25.1. BOKT-nin lisenziyası aşağıdakı bir və ya bir neçə əsas olduqda Mərkəzi Bank tərəfindən ləğv edilə bilər:
25.1.1. BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə;
25.1.2. lisenziya almaq üçün BOKT tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;
25.1.3. BOKT lisenziyanın qüvvəyə mindiyi gündən on iki ay müddətində fəaliyyətə başlamadıqda və ya BOKT-nin altı ay müddətində kreditlər vermədiyi müəyyən edildikdə;
25.1.4. fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;
25.1.4-1. bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;
25.1.5. tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə Mərkəzi Bankına təqdim etmədikdə və ya Mərkəzi Bankına təhrif olunmuş hesabat təqdim etdikdə;
25.1.6. bu Qanunla nəzərdə tutulmamış və ya lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə;
25.1.7. qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.
25.2. Lisenziyanın ləğv edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın qüvvəyə mindiyi gündən 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir, habelə mediada dərc edilir..
25.3. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qərar mediada dərc edildiyi gündən qüvvəyə minir.
25.4. BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
25.5. BOKT lisenziyasının ləğv edilməsi haqqında Mərkəzi Bankının qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi Mərkəzi Bankının müvafiq qərarının icrasını dayandırmır.