48.1. Mərkəzi Bank bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq banka aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:
48.1.1. bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;
48.1.3. banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;
48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;
48.1.5. xarici bankların törəmə banklarının və ya yerli filiallarının təsisçi banklardan cəlb etdikləri vəsaitlərdən başqa, digər mənbələrdən vəsaitlərin cəlb edilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.6. digər hüquqi şəxslərin kapitalında payların alınmasının məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi;
48.1.7. yeni filialların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;
48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;
48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;
48.1.10. kapitalın artırılmasının tələb edilməsi;
48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;
48.1.12. aktivlərin keyfiyyətindən asılı olaraq xüsusi ehtiyatların yaradılmasının və/və ya nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;
48.1.13. başqa şəxslərin öhdəlikləri üzrə təminatların (qarantiyaların) verilməsinin dayandırılması;
48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.15. bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsi;
48.1.16. bank səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinin tələb edilməsi.
48.2. Bu Qanunun 48.1-ci maddəsində göstərilən təshih tədbirləri ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilir.