Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Kommersiya maraqlarının açıqlanması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın Müşahidə Şurası qarşısında açıqlayır. Belə məlumatlar həmin şəxslər bankın idarəetmə orqanlarının üzvü seçildikdə və sonrakı dövrlərdə bankın daxili qaydalarına müvafiq olaraq açıqlanır.

28.2. Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin və bankın hər hansı digər komitəsinin və ya işçi qrupunun üzvlərindən birinin, habelə daxili audit bölməsinin əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində müzakirə başlanmazdan əvvəl məlumat verməli, müzakirədə və qərarın qəbulunda iştirak etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.

28.2-1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın struktur bölmələrinin (filial, nümayəndəlik, şöbə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

28.3. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri bankın səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada açıqlamalıdır.

28.4. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə bankın maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə bankın maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver