hüququna malik şəxslərin imzaları əlavə imza və möhür nümunəsi vərəqəsində təsdiq edilə bilər, bu şərtlə ki, bu Qaydanın 4.13.3-cü yarımbəndinin tələblərinə uyğun olaraq vərəqədə müvafiq qeyd aparılsın.
4.16. İmza və möhür nümunəsi vərəqəsində imza hüququna malik olan şəxslərin sayı azaldıqda yeni imza və möhür nümunəsi vərəqəsinin tərtib edilməsi mümkün olmazsa, bu barədə hesab sahibinin səlahiyyətli şəxsi tərəfindən banka yazılı ərizə ilə müraciət olunur və bankın səlahiyyətli şəxsi tərəfindən imza və möhür nümunəsi vərəqəsində müvafiq qeydlər aparılır. Müraciətin etibarlığı şübhə yaratdıqda bank hesab sahibindən notariat qaydasında təsdiq edilmiş yeni imza və möhür nümünəsi vərəqəsinin təqdim edilməsini tələb edir.
4.17. Müştərilərin imza və möhür nümunəsinin bank tərəfindən təsdiq olunması bankın səlahiyyətli şəxsi tərəfindən həyata keçirilir. Bu zaman imza sahiblərinin şəxsiyyəti müəyyən edilir, səlahiyyəti və imzalarının həqiqiliyi yoxlanılır. İmza həqiqiliyi imza sahibinin (sahiblərinin) şəxsən iştirakı ilə təsdiq olunur. Bu halda imza və möhür nümunəsi vərəqəsi bank tərəfindən müəyyən edilmiş sayda tərtib olunur.
4.18. Notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunəsi vərəqələri banka iki nüsxədə təqdim edilir.
4.19. Əməliyyatların aparılması üçün tələb olunduqda, imza və möhür nümunəsi vərəqəsinin surətləri bu Qaydanın 4.17-ci bəndinə müvafiq olaraq bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənərək kağız daşıyıcıda və ya bankın avtomatlaşdırılmış əməliyyat sistemində yerləşdirilməklə elektron formada əməliyyat bölmələrinə təqdim olunur.
4.20. Bu Qaydanın 4.11-ci bəndində nəzərdə tutulmuş hallarda imza və möhür nümunəsi vərəqəsində müvafiq dəyişiklik edilir və ya yeni imza və möhür nümunəsi vərəqəsi təqdim edilir. Bu zaman müştərinin möhürü dəyişərsə, bu Qaydanın 4.14-cü bəndinə uyğun olaraq yeni imza və möhür nümunəsi vərəqəsi tərtib edilir.
4.21. Etibarnamə əsasında bank hesabının açılması və hesab üzrə sərəncam vermək hüququ səlahiyyətli nümayəndəyə verildikdə imza nümunəsi vərəqəsində səlahiyyətli nümayəndənin imzası təsdiq olunur, hesab sahibinin imza nümünəsinin təsdiqi isə onun hesab üzrə sərəncam verdiyi zaman tələb olunur.
4.22. Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məsafədən hesabların açılması Qaydası”na uyğun olaraq məsafədən bank hesabının açılması zamanı imza və möhür nümunəsi vərəqəsinin tərtib edilməsi tələb edilmir. Məsafədən bank hesabı açmış müştəri kağız daşıyıcıda həmin bank hesabı üzrə əməliyyatın həyata keçirilməsinə sərəncam verdikdə, bu Qaydanın tələblərinə müvafiq olaraq imza və möhür nümunəsi vərəqəsi təqdim edilməlidir.
4.23. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada köçürülən (ötürülən/satılan) aktiv və (və ya) öhdəlikləri qəbul edən şəxslərdə həmin aktiv və (və ya) öhdəliklərlə bağlı hesab açılarkən əvvəlki öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə və bu Qaydaya uyğun əldə edilmiş sənədlərə güvənilərək bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan məlumat və sənədlər müştəridən tələb edilməyə bilər.
6.1. Bank hesablarına və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqinə dair ƏL/TMM Qanunu və MUT Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. Bank tərəfindən müxbir bankçılıq münasibətində olduğu müştərinin (respondent bankın) hesablarına və hesablar üzrə aparılan əməliyyatlarına davamlı nəzarət tədbirləri bu Qaydanın 8-ci hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin davamlı tətbiqi nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların və onları təsdiq edən sənədlərin, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri üzrə məlumatların yazılı (fiziki imza və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.
6.4. Bank davamlı nəzarət çərçivəsində aşkar etdiyi mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, şübhəli, açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan hesablar və əməliyyatlarla bağlı ƏL/TMM Qanununa uyğun olaraq tədbirlər görür.
7.1. Aşağıdakı hallarda bank hesabının açılmasından imtina edilir:
7.1.1. müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda, o cümlədən bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə, təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;
7.1.2. müştərinin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatları “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların siyahısında olduqda;
7.1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 956.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
7.2. Bank hesabının açılmasından imtina edildiyi halda bank müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin tələbi ilə onlara qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla hesabın açılmasından imtinanın səbəbi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verir. Bank hesabının açılmasından imtina edildikdə bank tərəfindən əldə olunmuş məlumatlar bankda saxlanıla bilər.
7.3. Bank hesabı müqaviləsinin ləğv edilməsi müştərinin hesabının bağlanması üçün əsasdır. Aşağıda müəyyən olunmuş hallarda bank tərəfindən müştərinin bank hesabı bağlanılır:
7.3.1. müştərinin və ya səlahiyyətli nümayəndəsinin müraciətinə əsasən;
7.3.2. büdcə təşkilatına xüsusi cari bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən verilmiş icazə geri çağırıldıqda;
7.3.3. müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi mümkün olmadıqda;
7.3.5. bank hesabı müqaviləsində nəzərdə tutulan digər hallarda.
7.4. Bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bu Qaydanın 7.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 969-cu maddəsində göstərilmiş hallarda bank hesablarının bağlanması məhkəmənin qərarı ilə həyata keçirilir.
7.5. Bank hesabı müqaviləsi ləğv edildiyi halda bank hesabındakı pul vəsaitinin qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hesabdakı pul vəsaitinin qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verilir.
7.6. Vəfat etmiş və xəbərsiz itkin düşmüş fiziki şəxslərin bank hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
7.7. Vergi ödəyicisinə məxsus bank hesabı bağlandıqda, bu barədə məlumat 1 (bir) iş günü müddətində vergi orqanına göndərilir.
7.8. Bank hesabı bağlandıqda hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər qanunvericiliklə müəyyən olunmuş müddətdə bankda saxlanılır.
7.9. Bankların hesabları aşağıdakı hallarda bağlanılır:
7.9.1. bankın müraciətinə əsasən;
7.9.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə, Mərkəzi Bankın yazılı müraciəti ilə.
7.10. Müştərilərin bank hesablarına dair sərəncam verilməsinin məhdudlaşdırılması, o cümlədən hesab üzrə əməliyyatların dayandırılması, dondurulması və bununla əlaqədar müştərilərin məlumatlandırılması ilə bağlı məsələlər qanunla tənzimlənir.
8.1. Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank xarici bankdan aşağıdakı sənədləri və məlumatları əldə edir, onları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür:
8.1.1. xarici bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçdiyi ölkənin səlahiyyətli orqanı (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri;
8.1.2. xarici bankın ən azı son maliyyə ili üçün auditor yoxlamasından keçmiş illik maliyyə hesabatlarının və auditor rəyinin surəti;
8.1.3. xarici bankın idarəetmə orqanları, təşkilati strukturu, benefisiar mülkiyyətçiləri, rəhbər(lər)i, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsi haqqında məlumat, onların şəxsiyyətini təsdiq edən, habelə şəxslərin benefisiar mülkiyyətçi olduqlarını təsdiq edən sənədlərin surətləri, habelə notariat qaydasında təsdiq edilmiş hesab üzrə sərəncam vermək hüququ olan şəxs(lər)in imza nümunələri və bankın möhürünün əksi;
8.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu və ya xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda həmin ölkənin səlahiyyətli orqanı tərəfindən (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) müxbir hesabın açılmasına verilmiş icazənin surəti;
8.1.5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə xarici bankın daxili nəzarət proqramı, o cümlədən öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər barədə məlumatlar və bu sahədə təsdiqlənmiş daxili siyasət, qayda və prosedurlar;
8.1.6. xarici bankın işgüzar nüfuzu, habelə xarici banka və ya onun benefisiar mülkiyyətçilərinə, hər hansı rəhbər şəxsinə və yaxud cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsə qarşı səlahiyyətli qurum tərəfindən hər hansı cinayətə görə hazırda istintaq hərəkətlərinin aparılması, hazırda və ya keçmişdə məsuliyyətə cəlb edilməsi və ya son 5 (beş) il ərzində xarici maliyyə institutuna münasibətdə nəzarət tədbirlərinin görülməsi barədə məlumat və bu məlumatı təsdiq edən sənədlərin surətləri;
8.1.7. korrespondent bankda (respondent bankın xeyrinə müxbir hesab açan) açılmış müxbir hesabdan respondent bankın (xeyrinə müxbir hesab açılan bank) respondent maliyyə institutları tərəfindən istifadə edilməsi və həmin respondent maliyyə institutlarının işgüzar nüfuzuna dair məlumat;
8.1.8. respondent bankın respondent bankları arasında müxbir bankçılıq münasibətlərinin davamlılıq müddətinə dair məlumat;
8.1.9. korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın müştərisi olan fiziki və ya hüquqi şəxsə birbaşa istifadəyə imkan verilməsi;
8.1.10. respondent bankın əsas fəaliyyət istiqaməti, biznes modeli, müştəriləri üçün təklif etdiyi xidmət növləri və hazırki müştəri kateqoriyalarına (hüquqi şəxslər, fiziki şəxslər, xarici vətəndaşlar, siyasi nüfuzlu şəxslər və s.) dair məlumat;
8.1.11. respondent bankın korrespondent bank tərəfindən tələb edilən dövr (ən azı son bir il, bir ildən az fəaliyyət göstərdikdə isə fəaliyyətini əhatə edən dövr) ərzində apardığı əməliyyatların növləri və sayına dair məlumat;
8.1.12. respondent bankın fəaliyyət göstərdiyi ölkələr (respondent bank holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkə), respondent bankın 50% və 50%-dən çox paya malik olduğu törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi ölkələr, o cümlədən onların xidmətlərindən istifadə edən üçüncü tərəflərin yerləşdiyi ölkələr, habelə qeyd olunan ölkələrdə tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə) haqqında məlumat.
8.2. Respondent bankın müxbir hesabından üçüncü şəxslər tərəfindən birbaşa istifadə edilməsi (payable-through account) nəzərdə tutulduqda, korrespondent bank həmin şəxslərə münasibətdə müştəri uyğunluğu tədbirləri görməli, habelə respondent bank tərəfindən də bu cür tədbirlərin görüldüyünə və korrespondent bankın sorğusu olduqda müvafiq məlumatların ona təqdim ediləcəyinə əmin olmalıdır (korrespondent bankla respondent bank arasında müxbir bank hesabı müqaviləsinə müvafiq şərtin daxil edilməsi və ya belə əminliyi müəyyən edən digər təsdiqləyici sənəd vasitəsilə).
8.3. Müxbir bankçılıq münasibətlərinin qurulması və bu münasibətlərə xitam verilməsi barədə qərar korrespondent bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.
8.4. Aşağıdakı hallarda müxbir hesabların açılmasından imtina edilir:
8.4.1. hesab açılması üçün bu Qaydanın 8.1-ci bəndində göstərilmiş sənədlər tam təqdim edilmədikdə və ya əldə edilmiş məlumatlar əsasında işgüzar münasibətlərin qurulması cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi baxımından riskli hesab edildikdə;
8.4.2. hesab açılması üçün təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;
8.4.3. müxbir bankçılıq münasibətlərinin qurulması ilə bağlı risklərin idarə edilməsi üçün tədbirlərin görülməsi, o cümlədən bu Qaydanın 8.2-ci bəndinin icrası mümkün olmadıqda;
8.4.4. respondent bank hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və/və ya müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziya almış, lakin dövlət nəzarəti ilə əhatə edilməyən qurum olduqda, yaxud müxbir hesabdan qeyd edilən xüsusiyyətlərə malik digər maliyyə institutu tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə.
8.5. Bank aşağıda müəyyən olunmuş hallarda müştərinin müxbir hesabını bağlayır:
8.5.1. xarici bankın müraciətinə əsasən;
8.5.2. müxbir hesabın açılması üçün təqdim edilən sənədlərdə yanlış məlumatların olması aşkar edildikdə, sənədlər etibarsız hesab olunduqda, o cümlədən həmin sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;
8.5.3. xarici bankın bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə;
8.5.4. risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı adekvat tədbirlərin görülməsi, o cümlədən bu Qaydanın 8.2-ci bəndinin icrası mümkün olmadıqda;
8.5.5. müxbir hesab müqaviləsində nəzərdə tutulan digər hallarda.
8.6. Bu Qaydanın 8.1-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar ildə bir dəfədən az olmayaraq yenidən əldə olunur, etibarlı mənbələr (həmin xarici banka nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlanılır, onlarla bağlı risk qiymətləndirməsi aparılır, işgüzar münasibətlərin davam etdirilməsi risklərinə dair hesabat hazırlanır və risklərin idarə edilməsi üzrə tədbirlər görülür.
8.7. Bank işgüzar münasibətlər yaradılan xarici və yerli maliyyə institutlarının reyestrini tərtib edir, onu internet səhifəsində yerləşdirir və mütəmadi yeniləyir.
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na
1. Dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
1.1. bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;
1.2. hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
1.3. müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət qurumunun və publik hüquqi şəxsin nizamnaməsini (əsasnaməsini) təsdiq edən hüquqi aktın surəti;
1.4. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
1.5. fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;
1.7. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi.
2. Hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə cari hesabların açılması üçün aşağıdakı sənədlər tələb olunur:
2.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
2.2. filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar üçün əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənəd tələb olunur);
2.4. imza və möhür nümunəsi vərəqəsi.
3. Fiziki şəxsin cari hesabının açılması üçün hazırki Əlavənin 8.2-ci bəndində göstərilən sənədlər əldə olunur.
4. Həmkarlar ittifaqının ilk təşkilatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
4.1. Həmkarlar ittifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu həmkarlar ittifaqı birliyi tərəfindən təsdiq edilmiş qərar və ya qərardan çıxarış;
4.2. üzv olduğu həmkarlar ittifaqı birliyinin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
4.3. imza və möhür nümunəsi vərəqəsi.
5. Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
5.1. müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq olunmuş surəti;
5.2. ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd;
5.4. imza nümunəsi vərəqəsi.
6. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinə cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
6.1. mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd;
6.3. imza nümunəsi vərəqəsi.
7. Müvəqqəti cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
7.1. hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi məqsədilə hesab açıldıqda, təsisçinin şəxsiyyətini təsdiq edən sənəd;
7.2. hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi məqsədilə hesab açıldıqda və hesabın açılması üçün təsisçinin (təsisçilərin) müvəkkil etdiyi şəxs müraciət etdikdə, həmin şəxsə təsisçi (təsisçilər) tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə və müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
7.3. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi;
7.4. investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün müvəqqəti cari hesabın açılması zamanı qiymətli kağızların dövlət reyestrindən çıxarışın və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildirişin surətləri (“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda).
8. Əmanət (depozit) hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
8.1. dövlət qurumları, bələdiyyələr, fərdi sahibkarlar, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri üçün, habelə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi məqsədilə səlahiyyətli dövlət orqanı üçün hazırki Əlavənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlər;
8.2. fiziki şəxslər üçün:
8.2.1. şəxsiyyətini təsdiq edən sənəd;
8.2.2. imza nümunəsi vərəqəsi.
8.3. ailə kəndli təsərrüfatı üçün hazırki Əlavənin 5-ci hissəsində göstərilən sənədlər;
8.4. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri üçün hazırki Əlavənin 6-cı hissəsində göstərilən sənədlər.
9. Üçüncü şəxslərin xeyrinə bank əmanəti hesabının açılması üçün aşağıdakı sənədlər və məlumatlar tələb olunur:
9.1. xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (hüquqi şəxs üçün-onun adı və dövlət reyestrindən çıxarışın məlumatları, fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd;
9.2. hesabı açan fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənəd;
9.3. hesabı açan hüquqi şəxs olduqda, nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
9.4. xeyrinə depozit hesabı açılan şəxs hesab üzrə əmanətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə, əmanət (depozit) hesabı açılması üçün bu Qayda ilə müəyyən edilmiş sənədlər həmin şəxsə münasibətdə tələb olunur;
9.5. hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq surətdə özü istifadə etdikdə, həmin fiziki şəxs barəsində əmanət (depozit) hesabının açılması üçün bu Qayda ilə müəyyən edilmiş sənədlər, hüquqi şəxs barəsində isə imza və möhür nümunəsi vərəqəsi tələb olunur.
10. Cari subhesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:
10.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
10.3. imza və möhür nümunəsi vərəqəsi.
11. Bankların və digər kredit təşkilatlarının bank hesablarının açılması zamanı hazırki Əlavənin 1-ci hissəsində nəzərdə tutulan sənədlərə əlavə olaraq banklar tərəfindən hesab üzrə sərəncam hüququna malik olan inzibatçının (inzibatçıların) təyinatı ilə bağlı Mərkəzi Bank tərəfindən verilmiş yazılı məlumat təqdim olunur.
12. Hüquqi şəxs və fərdi sahibkar olan müştərinin müxtəlif növ və valyutada bank hesabları eyni bankda açıldıqda açılan yeni hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni hesab üzrə imza və möhür nümunəsi də təqdim olunur.
13. Büdcə təşkilatlarına xüsusi cari hesabın açılması üçün hazırki Əlavənin 1-ci hissəsində nəzərdə tutulan müvafiq sənədlər və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu tələb olunur.
14. Xüsusi notariusun cari hesabı və zəmanət kassası hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
14.1. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
14.2. imza və möhür nümunəsi vərəqəsi.
15. Sığorta bank hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
15.1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
15.2. imza və möhür nümunəsi vərəqəsi.
16. Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
16.1. notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu;
16.2. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
16.3. imza və möhür nümunəsi vərəqəsi.
17. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
17.1. hesab açan şəxs rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı və ya fərdi sahibkar olduqda, müvafiq olaraq həmin şəxs üçün bu Qaydada əmanət hesabının açılması üçün tələb olunan sənədlər.
18. Rezident olan şəxslərə xarici valyutada bank hesablarının açılması üçün hazırki Əlavənin müvafiq hissələrində göstərilən sənədlər tələb olunur.
19. Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
19.1. hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
19.2. hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
19.3. fiziki şəxsin (fərdi sahibkarın) şəxsiyyətini təsdiq edən sənəd;
19.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);
19.6. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi;
19.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət qurumlarının (maliyyə bazarlarına nəzarət orqanının və ya digər dövlət qurumunun) xüsusi icazəsi (hazırki Əlavənin 19.4-cü bəndində nəzərdə tutulmuş qaydada);
19.8. Beynəlxalq təşkilatlara, diplomatik və digər rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:
19.8.1. beynəlxalq təşkilatın, diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti);
19.8.2. imza və möhür nümunəsi vərəqəsi.
20. Ləğv edilən bankın cari hesabının açılması üçün Mərkəzi Banka müvafiq olaraq aşağıdakı sənədlər təqdim olunur:
20.1. ərizə (ləğvetmə komissiyası, ləğvedici adından verilən ərizə cari hesaba sərəncam vermək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanır);
20.2. bank könüllü ləğv edildikdə, bankın ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında səhmdarların ümumi yığıncağının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);
20.3. bankın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə ləğvedicinin təyin edilməsi barədə məhkəmənin qərarı;
20.4. imza və möhür nümunəsi vərəqəsi.
1. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, qeyri-kommersiya hüquqi şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.
2. 1992-ci il 1 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 1 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri hazırki Əlavənin 1.4-cü bəndində qeyd olunan qeydiyyat sənədi ilə eyni hüquqi qüvvəyə malikdir:
2.1. sığorta təşkilatları - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində;
2.2. banklar – Azərbaycan Respublikasının Milli Bankında;
2.3. tədris müəssisələri - Azərbaycan Respublikasının Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
2.4. icarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;
2.5. kütləvi informasiya vasitələri - Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyində;
2.6. birgə və tam xarici investisiyalı müəssisələr - Azərbaycan Respublikasının Maliyyə Nazirliyində;
2.7. xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində.
Bu Qaydanın məqsədləri üçün MUT Qaydalarında nəzərdə tutulan şəxsiyyəti təsdiq edən sənədlər təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd dövlət informasiya sistemindən əldə edilmədikdə onun surəti çıxarılır və bankda saxlanılır.
1. Müvəqqəti cari hesab üzrə yalnız təsərrüfat subyektinin nizamnamə kapitalının (şərikli kapitalın, payların) formalaşdırılması və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər (bu Qeydin 4-cü hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla).
2. Dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu almış təsərrüfat subyektinə müvəqqəti cari hesabı olan bankda və ya onun seçdiyi digər bankda bu Qaydada müəyyən olunmuş qaydada cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil şəxsinin tapşırığına əsasən həmin cari hesaba köçürülür.
3. Təsərrüfat subyekti dövlət qeydiyyatına alınmadıqda, müvəqqəti cari hesaba mədaxil edilmiş vəsait müvəkkil şəxsin sərəncamına əsasən geri qaytarılır və ya təsisçilərin bank hesablarına köçürülür.
4. Mərkəzi Bank investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq etdikdən sonra kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılmış müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün).
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na
_______________ №li hesab
İmza nümunələrini qəbul etməyə icazə verən
“_____” _______________ 20__ il
Xahiş edirik, göstərilən imza nümunələrini hesab üzrə əməliyyatlar apararkən zəruri hesab edəsiniz.
_______________ №li hesab
Möhür əksinin nümunəsi
Hesab üzrə sərəncam hüququ, bu vərəqədə sərəncam hüququ olan şəxslər tərəfindən ayrı-ayrılıqda həyata keçirə bilər ki, bunu öz imzalarımızla təsdiq edirik.
Hesab üzrə sərəncam hüququ, bu vərəqdə sərəncam hüququ olan şəxslər tərəfindən yalnız birlikdə həyata keçirilə bilər ki, bunu öz imzalarımızla təsdiq edirik.
*Qeyd: Əgər hesab üzrə sərəncam yuxarıda xanalarda göstəriləndən fərqlidirsə, aşağıdakı “Digər qeydlər” hissəsində ətraflı qeyd edilir.
Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxsin / Bankın səlahiyyətli şəxsinin təsdiq qeydləri
“____” ____________ 20___ -___ il
Mən,.......................................................................................................................................................................
İmza edən(lər)...............................................................................................................................................
mənim iştirakımla etdiyi (etdikləri) imzasının (imzalarının) həqiqiliyini təsdiq edirəm. İmza edən(lər)in şəxsiyyət(ləri)i müəyyən edilib və imza hüququna səlahiyyət(lər)i yoxlanılıb.
Reyestrdə...........................№ ilə qeyd edilib.................manat dövlət rüsumu (haqq) alınıb.....................
Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxs /
Bankın səlahiyyətli şəxsi......................................................... (imza)
_______________ №li hesab
(adı, atasının adı, soyadı)
İmza nümunələrini qəbul etməyə icazə verən
“_____” _______________ 20__ il
Şəxsiyyəti təsdiq edən sənəd_________ №_________
Verilmə tarixi ______________
VÖEN (fərdi sahibkar olduqda)
Xahiş edirik, göstərilən imza nümunələrini hesab üzrə əməliyyatlar apararkən zəruri hesab edəsiniz.
_______________ №li hesab
*Qeyd: Əgər hesab üzrə sərəncam yuxarıda xanalarda göstəriləndən fərqlidirsə, aşağıdakı “Digər qeydlər” hissəsində ətraflı qeyd edilir.
Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxsin / Bankın səlahiyyətli şəxsinin təsdiq qeydləri
“____” ____________ 20___-___ il
Mən,........................................................................................................................................................................
İmza edən(lər)...........................................................................................................................................................
mənim iştirakımla etdiyi (etdikləri) imzasının (imzalarının) həqiqiliyini təsdiq edirəm. İmza edən(lər)in şəxsiyyət(lər)i müəyyən edilib və nümayəndənin (nümayəndələrinin) səlahiyyət(lər)i yoxlanılıb.
Reyestrdə...........................№ ilə qeyd edilib.................manat dövlət rüsumu (haqq) alınıb.....................
Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxs /
Bankın səlahiyyətli şəxsi..................................................... (imza)
“____” ____________ 20___-___ il
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na
Azərbaycan Respublikasında tətbiq olunan 28 simvoldan ibarət IBAN aşağıdakı struktura malikdir:
Müştərinin bank hesab nömrəsi bank tərəfindən müəyyən edilir.
Maliyyə institutlarına Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) və ya Mərkəzi Bank tərəfindən verilmiş identifikasiya nömrəsidir.
Nəzarət rəqəmi ISO 7064 beynəlxalq standartına uyğun olaraq, MOD 97-10 metodu ilə hesablanır.
1. 12 iyul 2023-cü il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202307120335, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2023-cü il)
2. 08 aprel 2025-ci il tarixli 12/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202504080121, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 aprel 2025-ci il)
3. 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160445, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il)