07 oktyabr 2025-ci il
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Tələblər “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.2-1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında (bundan sonra – BOKT) kənar auditin aparılmasına dair minimum tələbləri müəyyən edir.
1.2. Bu Tələblər qanunla müəyyən edilmiş hallarda aparılan kənar audit istisna olmaqla BOKT-nin öz təşəbbüsü ilə aparılan kənar auditə şamil edilmir.
1.3. BOKT-nin maliyyə hesabatlarının kənar auditi Beynəlxalq Audit Standartları əsasında həyata keçirilir.
2.1. Bu Tələblərdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. kənar auditor – qanunvericiliyə uyğun olaraq auditor xidməti göstərmək üçün icazəyə malik olan auditor təşkilatı və ya sərbəst auditor;
2.1.2. müstəqillik – BOKT-nin və (və ya) digər kənar şəxslərin birbaşa və (və ya) dolayı təsiri altında qalmadan obyektiv və müstəqil qərar qəbuletmə bacarığı;
2.1.3. Beynəlxalq Audit Standartları - Beynəlxalq Mühasiblər Federasiyasının Audit və Təsdiqləmə Standartları üzrə Şurası tərəfindən hazırlanmış keçmiş dövrü əhatə edən maliyyə məlumatlarının yoxlanılması üçün istifadə olunan standartlar.
2.2. Bu Tələblərdə istifadə olunan digər anlayışlar Qanunda, “Mühasibat uçotu haqqında” və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər hüquqi aktlarda verilmiş mənaları ifadə edir.
3.1. BOKT tərəfindən kənar auditor təyin edilərkən onun keçmiş fəaliyyəti, peşəkar keyfiyyətləri, təcrübəsi və işgüzar nüfuzu, habelə aşağıdakı tələblər nəzərə alınmalıdır:
3.1.1. kənar auditor Azərbaycan Respublikası Auditorlar Palatasının ictimai əhəmiyyətli qurumlarda audit aparan kənar auditorla bağlı müəyyən etdiyi tələblərə cavab verməlidir;
3.1.2. kənar auditor müstəqil olmalı, o cümlədən BOKT-la kənar auditorun və yoxlamada iştirak edəcək əməkdaş(lar)ının müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır;
3.1.3. kənar auditorun yoxlamada iştirak edəcək əməkdaş(lar)ı son 3 (üç) il ərzində həmin BOKT-də çalışmamalıdır;
3.1.4. eyni kənar auditor tərəfindən BOKT-nin audit yoxlaması ardıcıl 5 (beş) ildən artıq müddətdə aparılmamalıdır.
3.2. BOKT hər təqvim ilinin dekabr ayının 15-dək təşkilatın audit yoxlamasını aparacaq kənar auditor barədə yazılı məlumatı Mərkəzi Banka təqdim edir. Məlumatda həmçinin kənar auditorun bu Tələblərin 3.1-ci bəndinə uyğunluğu qeyd olunmalıdır.
4.1. Kənar auditin nəticələri əsasında kənar audit hesabatı hazırlanır. Hesabatda azı aşağıdakılar əks olunmalıdır:
4.1.2. BOKT-nin azı aşağıdakı maliyyə hesabatları:
4.1.2.1. maliyyə vəziyyəti haqqında (balans) hesabatı;
4.1.2.2. mənfəət və zərər haqqında hesabat;
4.1.2.3. kapitalda dəyişikliklər haqqında hesabat;
4.1.2.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
4.1.3. maliyyə hesabatlarına dair qeydlər.
4.2. Kənar auditor tərəfindən BOKT-nin maliyyə hesabatlarına təsir göstərməyən, lakin BOKT-nin fəaliyyəti üzrə mühüm əhəmiyyətə malik olan digər məsələlər (məsələn, prudensial göstəricilər, idarəetmə və daxili nəzarət sistemləri və s.) kənar audit hesabatına əlavə edilə bilər.
4.3. Kənar audit başa çatdıqdan sonra kənar auditor BOKT-nin icra orqanı, Audit Komitəsi və Müşahidə Şurasına (Himayəçilik Şurası) əlavə hesabat təqdim edir. Həmin hesabatda əsas risklər, qeyri-adi faktlar, daxili nəzarətin və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər, həmçinin əvvəlki tövsiyələrdəki (olduqda) dəyişikliklər və görülmüş tədbirlər barədə məlumat əks etdirilir.
4.4. Kənar auditor tərəfindən BOKT-nin kreditorlarının maraqlarını mühüm təhlükə altına alan və ya BOKT-nin kapitalının mövcud qanunvericiliklə tələb olunan minimum həddən aşağı düşməsinə səbəb olan aşkar edilmiş hər hansı pozuntular, itkilər və ya qanunazidd olan fəaliyyət haqqında dərhal Mərkəzi Banka məlumat verilməlidir.
4.5. Kənar audit bu Tələblərə uyğun aparılmadıqda Mərkəzi Bank kənar auditorun dəyişdirilməsini, habelə BOKT-nin özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.
5.1. BOKT-nin Audit Komitəsinin kənar auditlə bağlı “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrdən başqa aşağıdakı vəzifələri də yerinə yetirir:
5.1.1. kənar auditorla birgə işi təşkil edir, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə yardım edir;
5.1.2. BOKT-nin idarəetmə orqanları ilə kənar auditor arasında əlaqələr qurur;
5.1.3. kənar auditorla auditin başlanmasından əvvəl görüşür, kənar auditlə əlaqədar BOKT və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, sənədlərin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin edir;
5.1.4. kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb edir, həmçinin həmin məlumatları və auditin nəticələrini kənar auditorla müzakirə edir.