Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 57-7

Maddə 57-7. Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

57-7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq ödəmə qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır.

57-7.2. İnvestor Mərkəzi Bank tərəfindən müəyyən edilən tələblərə cavab verməlidir.

57-7.3. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planında ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq:

57-7.3.1. müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın səhmdarları adından səhmlər barəsində sərəncam vermək hüquqlarını əldə edir;

57-7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata endirilir;

57-7.3.3. bankın səhmdarlarına səhmlər barədə istənilən formada sərəncam verilməsi, xüsusilə onların özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya vəkalətli idarəetməyə verilməsi qadağan olunur. Səhmlərin bu cür yüklülüyü barədə məlumat Mərkəzi Bankın müraciəti əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır.

57-7.4. Ödəmə qabiliyyətini itirmiş bankın satış qiyməti Mərkəzi Bank tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə müəyyən olunur. Hərracın nəticələri ödəmə qabiliyyətini itirmiş bankın daha az məsrəflə və itkilərlə ödəmə qabiliyyətinin bərpasına imkan verməlidir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankı hərrac yolu ilə seçilmiş investora satır.

57-7.5. Ödəmə qabiliyyətini itirmiş bankın investora satışı bankın səhmlərinin satın alınması müqaviləsi əsasında həyata keçirilir.

57-7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır:

57-7.6.1. ödəmə qabiliyyətini itirmiş bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi;

57-7.6.2. investorun bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi halda müqavilənin ləğv edilməsi şərtləri.

57-7.7. Müvəqqəti inzibatçı və investor arasında bağlanılmış səhmlərin satınalma müqaviləsi səhmlər üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.

57-7.8. Ödəmə qabiliyyətini itirmiş bankın digər sağlam banka qoşulması bankın bu Qanunun 57-7-ci maddəsində nəzərdə tutulmuş qaydada investor olan banka satışı formasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver