30.1. Bankın başqa hüquqi şəxsdə iştirak payı əldə etməsi aşağıdakı hallardan birinə səbəb olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:
30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;
30.1.2. bankın bütün bu cür iştirak paylarının məcmu balans məbləği bankın məcmu kapitalının 40 faizindən çox olduqda.
30.2. Bank hüquqi şəxslərin kapitalında mühüm iştirak paymı təşkil edəcək və ya artıracaq, habelə hüquqi şəxsi bankın törəmə strukturuna çevirə biləcək iştirak paymı Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.
30.3. Banka borcu olan şəxsin maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi dövründə və ya borcun əvəzinə bankın mülkiyyətinə keçirilmiş səhmlər (paylar) iki ildən çox olmayan müddətə bu Qanunun 30.1-ci maddəsinə müvafiq olaraq mühüm iştirak payının hesablanmasında nəzərə alınmır.
30.4. Bu Qanunun 30.2-ci maddəsinə əsasən icazə almaq üçün banklar Mərkəzi Banka aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:
30.4.1. bankın başqa hüquqi şəxslərin kapitalında nəzərdə tutulan iştirak payının əldə edilməsi haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;
30.4.2. bankın başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak payları və nəzərdə tutulan iştirak payının artırılması nəticəsində yaranacaq mühüm iştirak payının miqdarı haqqında məlumat;
30.4.3. kapitalında mühüm iştirak payı əldə edilməsi nəzərdə tutulan hüquqi şəxslərin fəaliyyətlərinin əsas istiqamətləri və ünvanları haqqında məlumat, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri (maliyyə vəziyyətini əks etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);
30.4.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində hüquqi şəxs bankın törəmə strukturuna çevrilərsə, bu hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqan-ları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
30.4.5. bankın mühüm iştirak payını əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda əlavə olaraq xarici bankın baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün icazəsinin olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.
30.4-1. Bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir.
30.5. Bu Qanunun 30.4-cü maddəsinin tələblərinə uyğun təqdim edilən sənədlərə Mərkəzi Bankda ən geci 90 təqvim günü müddətində baxılır. Həmin müddət ərzində Mərkəzi Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Aşağıdakı halları aşkar etdikdə Mərkəzi Bank başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə banka icazə vermir:
30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər tam təqdim edilməmişdir (bu Qanunun 30.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
30.5.2.nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;
30.5.3.iştirak payının əldə edilməsi nəzərdə tutulan hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir və ya belə payın əldə edilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaqdır;
30.5.4. nəzərdə tutulan iştirak payı əldə edilən xarici banka yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu orqanın əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.
30.6.Banka icazəni verdikdə Mərkəzi Bank iştirak payının əldə edilməsinin maksimum müddətini müəyyən edir.
30.7.Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək üçün müəyyən edilmiş müddətləri gözləmədikdə, Mərkəzi Bank həmin banka yazılı sərəncam göndərərək onun öz iştirak paymı sərəncamda göstərilən tarixədək ləğv etməyini və ya icazənin qüvvədən düşdüyünü bildirir.
30.8.Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən həmin banka lazımi nəzarət həyata keçirilmədikdə və ya bu orqan Mərkəzi Bank ilə əməkdaşlıqdan imtina etdikdə Mərkəzi Bank banka hüquqi şəxsin kapitalında mühüm iştirak payının müəyyən etdiyi müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə yazılı göstəriş verir.