1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir;
1.0.2. Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir;
1.0.3. Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir;
1.0.4. Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir;
1.0.5. Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir;
1.0.6. Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir;
1.0.7. Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxs;
1.0.8. Bank lisenziyası - bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır;
1.0.9. Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir;
1.0.10. Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir (elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla);
1.0.11. Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir;
1.0.12. İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri;
1.0.13. Banka aidiyyəti olan şəxslər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri icra edən şəxs), həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər. Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;
1.0.14. Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir;
1.0.15. "Yerli" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür;
1.0.16. "Xarici" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür;
1.0.17. "Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır;
1.0.18. "Məqbul və lazımi keyfiyyətlərə malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan, habelə ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar nüfuzu ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, benefisiar mülkiyyətçisi, müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;
1.0.19. "Vətəndaş qüsursuzluğu" dedikdə, benefisiar mülkiyyətçilər, mühüm iştirak payının sahibləri, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmaması başa düşülür;
1.0.20. "Prudensial" - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur;
1.0.21. Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir;
1.0.22. Maliyyə bazarları sahəsi - maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri;
1.0.23. Fond – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmış hüquqi şəxsdir;
1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu Qanunun 57.1.1-57.1.3-cü maddələrində göstərilən əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankdır;
1.0.25. Rezolyusiya – ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir;
1.0.26. Rezolyusiya ilə bağlı tədbirlər planı – ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya metodunu, şərtlərini, müddətini və iqtisadi əsaslandırmasını özündə əks etdirən sənəddir;
1.0.27. Körpü bank – ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılan və idarə olunan bankdır;
1.0.28. Alıcı bank – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini hərrac yolu ilə əldə edən bankdır;
1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın satın alınması üçün Mərkəzi Banka müraciət edən hüquqi və ya fiziki şəxsdir;
1.0.30. Müvəqqəti inzibatçı – bu Qanunda nəzərdə tutulmuş hallarda Mərkəzi Bank tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində Mərkəzi Bankın adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir;
1.0.31. Sağlam aktiv – Mərkəzi Bankın normativ xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş aktivdir;
1.0.32. Sistem əhəmiyyətli bank – Mərkəzi Bankın normativ xarakterli aktı ilə müəyyən edilən meyarlara uyğun bankdır;
1.0.33. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası – bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı (bundan sonra - restrukturizasiya planı) əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur.