Qanunvericilik › “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.08.2023) › Tam mətn

“Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.08.2023)

“Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 28.08.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Banklarda korporativ idarəetmə Standartları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nın 6.3-cü bəndinin, 7.6.2-ci və 7.6.5-ci yarımbəndlərinin tələbləri, habelə 7.2-ci bəndində nəzərdə tutulan bankda Korporativ İdarəetmə Komitəsinin yaradılması tələbi bu Qərarın qüvvəyə mindiyi tarixdən 12 (on iki) ay sonra tətbiq edilsin.

3. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli 1951100003 nömrəli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 1951100027 nömrəli qərarları ləğv edilsin.

4. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Standartlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 34.4-cü maddəsinə müvafiq olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin “Banklarda korporativ idarəetmə prinsipləri”, “Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsiplər”i və beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmışdır və banklarda korporativ idarəetmə standartlarını müəyyən edir.

1.2. Bu Standartların müəyyən edilməsində məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq banklarda etibarlı, şəffaf idarəetmə və hesabatlıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.

1.3. Bu Standartların 3.9-cu bəndi, 18-ci və 19-cu hissələri xarici bankların yerli filiallarına da şamil edilir.

2.1. Bu Standartlarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. korporativ idarəetmə – bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərinin müəyyən edilməsini, onlara nail olması üçün alət və proseslərin mövcudluğunu, bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edən idarəetmə üsulu;

2.1.2. daxili nəzarət sistemi – risklərin idarəedilməsi, komplayens və daxili audit funksiyaları daxil olmaqla bankın fəaliyyəti üzərində monitorinqi təmin edən idarəetmə və təşkilati strukturu əhatə edən sistem;

2.1.3. strateji baxış – bankın bazar mövqeyinin möhkəmləndirilməsinə və dəyərinin artırılmasına hədəflənən uzunmüddətli fəaliyyət hədəfi;

2.1.4. missiya bəyanatı – strateji baxışın əsas prinsiplərinin qısa icmalı;

2.1.5. strateji plan – bankın strateji baxışını aydın müəyyən edilmiş, ölçülə bilən məqsədlərə çevirən, razılaşdırılmış tədbirlərlə əlaqələndirən dövri plan;

2.1.6. fidusiar vəzifələr – bankın cari və gələcək maraqlarının qorunmasına yönəldilmiş vəzifələr;

2.1.7. risklərin idarə edilməsi – bankın fəaliyyətinə xas olan risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, monitorinqi və onlar üzrə hesabatlığı əks etdirən proses;

2.1.8. strateji planlaşdırma prosesi – bankın uzunmüddətli fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi, bu hədəflərə nail olunması məqsədi ilə strateji planın tərtib edilməsi prosesi;

2.1.9. müstəqillik – bankın və (və ya) digər kənar şəxslərin birbaşa və (və ya) dolayı təsiri altında qalmadan obyektiv və müstəqil qərar qəbuletmə bacarığı;

2.1.10. maliyyə göstəriciləri – bankın fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadə edilən və maliyyə hesabatları əsasında hesablanan nisbi kəmiyyət göstəriciləri;

2.1.11. baş maliyyə inzibatçısı – bankın maliyyə idarəetməsi bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvü;

2.1.12. baş risk inzibatçısı – risklərin idarə edilməsi funksiyası ilə əlaqədar bankın struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvü;

2.1.13. baş komplayens inzibatçısı – komplayens funksiyası ilə əlaqədar bankın struktur bölmələrinin fəaliyyətinə nəzarəti (kuratorluğu) həyata keçirən İdarə Heyətinin üzvü;

2.1.14. korporativ katib – Müşahidə Şurasının, Müşahidə Şurasının sədrinin və Müşahidə Şurasının komitələrinin səmərəli fəaliyyətinə dəstək olan və bu Standartların 11.6-cı bəndində müəyyən edilmiş tələblərə cavab verən bankın işçisi;

2.1.15. xüsusi kateqoriyaya aid olan işçilər – bankın risk profilinə əhəmiyyətli təsiri olan funksiyanı icra edən aşağıdakı işçilər:

2.1.15.1. bankın İdarə Heyətinin üzvləri;

2.1.15.2. bankın nəzarət funksiyasının (risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələr) rəhbərləri;

2.1.15.3. ötən il ərzində bankdan əldə etdiyi ümumi gəliri (əmək haqqı və mükafatlar) bankın İdarə Həyətinin üzvlərinə təqvim ili ərzində verilən vəzifə maaşı və ona əlavələrin illik orta məbləğindən aşağı olmayan və bankın mükafatlandırma siyasətində müəyyən edilmiş bankın risk profilinə əhəmiyyətli təsiri olan struktur bölməsində (məsələn, kreditlərin verilməsi, xəzinədarlıq, layihə maliyyələşdirilməsi və s.) fəaliyyət göstərən və fəaliyyəti bankın risk profilinə təsiri olan bank işçisi;

2.1.16. məlumat istifadəçiləri – mövcud və potensial səhmdarlar, bazar iştirakçıları və bankın fəaliyyəti ilə bağlı məlumatın əldə edilməsində maraqlı olan digər şəxslər;

2.1.17. mükafat – işçilərin peşəkar fəaliyyəti qarşılığında bank tərəfindən pul, səhm və digər maliyyə alətləri formasında edilən ödənişlər. Mükafatlar sabit və ya dəyişən mükafat olaraq iki formada müəyyən edilir. Əmək haqqı sistemi ilə nəzərdə tutulmayan və bank rəhbərliyinin qərarı əsasında bankın işçilərinə ödənilən birdəfəlik mükafatlar-hədiyyələr (bayramlar, əlamətdar günlər ilə əlaqədar ödənilən və digər sosial xarakter daşıyan ödənişlər) bu anlayışa aid edilmir;

2.1.18. sabit mükafat – bankın fəaliyyət nəticələri ilə bağlı hər hansı bir meyar nəzərə alınmadan şərtləri və həcmi əvvəlcədən müəyyən edilən mükafat növü;

2.1.19. dəyişən mükafat – bankın fəaliyyət nəticələrinə əsaslanan və bank əməkdaşlarının əsas fəaliyyət indikatorları (KPI) və ya bank rəhbərliyi tərəfindən müəyyən edilmiş digər göstəricilərə uyğun olaraq müəyyən edilən mükafat növü;

2.1.20. risk – ehtimal olunan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yaranan xərclərin (zərərin) bankın kapitalına və likvidlik mövqeyinə mənfi təsir göstərməsi ehtimalı;

2.1.21. risklərin idarə edilməsi sistemi – risklərin idarə edilməsi üzrə bu Standartlarla müəyyən edilmiş elementlərdən ibarət sistem;

2.1.22. risk limiti – bankın hər bir fəaliyyət növü üzrə qəbul edilən riskin maksimal həddi;

2.1.23. stres-test – bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti;

2.1.24. şok – bankın fəaliyyətinə potensial təsir edə biləcək, ehtimal olunan və ölçülə bilən hadisə;

2.1.25. risk profili – bankın məruz qaldığı risklərin ümumiləşdirilmiş səviyyəsi;

2.1.26. risk iştahası – bankın strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi riskin həcmi;

2.1.27. riskgötürmə qabiliyyəti – kapital, likvidlik və digər prudensial tələbləri pozmamaq şərti ilə bankın götürə biləcəyi riskin maksimum həcmi;

2.1.28. risk iştahası bəyannaməsi – bankın biznes məqsədlərinə çatması üçün qəbul edəcəyi məcmu risk limitlərinin əks olunduğu sənəd;

2.1.29. risk mədəniyyəti – bankın riskin müəyyən edilməsi, riskin qəbulu və idarəedilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışların məcmusu;

2.1.30. bank məhsulu – bank tərəfindən həyata keçirilən fəaliyyət növlərinin təqdimetmə üsulu;

2.1.31. komplayens riski – bankın qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riski;

2.1.32. ekoloji, sosial, iqtisadi amillər (ESİ amilləri) - ekoloji (iqlim dəyişmələri, ətraf mühitin deqradasiyası, ekosistemdə pozuntular və s.), sosial (bərabər imkanlar və əmək bazarına çıxış, işçi münasibətləri, sosial qayğı, inkluzivlik, istehlakçı təhlükəsizliyi və məlumat məxfiliyi, və s.) və idarəetmə (mükafatlandırma, şəffaflıq, risklərin idarə olunması sistemi və s.) amillərinin toplusu;

2.1.33. yaşıl imitasiya - bank, onun törəmələri və ya maliyyələşdirdiyi müştərilərin dayanıqlılıqla bağlı fəaliyyətlərinə dair kommunikasiya edilən məlumatlarda məhsulun və ya xidmətin dayanıqlılıq göstəricilərinin təqlid edilməsi;

2.1.34. ESİ riskləri – ESİ amillərinin banklarda ənənəvi risklərə (kredit, bazar, əməliyyat, likvidlik və reputasiya) birbaşa və ya dolayı təsiri nəticəsində bankın fəaliyyətində, maliyyə vəziyyətində və ya investisiya etdiyi aktivlərində mənfi maliyyə nəticələrinin yaranması riski;

2.1.35. ESİ fürsətləri - ESİ amillərinin bankın əməliyyatlarına, maliyyə vəziyyətinə və uzunmüddətli dayanıqlılığına potensial müsbət təsirləri.

2.2. Bu Standartların məqsədləri üçün “banka aidiyyəti olan şəxs”, “sistem əhəmiyyətli bank” və “məqbul və lazımi keyfiyyətlərə malik şəxs” anlayışları Qanunda verilən mənaları ifadə edir. “Dayanıqlı” kredit”, “Yaşıl” kredit” və “dayanıqlılıqla əlaqəli” kredit” anlayışları Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) İdarə Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda müəyyən olunmuş mənaları ifadə edir.

3.1. Bankda korporativ idarəetmənin tətbiqi Müşahidə Şurası tərəfindən təmin olunur. İdarə Heyəti Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir.

3.2. Bank əsas fəaliyyət istiqamətlərini, səlahiyyət bölgüsünü, risklərin effektiv idarə edilməsini, adekvat daxili nəzarət sistemini, o cümlədən uçot prosedurlarını, effektiv informasiya sistemlərini ehtiva edən və effektiv mükafatlandırma siyasətinə əsaslanan idarəetmə və təşkilati struktura malik olmalıdır. Bankın təşkilati strukturu səhmdarların ümumi yığıncağı və ya səlahiyyət verildiyi halda Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati struktur bank tərəfindən mütəmadi olaraq nəzərdən keçirilməli və zərurət olduqda yenilənməlidir.

3.3. İdarəetmə və təşkilati struktur, habelə səlahiyyətlər bölgüsü bankın əməliyyatlarının xüsusiyyətinə, həcminə və mürəkkəbliyinə uyğun olmalı, maraqlar münaqişəsinə yol verməməli və bankın bütün əməkdaşları ilə kommunikasiya edilməlidir.

3.4. Hər bir bank öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün bankın səhmdarlarına təqdim edilir.

3.5. Bankın strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır. Strateji plan Müşahidə Şurası tərəfindən təsdiq olunur. Strateji plan azı üç illik dövrü əhatə edir, hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında strateji plana yenidən baxılır və bankın biznes profilində dəyişiklik baş verdikdə, habelə bankın fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər olduqda strateji planda müvafiq dəyişikliklər edilir. Strateji plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün ərzində məlumat üçün bankın səhmdarlarına və Mərkəzi Banka təqdim edilir. Strateji planda bankın strateji baxışı, missiya bəyanatı, risklərin təhlili, inkişaf prioritetləri və həyata keçiriləcək fəaliyyət növləri, onlar üzrə strateji hədəflər və tədbirlər planı, strateji planın həyata keçirilməsi üçün tələb olunan təşkilati struktur və maliyyə proqnozları əks etdirilir.

3.6. Bank uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESİ amillərini nəzərə almalıdır. Bank ESİ amillərinin onun fəaliyyətinə və fəaliyyət mühitinə cari və potensial təsirlərini qısa, orta və uzun müddətdə təhlil etməli və qiymətləndirməlidir. Bank ESİ risklərinin və fürsətlərinin idarə edilməsi ilə bağlı özünün təşkilati strukturu üzrə vəzifə və səlahiyyətlərinin dəqiq bölgüsünü müəyyən etməli və risklərin idarə olunması sisteminə daxil etməlidir.

3.7. Bankın Müşahidə Şurası və İdarə Heyəti bankın məqsədi, fəaliyyət hədəfləri, daxili riskləri, habelə bank fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər barədə məlumatlı olmalıdır. Bank holdinq şirkətinin Müşahidə Şurası bank holdinq şirkətinin və onun törəməsi olan bankın üzləşəcəyi və fəaliyyətinə təsir edəcək bütün risklər ilə bağlı məlumatlı olmalıdır. Bu zaman bank holdinq şirkətinin Müşahidə Şurasının fəaliyyəti törəmə bankın Müşahidə Şurasının fəaliyyət müstəqilliyinə xələl gətirməməlidir. Bankın xarici ölkədə yerləşən törəmə bankında bu Standartların tələbləri yerləşdiyi ölkədə müəyyən edilən korporativ idarəetmə standartlarına zidd olmayan hissədə tətbiq edilir.

3.7-1. Bank müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupuna (holdinqə) daxildirsə, bankın Müşahidə Şurası şirkətlər qrupunun (holdinqin) strukturu, şirkətlərinin fəaliyyəti və bu fəaliyyət nəticəsində bankın üzləşə biləcəyi risklərlə bağlı məlumatlı olmalıdır.

3.8. Bank öz əməliyyatları, maliyyə vəziyyəti, qarşılaşdığı risklər və bankın biznes proseslərinə təsir edən qərarları barədə Müşahidə Şurasına və İdarə Heyətinə məlumatlandırmanı effektiv şəkildə təmin edən hesabatlılıq sisteminə malik olmalıdır. Bankda bütün əməliyyatlar baş avtomatlaşdırılmış əməliyyat sistemində əks olunur və bankın əməkdaşları səlahiyyəti daxilində bu sistemə daxil olmaq imkanına malik olmalıdırlar. Filial və şöbələrin əməliyyatları bankın baş avtomatlaşdırılmış əməliyyat sistemində real vaxt rejimində əks etdirilməlidir.

3.9. Hər bir bank öz işçilərinə, habelə idarəetmə orqanları və daxili komitələrinə münasibətdə etik davranış qaydalarını müəyyən edir. Bu sənəddə Müşahidə Şurasının üzvlərinin, o cümlədən, Müşahidə Şurasının müstəqil üzvlərinin, Müşahidə Şurasının komitələrinin müstəqil kənar üzvlərinin, İdarə Heyətinin üzvlərinin və digər bank işçilərinin azı işdə və bankın adından işdən kənar davranışı və reputasiya riski yaradan ictimai açıqlamalara, korrupsiya və vəzifədən sui-istifadə hallarına yol verilməməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinın qarşısının alınması, başqa təşkilatlarda işləməsi və rəhbər vəzifələr tutması, bankın əmlakına münasibət, bank rəhbərliyinə qanunvericliyin və bankın daxili qaydalarının pozulması barədə məlumatların verilməsinə görə məlumat verən şəxsin təzyiqlərdən, o cümlədən maddi və ya mənəvi ziyandan, təhqir və təhdidlərdən qorunması, habelə bankda konfidensiallıq rejiminin, etik normaların və qanunçuluğun qorunması, səriştəlilik və davamlı inkişaf, maliyyə bazarlarında dürüstlük, məlumatların açıqlanmasında şəffaflıq, maraqlar münaqişəsinin qarşısının alınması, müştərilərlə ədalətli rəftar, müştərilərin maraqlarına uyğun məhsulların təqdim edilməsi, sosial məsuliyyət və cəmiyyətə töhfə məsələləri əks olunmalıdır. Bank etik davranış qaydalarına əməl edilməsinə nəzarət etmək üçün zəruri tədbirlər görməlidir.

4.1. Müşahidə Şurası bankın və onun törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə müvafiq qaydada fəaliyyət göstərməsinə nəzarət edir.

4.2. Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti daha da səmərəli həyata keçirmək üçün Müşahidə Şurası bankın fəaliyyəti haqqında istənilən hesabatı və məlumatı nəzarət etdiyi idarəetmə orqanları və bankın daxili komitələrindən, habelə struktur bölmələrindən almaq hüququna malikdir.

4.3. Müşahidə Şurası Qanuna müvafiq olaraq yaradılmış bankın törəmə təsərrüfat cəmiyyətində (bundan sonra - “törəmə təsərrüfat cəmiyyəti”) korporativ idarəetmə sisteminin, reqlamentin və daxili idarəetmə mexanizmlərinin cəmiyyətin fəaliyyətinə xas olan risklərə uyğun olmasını təmin edir, onlara qarşı adekvat nəzarət tətbiq edir, həmçinin törəmə təsərrüfat cəmiyyətlərinin bir-biri ilə və bankla münasibətlərini vaxtaşırı qiymətləndirir.

4.4. Müşahidə Şurası uçot siyasətində müəyyən edilmiş metod və daxili prosedurların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarəti təmin edir.

4.5. Bank digər hüquqi şəxsin törəmə təsərrüfat cəmiyyəti olduqda Müşahidə Şurası əsas cəmiyyətin verdiyi göstərişləri onların bankın maliyyə vəziyyətinə mənfi təsir edib-etməməsi və qanunvericiliyə, o cümlədən prudensial qaydalara zidd olub-olmaması baxımından qiymətləndirir və qiymətləndirmənin nəticəsinə müvafiq olaraq zəruri tədbirlər görür.

4.6. Müşahidə Şurasının iclaslarının keçirilmə qaydası müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

4.6.1. Müşahidə Şurasının növbəti və növbədənkənar iclasları keçirilə bilər. Növbəti iclasın ehtimal olunan yeri və vaxtı ən geci Müşahidə Şurasının cari iclasında müəyyən edilir. İclasın keçirilmə yeri və vaxtı, həmçinin iclasın keçirilməsi ilə bağlı hər hansı dəyişikliklər olduqda bu barədə bankın Müşahidə Şurasının üzvləri, habelə aidiyyəti struktur bölmələri əvvəlcədən məlumatlandırılmalıdır;

4.6.2. Müşahidə Şurasının hər bir üzvünə iclasın gündəliyi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) bildirişin verilməsi qaydası və müddəti müəyyən edilməlidir;

4.6.3. gündəliyə iclasda müzakirə olunacaq məsələləri əks etdirən dolğun və tam açıqlanmış yazılı materiallar əlavə edilməlidir. Müşahidə Şurasının hər bir üzvünə növbəti iclasın gündəliyi ilə birlikdə bankın daxili qaydaları ilə müəyyən edilmiş dövrilik üzrə təqdim edilməsi nəzərdə tutulan məlumat və hesabatlar da təqdim edilməlidir. Məlumat və hesabatlarda ən azı bankın maliyyə vəziyyəti və maliyyə dayanıqlılığı göstəriciləri, illik büdcənin təhlili, Mərkəzi Bank, vergi, icra və digər dövlət orqanları (qurumları) ilə bütün əhəmiyyətli yazışmalar (bankın fəaliyyətində aşkar olunmuş nöqsanlar, məcburi göstərişlər, sərəncamlar və s.) və nəzərdə tutulan tədbirlər planı, bank fəaliyyətini tənzimləyən hüquqi çərçivədə yeniliklər, daxili və kənar auditin təklifləri, tövsiyələri və onların icra vəziyyəti, bankın məruz qaldığı risklərin təhlili əhatə olunmalıdır;

4.6.4. gündəlik Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri, habelə mühüm iştirak payına malik olan səhmdarlar və ya səsvermə hüququ olan səhmlərin azı 5 (beş) faizinin mülkiyyətçiləri olan səhmdarlar tərəfindən verilən təkliflər nəzərə alınmaqla tərtib olunur. İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilir. Gündəlikdə nəzərdə tutulmayan təxirəsalınmaz və gözlənilməz məsələlərin müzakirəsinə və müvafiq qərarların qəbul edilməsinə həmin iclasda Müşahidə Şurasının bütün üzvləri iştirak etdikdə və sadə səs çoxluğu ilə razılıq olduqda yol verilir;

4.6.5. iclasda müzakirə edilən məsələ ilə bağlı Qanunun 28-ci maddəsinə müvafiq olaraq Müşahidə Şurasının üzvünün açıqladığı marağı barədə məlumat iclas protokoluna daxil edilir.

4.7. Müşahidə Şurasının üzvləri iclaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə iştirak edə bilərlər. İclas protokolunda üzvün telekommunikasiya və ya elektron poçt vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı, yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda azı üç il müddətində bankda saxlanılmalıdır. Müşahidə Şurasının hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir. Müşahidə Şurasının sədri iclasda iştirak edə bilmədikdə onu Müşahidə Şurasının sədrinin müavini, müavin olmadıqda isə Müşahidə Şurasının iclasında səsvermə əsasında təyin edilmiş Müşahidə Şurasının digər üzvü əvəz edə bilər. Müşahidə Şurasının hər hansı bir üzvü ardıcıl olaraq üç iclasda şəxsən iştirak etmədikdə Müşahidə Şurasının sədri, yaxud onu əvəz edən şəxs sonuncu iclas tarixindən 5 (beş) iş günündən gec olmayaraq bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

4.8. Müşahidə Şurasının iclaslarının nəticələrinə dair protokollar rüblük əsasda, növbəti ayın sonundan gec olmayaraq Mərkəzi Banka təqdim edilir.

5.1. Müşahidə Şurasının hər bir üzvü aşağıdakı fidusiar vəzifələri daşıyır:

5.1.1. bankın maliyyə vəziyyətindən, habelə onun bütün mühüm əməliyyatlarından xəbərdar olmalı və daxili komitələr tərəfindən təqdim olunmuş hesabatları mütəmadi olaraq təhlil etməlidir;

5.1.2. bank və digər maliyyə sektorlarında baş verən mühüm hadisələr və mövcud olan meyillər haqqında məlumatlı olmalıdır;

5.1.3. bankın mənafelərini qorumaq məqsədi ilə yalnız öz şəxsi mühakiməsinə və daxili inamına əsaslanaraq qərar qəbul etməli və səs verməlidir;

5.1.4. səsvermə və ya qərar qəbul etmə zamanı hər hansı bir səhmdarın və ya səhmdarlar qrupunun maraqlarına üstünlük verməməli və ya onların göstərişləri ilə hərəkət etməməlidir, bankın mənafeyinə uyğun olmayan və ya uzunmüddətli risklər hesabına qısamüddətli gəlirin əldə edilməsinə yönəlmiş qərarların qəbul edilməsinə yol verməməlidir;

5.1.5. bankın qanuni maraqlarını qorumalı, bankı, Müşahidə Şurasının digər üzvlərini və bank inzibatçılarını ictimaiyyət qarşısında tənqid etməməlidir;

5.1.6. öz biznes fəaliyyətinin banka mənfi təsir etməsinə yol verməməlidir;

5.1.7. vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı bank, onunla banka aidiyyəti olan şəxslər, müştərilər və bankla biznes əlaqəsi olan başqa şəxslər haqqında ona məlum olan hər hansı bir konfidensial məlumatı, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir şəxsə açıqlamamalıdır;

5.1.8. bankda daxili nəzarət, maliyyə fəaliyyətinin nəticələri və strateji planın icrası ilə bağlı problemləri bankın aidiyyəti vəzifəli şəxsləri ilə müzakirə etməlidir;

5.1.9. Audit Komitəsinin müstəqil olmasını təmin etməlidir;

5.1.10. daxili auditorların fəaliyyətinin müstəqilliyini təmin etməli, yalnız Audit Komitəsinə daxili audit planının əsas istiqamətlərini müəyyən edən tövsiyələr verməli və daxili audit bölməsinin Audit Komitəsinə tabe olmasını təmin etməlidir;

5.1.11. daxili auditorlara bankın əməkdaşları tərəfindən bank və banka aidiyyəti olan şəxslər haqqında bütün lazımi məlumatların və sənədlərin verilməsini təmin etməlidir;

5.1.12. ildə ən azı bir dəfə İdarə Heyəti üzvlərinin peşəkarlığını, bankın mənfəətlə işləməsində, maliyyə vəziyyətinin sabit olmasında və strateji məqsədlərə vaxtında nail olunmasında onların xidmətlərini, habelə tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməlidir;

5.1.13. Bu Standartların 12.2.10-cu və 12.2.10-1-ci yarımbəndləri nəzərə alınmaqla bankın Müşahidə Şurası ESİ risklərinin və fürsətlərin idarə edilməsi ilə bağlı Müşahidə Şurasının komitələrinin, İdarə Heyətinin və aidiyyəti struktur bölmələrinin vəzifə və səlahiyyətlərinin dəqiq bölgüsünü müəyyən etməli və bankda bu risklərin idarə edilməsinə nəzarəti həyata keçirməlidir.

6.1. Müşahidə Şurasının say tərkibi Qanunun 25.2-ci bəndinin tələbi nəzərə alınmaqla bankın ölçüsünə və fəaliyyətinin mürəkkəbliyinə uyğun olaraq müəyyən edilir.

6.2. Müşahidə Şurası bankın fəaliyyəti sahəsində müxtəlif bacarıq, ixtisas və təcrübəyə malik üzvlərdən təşkil olunmalı, habelə Şuranın tərkibində gender müxtəlifliyi prinsipi də nəzərdən keçirilməlidir.

6.3. Müşahidə Şurasının üzvlərinin azı üçdə biri müstəqil üzv olmalıdır (hesablamada nəticə bir yuxarı tam rəqəmə qədər yuvarlaqlaşdırılır (məsələn, Müşahidə Şuranın üzvlərinin sayı 5 (beş) olduqda müstəqil üzv sayına tələb 2 (iki), Müşahidə Şuranın üzvlərinin sayı 7 (yeddi) olduqda isə müstəqil üzv sayına tələb 3 (üç) kimi müəyyən edilir). Müşahidə Şurasının müstəqil üzvü aşağıdakı meyarların hamısına cavab verməlidir:

6.3.1. bu Standartların 6.3-1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, müstəqil üzv vəzifəsinə irəli sürüldüyü tarixdə həmin şəxs bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxslər yalnız müəyyən fasilədən (“cooling off”) sonra müstəqil üzv təyin oluna bilərlər. Fasilə müddəti şəxsin bankda işlədiyi müddətin azı üçdə ikisini (azı üç il) təşkil etməlidir;

6.3.2. aşağıdakı hallar istisna olmaqla, son 3 (üç) ildə banka aidiyyəti olan şəxsin əməkdaşı olmamalıdır:

6.3.2.1. həmin şəxs yerli bankın xarici törəmə bankının, yerli törəmə bankın əsas cəmiyyəti olan xarici bank və ya xarici bank holdinq şirkətinin, habelə həmin əsas cəmiyyətin digər ölkələrdə törəmə bankının Müşahidə Şurasının müstəqil üzvü olduqda, bu şərtlə ki, xarici hüquqi şəxsin və ya xarici törəmə bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanından onun müstəqil üzv olduğuna dair əldə edilmiş sənəd Mərkəzi Banka təqdim edilsin;

6.3.2.2. həmin şəxs bankın səhmdarı olan çoxtərəfli inkişaf bankının və beynəlxalq maliyyə təşkilatının bankın fəaliyyətinə cəlb olunmamış əməkdaşı və ya məsləhətçisi olduqda;

6.3.3. idarəetmə orqanlarında “çarpaz təmsilçi” olmamalıdır (məsələn, bankın Müşahidə Şurasının üzvünün digər hüquqi şəxsin icra orqanının, həmin hüquqi şəxsin müşahidə şurasının üzvünün isə bankın icra orqanının üzvü olması);

6.3.4. bankın və ya banka aidiyyəti olan şəxsin 2%-dən çox imtiyazlı səhmlərinə və ya həcmindən asılı olmayaraq adi səhmlərinə malik olmamalıdır;

6.3.5. son 3 (üç) ildə bankın və ya banka aidiyyəti olan şəxsin müşahidə şurasının və icra orqanının rəhbəri və üzvləri (banka aidiyyəti olan şəxsin müşahidə şurasının müstəqil üzvü istisna olmaqla), habelə 2%-dən çox imtiyazlı səhmlərinə və ya həcmindən asılı olmadan adi səhmlərinə malik səhmdarları ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqəsi olmamalıdır;

6.3.6. son 3 (üç) ildə bankın kənar auditini aparmamalıdır;

6.3.7. son 3 (üç) ildə bankın aktivinin 0.025%-dən yuxarı həcmə malik dəyərdə müqavilə tərəfi, o cümlədən kənar xidmət təminatçısı, habelə bankın aktivinin 0.025%-dən yuxarı həcmdə aktivə və ya öhdəliyə malik bankın müştərisi olmamalıdır (bu göstərici əməliyyatların növləri üzrə ayrılıqda hesablanır (məsələn, şəxsin təyin və ya bu Standartların 6.5-ci bəndinə müvafiq qaydada dövri qiymətləndirmə tarixinə bankın kredit tələblərinin bankın həmin tarixə aktivlərinə nisbəti və analoji olaraq depozitlərin aktivlərə nisbəti hesablanır). Eyni zamanda, bu yarımbənddə qeyd edilən meyarlara uyğun bankın hüquqi şəxs olan müqavilə tərəfinin, o cümlədən kənar xidmət təminatçısının və müştərisinin idarəetmə orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmamalıdır;

6.3.9. yuxarıda qeyd olunanlardan əlavə, müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır.

6.3-1. Aşağıdakı şəxslər Müşahidə Şuranın müstəqil üzvü kimi bu Standartların 6.3.1-ci yarımbəndində nəzərdə tutulmuş fasilə müddəti tətbiq olunmadan təyin edilə bilər:

6.3-1.1. bankda Müşahidə Şurasının üzvü olan şəxs;

6.3-1.2. bankın Müşahidə Şurasının üzvü olmuş və sonradan bankda digər vəzifə tutmayan şəxs;

6.3-1.3. Müşahidə Şurasının komitələrində üzv olan (olmuş) və bankda başqa vəzifə tutmayan (tutmamış) şəxs.

6.3-2. Bu Standartların 6.3-1-ci bəndinin müddəaları bankda ümumilikdə 9 (doqquz) ildən, 08.09.2024-cü il tarixindən sonra təyin olunmuş şəxslərə münasibətdə isə 6 (altı) ildən artıq çalışmış (o cümlədən Müşahidə Şurasının müstəqil üzvü kimi çalışmış) şəxslərə şamil edilmir.

6.3-3. Şəxs Müşahidə Şurasının və ya Müşahidə Şurasının komitələrinin üzvü olduğu dövrün azı üçdə iki hissəsinə (azı 3 (üç) il) bərabər müddətdə bankda çalışmadıqda, bu Standartların 6.3-2-ci bəndində nəzərdə tutulmuş müddət yenidən təyin olunma anından hesablanır.

6.4. Bu Standartların 6.3-cü və 6.3-2-ci bəndlərində nəzərdə tutulmuş müddət tələbləri bu Standartların qüvvəyə mindiyi tarixdən əvvəlki dövrü də əhatə edir.

6.5. Müşahidə Şurasının müstəqil üzvünün bu Standartların 6.3-cü bəndinin tələblərinə uyğunluğu onun Müşahidə Şurasına müstəqil üzv kimi təyin olunması zamanı, habelə bankdakı bütün fəaliyyəti dövründə təmin olunmalıdır. Bu məqsədlə həmin üzvlərin müvafiq tələblərə uyğunluğu bankın daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə qiymətləndirilir.

6.6. Bu Standartların 6.3-2-ci və 6.3-3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, şəxs bankda Müşahidə Şurasının müstəqil üzvü kimi təyin olunduğu tarixdən 6 (altı) ildən artıq müddətdə müstəqil üzv ola bilməz.

7.1. Bankda idarəetmənin effektivliyini artırmaq və risklərə nəzarəti gücləndirmək məqsədi ilə Müşahidə Şurası tərəfindən Müşahidə Şurasının komitələri (bundan sonra – komitə) yaradılır. Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, qərarların qəbul edilməsi qaydası bu sənədin tələbləri nəzərə alınmaqla onların əsasnamələri ilə müəyyən edilir. Komitələr öz fəaliyyətində İdarə Heyətindən asılı deyil və Müşahidə Şurası qarşısında hesabat verirlər.

7.2. Hər bir bankda Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi və Korporativ İdarəetmə Komitəsi yaradılır.

7.3. Bu Standartların 7.2-ci bəndinə əlavə olaraq bankın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə bankın sistem əhəmiyyətliliyi, risk profili, habelə fəaliyyətinin mürəkkəbliyi və xüsusiyyəti nəzərə alınmaqla bankda Komplayens Komitəsi və (və ya) Müşahidə Şurasının fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə digər komitələr yaradıla bilər. Bankda Komplayens Komitəsi yaradılmadığı halda bankın fəaliyyətinin qanunvericiliyin, maliyyə bazarlarını tənzimləyən hüquqi aktların və bankdaxili qaydaların tələblərinə uyğunluğunun təmin edilməsi funksiyası Riskləri İdarəetmə Komitəsi tərəfindən həyata keçirilir.

7.4. Komitələr onların iclaslarında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitələrin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitələrin üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər. Səslər bərabər olduqda komitə sədrinin səsi həlledici sayılır.

7.5. Komitələrin üzvləri iсlaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə ilə iştirak edə bilərlər. İclas protokolunda üzvün telekommunikasiya və ya elektron poçt vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda azı üç il müddətində bankda saxlanılmalıdır. Komitənin hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir.

7.6. Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi, Korporativ İdarəetmə Komitəsi və Komplayens Komitəsinin (yaradıldığı halda) tərkibi üzrə bu Standartların 8 – 10-cu hissələrində müəyyən edilmiş tələblər nəzərə alınmaqla aşağıdakılar təmin edilməlidir:

7.6.1. komitələrin tək sayda azı üç nəfər üzvü olmalıdır;

7.6.2. komitələr Müşahidə Şurasının üzvlərindən, Müşahidə Şurasının üzvlərinin sayı, biliyi, bacarığı və ya təcrübəsi komitənin fəaliyyətinə yetərli olmadığı hallarda isə müstəqil kənar üzvlərdən ibarət ola bilər.

7.6.3. komitənin sədrləri və üzvləri Müşahidə Şurası tərəfindən təyin edilir;

7.6.4. komitənin sədrləri Müşahidə Şurasının üzvləri sırasından təyin edilir;

7.6.5. komitələrin ən azı 1 (bir) üzvü Müşahidə Şurasının müstəqil üzvüdür;

7.6.6. komitə üzvlərinin bilik, bacarıq və təcrübəsi komitənin fəaliyyətinə uyğun olmalıdır. Uyğunluq komitə üzvlərinin təyini zamanı Müşahidə Şurası tərəfindən nəzərə alınmalıdır;

7.6.7. bankın səhmdarları Audit Komitəsinin, Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü ola bilməzlər.

7.7. Komitələnin müstəqil kənar üzvü aşağıdakı meyarların hamısına cavab verməlidir:

7.7.1. təyinat tarixində bankın Müşahidə Şurasının üzvü olmamalıdır;

7.7.2. aşağıdakı şəxslər istisna olmaqla təyinat tarixinədək azı son 2 (iki) ildə bankda çalışmamalıdır:

7.7.2.1. bankın Müşahidə Şurasının üzvü olmuş və sonradan bankda digər vəzifə tutmayan şəxs;

7.7.2.2. Müşahidə Şurasının komitələrində üzv olan (olmuş) və bankda başqa vəzifə tutmayan (tutmamış) şəxs.

7.7.3. Qanunun inzibatçılara dair 10.1-ci, 10.2.1-ci, 10.2.2-ci, 10.2.3-cü, 10.2.9-cu maddələrində müəyyən edilmiş tələblərə cavab verməlidir;

7.7.4. komitənin üzvü olduğu müddətdə yerli bankın xarici törəmə bankında, yerli törəmə bankın əsas cəmiyyəti olan holdinq şirkətində, xarici bank və ya xarici bank holdinq şirkətində, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən digər bankda və xarici bankların yerli filialında vəzifə tutmamalıdır;

7.7.5. son 2 (iki) ildə bankın idarəetmə orqanının üzvləri, habelə bankın struktur bölmə rəhbərləri ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqəsi olmamalıdır;

7.7.6. bankın 2%-dən çox imtiyazlı səhmlərinə və ya həcmindən asılı olmadan adi səhmlərinə malik olmamalıdır;

7.7.7. son 2 ildə bankın aktivinin 0.025%-dən yuxarı həcmə malik dəyərdə müqavilə tərəfi, o cümlədən kənar xidmət təminatçısı, habelə bankın aktivinin 0.025%-dən yuxarı həcmdə aktivə və ya öhdəliyə malik bankın müştərisi olmamalıdır. Eyni zamanda, bu bənddə qeyd edilən meyarlara uyğun bankın hüquqi şəxs olan müqavilə tərəfinin, o cümlədən kənar xidmət təminatçısının və müştərisinin idarəetmə orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmamalıdır;

7.7.8. yuxarıda qeyd olunanlardan əlavə, müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır.

8.1. Audit Komitəsinin tərkibi üzrə bu Standartların 7.6-ci bəndində nəzərdə tutulmuş tələblərə əlavə olaraq aşağıdakılar da təmin edilməlidir:

8.1.1. Audit Komitəsinin azı üçdə bir hissəsi (hesablamada nəticə bir yuxarı tam rəqəmə qədər yuvarlaqlaşdırılır) Müşahidə Şurasının üzvlərindən təşkil edilir. Qalan hissə müstəqil kənar üzvlərdən formalaşdırıla bilər;

8.1.2. Audit Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz;

8.1.3. Müşahidə Şurasının sədri Audit Komitəsinin üzvü ola bilməz;

8.2. Audit Komitəsi Qanunda və “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətlərdən başqa aşağıdakı vəzifələri də yerinə yetirir:

8.2.1. bankın uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət edir;

8.2.2. bankın maliyyə və prudensial hesabatlarının şəffaflığına, tamlığına, hesabatların informasiya təhlükəsizliyinə dair tələblərə əməl edilməklə hazırlanmasına, bankın fəaliyyətinin qanunvericiliyə və bu Standartların tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət edir;

8.2.3. bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirir;

8.2.4. daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir;

8.2.5. il ərzində bankda aparılmış daxili audit yoxlamaları barədə hesabatı hər təqvim ili başa çatdıqdan sonra növbəti rübün sonunadək Mərkəzi Banka təqdim edir, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların təqdim edilməsini təmin edir;

8.2.6. daxili audit bölməsinin əsasnaməsi və onun saxlanılması xərcləri haqqında Müşahidə Şurasına təklif verir;

8.2.7. daxili auditorların əmək haqqı məbləğləri, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması barədə bankın Müşahidə Şurasına təkliflər verir;

8.2.8. kənar auditorla auditin başlanmasından əvvəl görüşür, kənar auditlə əlaqədar bankın və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin edir;

8.2.9. kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb edir, həmçinin həmin məlumatları və auditin nəticələrini kənar auditorla müzakirə edir.

8.3. Audit Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq, Müşahidə Şurasının növbəti iclasından ən azı 5 (beş) iş günü əvvəl keçirilir.

8.4. Audit Komitəsinin iclaslarına İdarə Heyətinin sədri və digər üzvləri, kənar auditor, bankın daxili audit, komplayens, risklərin idarə edilməsi, maliyyə idarəetməsi və digər funksiyaların rəhbər şəxsləri səsvermə hüququ olmadan dəvət edilə bilər.

8.5. Bankın təsdiq edilmiş daxili audit planında nəzərdə tutulmamış daxili audit yoxlaması səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının qərarı, habelə bankın adi səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və ya İdarə Heyətinin tələbi əsasında həyata keçirilir. Bununla əlaqədar Audit Komitəsi zəruri tədbirlər görür.

9.1. Riskləri İdarəetmə Komitəsinin tərkibi üzrə bu Standartların 7.6-cı bəndində nəzərdə tutulmuş tələblərə əlavə olaraq aşağıdakılar da təmin edilməlidir:

9.1.1. Riskləri İdarəetmə Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz;

9.1.2. Riskləri İdarəetmə Komitəsinin ən azı 1 (bir) üzvü risklərin idarə edilməsi üzrə, digər üzvləri isə iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları, audit, hüquq və ya bank fəaliyyəti ilə əlaqədar digər sahələr üzrə ən azı 5 (beş) illik iş təcrübəsinə malik olmalıdır.

9.2. Riskləri İdarəetmə Komitəsinin əsas vəzifələri aşağıdakılardır:

9.2.1. risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi siyasətinə və qaydalarına, risk limitlərinə, habelə onlara dəyişikliklərə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;

9.2.2. məcmu və ayrı-ayrı risk növləri üzrə bankın cari və gələcəkdəki risk iştahasına, habelə risk iştahasına əməl edilməsi üzrə indikatorlara dair Müşahidə Şurasına təkliflər verir;

9.2.3. bankın risklərin idarə edilməsi siyasətini azı ildə bir dəfə nəzərdən keçirir;

9.2.4. bankın fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə İdarə Heyəti tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət edir;

9.2.5. bankın risk mədəniyyətinin vəziyyətinə, habelə risklərin idarə edilməsi siyasətindən, risk limitlərindən kənarlaşmasına dair Müşahidə Şurasına hesabat verir;

9.2.6. baş risk inzibatçısı ilə əməkdaşlıq edir və onun fəaliyyətinə nəzarət edir;

9.2.7. kapital və likvidliyin idarəedilməsi üzrə bankın hədəflərinin, habelə banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin bankın risk iştahasına uyğunluğuna nəzarət edir;

9.2.8. baş risk inzibatçısından və aidiyyəti struktur bölmələrdən bankın cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat alır;

9.2.9. illik əsasda tərtib edilmiş stres-testlər istisna olmaqla, yarımillik və digər dövrilikdə tərtib edilmiş stres-testlərin nəticələrini və tədbirlər planını təsdiq edir;

9.2.10. illik əsasda tərtib edilmiş stres-testlərin nəticələrinə və tədbirlər planına baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir.

9.3.Riskləri İdarəetmə Komitəsinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir və iclasın nəticələri barədə Müşahidə Şurasına hesabat verilir. Baş risk inzibatçısı, o işdə olmadıqda risklərin idarə edilməsi bölməsinin rəhbəri Riskləri İdarəetmə Komitəsinin iclaslarında iştirak edir. Riskləri İdarəetmə Komitəsinin iclaslarına İdarə Heyətinin sədri və digər üzvləri, habelə bankın struktur bölmələrinin rəhbər şəxsləri dəvət edilə bilər.

9.4. Bankda operativ məlumat mübadiləsinin təmini və bütün risklərin səmərəli şəkildə idarə olunması məqsədilə Riskləri İdarəetmə Komitəsi ilə Audit Komitəsi arasında effektiv kommunikasiya və koordinasiya təşkil olunmalıdır.

10.1. Korporativ İdarəetmə Komitəsi bankda korporativ idarəetmə, mükafatlandırma və təyinat üzrə funksiyaları yerinə yetirir.

10.2. Komitənin korporativ idarəetməyə dair əsas vəzifələri aşağıdakılardır:

10.2.1. bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət edir, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırır, onların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər verir;

10.2.2. korporativ idarəetmə ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər verir;

10.2.3. bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin edir.

10.3. Komitənin mükafatlandırmaya dair əsas vəzifələri aşağıdakılardır:

10.3.1. bu Standartların 18-ci hissəsində göstərilən prinsipləri rəhbər tutaraq bankın mükafatlandırma siyasətini hazırlayır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;

10.3.2. mükafatlandırma prosesinə nəzarəti həyata keçirir, o cümlədən azı ildə bir dəfə Riskləri İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirir;

10.3.3. mükafatlandırmanın həcmi üzrə təklifləri bu Standartların 18-ci hissəsinə uyğun olaraq bankın müvafiq idarəetmə orqanına təqdim edir;

10.3.4. xüsusi kateqoriyaya aid olan işçilər üzrə əsas fəaliyyət indikatorlarının icrasını qiymətləndirir;

10.3.5. daxili və kənar hadisələrin bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirir.

10.4. Komitənin təyinatlara dair əsas vəzifələri aşağıdakılardır:

10.4.1. Müşahidə Şurası, İdarə Heyəti və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy verir;

10.4.2. Müşahidə Şurası, onun Komitələri və İdarə Heyəti üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət edir;

10.4.3. Müşahidə Şurasının və Müşahidə Şurasının komitələrinin müstəqil üzvlərinin təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyənləşdirir;

10.4.4. Bu Standartların 11.1-ci bəndində nəzərdə tutulmuş hallarda müstəqil kənar ekspertin seçilməsi meyarlarını müəyyənləşdirir.

10.5. Korporativ İdarəetmə Komitəsi dəyişən mükafatın həcminin və mükafatlandırma siyasətinin hazırlanması zamanı bankın nəzarət funksiyasında fəaliyyət göstərən bölmələrindən və digər komitələrdən dəstək ala bilər.

10.6. Korporativ İdarəetmə Komitəsi bankın insan resursları siyasətinin tətbiqinə nəzarətin həyata keçirilməsinə cəlb olunur.

11.1. Hər bir bankda Müşahidə Şurasının və onun komitələrinin vəzifə öhdəliklərini effektiv icra etməsi üçün xüsusi bilik və bacarıq tələb edən məsələlərdə müstəqil kənar ekspert xidmətindən istifadə imkanı yaradılır.

11.2. Müstəqil kənar ekspert xidmətindən istifadənin xərci bank tərəfindən qarşılanır.

11.3. Müstəqil kənar ekspertlə bank arasında maraqlar münaqişəsinə yol verilməməlidir. Müstəqil kənar ekspert Müşahidə Şurasının və onun komitələrinin iclaslarında və qərarvermə prosesində iştirak etməməli və onun məsləhətləri obyektiv və müstəqil olmalıdır.

11.4. Hər bir bankda Müşahidə Şurasının, Müşahidə Şurasının sədrinin və Müşahidə Şurasının komitələrinin səmərəli fəaliyyətinə dəstək olmaq məqsədilə Korporativ katib funksiyası yaradılır. Şuranın bütün üzvlərinin Korporativ katibin məsləhət və xidmətlərinə çıxış imkanı olur.

11.5. Korporativ katibin vəzifəyə təyini və vəzifədən azad edilməsi Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Banka aidiyyəti olan şəxs korporativ katib vəzifəsinə təyin edilə bilməz.

11.6. Korporativ katib azı aşağıdakı tələblərə cavab verməlidir:

11.6.1. maliyyə bazarları sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;

11.6.2. hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsili olmalıdır.

11.7. Korporativ katibin səmərəli fəaliyyətini təmin etmək məqsədilə bankın Müşahidə Şurasının qərarı ilə Korporativ katibin Aparatı yaradıla bilər. Korporativ katibin Aparatı yaradıldıqda bankdaxili qaydalarda aparat işçilərinin sayı, tərkibi və vəzifələri müəyyən edilir.

11.8. Korporativ katibin mükafatlandırılması Korporativ İdarəetmə Komitəsi tərəfindən müəyyən edilir.

11.9. Korporativ katib azı aşağıdakı vəzifələri yerinə yetirir:

11.9.1. Müşahidə Şurasının bütün üzvləri ilə səmərəli işləmək, onlara qərəzsiz məsləhətlər vermək və bankın məqsədlərinə uyğun hərəkət edir;

11.9.2. Müşahidə Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər verir, onunla birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən edir;

11.9.3. Müşahidə Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin edir, o cümlədən təlimlər təşkil edir və peşəkar inkişafına dəstək göstərir (bu tədbirlər Müşahidə Şurası üzvlərinin fəaliyyətinin effektivliyinin artırılması məqsədini daşımalı və onların qiymətləndirmə nəticələri ilə uyğunluq təşkil etməlidir);

11.9.4. Müşahidə Şurası üzvlərinin vəzifə öhdəliklərini effektiv icra etməsi üçün müstəqil kənar ekspert xidmətinə çıxışı təmin edir;

11.9.5. səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir. Həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;

11.9.6. Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;

11.9.7. Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;

11.9.8. bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.

12.1. İdarə Heyəti bankın idarə olunmasını və fəaliyyətinin həyata keçirilməsini, maliyyə nəzarəti sisteminin maliyyə idarəetməsi və hesabatlılıq tələblərinə uyğun olmasını, bankın büdcəsinin yerinə yetirilməsini, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanlarına (qurumlarına) hesabatların təqdim edilməsini və onların dürüstlüyünü təmin edir.

12.2. İdarə Heyəti aşağıdakı əsas vəzifələri icra edir:

12.2.1. bankın strateji baxışı və missiya bəyanatının layihələrini hazırlayır;

12.2.2. strateji baxış və missiya bəyanatı əsasında strateji planı hazırlayır;

12.2.3. təsdiq olunmuş strateji planın icra olunmasını təmin edir;

12.2.4. azı yarım ildə bir dəfə strateji planın icrasını təhlil edir və nəticələri barədə Müşahidə Şurasına hesabat verir;

12.2.5. strateji plana hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında yenidən baxır və tələb olunduqda düzəlişlər edilməsi barədə Müşahidə Şurasına təkliflər verir;

12.2.6. illik maliyyə hesabatlarının məlumat istifadəçilərinə vaxtında açıqlanmasını təmin edir;

12.2.7. maliyyə planlaşdırılması sistemini yaradır və illik büdcənin icra vəziyyətini təhlil edir;

12.2.8. baş maliyyə inzibatçısının rəhbərliyi altında tərtib olunmuş bankın illik büdсəsinə razılıq verir və büdcə ilinin başlanmasından əvvəl səhmdarların ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının təsdiqinə təqdim edir;

12.2.9. risklərin idarə edilməsi siyasətinin həyata keçirilməsini təmin edir;

12.2.10. bankın məruz qaldığı riskləri, o cümlədən ESİ risklərini ölçür, təhlil edir və aşkar edilən zəifliyin aradan qaldırılması üçün zəruri tədbirlər görür;

12.2.10-1. yaşıl imitasiyanın qarşısının alınması ilə bağlı nəzarət mexanizmlərinin qurulmasını və dayanıqlılıq göstəriciləri haqqında açıqlanan məlumatların düzgünlüyünü və şəffaflığını təmin edir;

12.2.11. yeni bank məhsulunun tətbiqi barədə qərar qəbul edir;

12.2.12. risklər və onların idarə edilməsinə dair Riskləri İdarəetmə Komitəsinə hesabatları təqdim edir;

12.2.13. risklərin idarə edilməsi bölməsinin bankın risklərinə adekvat şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradır;

12.2.14. fövqəladə hallar planına Riskləri İdarəetmə Komitəsi ilə birgə baxır və Müşahidə Şurasına təqdim edir;

12.2.15. bankın digər struktur bölmələrinin risklərin idarə edilməsi bölməsi ilə əməkdaşlığını təmin edir, habelə onun fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;

12.2.16. Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla və Müşahidə Şurası tərəfindən səlahiyyət verildiyi halda bankdaxili qaydaları təsdiq edir.

12.3. İdarə Heyəti fəaliyyəti barədə Müşahidə Şurasına hesabat verir.

12.4. İdarə Heyəti daxili nəzarət və risklərin idarə edilməsi sistemində üzərinə düşən vəzifələri peşəkarcasına və vicdanla həyata keçirməlidir.

12.5. Bankın bir və ya bir neçə struktur bölməsinə (daxili audit bölməsi istisna olmaqla) birbaşa və ya dolayı nəzarət (kurasiya) yalnız İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.

12.6. İdarə Heyətinin üzvü olan baş maliyyə inzibatçısı aşağıdakı əsas vəzifələri icra edir:

12.6.1. maliyyə idarəetməsinin və hesabatlığının metodlarını, daxili prosedurlarını, o cümlədən rəhbərliyə təqdim olunan hesabatları və maliyyə nəzarəti mexanizmlərini əhatə edən uçot siyasəti hazırlayır;

12.6.2. mühasibat, hesabatlıq və maliyyə nəzarəti, habelə İdarə Heyətinin digər üzvü tərəfindən nəzarət olunmadıqda bankın xəzinədarlıq, aktiv və passivlərin idarə edilməsi funksiyalarını yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasını təmin edir.

13.1. Bankda onun əməliyyatlarının növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə, o cümlədən ESİ risklərinə uyğun olan risklərin idarə edilməsi sistemi yaradılmalıdır. Risklərin idarə edilməsi sistemi özündə 3 (üç) müdafiə xəttini birləşdirir:

13.1.1. birinci müdafiə xətti: fəaliyyətləri banka birbaşa risklər yaradan və məhsul, xidmət, fəaliyyət, proses və sistemlər üzrə risklərin ilkin mərhələdə müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, hesabatlığı və monitorinqinə məsul struktur bölmələr, o cümlədən bankın filial və şöbələri daxildir;

13.1.2. ikinci müdafiə xətti: bankda risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur bölmələr daxildir;

13.1.3. üçüncü müdafiə xətti: birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan bankın daxili audit funksiyasını həyata keçirən struktur bölməsi daxildir.

13.1-1. Fərqli müdafiə xətlərinə aid olan funksiyalar eyni struktur bölmə tərəfindən icra edilməməlidir.

13.2. Bankın risk iştahası bəyannaməsi, risklərin idarə edilməsinin təşkilati strukturu, risklərin idarə edilməsi siyasəti, risk limitləri, yeni məhsul və xidmətlər üzrə risklərin idarə edilməsi, məlumatların icmallaşdırılması və risk hesabatlığı və fövqəladə hallar planı risklərin idarə edilməsi sisteminin əsas elementləridir.

13.3. Bankın risk iştahası bəyannaməsində maddi əhəmiyyət daşıyan risklər tam əhatə edilməli və risk iştahası bankın biznes strategiyasına uyğun olmalıdır. Bəyannamə ilə bankın məruz qaldığı riskləri əhatə edən risk iştahasının kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dözümlülük zonaları müəyyən edilir və kənarlaşmalar baş verdikdə bankın tədbirləri müəyyən edilir. Bəyannaməyə hər təqvim ili başa çatdıqdan sonra növbəti ilin birinci rübü ərzində ötən ilin nəticələri əsasında yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir. Risk iştahası bəyannaməsinin göstəricilərinin dözümlülük zonalarına uyğunluğu aylıq əsasda monitorinq olunur.

13.4. Risklərin idarə edilməsi siyasəti ən azı risklərin idarə edilməsi işinin təşkilini, o cümlədən səlahiyyətlərin bölgüsünü, bankın fəaliyyət növləri, biznes prosesləri və informasiya sistemləri üzrə risklərin idarə edilməsi prosesini, habelə yeni fəaliyyət növləri və sistemlərin tətbiq edilməsinə bankın risk yanaşmasını əhatə edir. Risklərin idarə edilməsi siyasətinə ən azı ildə bir dəfə yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir.

13.5. Risk iştahasına uyğun olaraq, risk limitləri bankın ölçüsünə, risk profilinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi bank üzrə müəyyən edilir. Müşahidə Şurasının təsdiq etdiyi risk limitləri daxilində İdarə Heyəti tərəfindən alt limitlər təsdiq edilir. Risk limitləri daim monitorinq edilir, mövcud bazar şərtlərinə və bankın strategiyasına uyğun olaraq dəyişdirilir.

13.5-1. Bankın risk iştahası və risklərin idarə olunması sistemi bankın üzləşdiyi ESİ risklərini nəzərə almalı və onların müəyyənləşdirilməsi, ölçülməsi, izlənməsi və idarə olunması üçün effektiv mexanizmləri formalaşdırmalıdır.

13.6. Daxili nəzarət sistemi bankın fəaliyyətinin uzunmüddətli gəlirliliyini, etibarlı və şəffaf hesabatlıq sisteminin təşkilini, bank fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə uyğun olmasını, fövqəladə hallarda bankın fəaliyyətinin davamlığını təmin etməlidir.

13.7. Daxili nəzarət funksiyasına ikinci və üçüncü müdafiə xətti funksiyalarını (risklərin idarə edilməsi, komplayens, daxili audit) həyata keçirilən struktur bölmələri daxildir. Daxili nəzarət funksiyası üzrə ən azı aşağıdakılar təmin edilməlidir:

13.7.1. nəzarət funksiyasına daxil olan struktur bölmələrin səlahiyyətləri aydın göstərilməli, müstəqil olmalı, yoxladığı biznes xətləri və bölmələrindən asılılığı olmamalıdır;

13.7.2. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri eyni vaxtda fərqli icra xarakterli vəzifə icra etməməli, nəzarət funksiyasına daxil olan struktur bölmələrin əməkdaşları isə monitorinq etdiyi sahələr üzrə icra xarakterli öhdəlik daşımamalıdır;

13.7.3. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri birbaşa Müşahidə Şurasına və onun komitələrinə tələb olunduğu təqdirdə hesabat verməlidir;

13.7.4. nəzarət funksiyasına daxil olan struktur bölmələrin rəhbərləri Müşahidə Şurasının qərarı ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Vəzifədən azad edilmə barədə məlumat (işdən azad edilmənin səbəbləri və rəhbər vəzifəsinin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü ərzində Mərkəzi Banka bildirilməlidir;

13.7.5. nəzarət funksiyasına daxil olan struktur bölmələr vəzifələrini effektiv və obyektiv qaydada icra etmək üçün adekvat səviyyədə resursa (məsələn, peşəkar işçi heyəti, İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) və səlahiyyətə malik olmalıdır.

13.8. Bankın daxili nəzarət sisteminin davamlı əsasda monitorinqi aparılmalıdır. Bankın daxili nəzarət funksiyasına daxil edilən struktur bölmələr aşkar edilmiş və bankın maliyyə dayanıqlılığı göstəricilərinə neqativ təsir edəcək çatışmazlıqları bankın Müşahidə Şurasına, onun komitələrinə və İdarə Heyətinə dərhal, digər çatişmazlıqları isə bankdaxili qaydalarla müəyyən edilmiş dövrilikdə bildirməlidir.

14.1. Banklarda risklərin idarə edilməsinin təşkilati strukturu risklərin idarə edilməsi üzrə dəqiq müəyyənləşdirilmiş səlahiyyət və məsuliyyətləri, təşkilati strukturun bütün səviyyələri arasında əlaqə və məlumat axınını, struktur bölmələr və səlahiyyətli şəxslər arasında maraqlar münaqişəsinin yaranmasına qarşı tədbirləri, müstəqil və şəffaf qərar qəbuletmə prosesini və səmərəli hesabatlıq sistemini təmin edir.

14.2. Risklərin idarəedilməsi sisteminin yaradılmasının təmini, risklərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların və təşkilati strukturun, habelə risk iştahası bəyannaməsinin, risk limitlərinin və fövqəladə hallar planının təsdiqi, risklərin idarə edilməsi ilə bağlı İdarə Heyətinin işinə nəzarət, risklərin idarə edilməsi sisteminin effektivliyinin ən azı ildə bir dəfə qiymətləndirilməsi Müşahidə Şurası tərəfindən həyata keçirilir.

14.3. Risklərin idarə edilməsi sisteminin elementləri üzrə əsas icraçı bankın risklərin idarə edilməsini həyata keçirən mərkəzləşdirilmiş və ya bankın fəaliyyətinin həcminə və mürəkkəbliyinə uyğun olaraq, bir neçə struktur bölməsidir. Risklərin idarə edilməsi üzrə struktur bölmə(lər) əsasən risklərin qiymətləndirilməsi, təhlili, monitorinqi, hesabatlığı, aidiyyəti struktur bölmələrlə birgə stres-testlərin keçirilməsi və tədbirlər planının hazırlanmasına, habelə risklərin idarə edilməsi üzrə bankın daxili qaydalarının, risk iştahası bəyannaməsinin və bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planın hazırlanmasına məsuldur.

14.4. Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin rəhbərləri risklərin idarə edilməsi üzrə azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalı və vəzifəyə Riskləri İdarəetmə Komitəsinin təqdimatı ilə Müşahidə Şurası tərəfindən təyin olunmalıdır. Bölmənin əməkdaşlarının bankda istənilən məlumat bazasına, bankdaxili əməliyyat sistemlərinə, habelə daxili auditin hesabatlarına çıxışı təmin olunmalıdır.

14.5. Risklərin idarə edilməsi prosesində bankın biznes funksiyalarını həyata keçirən struktur bölmələri gündəlik fəaliyyətində öz səlahiyyəti daxilində riskləri idarə edir və aidiyyəti risk limitlərinə riayət olunmasını təmin edir. Risklərin idarə edilməsi prosesində bankın Riskləri İdarəetmə Komitəsinin, İdarə Heyətinin, baş risk inzibatçısının və daxili audit bölməsinin səlahiyyətləri bu Standartlarda müəyyən edilmişdir.

14.6. Risklərin idarə edilməsi prosesi bankda risklərin effektiv idarə edilməsi üçün lazımi prosedur və qiymətləndirmə metodologiyalarını əhatə edir. Bank fəaliyyətində yaranan risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları bankın risk profilinin həcmi və mürəkkəbliyinə uyğun tətbiq edilir. Risklərin qiymətləndirilməsi prosesində ESİ riskləri də nəzərə alınmalıdır.

14.7. Hər bir bankda onun risk profilinə mənfi təsir edə biləcək hadisələrin müəyyən edilməsi və qiymətləndirilməsi üçün bankın həcmindən və onun fəaliyyətinin mürəkkəbliyindən asılı olaraq stres-test modelləri hazırlanır. Stres-testlər Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

14.8. Bank yeni məhsul və ya xidmət təqdim edərkən, o cümlədən layihələrin icrasına başlayarkən qabaqcadan və təqdim olunduqdan sonra bunun bankın strategiyasına uyğunluğunun və risk profilinə təsirinin təhlilini aparır, habelə əlaqəli riskləri müəyyən edir. Qiymətləndirmələr risklərin idarə edilməsi və komplayens funksiyalarını həyata keçirən struktur vahidləri tərəfindən aparılır və qiymətləndirmə nəticələri Riskləri İdarəetmə Komitəsinə təqdim edilir.

14.9. Hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur. Planda fövqəladə halların təsnifləşdirilməsi, məsul şəxslərin səlahiyyətləri, risklərə qarşı tədbirlər, cəlb ediləcək kapital vəsaitlərinin mənbəyi, nüfuz riskindən qorunma siyasəti, bank əməliyyatlarının və fəaliyyət növlərinin əhəmiyyət dərəcəsi üzrə təsnifləşdirilməsi öz əksini tapmalıdır. Plana ən azı ildə bir dəfə yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilir. Bankda risk hadisələr üzrə ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə fövqəladə hallar planında nəzərdə tutulmuş tədbirlərin adekvatlığının qiymətləndirilməsi üçün yoxlamalar (sınaq test) bankdaxili qaydalarla müəyyən edilmiş dövriliklə həyata keçirilməlidir.

15.1. Baş risk inzibatçısının əsas vəzifələri aşağıdakılardır:

15.1.1. İdarə Heyətinin rəyini nəzərə almaqla risklərin idarə edilməsi siyasətini hazırlayır və Riskləri İdarəetmə Komitəsinə təqdim edir;

15.1.2. risklərin idarə edilməsi üzrə İdarə Heyəti və struktur bölmələrin fəaliyyətini əlaqələndirir;

15.1.3. aylıq əsasda risk limitlərinin monitorinq nəticələri, habelə bankın risk profili ilə bağlı İdarə Heyətinə hesabat verir. Risk iştahası göstəriciləri üzrə kənarlaşmalar baş verdikdə səbəbləri göstərilməklə bu barədə Müşahidə Şurasını və Riskləri İdarəetmə Komitəsini dərhal məlumatlandırır. Pozuntu halında riskin azaldılması və ya risk limitlərinin bazar şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər planını ən geci növbəti ayın monitorinq nəticələri ilə birlikdə Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edir;

15.1.4. bankın fəaliyyətinə aid risklərin növlərini və ölçüsünü göstərən dövri hesabatların etibarlı, şəffaf, kompleks şəkildə və vaxtında hazırlanmasını təmin edir;

15.1.5. risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edir. Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi zəruri hesab etdiyi halda təkliflərə İdarə Heyəti tərəfindən rəy bildirilməsini tələb edə bilər;

15.1.6. bankın məruz qaldığı risklərin onun riskgötürmə qabiliyyətinə uyğunluğunu təmin edir;

15.1.7. risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görür;

15.1.8. risk iştahası bəyannaməsinə baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir.

15.2. Baş risk inzibatçısı vəzifəsindən azad edildiyi halda, bank bu qərarı barədə məlumatı (işdən azad edilmənin səbəbləri və bu vəzifənin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

15.3 Baş risk inzibatçısı İdarə Heyətinin iştirakı olmadan, Müşahidə Şurası, Risklərin İdarəetmə Komitəsi və ya Müşahidə Şurasının müstəqil üzvü ilə görüş keçirə bilər.

15.4. Baş risk inzibatçısı kreditlərin verilməsi, investisiyalar və yeni məhsullara dair qərarlara veto qoya bilər. Bu halda İdarə Heyəti məsələni baş risk inzibatçısının yazılı əsaslandırması ilə birlikdə 7 (yeddi) iş günü ərzində Riskləri İdarəetmə Komitəsinin və daha sonra Müşahidə Şurasının, yaxud birbaşa Müşahidə Şurasının müzakirəsinə çıxara bilər. Müşahidə Şurası məsələ ilə bağlı növbəti 15 (on beş) iş günü müddətində qərar qəbul edir və bu müddətdə İdarə Heyəti və bankdaxili komitələrin baş risk inzibatçısı tərəfindən veto qoyulmuş məsələlər üzrə qərarlarının icrası dayandırılır.

15.5. Bu Standartların 15.5-1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla baş risk inzibatçısı eyni vaxtda İdarə Heyətinin sədri, baş maliyyə inzibatçısı, daxili audit bölməsinin rəhbəri və ya bankda digər vəzifə tuta bilməz.

15.5-1. İdarə Heyətinin sədri işdə olmadıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş risk inzibatçısı fəaliyyətində baş risk inzibatçısının əsas vəzifələrini üstün tutmaqla İdarə Heyətinin sədri vəzifəsini 3 (üç) ayadək icra edə bilər. Belə hal bir aydan artıq davam edərsə, bank təxirəsalınmadan bu barədə Mərkəzi Banka məlumat verməlidir.

15.6. Baş risk inzibatçısının fəaliyyəti illik əsasda Riskləri İdarəetmə Komitəsi tərəfindən nəzərdən keçirilir və qiymətləndirilir.

15.7. Baş risk inzibatçısı işdə olmadıqda onun vəzifələrinin icrasının (inzibati işlər istisna olmaqla) İdarə Heyətinin digər üzvlərinə həvalə edilməsi bankın Müşahidə Şurasının qərarı əsasında müəyyən edilir.

16.1. Hər bir bank fəaliyyətinin xüsusiyyətinə, əməliyyatlarının həcmi və mürəkkəbliyinə adekvat olaraq ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil komplayens funksiyasını formalaşdırır.

16.2. Komplayens funksiyasının əsas vəzifələri aşağıdakılardır:

16.2.1. bankın komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən edir;

16.2.2. Müşahidə Şurasına dövri əsasda, pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim edir;

16.2.3. aşkarlanmış və bankın maliyyə dayanıqlılığı göstəricilərinə neqativ təsir edəcək risklər və çatışmazlıqlar barədə, habelə bunların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə Mərkəzi Bankı məlumatlandırır;

16.2.4. bankın əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlayır və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin edir;

16.2.5. risklərin idarə edilməsi bölməsi ilə koordinasiyalı formada risklərin idarə edilməsi üzrə bankın daxili qaydalarının hazırlanmasında, həmçinin risk iştahası bəyannaməsinə və siyasətinə riayət edilməsinin monitorinqinin aparılmasında iştirak edir;

16.2.6. komplayens risklərinin idarə edilməsi üzrə İdarə Heyətinin fəaliyyətinə davamlı dəstəyi təmin edir;

16.2.7. yeni bank məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak edir;

16.2.8. komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar bankdaxili kommunikasiyanı təmin edir;

16.2.9. bankın fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir;

16.2.10. bankın fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparır.

16.3. Komplayens funksiyası aşkar edilmiş pozuntuların araşdırılması üçün öz işlərinə bankın digər struktur bölmə əməkdaşlarını və (və ya) kənar ekspertləri cəlb edə bilər.

16.4. Komplayens funksiyasının rəhbəri(ləri) ən azı aşağıdakı meyarlara cavab verməlidir:

16.4.1. bank sektorunda nəzarət funksiyasında ən azı 4 (dörd) illik iş təcrübəsinin olması;

16.4.2. məqbul və lazımı keyfiyyətlərə malik şəxs olması.

16.5. Komplayens funksiyasının fəaliyyətinin effektiv təmini üçün daxili audit bölməsi ilə adekvat məlumat mübadiləsi təmin edilməli və ən azı ildə bir dəfə funksiyanın effektivliyi daxili audit bölməsi tərəfindən qiymətləndirilməlidir.

16.6. Komplayens funksiyasının rəhbəri(ləri) Komplayens Komitəsinin təqdimatı ilə, bankda bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinin təqdimatı ilə Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir.

16.7. Bankın sistem əhəmiyyətliliyi, risk profili, habelə fəaliyyətinin mürəkkəbliyi və xüsusiyyəti nəzərə alınmaqla komplayens funksiyasının gücləndirilməsi məqsədi ilə bankda baş komplayens inzibatçısı təyin oluna bilər. Bankda baş komplayens inzibatçısı təyin olunmadıqda bankın fəaliyyətinin qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə uyğunluğuna nəzarət baş risk inzibatçısı tərəfindən həyata keçirilir.

16.8. İdarə Heyətinin sədri işdə olmadıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş komplayens inzibatçısı fəaliyyətində baş komplayens inzibatçısının əsas vəzifələrini üstün tutmaqla İdarə Heyətinin sədri vəzifəsini 3 (üç) ayadək icra edə bilər. Belə hal bir aydan artıq davam edərsə, bank təxirəsalınmadan bu barədə Mərkəzi Banka məlumat verməlidir.

17.1. Daxili audit funksiyası risklərin idarə edilməsi sisteminin üçüncü müdafiə xəttidir. O, bankın və onun nüfuzunun qorunması üçün Müşahidə Şurasına və İdarə Heyətinə bankın daxili nəzarət və risklərin idarə edilməsi sisteminin keyfiyyəti və effektivliyi ilə bağlı müstəqil dəstək xidmətini təmin edir.

17.2. Bankın bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) audit funksiyasının əhatə dairəsinə daxildir.

17.3. Audit funksiyasının effektivliyinin təmini məqsədilə Müşahidə Şurası audit funksiyasının bütün məlumat bazasına, o cümlədən menecment informasiya sisteminə və bankın əmlakına tam və qeyd-şərtsiz çıxışını, habelə audit funksiyasının tövsiyələri üzrə İdarə Heyəti tərəfindən zamanında və effektiv tədbirlərin görülməsini təmin edir.

17.4. Daxili auditorlar audit fəaliyyətini həyata keçirərkən qanunvericiliyə, daxili audit xidmətinin əsasnaməsinə, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara əməl etməlidir.

17.5. Daxili audit bölməsinin tərkibində yüksək texniki bilik və təcrübə tələb edən sahələr üzrə (məs. İT, kredit və qiymətli kağızlar üzrə risklərin qiymətləndirilməsi, ödəniş xidmətləri, modelləşmə və s.) mütəxəssislər olmalıdır.

17.6. Xüsusi bilik və bacarıq tələb edən sahələr üzrə daxili audit bölməsi kənar xidmətdən (bankın kənar auditoru istisna) istifadə edə bilər. Bu yolla aparılan audit işinin effektivliyi və keyfiyyətinə daxili audit bölməsi məsuliyyət daşıyır.

17.7. Oxşar tapşırıqların davamlı icrası ilə bağlı obyektivliyin itirilməsi ehtimalının qarşısını almaq üçün audit işinə xələl gətirmədən daxili audit funksiyası daxilində işçilərin vaxtaşırı rotasiyası həyata keçirilir. Rotasiya qaydası bankın daxili audit siyasətində müəyyən edilir.

17.8. Daxili audit xidmətinin rəhbəri illik audit planı hazırlamağa məsuldur. Planda Müşahidə Şurasının və İdarə Heyətinin nəzarətin təkmilləşdirilməsi ilə bağlı ehtiyacları nəzərə alınmalıdır. Planın icrası üzrə audit bankın istənilən fəaliyyət sahəsində bu Standartların 8.5-ci bəndinin tələbi nəzərə alınmaqla yoxlamalar apara bilər.

17.9. Audit planı Audit Komitəsi tərəfindən təsdiqlənir. Plan üzrə büdcə daxili audit funksiyasının fəaliyyətinin təmin edilməsi üçün yetərli olmalı və bankın risk profilindəki potensial dəyişikliklərə uyğunlaşa bilməlidir.

17.10. Daxili audit qiymətləndirməsi çərçivəsinə ən azı aşağıdakılar daxildir:

17.10.1. daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ESİ risklərinin idarə edilməsinin effektivliyi və səmərəliliyi;

17.10.2. bankda stres-testlərin aparılması prosesinin adekvatlığı;

17.10.3. risklərin idarəedilməsi funksiyası üzrə resursların (məsələn, əməkdaşlar, proqram təminatı və s.) keyfiyyəti və adekvatlığı;

17.10.4. daxili və xarici hesabatlıq üzrə istifadə olunan məlumatların uyğunluğu, dəqiqliyi, tamlığı, əlçatanlığı, məxfiliyi və hərtərəfliliyi;

17.10.5. menecment informasiya sisteminin effektivliyi və tamlığı;

17.10.6. bank fəaliyyətinin qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktlara uyğunluğu;

17.10.7. aktivlərin qorunması və təhlükəsizliyi;

17.10.8. kreditlərin idarə olunmasının adekvatlığı;

17.10.9. bankın İT, kiber və informasiya təhlükəsizliyi sahələrinin effektivliyi və səmərəliliyi.

17.11. Daxili audit fəaliyyətinin effektivliyinin artırılması məqsədilə İdarə Heyəti daxili audit funksiyasını bankdaxili təşəbbüslər və layihələr, təkmilləşmələr, məhsul və əməliyyat dəyişiklikləri barədə məlumatlandırmalıdır.

17.12. Daxili audit yoxlamasının nəticələrinə əsasən daxili audit hesabatı hazırlanır. Hesabatda audit tapıntıları faktlarla əsaslandırılır və məsul şəxslər (struktur bölmələr) göstərilir.

17.13. Audit bölməsi audit hesabatı ilə bağlı İdarə Heyəti tərəfindən görülən tədbirlərin nəticələrini izləyir və ildə azı iki dəfə tövsiyələrin icra vəziyyəti barədə Audit Komitəsinə və Müşahidə Şurasına hesabat verir.

17.14. Bankın daxili audit funksiyasının effektivliyi ildə bir dəfədən az olmayaraq Audit Komitəsi, iki ildə bir dəfədən az olmayaraq isə kənar audit tərəfindən qiymətləndirilir. Son üç kənar audit qiymətləndirilməsinin nəticələri qənaətbəxş olduqda daxili audit funksiyasının effektivliyi beş ildə bir dəfədən az olmayaraq həyata keçirilə bilər.

17.15. Bank daxili audit funksiyasının kənar audit tərəfindən qiymətləndirilməsinin nəticələrini və aşkarlanan nöqsanların aradan qaldırılmasına dair tədbirlər planını yoxlama nəticələri əldə edildikdən sonra 10 (on) iş günü ərzində, planın icrasına dair hesabatı isə yarımillik əsasda, hər yarım il başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Mərkəzi Banka təqdim edir.

17-1.1. Hər bir bank şikayət edən müştərilərlə münasibətlərin tənzimlənməsi, onların hüquqlarının qorunması və şikayətlərə baxılması prosesinin idarə edilməsi məqsədilə müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırır.

17-1.2. Şikayətlərə baxılması funksiyası bankın əməliyyatlarının həcminə və müştərilərinin sayına uyğun olaraq yaradılan struktur bölmə və ya təyin olunan məsul şəxs tərəfindən icra edilir. Şikayətlərə baxılması funksiyası Müşahidə Şurasının təsdiq etdiyi şikayətlərə baxılması qaydalarını rəhbər tutur. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət baş komplayens inzibatçısı (olmadıqda baş risk inzibatçısı) tərəfindən həyata keçirilir.

17-1.3. İdarə Heyəti şikayətlərə baxılması funksiyasının fəaliyyətinin effektiv şəkildə həyata keçirilməsi üçün şikayətlərə baxılması funksiyasına müvafiq şərait yaradır, zəruri insan və digər resurslarla (İT sistemləri, zəruri informasiya mənbələrinə çıxış və s.) təmin edir, habelə şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin aparılmasını təmin edir.

17-1.4. Şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs vəzifə və səlahiyyətlərini yerinə yetirmək üçün müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı və bank tərəfindən onlar üçün mütəmadi təlim və seminarlar təşkil edilməlidir. Maraqlar münaqişəsinin qarşısının alınması üçün şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən kənar olmalı və şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətə malik olmalıdır.

17-1.5. Bank şikayətlərə baxılması funksiyasının fəaliyyətinin azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılmasını, yoxlamanın nəticələri barədə hesabatın Müşahidə Şurası və Audit Komitəsinə, surətinin İdarə Heyətinə təqdim edilməsini təmin edir.

17-1.6. Şikayətlərə baxılması funksiyası azı aşağıdakı vəzifələri yerinə yetirir:

17-1.6.1. müştərilərdən daxil olan şikayətlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırır;

17-1.6.2. müştərilərin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosesini, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatanlığını təmin edir;

17-1.6.3. şikayətlərin xarakterindən asılı olaraq müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, məsləhət və izahlar verir;

17-1.6.4. şikayətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir və onlardan yazılı və şifahi məlumatlar alır;

17-1.6.5. müştərilərlə əlaqədə olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına ötürülməsi, müştərilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;

17-1.6.6. müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılan və ya baxılmamış saxlanılmış şikayətlərin sayı və onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun icmallaşdırır;

17-1.6.7. müştəri şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;

17-1.6.8. öz fəaliyyətinin nəticələri barədə hesabatları azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular baş verdiyi halda isə növbədənkənar əsasda bankın Müşahidə Şurasına və İdarə Heyətinə təqdim edir;

17-1.6.9. müştərilərin hüquqlarının, qanuni mənafelərinin və müştərilərlə münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aradan qaldırılması istiqamətində İdarə Heyətinə, habelə Müşahidə Şurasına müvafiq təkliflər hazırlayır;

17-1.6.10. müştərilərin şikayətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;

17-1.6.11. müştərilərin maliyyə savadlılığının artırılması istiqamətində bank tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.

18.1. Hər bir bankda onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir. Mükafatlandırma siyasəti ən azı aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

18.1.1. bankın strateji hədəflərə nail olmasına yönəldilməli;

18.1.2. bankın uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə əsaslanmalı;

18.1.3. bankın risk iştahasına, o cümlədən ESİ risklərinə adekvat olmalı və izafi risk qəbulunu məhdudlaşdırmalı;

18.1.4. bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə təşviq etməməli;

18.1.5. maraqlar münaqişəsinə yol verməməlidir.

18.2. Mükafatın ödənişi bankın kapital adekvatlığı və likvidlik göstəricilərinin pisləşməsinə yol verməməlidir.

18.3. Bankın əməkdaşına verilən dəyişən mükafatın həcmi bankın əməkdaş ilə bağlı müəyyən etdiyi kəmiyyət və keyfiyyət göstəricilərinin, əsas fəaliyyət indikatorlarının (KPI) (kreditlərin verilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşının iştirakı ilə verilən kreditlərin müddəti, kreditlərin verildiyi sektor, əməkdaşın iştirakı ilə verilən kredit portfelinin konsentrasiyası və portfel üzrə qeyri-işlək kreditlərin həcmi, borcalanın sektorda mövqeyi və s.) yerinə yetirilmə səviyyəsinə əsasən müəyyən edilməlidir.

18.4. Bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin (Müşahidə Şurasının bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində muzd alan üzvləri istisna olmaqla) əməyinin ödənilməsi yalnız mükafatlar vasitəsilə (vəzifə maaşı olmadan) həyata keçirilməməlidir.

18.5. Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:

18.5.1. bankın xüsusi kateqoriyaya aid olan işçiləri;

18.5.2. bankda nəzarət funksiyasında olan bank əməkdaşları (bu kateqoriyaya bankın risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);

18.5.3. bankın 90 (doxsan) gündən çox gecikmiş kredit tələblərinin geri ödənilməsi ilə məşğul olan struktur bölmənin əməkdaşları;

18.5.4. bankın bu Standartların 18.5.1 – 18.5.3-cü yarımbəndlərində nəzərdə tutulmayan digər əməkdaşları.

18.6. Mükafatlandırma siyasətində xüsusi kateqoriyaya aid olan işçilər, habelə xarici bankın yerli filialının rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı) üzrə dəyişən mükafatın müəyyən edilməsi və ödənilməsi zamanı ən azı aşağıdakı tələblər nəzərə alınmalıdır:

18.6.1. dəyişən mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bu zaman məcmu kapitalın minimum miqdarı, kapitalın adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar normativlərinə cavab verən, lakin zərərlə fəaliyyət göstərən bankın səhmdarların ümumi yığıncağının dəyişən mükafatın verilməsini nəzərdə tutan qərarlar qəbul etdiyi hallar (məsələn, fəaliyyətin genişləndirilməsi, biznes profilinin dəyişilməsi, maliyyə sağlamlaşdırması və s. ilə bağlı) istisna olmaqla, bank kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməlidir. Bankın zərərlə fəaliyyət göstərməsinə dair səhmdarların ümumi yığıncağının qəbul etdiyi qərar bankın strateji planında əks olunmalı, habelə bu dövr ərzində dəyişən mükafatın bu Standartların 18.5-ci bəndində nəzərdə tutulmuş kateqoriyalar üzrə maksimum həcmi və hesablanmasında istifadə ediləcək maliyyə göstəriciləri bankın daxili qaydaları ilə müəyyən edilməlidir;

18.6.2. bankın İdarə Heyətinin üzvləri, habelə xarici bankın yerli filialının rəhbər işçiləri üzrə dəyişən mükafata dair qərar qəbul edilən zaman bank həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi bütün prudensial normativlərə riayət etməlidir. Xüsusi kateqoriyaya aid olan digər işçilər üzrə dəyişən mükafata dair qərar qəbul edilən zaman bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi normativlərə uyğun olmalıdır;

18.6.3. dəyişən mükafatın həcmi xalis mənfəətin həcminə və (və ya) bankın digər maliyyə göstəricilərinə nisbətdə müəyyən edildikdə bu göstəricilər kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarına və ya bu Standartların 18.6.1-ci yarımbəndində nəzərdə tutulmuş hallarda bankın daxili qaydalarına əsaslanmalıdır;

18.6.4. pul formasında olan mükafatın azı 60 (altmış) faizinin (sistem əhəmiyyətli banklara münasibətdə səsvermə hüququ olan səhmdarların 90 faiz səs çoxluğu ilə qərar qəbul edildiyi halda azı 30 (otuz) faizinin) ödənişi təxirə salınır və növbəti 3 (üç) il ərzində bərabər hissələrlə ödənilir. Bu yarımbəndin tələbi bu Standartların 2.1.15.2-ci yarımbəndində nəzərdə tutulmuş bank əməkdaşlarına onlar üzrə müəyyən edilmiş dəyişən mükafatın həcmi onlara il ərzində ödənilən əmək haqqının ümumi məbləğinin 50 (əlli) faizi və ya ondan az olduğu hallarda şamil edilmir;

18.6.5. səhm və digər maliyyə alətləri formasında verilmiş mükafatlar növbəti ildən etibarən ən azı 3 (üç) il ərzində bərabər hissələrlə banka satıla və ya bank tərəfindən ödənilə bilər;

18.6.6. aşağıdakı hallardan ən azı biri baş verdikdə mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir:

18.6.6.1. bu Standartların 18.6.1-ci yarımbəndində nəzərdə tutulmuş istisna nəzərə alınmaqla, hər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə;

18.6.6.2. bu Standartların 18.6.1-ci yarımbəndində nəzərdə tutulmuş istisna nəzərə alınmaqla, habelə səhmdarların ümumi yığıncağının bankın mənfəət hədəflərinin azalmasına dair qərar qəbul etdiyi hallar istisna olmaqla, əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 (iyirmi beş) faizindən az olduqda;

18.6.6.3. Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda. Bu tələb yalnız bankın İdarə Heyətinin üzvlərinə şamil edilir;

18.6.6.4. məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda. Bu tələb xüsusi kateqoriyaya aid olan işçilərə şamil edilir.

18.6.7. Mükafatın istənilən formada təxirə salınmış hissəsi bank qarşısında öhdəliklər üzrə təminat qismində qəbul edilmir.

18.6.8. bu Standartların 18.6-cı bəndində göstərilmiş işçilər tutduğu vəzifələrindən kənarlaşdırıldıqda və ya azad olunduqda mükafatın təxirə salınmış hissəsinin ödənişi bu Standartların 18.6.3-18.6.7-ci yarımbəndlərinin şərtlərinə uyğun həyata keçirilir.

18.7. Xüsusi kateqoriyaya aid olan işçilərlə bank arasında dəyişən mükafatların təxirə salınmış hissəsinin tam və ya bir hissəsinin ləğvi və (və ya) geri qaytarılması halları razılaşdırılmalıdır. Belə hallara əməkdaş tərəfindən qanunvericiliyə zidd olaraq banka əhəmiyyətli dərəcədə zərər vuran əqdlərin bağlanması və (və ya) əməliyyatların həyata keçirilməsi, bankın işgüzar nüfuzuna mənfi təsir edən etik davranış qaydalarının pozulması, habelə bank üçün əhəmiyyətli dərəcədə zərər yaradan digər qanunazidd hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi halları aid edilə bilər. Bank bu razılaşmaların tətbiqi müddətini və tətbiqi üçün razılaşmada dəqiq kəmiyyət və keyfiyyət meyarları müəyyən etməlidir (məsələn, bankı maliyyə və ya reputasiya itkilərinə məruz qoyan qanun pozuntularına yol verilməsi).

18.8. Bu Standartların 18.5.2-ci yarımbəndində müəyyən edilmiş bank əməkdaşlarına ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.

18.9. Mükafatlandırma siyasətində bu Standartların 18.5.1-ci, 18.5.2-ci və 18.5.4-cü yarımbəndlərində qeyd edilmiş bank əməkdaşlarına və idarəetmə orqanlarının üzvlərinə mükafatın, o cümlədən onun təxirə salınmış hissəsinin verilməməsi halları müəyyən edilir. Həmin hallara ən azı aşağıdakılar daxil edilməlidir:

18.9.1. Mərkəzi Bankdan sonuncu instansiya kreditoru qismində kredit almış bankda kredit üzrə öhdəliklər tam yerinə yetirilənədək;

18.9.2. Mərkəzi Bankın banka qarşı xüsusi ehtiyatların yaradılması, kapitalın artırılması və ya kapital adekvatlığı əmsalının pozulması hallarının aradan qaldırılması barədə məcburi göstərişi olduqda, həmin göstəriş bank tərəfindən tam icra olunanadək;

18.9.3. bank inzibatçılarının tutduğu vəzifədən azad edilməsi barədə Mərkəzi Bank tərəfindən sanksiya tətbiq edildikdə (bu Standartların 18.5.1-ci yarımbəndində göstərilən şəxslərə münasibətdə).

18.10. Mükafatlandırma siyəsəti bankın Müşahidə Şurası tərəfindən təsdiq edilir. Mükafatlandırma siyasəti, habelə siyasətə edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün müddətində Mərkəzi Banka təqdim edilir.

18.11. Müşahidə Şurasının üzvlərinin və Müşahidə Şurasının komitələrinin müstəqil kənar üzvlərinin mükafatlandırılması onların səlahiyyəti, funksiyası, təcrübəsi və məsuliyyətinə adekvat olmalı və sabit mükafat formasında müəyyən edilməlidir. Onların mükafatlandırılması barədə qərar səhmdarların ümumi yığıncağı tərəfindən qəbul olunur.

18.12. Xüsusi kateqoriyaya aid olan işçilərə və digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar Müşahidə Şurası tərəfindən təsdiq edilir. Digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar qəbul edilən zaman bank kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə ilinin nəticələrinə görə xalis mənfəət əldə etməli (bu Standartların 18.6.1-ci yarımbəndində qeyd edilən istisna nəzərə alınmaqla), habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekununa, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır.

18.13. Bu Standartların 18.11-ci və 18.12-ci bəndlərində qeyd edilən mükafatlandırma üzrə qərarların surəti qərarlar qəbul edildiyi tarixdən 15 (on beş) gün müddətində Mərkəzi Banka təqdim edilir.

18.14. Bank tərəfindən il ərzində və illik nəticələrə əsasən bu Standartların 18.5-ci və 18.11-ci bəndlərində nəzərdə tutulmuş şəxslərə verilmiş mükafatların həcmi barədə hesabat hər növbəti ilin iyul ayının 7-dək Mərkəzi Banka təqdim edilir. Mərkəzi Bank tərəfindən xüsusi kateqoriyaya aid işçilərə ödənilmiş mükafatlar barədə məlumatın təqdim edilməsi tələb edildikdə xüsusi kateqoriyaya aid olan hər bir şəxs üzrə mükafatın həcmi göstərilməlidir.

18.15. Bank tərəfindən dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi barədə qərar bankın səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir. Bu zaman müvafiq qərar kənar auditor tərəfindən təsdiqlənmiş (aralıq dividend ödənişləri üzrə kənar auditor tərəfindən yoxlanılmış) illik (aralıq) maliyyə hesabatları və ya prudensial məqsədlər üçün Mərkəzi Banka təqdim edilmiş illik (aralıq) maliyyə hesabatları əsasında qəbul edilir. Bu zaman hesabatlarda xalis mənfəət fərqli olduqda, bank tərəfindən aşağı olan mənfəət əsas götürülür.

18.16. Bank tərəfindən dividend ödənişi Mərkəzi Bankı bu barədə qərar qəbul edilən tarixdən ən geci 5 (beş) iş günü müddətində məlumatlandırmaqla həyata keçirilir.

19.1. Bankda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat və hərtərəfli olmalıdır. Məlumatlar etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Bankın kommunikasiya kanalları işçi heyətinin bankdaxili normativ sənədləri, o cümlədən mükafatlandırmaya dair siyasət və prosedurları tam anlamasını və ona riayət etməsini, habelə müvafiq informasiyasının aidiyyəti heyətə çatdırılmasını təmin etməlidir. Bank gözlənilməz hadisələrin baş verməsi zamanı məlumat itkisinin qarşısını almaq üçün biznesin bərpa və davamlılığı planına malik olmalıdır.

19.2. Bankın fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq ayrıca və konsolidasiya əsasında hazırlanır və illik maliyyə hesabatları kənar auditor tərəfindən təsdiq edilərək auditor rəyi ilə birlikdə Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş müddətdə açıqlanır. İllik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, qanunla müəyyən edilmiş qaydada auditor rəyi ilə birlikdə bankın internet səhifəsində dərc olunur. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.

19.3. İqtisadi qərarların qəbul edilməsi, bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edərkən müxtəlif bankları səmərəli müqayisə etmək imkanları yaratmaq üçün hər bir bank məlumat istifadəçiləri üçün aşağıdakı qrup məlumatları açıqlayır:

19.3.1. bankın maliyyə göstəriciləri haqqında məlumat;

19.3.2. bank və onun fəaliyyəti barədə ümumi məlumat;

19.3.3. bank kapitalının strukturu və adekvatlığı barədə məlumat;

19.3.4. bank risklərinin idarə edilməsi barədə məlumat;

19.3.5. bankın dayanıqlılıq göstəriciləri haqqında məlumat.

19.4. Bu Standartların 19.3-cü bəndində müəyyən edilmiş qrup məlumatların tərkibi bu Standartların 1 nömrəli Əlavəsində müəyyən edilmişdir.

19.5. Bu Standartların 19.3.1-ci, 19.3.3-cü və 19.3.4-cü yarımbəndlərində müəyyən edilmiş məlumatlar rübdə bir dəfədən az olmayaraq növbəti rübün birinci ayının 15-dək, 19.3.2-ci və 19.3.5-ci yarımbəndlərində müəyyən edilmiş məlumatlar ildə bir dəfədən az olmayaraq, bu məlumatlarda mühüm dəyişikliklər baş verdikdə isə yarım ildə bir dəfədən az olmayaraq açıqlanır.

19.6. Məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqlarının qorunması arasında tarazlıq saxlanılmalıdır.

19.7. Məlumatların açıqlanması qaydası və dövriliyi, tərkibi və istifadəçilərə çatdırılma qaydası, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmi bu Standartların tələbləri nəzərə alınmaqla bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalarla müəyyən olunur.

19.8. Hər bir bank qanunla qorunan məlumatlar istisna olmaqla, fəaliyyəti barədə əhəmiyyətli hesab etdiyi digər məlumatları da açıqlaya bilər.

19.9. Açıqlanan məlumatlar bankın internet saytının istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrı bölməsində və excel və ya digər ixrac oluna bilən formatda yerləşdirilir. Bankın maliyyə hesabatları yerləşdirildiyi tarixdən ən azı üç il ərzində, digər açıqlanan məlumatlar isə yenilənədək bankın internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların bankın internet səhifəsində yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə (onun adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı) məlumat göstərilməlidir. Əlavə olaraq həmin məlumatlar digər media subyektlərində də yerləşdirilə bilər. Məlumat istifadəçilərinin sorğularına əsasən həmin məlumatlar heç bir haqq tələb olunmadan bilavasitə onların özlərinə təqdim edilməlidir.

19.10. Maliyyə hesabatları və digər açıqlanan məlumatlar bankın İdarə Heyətinin sədri və baş maliyyə inzibatçısı tərəfindən imzalanır.

20.1. Bu Standartların 18-ci bəndində nəzərdə tutulan mükafatlandırma prosesinə dair tələblər 2023-cü il üzrə mükafatlandırmaya şamil edilmir və həmin dövr üzrə mükafatlandırma bu Standartların qüvvəyə mindiyi günədək mövcud olan normativ xarakterli aktın tələblərinə uyğun olaraq həyata keçirilir.

20.2. Banklar tərəfindən təsdiq edilmiş cari dövr üçün qüvvədə olan strateji plan 2024-cü ilin mart ayının 31-dək Mərkəzi Banka təqdim edilməlidir.

20.3. Bu Standartların qüvvəyə minməsi tarixindən sonra hər üç aydan bir bankda korporativ idarəetmənin tətbiqinin bu Standartlara uyğunluğunun bank tərəfindən qiymətləndirilməsi və qiymətləndirmə başa çatdıqdan sonra 15 (on beş) iş günü ərzində nəticələrinin Mərkəzi Banka təqdim edilməsi tələb olunur.

20.4. Bu Standartların 7.6.7-ci yarımbəndi Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü bankın kapitalında 10 (on) faizədək paya sahib olan səhmdarlara 2025-ci ilin sentyabr ayının 8-dək şamil edilmir.

Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait

Ticarət və investisiya qiymətli kağızları

Banklar və digər maliyyə institutlarındakı depozitlər

Banklar və digər maliyyə institutlarına verilən kreditlər

Müştərilərə verilmiş kreditlər

a) istehlak kreditləri

c) daşınmaz əmlak kreditləri

(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)

Müştərilərə verilmiş kreditlər (xalis)

Əmlak və avadanlıqlar

Təxirə salınmış vergi aktivləri

Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

a) fiziki şəxslərin depozitləri

b) hüquqi şəxslərin depozitləri

Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər

Borc qiymətli kağızları

Cari vergi öhdəlikləri

Təxirə salınmış vergi öhdəliyi

Subordinasiya borc öhdəlikləri

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

Bölüşdürülməmiş mənfəət

a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar

b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar

c) digər ümumi ehtiyatlar

Cəmi öhdəliklər və kapital

Müştərilərə verilmiş kreditlər

Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri

Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri

Depozitlər üzrə faizlər

Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri

Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər

Pul bazarı alətlərinə ödənilən faizlər

Qiymətli kağızlar üzrə faizlər

Xalis faiz gəliri (zərəri)

Qeyri-faiz gəlirləri:

Alınan haqq və komissiya gəliri

Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)

Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər

Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər

Ümumi və inzibati xərclər

Amortizasiya xərcləri

(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar)

Mənfəət vergisindən əvvəlki mənfəət (zərər)

Dövr üzrə xalis mənfəət

Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti

Alınmış haqq və komissiyalar

Ödənilmiş haqq və komissiyalar

Xarici valyuta əməliyyatlarından xalis gəlir

Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir

Ödənilmiş əmək haqqı və digər kompensasiyalar

Ödənilmiş ümumi və inzibati xərclər

Ümidsiz borclardan daxilolmalar

Alınmış digər əməliyyat gəlirləri

Ödənilmiş digər əməliyyat xərcləri

Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

Əməliyyat aktivlərindən xalis artım/azalma

Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)

Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)

Digər aktivlərdə xalis artım (azalma)

Əməliyyat öhdəliklərindən xalis artım/azalma

Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)

Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)

Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)

Digər öhdəliklərdə xalis artım (azalma)

Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti

Ödənilmiş mənfəət vergisi

Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti

Əmlak və avadanlıqların alınması və avans ödənişləri

Əmlak və avadanlıqların satılmasından daxilolmalar

Qeyri-maddi aktivlərin alınması

Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar

Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması

İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti

Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti

Digər borc öhdəliklərinin əldə olunması

Digər borc öhdəliklərinin ödənilməsi

Subordinasiya borclarının əldə olunması

Subordinasiya borclarının ödənilməsi

Səhmdar kapitalının buraxılmasından daxilolmalar

Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)

Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri

Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma (azalma)

Məzənnə dəyişikliyinin pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri

Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)

adi səhmlər (tam ödənilmiş paylar)

qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər

səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait

bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi

əvvəlki illərin mənfəəti (zərəri)

(çıx) cari ilin zərəri

kapital ehtiyatları (fondları)

I dərəcəli kapitaldan tutulmalar

Tutulmalardan sonra I dərəcəli kapitalı (1 - 2)

Məcmu kapitaldan tutulmalar:

Tutulmalardan sonra məcmu kapital (5-6)

Risk dərəcəsi üzrə ölçülmuş yekun aktivlər

I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100

Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100

2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri;

2.2. banka aidiyyəti olan şəxslərlə aparılmış əməliyyatlara dair ümumi məlumatlar (həcmi, sayı və s.);

2.3. cəlb edilmiş maliyyə vəsaitləri;

2.4. idarəetmə orqanları və vəzifəli şəxslər (xarici bankın yerli filialları üzrə filialın rəhbər işçiləri (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı), onların əsas və əlavə iş yerləri, telefon nömrəsi, elektron poçt ünvanı, onların təhsili və ixtisası barədə məlumat;

2.5. təşkilati strukturu;

2.6. inkişaf siyasəti (bankın strateji baxışı və missiya bəyanatı, bankın strateji hədəfləri);

2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

2.8. investisiyaların həcmi və mənbəyi;

2.9. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi (o cümlədən, investisiya qiymətli kağızlarının növü, forması, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, mülkiyyətçilərinin hüquqları, ödəniş müddəti);

2.10. ictimai layihələr;

2.11. olduğu halda banka verilmiş reytinqlər barədə məlumat (reytinq agentliyinin adı, reytinqin verildiyi tarix, bankın cari və əvvəlki reytinqi);

2.12. bankda fəaliyyət göstərən daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat;

2.13. bankın rəhbərliyində və təşkilati strukturunda baş verən əhəmiyyətli dəyişikliklər haqqında məlumat;

2.14. mükafatlandırma siyasətinin əsas prinsipləri;

2.15. bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat;

2.16. bank filialları/şöbələri və nümayəndəlikləri haqqında məlumat (adı, ünvanı, fəaliyyət növləri, açıldığı tarix və əlaqə rekvizitləri);

2.17. bankın törəmə təsərrüfat cəmiyyətləri barədə məlumat (adı, fəaliyyət istiqamətləri);

2.18. bankın kapitalında müvafiq iştirak payına malik olan səhmdarlar və onların iştirak payları barədə qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilən məlumat.

Qeyd: 2.6-cı, 2.7-ci, 2.9-cu, 2.12-ci, 2.16-cı və 2.17-ci bəndlərdə nəzərdə tutulan tələblər xarici bankların yerli filiallarına şamil edilmir.

3.1. məcmu kapitalın məbləği;

3.2. bankın I və II dərəcəli kapitalının məbləği və onun komponentləri;

3.3. bankın məcmu kapitalından tutulmalar;

3.4. hər bir risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi;

3.5. məcmu və I dərəcəli kapitalın adekvatlığı, habelə leverec əmsalları üzrə Mərkəzi Bankın normativ xarakterli aktlarında müəyyən edilmiş tələblərlə müqayisədə bankın faktiki göstəriciləri.

4.1.1 Kredit portfelinin sektorlar və gecikmə günləri üzrə bölgüsü

Kredit portfeli, o cümlədən

4.1.2 Kreditlərin təminat üzrə bölgüsü

Kredit portfeli, o cümlədən

4.1.3. vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi;

4.1.4. qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi;

4.1.5. kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti;

4.1.6. kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü;

4.1.7. kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü;

4.1.8. iri kredit borclarının məbləği və məcmu kapitala nisbəti.

Nağd pul və ekvivalentləri

Müştərilərə verilmiş kreditlər (xalis)

Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər (xalis)

Qısamüddətli maliyyə alətləri

Törəmə maliyyə alətləri

Digər maliyyə aktivlər

Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri

Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər

Müştərilərin depozitləri:

Subordinasiya öhdəlikləri

Borc qiymətli kağızları

Digər maliyyə öhdəliklər

Maliyyə aktivləri və öhdəlikləri

Nağd və nağd pul ekvivalentləri

Müştərilərə verilmiş kreditlər

Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər

Törəmə maliyyə alətləri

Qısa müddətli maliyyə alətləri

Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri

Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər

Müştərilərin depozitləri

a) tələbli depozitlər

b) müddətli depozitlər

Subordinasiya öhdəlikləri

Borc qiymətli kağızları

Açıq valyuta mövqeyi əmsalı[1]

Sərbəst dönərli valyutalar üzrə məcmu AVM

Qapalı valyuta üzrə məcmu AVM

Qiymətli metallar üzrə AVM

Yuxarıdakı cədvələ əlavə olaraq, valyuta riski ilə əlaqədar bank tərəfindən aşağıdakı məlumatlar da açıqlanmalıdır:

1.1. xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlərin (hecinq alətləri) siyahısı, habelə bu alətlərin qısa izahı;

1.2. hər bir valyuta (milli və xarici) üzrə aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü barədə məlumat.

Faiz dərəcəsinə görə cəmi aktivlər

Faiz dərəcəsinə həssas cəmi öhdəliklər

Yuxarıdakı cədvələ əlavə olaraq, faiz riski ilə əlaqədar bank tərəfindən aşağıdakı məlumatlar da açıqlanmalıdır:

1.1. faiz riskinə həssaslıq üzrə təsnifat;

1.2. sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı.

4.1. risklərin idarə edilməsi üzrə bankın siyasəti;

4.2. balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləği.

ESİ risklərinin və fürsətlərin idarə edilməsi üzrə məsuliyyətlərin idarəetmə strukturunda necə bölüşdürüldüyünü (vəzifə səlahiyyətləri, öhdəliklər və əlaqəli siyasətlər) qeyd edin.

İdarə Heyətinin ESİ riskləri və fürsətlərinin idarə edilməsi üçün zəruri bacarıqları ilə bağlı məlumatları qeyd edin. Bacarıqların inkişafı üzrə təlim proqramları nəzərdə tutulduğu halda, qeyd edin.

Müşahidə Şurası və onun komitələri tərəfindən ESİ riskləri və fürsətlərinin idarə edilməsi üzrə bankın strategiyası, əsas əməliyyat qərarları və digər əlaqəli siyasətlər çərçivəsində qurulmuş nəzarət və onun həyata keçirilmə tezliyi barədə məlumatları qeyd edin.

Müşahidə Şurasının ESİ riskləri ilə bağlı hədəflərin müəyyən edilməsi və bu hədəflərə doğru irəliləyişə nəzarət mexanizmi, bu məqsədlə istifadə olunan fəaliyyət göstəricilərinin mövcudluğu, habelə həmin göstəricilərin mükafatlandırma siyasətinə inteqrasiya olunub-olunmaması barədə məlumatları qeyd edin.

İdarəetmə səviyyəsində ESİ risklərinin monitorinqi, idarə olunması və nəzarəti ilə əlaqədar idarəetmə prosesləri, nəzarət mexanizmləri və prosedurları barədə məlumatları qeyd edin.

ESİ risklərinin (o cümlədən iqlimlə əlaqəli fiziki və keçid risklərinin) bankın biznes modelinə və risk profilinə cari və gözlənilən təsirləri, habelə bu risklərin bankın fəaliyyət istiqamətlərinə, müştəri bazasına, məhsul portfelinə və coğrafi mövcudluğuna mümkün təsirlərinin qiymətləndirmə prosedurları barədə məlumatları qeyd edin.

Bankın ESİ risklərini strateji qərarvermə prosesində nəzərə alınması, bu risklərə qarşı həyata keçirdiyi cavab tədbirləri və olduğu halda, bank tərəfindən ictimaiyyətə açıqlanmış keçid planı barədə məlumatları qeyd edin.

Bank tərəfindən müəyyən edilmiş iqlimlə bağlı hədəflərin mövcudluğu, həmin hədəflərin bankın biznes strategiyasına və qərarvermə proseslərinə əhəmiyyətli təsir göstərib-göstərmədiyi, eləcə də bu hədəflərin strateji çərçivəyə inteqrasiya olunması barədə məlumatları qeyd edin.

ESİ risklərinin bankın maliyyə vəziyyətinə, maliyyə nəticələrinə (gəlirlər, xərclər, kapitala çıxış imkanları və s.) və pul axınlarına cari və gözlənilən təsirləri və qiymətləndirmə prosesi barədə məlumatları qeyd edin.

Bankın dayanıqlılıq hədəflərinə uyğun məhsul və xidmətlər, onların idarəetmə və qiymətləndirmə çərçivəsi və bankın ümumi strategiyasına inteqrasiyası ilə bağlı məlumatları qeyd edin.

3. Risklərin idarə edilməsi

Bankın fəaliyyətinə təsir göstərə biləcək ESİ riskləri barədə məlumatları, bu risklərin fiziki risk (daşqın, quraqlıq və s.) və ya keçid riskləri (karbon vergisi, texnoloji dəyişikliklər və s.) kimi təsnif edərək başvermə ehtimalını, eyni zamanda qısa, orta və uzunmüddətli zaman aralıqları üzrə risklərin qiymətləndirmə prosesini qeyd edin.

Bankın ESİ risklərini müəyyənləşdirmək, qiymətləndirmək, prioritetləşdirmək və monitorinq etmək məqsədilə tətbiq etdiyi daxili proseslər və siyasətlər barədə məlumatları qeyd edin. Əgər bu risklərin qiymətləndirilməsi zamanı iqlim ssenarilərinə əsaslanan analizlərdən istifadə edilirsə, tətbiq olunan ssenarilərin metodologiyası və əldə olunan nəticələrin bankın qərarvermə proseslərinə təsirini qeyd edin.

Bank tərəfindən ESİ risklərini müəyyənləşdirmək, qiymətləndirmək, prioritetləşdirmək və monitorinq etmək məqsədilə tətbiq olunan proseslərin ümumi riskin idarəetmə çərçivəsinə inteqrasiyası, habelə bu proseslərin bankın risk iştahası, limitlərin müəyyən edilməsi, daxili nəzarət sistemləri və hesabatlılıq prosedurlarında hansı şəkildə nəzərə alındığı barədə məlumatları qeyd edin.

1. “Dayanıqlı” kredit portfeli

Ümumi kredit portfelinə nisbəti (faizlə)

Bunlardan qeyri-işlək (min manatla)

1.1. “Yaşıl” kreditlərin cəmi

1.1.1. Bərpa olunan enerji

1.1.2. Enerji səmərəliliyi

1.1.3. Su resurslarının dayanıqlı idarə edilməsi

1.1.4. Çirklənmənin qarşısının alınması

1.1.5. Yaşıl nəqliyyat

1.1.6. Dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura

1.1.7. Biomüxtəlifliyin mühafizəsi

1.1.8. Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması

1.1.9. Yaşıl binalar və dayanıqlı tikinti

1.1.10. Yaşıl xidmətlər

1.2. “Yaşıl” olmayan, “dayanıqlılıqla əlaqəli” kreditlərin cəmi

2.1. ESİ skrininqdən keçən kreditlərin ümumi kreditlərə nisbəti, faizlə

2.2. ESİ skrininqi əsasında imtina edilən kreditlərin ümumi kreditlərə nisbəti, faizlə

2.3. Bankın 1-ci, 2-ci və 3-cü dərəcəli istixana qazı (İQ) emissiyaları, MtCO2e (milyon ton karbon dioksid ekvivalenti)

Qeyd: Bu standartlara 1 nömrəli Əlavənin 5.2-ci bəndinin 2.3-cü sətrində 1-ci, 2-ci və 3-cü dərəcəli emissiyalar dedikdə Dünya Resursları İnstitutu (WRI) və Dünya Dayanıqlı İnkişaf üzrə Biznes Şurası (WBCSD) tərəfindən hazırlanmış İstixana Qazları (GHG) Protokolunun Korporativ Standartına uyğun olaraq müəyyən edilən müvafiq istixana qazı emissiyaları nəzərdə tutulur.

5.3. Kredit portfeli və emissiya məlumatları

Cəmi kredit portfeli, o cümlədən

5. İnformasiya və rabitə

6. Ticarət müəssisələrinə kredit

7. Digər qeyri-istehsal və xidmət sahələri

8. Mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr

9. İctimai təşkilatlara

10. Şəxsi, ailə və sair məqsədlər üçün fiziki şəxslərə verilmiş istehlak kreditləri (ölçüldüyü halda)

11. Digər kreditlər (ölçüldüyü halda)

[1] Açıq valyuta mövqeyi Mərkəzi Bankın prudensial normativləri göstərilməklə qeyd edilməlidir

1. 12 sentyabr 2024-cü il tarixli 36/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202409120361, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 sentyabr 2024-cü il)

2. 16 dekabr 2025-ci il tarixli 44/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160446, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il) (Bu Qərar 2027-ci il 1 yanvar tarixindən qüvvəyə minir.)

3. 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il)

4. 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)

5. 7 iyul 2026-cı il tarixli 30/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202607070302, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver