Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Mərkəzi Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.

9.2. Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

9.2.1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və

9.2.2. dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

9.3.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;

9.3.2-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;

9.3.3. əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

9.3.4. təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

9.3.6. filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;

9.3.7. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;

9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;

9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

9.3-1. Bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver