Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. Banklar arasında münasibətlər

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. Bu Qanunla və Mərkəzi Bankın normativ xarakterli aktları və göstərişləri ilə, habelə lisenziyalar və icazələrlə məhdudlaşdırılan hallar istisna olmaqla, banklar qarşılıqlı surətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça bilərlər.

35.2. Banklar öz aralarında bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı həyata keçirə bilərlər. Banklar bu məqsədlə, habelə üzvlərinin mənafelərinə kömək üçün qeyri-kommersiya birliklərinin yaradılması və bank işinin inkişafını və sabitliyini dəstəkləyən fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, həmin sazişlərin iştirakçısı olan banklar bu sazişlər bağlandıqdan sonra 7 təqvim günü müddətində onların surətlərini Mərkəzi Banka təqdim etməlidirlər.

35.3. Bankların bank xidmətləri bazarının inhisara alınmasına və bank işində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər bağlaması və razılaşdırılmış əməliyyatlar aparması qadağandır.

35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

35.4-1. Banklar apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər.

35.5. Yerli banklar arasında, yerli bankla xarici bankların yerli filial və nümayəndəlikləri, habelə xarici bankların yerli filialları (nümayəndəlikləri) arasında mübahisələr Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver