Qanunvericilik › “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024) › Tam mətn

“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024)

“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 31.01.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.7-ci, 34.2.8-ci, 34.2.14-cü, 40.1.1-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” dərc edildiyi gündən bir ay sonra qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2001-ci il 29 dekabr tarixli Qərarı (26 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 17 yanvar tarixli 2739 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2003-cü il 15 dekabr tarixli 3014 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2003-cü il 24 noyabr tarixli qərarı (18 nömrəli protokol) ilə edilmiş dəyişikliklər, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2004-cü il 17 iyul tarixli 3068 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2004-cü il 28 iyun tarixli qərarı (11 nömrəli protokol) ilə edilmiş dəyişikliklər, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 30 dekabr tarixli 3211 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış 2005-ci il 23 dekabr tarixli (38 nömrəli protokol) qərarı ilə edilmiş dəyişikliklər) ləğv edilsin.

3. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.7-ci, 34.2.8-ci, 34.2.14-cü və 40.1.1-1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və banklara, habelə xarici bankların yerli filiallarına (bundan sonra – banklar) aidiyyəti olan şəxslərlə aparılan əməliyyatlara dair minimum tələbləri müəyyən edir.

1.2. Bu Qaydada müəyyən edilmiş minimum tələblər nəzərə alınmaqla, banklar təhlükəsiz və sağlam bank fəaliyyətinin həyata keçirilməsi üçün banklara aidiyyəti olan şəxslərlə əməliyyatlara dair adekvat siyasət və prosedurlara malik olmalıdır.

1.3. Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması zamanı həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin və "Banklar haqqında” Qanununun tələblərinə əməl edilməlidir.

1.4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 53-3.2.2-ci maddəsinə uyğun olaraq aidiyyəti şəxslərin müəyyən edilməsi ilə bağlı Mərkəzi Bank əsaslandırılmış mülahizə hüququndan istifadə edə bilər.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. banka aidiyyəti olan şəxslər (bundan sonra - aidiyyəti şəxs) - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, o cümlədən bankın struktur bölməsinin rəhbəri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri icra edən şəxs), həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 (iyirmi) faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər. Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;

2.1.2. əhəmiyyətli aidiyyəti şəxs krediti - bir aidiyyəti şəxsə verilən və məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 (bir) faizini və daha çox hissəsini təşkil edən kredit tələbi;

2.1.3. qismən əhəmiyyətli aidiyyəti şəxs krediti - bu Qaydanın 3.5.4-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla bir aidiyyəti şəxsə verilən və məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 (bir) faizinədək hissəsini təşkil edən kredit tələbi;

2.1.4. qeyri-standart aktiv – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv.

2.2. Bir şəxsin digər şəxsin səhmlərinə və ya paylarına birbaşa sahibliyi vasitəsi ilə yaranan (sayca üçüncü şəxsdən sonrakı əlaqələrdə) dolayı yolla iştirakın həcmi 10 (on) faizdən az olduqda belə iştirak bu Qaydanın məqsədləri üçün banka aidiyyəti olan şəxslərin müəyyən edilməsində nəzərə alınmır (məsələn, “A” şəxsi “B” şəxsində 45%, “B” şəxsi “C” şəxsində 60%, “C” şəxsi “D” şəxsində 30% paya malikdirsə (45%*60%*30%=8.1%) “A” şəxsi “D” şəxsində dolayı yolla iştirak etmiş hesab edilmir).

2.2-1. Bu Qaydanın məqsədləri üçün bankın struktur bölməsi dedikdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda anlayışı verilmiş bankın filialı, şöbəsi və nümayəndəliyi, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları dedikdə isə Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nın 2.1.15.1-ci və 2.1.15.2-ci yarımbəndlərində qeyd edilmiş xüsusi kateqoriyaya aid olan işçilər nəzərdə tutulur.

2.3. Bu Qaydaya əsasən kredit tələblərinin məcmu miqdarının hesablanması zamanı kredit tələblərinin qalıq məbləği nəzərə alınır. Bu Qaydada istifadə olunmuş “kredit tələbi, bank aksepti” və “mühüm təsir” anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da müəyyən edilmiş mənaları ifadə edir.

2.4. Bu Qaydada istifadə olunmuş təminat qruplarının dairəsi Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” ilə müəyyən olunur.

2.5. Aidiyyəti şəxs bankın borcalanının öhdəliyi üzrə birgə və ya subsidiar məsuliyyət daşıdıqda və ya bankın borcalanının öhdəliyi üzrə aidiyyəti şəxsə aid aktiv təminat qismində çıxış etdikdə, həmin öhdəlik (aidiyyəti şəxsin birgə və ya subsidiar məsuliyyət daşıdığı hissə və ya aidiyyəti şəxsə aid aktivlə təmin edilən hissə) bu Qaydanın məqsədləri üçün aidiyyəti şəxsə qarşı kredit tələbi hesab edilir.

2.6. Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditinə (bank tərəfindən ipoteka krediti üzrə tələb hüququnun geri alınması halları istisna olmaqla) şamil edilmir.

2.7. Bu Qayda nəzarət zərfi dövlətə məxsus bankların nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (bankda mühüm iştirak payına malik hüquqi şəxslərə qarşı tələblər və onlarla əməliyyatlar istisna olmaqla) olan tələblərinə və onlarla olan əməliyyatlarına şamil edilmir.

3.1. Aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır. Bu Qaydanın məqsədləri üçün güzəşt dedikdə bankın digər eyni kateqoriyalı müştəriləri ilə son 30 (otuz) gün ərzində aparılan eyni növ və valyutada olan əməliyyatlara (məhsullara) tətbiq edilən şərtlərin (müddət, faiz və s.) orta göstəricisindən daha əlverişli şərtlər başa düşülür.

3.2. Aidiyyəti şəxslərdən qeyri-standart aktivlərin köçürülməsi (ötürülməsi/alınması), habelə qiymətləndirmə və auditor xidmətlərinin alınması qadağandır.

3.3. Aidiyyəti şəxslərə qarşı kredit tələblərinin məcmu miqdarı aşağıdakı hədlərdən artıq olmamalıdır (bankın daxili qaydalarında daha aşağı həddinin müəyyən olunduğu hallar istisna olmaqla):

3.3.1. bir hüquqi şəxs üzrə – bankın məcmu kapitalının 10 (on) faizindən;

3.3.2. bir fiziki şəxs üzrə – bankın məcmu kapitalının 3 (üç) faizindən;

3.3.3. bütün aidiyyəti şəxslər üzrə – bankın məcmu kapitalının 20 (iyirmi) faizindən.

3.4. Bank tərəfindən əhəmiyyətli aidiyyəti şəxs krediti təminatsız verilə bilməz. Bu zaman təminat qismində aşağıdakı tələblərə cavab verən təminatlar çıxış etməlidir:

3.4.1. kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə, həmin təminatın nominal dəyəri kredit tələbinin 100 (yüz) faizindən az olmamalı;

3.4.2. kreditin təminatı qismində bu Qaydanın 3.4.1-ci yarımbəndində müəyyən edilmiş təminatlar istisna olmaqla digər birinci qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri (pul vəsaitləri, qarantiya və zəmanətə münasibətdə nominal dəyəri) kredit tələbinin 125 (yüz iyirmi beş) faizindən az olmamalıdır;

3.4.3. kreditin təminatı qismində ikinci, üçüncü və dördüncü qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri (qarantiyaya (zəmanətə) münasibətdə nominal dəyəri) kredit tələbinin 200 (iki yüz) faizindən az olmamalıdır.

3.5. Bank tərəfindən qismən əhəmiyyətli aidiyyəti şəxs krediti aşağıdakı şərtlər daxilində verilə bilər:

3.5.1. kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə, həmin təminatın nominal dəyəri kredit tələbinin 100 (yüz) faizindən az olmamalı;

3.5.2. kreditin təminatı qismində bu Qaydanın 3.5.1-ci yarımbəndində müəyyən edilmiş təminatlar istisna olmaqla digər birinci qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri (pul vəsaitləri, qarantiya və zəmanətə münasibətdə nominal dəyəri) kredit tələbinin 125 (yüz iyirmi beş) faizindən az olmamalı;

3.5.3. kreditin təminatı qismində ikinci, üçüncü və dördüncü qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri (qarantiyaya (zəmanətə) münasibətdə nominal dəyəri) kredit tələbinin 150 (yüz əlli) faizindən az olmamalı;

3.5.4. təminatların bazar dəyəri (pul vəsaitləri, qarantiya və zəmanətə münasibətdə nominal dəyəri) bu Qaydanın 3.5.1 – 3.5.3-cü yarımbəndlərində müəyyən edilmiş hədlərdən aşağı olduqda, kreditin təminatı qismində beşinci qrup təminatlar çıxış etdikdə, yaxud təminatsız verildikdə bu cür kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 (bir) faizindən artıq olmamalıdır.

3.6. Aşağıdakı kredit tələbləri bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş normativlərin hesablanması zamanı nəzərə alınmır (hesablamaya daxil edilmir):

3.6.1. kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsi;

3.6.1-1. xarici valyutada verilmiş kredit üzrə təminat qismində kreditin verildiyi valyutadan fərqli, lakin yalnız avro, ingilis funt sterlinqi, ABŞ dolları, Yapon yeni və İsveçrə frankı valyutalarında olan pul vəsaitləri çıxış etdikdə, müddəti bir ilədək olan kredit üzrə həmin kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsinin 80%-dək, bir ildən çox olan kredit üzrə 70%-dək hissəsi;

3.6.2. müxbir hesab qalıqları (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda);

3.6.3. banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey).

3.7. Balansdankənar öhdəliklərin aşağıdakı hissəsi bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş normativlərin hesablanmasında nəzərə alınır (hesablamaya daxil edilir):

3.7.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklərin 10 (on) faizi;

3.7.2. müddəti bir ilədək olan balansdankənar öhdəliklərin 20 (iyirmi) faizi;

3.7.3. müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin 50 (əlli) faizi;

3.7.4. kredit xətləri, bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər tam həcmdə.

4.1. Məbləği bankın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən aidiyyəti şəxs krediti müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı əsasında, məbləği bankın aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən aidiyyəti şəxs krediti isə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının və ya bu Qaydanın 4.2-ci bəndinin tələbi nəzərə alınmaqla İdarə Heyətinin qərarı əsasında verilir.

4.2. Qismən əhəmiyyətli aidiyyəti şəxs krediti bankın səhmdarları, Müşahidə Şurasının və icra orqanının üzvləri istisna olmaqla digər aidiyyəti şəxslərə bankın İdarə Heyətinin qərarı ilə aşağıdakı şərt və limit daxilində verilə bilər:

4.2.2. İdarə Heyətinin qərarı ilə bütün aidiyyəti şəxslərə verilmiş kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır. Bu limit daxilində İdarə Heyətinin qərarı ilə bir aidiyyəti şəxsə qarşı yaranan kredit tələblərinin məcmu miqdarı bankın Müşahidə Şurası tərəfindən müəyyən edilə bilər.

4.3. Aidiyyəti şəxsə kreditin verilməsinə dair qərarlarda aidiyyəti şəxsə verilmiş bütün əvvəlki kreditlərə və verilməsi nəzərdə tutulan kreditlərə dair məlumatlar (məsələn, əvvəllər aldığı kreditlər, onların ödənilməsi vəziyyəti, alınacaq kreditin məbləği, valyutası, faiz dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, borcalanın ödəmə qabiliyyətini əks etdirən məlumatlar, təminatların dəyərinə dair məlumatlar və s.) qeyd olunmalıdır. Qərarlar müvafiq iclas protokolları ilə rəsmiləşdirilir.

4.4. Bankın Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri aşağıdakı hallarda qərarların müzakirəsi başlamazdan əvvəl bu barədə məlumat verməli, müzakirədə və qərarın qəbulunda iştirak etməməli, habelə onun iştirakı yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır:

4.4.1. özü və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslərə kreditlərin verilməsi məsələsi müzakirəyə çıxarıldıqda;

4.4.2. özünün mühüm iştirak payı olduğu və ya mühüm təsirə malik olduğu hər hansı hüquqi şəxsə kreditlərin verilməsi məsələsi müzakirəyə çıxarıldıqda.

5.1. Bank tərəfindən bu Qaydada müəyyən olunmuş normativ və tələblərin pozulması aşkar edildikdə bankın Baş risk inzibatçısı bu barədə növbəti iş günündən gec olmayaraq Mərkəzi Banka məlumat verməlidir. Məlumatda pozuntunun səbəbləri və aradan qaldırılması üzrə görüləcək tədbirlər göstərilməlidir.

5.2. Bank məcmu kapitalın səviyyəsinin azalması, borcalanın aidiyyəti şəxsə çevrilməsi, habelə təminatın itirilməsi və ya bazar dəyərinin azalması nəticəsində bu Qaydada müəyyən olunmuş normativ və tələblərin pozuntusunu 60 (altmış) təqvim günü ərzində aradan qaldırmalıdır.

6.1. Bank aidiyyəti şəxslərlə əməliyyatlara dair hesabatı bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilmiş formada aylıq əsasda prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim edir.

6.2. Bankın aidiyyəti şəxslərlə apardığı əməliyyatların bu Qaydanın və bankın daxili qaydalarının tələblərinə uyğunluğu bankın daxili audit bölməsi tərəfindən ən azı ildə bir dəfə qiymətləndirilir və qiymətləndirmənin nəticələri bankın Audit Komitəsinə təqdim edilir.

“Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”na

Bankın adı_____________________________________

“____”_________________________________20__–__ il

1. 4 sentyabr 2024-cü il tarixli 35/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202409040353, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 sentyabr 2024-cü il)

2. 12 noyabr 2025-ci il tarixli 40/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202511120402, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 noyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver