Qanunvericilik › “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023) › Tam mətn

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023)

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 30 yanvar tarixli 1951100005 nömrəli Qərarı ləğv edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və banklarda kredit risklərinin idarə edilməsinə dair minimum tələbləri müəyyən edir.

1.2. Banklarda kredit risklərinin idarə edilməsi bankın risklərin idarə edilməsi sisteminin tərkib hissəsidir.

1.3. Banklarda kredit risklərinin idarə edilməsinin təşkilati strukturu “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.1.1. kredit riski – borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə şərtlərinə uyğun olaraq icra edə bilməməsi nəticəsində itkinin yaranması riski;

2.1.2. faktiki illik faiz dərəcəsi – kredit üzrə bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilən qaydada hesablanan illik faiz dərəcəsi;

2.1.3. valyuta məzənnəsinin hedcinqi - mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin azaldılması vasitəsi;

2.1.4. qeyri-işlək kredit – Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş kredit;

2.1.4-1. “yaşıl” kredit – mövcud və ya yeni “yaşıl” fəaliyyətlərin tam və ya qismən maliyyələşdirilməsi, o cümlədən yenidən maliyyələşdirilməsi məqsədilə verilən kredit;

2.1.4-2. “yaşıl” fəaliyyət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nda müəyyən edilmiş tələblərə uyğun fəaliyyət;

2.1.4-3. dayanıqlılıq profili – borcalanın fəaliyyəti zamanı onun ətraf mühitə və iqlimə və bunun nəticəsində cəmiyyətə təsirini ifadə edən göstəricilərin məcmusu;

2.1.4-4. "dayanıqlılıqla əlaqəli” kredit – borcalanın müəyyənləşdirdiyi əsas dayanıqlılıq hədəfləri əsasında fəaliyyəti ölçülməklə verilən, dayanıqlılıq profilinin kredit müddəti ərzində yaxşılaşdırılmasına, dayanıqlılıq hədəflərinə nail olunmasına, habelə ətraf mühit və sosial cəhətdən dayanıqlı iqtisadi fəaliyyətlərin dəstəklənməsinə yönələn kredit məhsulu;

2.1.4-5. “dayanıqlı” kredit - "yaşıl" və "dayanıqlılıqla əlaqəli" kredit;

2.1.4-6. Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) – borcalanın dayanıqlılıq hədəflərinə nail olması üzrə əsas indikatorlar (1-ci və 2-ci dərəcəli istixana qazı emissiyalarının azaldılması və s.);

2.1.4-7. Əsas dayanıqlılıq hədəfləri (ƏDH) – borcalanın dayanıqlılıq profilinin yaxşılaşdırılması üçün ƏFG üzrə müəyyən edilmiş hədəflər (yenilənə bilən enerji mənbələrinin artırılması ilə 5 (beş) il ərzində istixana qazı emissiyalarının 30% azaldılması və s.);

2.1.4-8. iqlim riski – iqlim dəyişmələri nəticəsində yaranan fiziki (ani baş verən təbiət hadisələrinin tezliyinin və kəskinliyinin artması (daşqın, meşə yanğınları, torpaq sürüşmələri, tufan və s.), eləcə də iqlim göstəricilərində tədricən baş verən dəyişikliklər (temperaturun artması, yağıntıların artması, dəniz səviyyəsinin qalxması və s.) nəticəsində yaranan) və keçid (aşağı karbon iqtisadiyyatına uyğunlaşma prosesində (hüquqi tənzimləmədə və texnoloji mühitdə baş verən dəyişikliklər və s.) yaranan) riskləri;

2.1.5. davranış modeli - borcalana dair məlumatlar (dövriyyəsi, xərcləri və s.) əsasında onun proqnozlaşdırılmış gəlirinin müəyyənləşdirilməsi üçün tətbiq olunan metod;

2.1.6. modelin validasiyası - ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə tətbiq olunan modelin adekvatlığının müəyyən edilməsi üçün həyata keçirilən qiymətləndirmə prosesi;

2.1.7. stres-test – bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti.

2.2. Bu Qaydada istifadə olunmuş “istehlak krediti”, “biznes krediti”, “kənd təsərrüfatı krediti”, “restrukturizasiya”, “bazar qiyməti”, “borcun gəlirə nisbəti əmsalı (BGN əmsalı) anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “kredit tələbi”, “kreditin təminata olan nisbəti əmsalı” anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da, “risk iştahası”, “risk profili”, “risk limiti” və “şok” anlayışları isə Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda müəyyən olunmuş mənaları ifadə edir.

3.1. Banklarda kredit risklərinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:

3.1.1. kredit risklərinin idarə edilməsi siyasəti;

3.1.2. kredit risklərinin qiymətləndirilməsi;

3.1.3. təminatın qiymətləndirilməsi;

3.1.4. kredit risklərinin monitorinqi;

3.1.5. qeyri-işlək kreditlərin idarə edilməsi qaydası;

3.1.6. stres-testin aparılması;

3.1.8. kredit risklərinin idarə edilməsinin təşkilati strukturu.

4.1 Bankın strategiyası, risk iştahası və risklərin idarə edilməsi siyasətinə müvafiq olaraq bankın Baş risk inzibatçısı tərəfindən kredit risklərinin idarə edilməsi siyasəti hazırlanır. Bankın kredit risklərinin idarə edilməsi siyasəti bu Qaydaya və Mərkəzi Bankın müəyyən etdiyi digər prudensial tələblərə cavab verməklə yanaşı, onun əməliyyatlarının həcminə, mürəkkəbliyinə və risk profilinə adekvat olmalıdır.

4.2. Kredit risklərinin idarə edilməsi siyasəti bankın kredit tələblərinin yaranması, investisiya əməliyyatlarının aparılması, yeni bank məhsulları ilə bağlı qərarların qəbul edilməsi, makroiqtisadi mühitin kreditlərin verilməsi ilə bağlı qərarlara təsiri istiqamətini müəyyən edir. Kredit risklərinin idarə edilməsi siyasətində ən azı aşağıdakılar öz əksini tapır:

4.2.1. təminata dair minimum tələblər (qəbul edilən təminat növləri, dəyəri və s.);

4.2.2. təminatsız, habelə xarici valyutada kreditlərin portfeldə maksimum həcmi və onların verilməsi ilə bağlı tələblər;

4.2.3. kredit məhsulu üzrə kredit məbləğinin yuxarı həddi;

4.2.4. kənd təsərrüfatı kreditləri üzrə şərtlər müəyyən edilərkən kənd təsərrüfatı subyektinin fəaliyyət tsikli və mövsümi xüsusiyyətləri;

4.2.5. kredit portfelində qeyri-işlək kreditlərin yuxarı həddi;

4.2.6. qeyri-işlək kreditlərin idarə edilməsi qaydası;

4.2.7. bankın investisiya əməliyyatları ilə bağlı tələbləri;

4.2.8. daxili risk reytinqi sistemi və hər bir risk dərəcəsi üzrə meyarlar;

4.2.9. bankın yeni fəaliyyət istiqaməti və yeni məhsulunun təqdim edilməsi ilə bağlı tələblər;

4.2.10. törəmə maliyyə alətlərinin növləri və kontragentlər ilə bağlı meyarlar;

4.2.11. ən azı aşağıdakı istiqamətlər üzrə maksimum limitlər:

4.2.11.1. BGN əmsalı (borcalan üzrə, kredit növləri üzrə və s.);

4.2.11.2. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bankın kredit tələbinin yuxarı həddi;

4.2.11.3. banka aidiyyəti olan şəxslər ilə aparılan əməliyyatların həcmi;

4.2.11.4. kredit məhsulu, kreditin müddəti, iqtisadi sektor, coğrafi ərazi, bankın filialı üzrə kredit tələbinin həcmi;

4.2.11.5. informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilə bilən kreditin maksimum məbləği;

4.2.11.6. kreditlərin ümumi həcminin depozitlərin ümumi həcminə nisbəti;

4.2.11.7. təminat növləri, təminat növləri üzrə kreditin təminata olan nisbəti əmsalı və təminatsız kreditlər üzrə kredit tələbinin həcmi;

4.2.11.8. digər maliyyə institutları üzrə kredit tələbinin həcmi;

4.2.11.9. bankın investisiya etdiyi törəmə maliyyə alətlərinin həcmi;

4.2.12. kredit tələbinin yaranması və kredit riskinin monitorinqi prosesində iştirak edən struktur bölmə və əməkdaşların səlahiyyət və məsuliyyət bölgüsü. Səlahiyyət və məsuliyyət bölgüsü borcalanın, emitentin və kontragentin riskliliyindən, habelə aparılan əməliyyatın məbləğindən asılı olaraq müəyyən edilir.

4.3. Bankın strateji planında kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi nəzərdə tutulduqda, kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditləri ilə bağlı ən azı kredit məbləğinin yuxarı həddi, təminata dair minimum tələblər, kredit risklərinin qiymətləndirilməsi, monitorinqi, o cümlədən monitorinq dövriliyi və kredit inzibatçılığına dair tələblər nəzərdə tutulmalıdır.

4.3-1. Bankda kreditlərin verilməsi prosesində davranış modellərindən istifadə edildikdə kredit risklərinin idarə edilməsi siyasətində belə kreditlərlə bağlı bankın risk iştahası və risk limitlərinə dair tələblər nəzərdə tutulmalıdır.

4.4. Kredit risklərinin idarə edilməsi siyasəti və ona dəyişikliklər bankın Müşahidə Şurası tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. Kredit risklərinin idarə edilməsi siyasətindən kənarlaşmalar olduqda, bu barədə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən RİK-ə və İdarə Heyətinə məlumat verilir.

4.5. Kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş limitlərdən kənarlaşmalara yol verilməsi zərurəti yarandıqda, belə kənarlaşmalara RİK-in təklifi əsasında yalnız Müşahidə Şurasının qərarı ilə icazə verilə bilər.

5.1. Bank kredit tələbinin yaranması, investisiya əməliyyatlarının aparılması, habelə yeni bank məhsullarının təqdim edilməsi zamanı kredit risklərini qiymətləndirir.

5.2. Borcalan üzrə kredit risklərinin qiymətləndirilməsi üçün onun ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman ən azı aşağıdakılar nəzərə alınır:

5.2.1. istehlak kreditləri üzrə:

5.2.1.1. borcalanın BGN əmsalı;

5.2.1.2. borcalanın yaşı və iş təcrübəsi;

5.2.1.3. kreditin məqsədi və onun ödənilməsi mənbəyi;

5.2.1.4. borcalanın kredit tarixçəsi;

5.2.1.5. kreditin təminata olan nisbəti əmsalı (kredit üzrə təminat olduqda);

5.2.1.6. borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları;

5.2.1.7. borcalanın xərclərinin səviyyəsi, habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları.

5.2.2. digər kredit tələbləri (iri və orta sahibkarlara verilən biznes krediti, qarantiya, akkreditiv və s.) ilə bağlı bu Qaydanın 5.2.1.3 – 5.2.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı aşağıdakılar nəzərə alınır:

5.2.2.1. borcalanın müxtəlif ssenarilərdə pul axınlarının pisləşməsi halında borc öhdəliyinin ödənilməsi yolları;

5.2.2.2. hüquqi şəxs olduqda, borcalanın səhmdarları (payçıları) və idarəetmə orqanının üzvləri barədə məlumatlar;

5.2.2.3. borcalanın biznes təcrübəsi və onun fəaliyyət göstərdiyi sektorda mövqeyi;

5.2.2.4. borcalanın maliyyə vəziyyəti (borcalan holdinq şirkəti və ya holdinq şirkətinin tərkibindəki şirkət olduqda konsolidasiya olunmuş əsasda baxılır). Bu zaman, borcalanın və ya emitentin maliyyə hesabatlarına (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları), vergi orqanlarına təqdim etdiyi hesabatlara, habelə borcalanın və ya emitentin biznes planına (yeni biznes növü və ya sahəsi yaradıldıqda) baxılır. Borcalanın maliyyə hesabatları kredit üzrə sifarişin təqdim edilməsi tarixindən ən azı son 2 (iki) illik dövrü (borcalanın fəaliyyətə başladığı müddət 2 ildən az olduqda, fəaliyyət göstərdiyi dövrü) əhatə edir.

5.2.3. kiçik sahibkarlara verilən biznes kreditləri bu Qaydanın 5.2.1.3-5.2.1.5-ci yarımbəndlərində qeyd olunan meyarlar ilə yanaşı ən azı bir illik dövriyyəsi və maliyyə hesabatları nəzərə alınır;

5.2.4. xarici valyutada verilmiş kredit tələbləri üzrə bu Qaydanın 5.2.1-5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı, borcalanın məzənnə riskinə qarşı həssaslığı qiymətləndirilir. Bu zaman aşağıdakılar nəzərə alınır:

5.2.4.1. borcalanın xarici valyutada olan pul axınları;

5.2.4.2. borcalanın istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri, habelə onların etibarlılıq müddəti;

5.2.4.3. xarici valyutanın milli valyuta qarşısında dəyər qazanması halında borcalanın artmış kredit öhdəliyini ödəmə qabiliyyəti;

5.2.4.4. borcalanın valyuta mövqeyi (borcalanın xarici valyutada olan tələb və öhdəlikləri arasındakı fərq).

5.2.5. kredit borcalana xarici ölkədə istifadə məqsədilə verildiyi təqdirdə, bu Qaydanın 5.2.1-5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı, kreditin istifadə edildiyi ölkədə iqtisadi və siyasi amillərin onun ödəmə qabiliyyətinə təsiri, həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında, habelə təminatın realizə edilməsində yarana biləcək risklər də nəzərə alınmalıdır.

5.3. Bu Qaydanın 5.2-ci bəndinin tələbləri kontragentin və emitentin sahibkarlıq subyektlərinin bölgüsü üzrə növündən (kiçik, orta, iri sahibkar) asılı olaraq investisiya əməliyyatlarının aparılması, o cümlədən qiymətli kağızların ticarəti əməliyyatı üzrə kredit risklərinin qiymətləndirilməsi zamanı nəzərə alınır. Bu zaman bank tərəfindən kontragentin və emitentin beynəlxalq nüfuzlu reytinq agentlikləri (“Fitch”, “Moody’s” və “Standard & Poor’s”) tərəfindən verilmiş kredit reytinqi (mövcud olduğu halda), likvidliyi, müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyəti kredit risklərinin qiymətləndirilməsinə daxil edilir.

5.4. Kənd təsərrüfatı kreditləri üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı bu Qaydanın 5.2.2-ci və 5.2.3-cü yarımbəndlərinin tələbləri ilə yanaşı ən azı kredit məbləğini əhatə edən, habelə sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə kreditin qalıq məbləğində sığorta ödənişinin faydalanan şəxs qismində banka ödənilməsi şərtini nəzərdə tutan sığorta təminatının olması (aqrar sığorta və s.) nəzərə alınır. Kreditin maliyyələşdirilməsi birdən çox bank tərəfindən aparıldıqda, sığorta müqaviləsində sığorta hadisəsi baş verdikdə sığorta vəsaitlərinin banklar arasında bölüşdürülməsi şərtləri müəyyən edilməlidir.

5.4-1. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı ondan fəaliyyətin, layihənin və (və ya) məhsulun yaşıl və (və ya) dayanıqlılığını təsdiq edən aşağıdakı sənədlərdən bir və ya bir neçəsi tələb edilir:

5.4-1.1. özünüqiymətləndirmə sənədi;

5.4-1.2. fəaliyyətə, layihəyə və (və ya) məhsula dair ixtisaslaşmış şəxs(lər)dən əldə edilmiş təsdiqedici rəy;

5.4-1.3. beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd.

5.4-2. Özünüqiymətləndirmə sənədi kreditin “yaşıl” və ya “dayanıqlılıqla əlaqəli” xüsusiyyətlərinin bu Qaydanın tələblərinə uyğunluğunu təsdiq etmək məqsədilə borcalan tərəfindən hazırlanır.

5.4-3. İxtisaslaşmış şəxs(lər)dən əldə edilmiş təsdiqedici rəy borcalanın əsas dayanıqlılıq hədəflərini və bu hədəfə nailolma planlarına dair üçüncü tərəfin rəyini ehtiva edir. İxtisaslaşmış şəxs(lər) borcalanın və bankın razılığı ilə seçilmiş və aşağıdakı tələblərə cavab verən dövlət orqanları (qurumları), ekoloji auditorlar, ətraf mühit üzrə məsləhətçilər, məsləhətçi şirkətlər və ya reytinq agentlikləri ola bilər:

5.4-3.1. dövlət orqanları (qurumları) istisna olmaqla, digər şəxslərin “yaşıl” və “dayanıqlılıqla əlaqəli” fəaliyyətin, layihənin və (və ya) məhsulun qiymətləndirilməsi sahəsində 5 (beş) il iş təcrübəsi olmalıdır;

5.4-3.2. qiymətləndirmələri uyğun şəkildə həyata keçirmək üçün əvvəlcədən müəyyən edilmiş metodologiya və prosedurlara malik olmalıdır;

5.4-3.3. qiymətləndirmə aparılacaq sahələr (karbon emissiyası mühasibatlığı, bərpa olunan enerji və ya enerji effektivliyi və s.) üzrə ixtisaslaşmış işçilərə malik olmalıdır;

5.4-3.4. təsdiqedici rəydə qiymətləndirməni aparan şəxslərin ixtisasları və təcrübəsi barədə məlumatlar, yaxud bu məlumatların mövcud olduğu mənbələr göstərilməlidir;

5.4-3.5. ixtisaslaşmış şəxs və borcalan arasında maraqlar münaqişəsi olmamalıdır.

5.4-4. Beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd dedikdə beynəlxalq səviyyədə tanınmış və akkreditə edilmiş təşkilatlar və ya standart təyin edən qurumlar və ya birbaşa istehsalçı tərəfindən verilən, məhsulun ətraf mühit, enerji səmərəliliyi kimi məqsədlərini təsdiqləyən sertifikat nəzərdə tutulur. Bu sənədlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nda Sektorlar üzrə Texniki Qiymətləndirmə Meyarları cədvəllərinin “Əsas meyarlar/texniki standartlar və tələb olunan sertifikatlar” sütunlarında qeyd edilmiş sertifikasiyalar və ya olduğu halda ESİ reytinqi sənədləri aid ola bilər.

5.4-5. Beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd(lər) məhsulun “yaşıl” olmasının qiymətləndirilməsi üçün texniki cəhətdən mürəkkəb olmayan (müvafiq parametrləri istehsalçının məhsul sertifikatı ilə təsdiq olunan) məhsul üzrə kifayət edir. Yeni A+++ enerji sərfiyyatı sertifikatlı kondisioner alışı, elektrik avtomobili alışı üzrə kredit və s. bu hallara nümunə ola bilər.

5.4-6. “Dayanıqlılıqla əlaqəli” kreditlərin qiymətləndirilməsi və kredit müddətində dayanıqlılıq göstəricilərinin monitorinqi məqsədilə hər bir kredit üzrə müvafiq ƏFG və ƏDH indikatorları tərəflər arasında əvvəlcədən müqavilədə müəyyənləşdirilir. Bank borcalandan müvafiq indikatorların uyğunluğunun ixtisaslaşmış şəxs(lər) tərəfindən təsdiq edilməsini tələb edə bilər.

5.4-7. ƏFG və ƏDH borcalanın əsas biznes fəaliyyətinə uyğun olmalı, cari və gələcək fəaliyyəti üzrə strateji əhəmiyyət daşımalı, aydın və dəqiq metodologiya əsasında hesablanmalı və kredit müddəti ərzində dəyişməz olaraq qalmalıdır.

5.5. Kredit tələbinin yaranması zamanı borcalanın bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna, habelə banka aidiyyəti olan şəxslərə aid olması yoxlanılır.

5.5-1. Bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

5.5-2. Bank istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.

5.5-3. Bank bu Qaydanın 5.5-1-ci və 5.5-2-ci bəndlərində nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.

5.5-4. Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə verilir:

5.5-4.1. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislinədək və ya onun ekvivalentinədək olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2 (iki) saat sonra;

5.5-4.2. gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 (iki) mislindən və ya onun ekvivalentindən çox olduqda – müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 (iyirmi dörd) saat sonra.

5.6. Borcalanın ödəmə qabiliyyəti kredit tələbinin təminatlı və ya təminatsız olmasından asılı olmayaraq, bütün hallarda qiymətləndirilir. Borcalanın depozit hesabındakı milli və ya sərbəst dönərli xarici valyutada pul vəsaitləri kredit tələbinin təminatı qismində çıxış etdikdə və kredit tələbinə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi tələb olunmur.

5.7. Bank sindikativ və birgə kreditlərin verilməsində iştirakçı bank qismində çıxış etdikdə üzərinə götürdüyü riskin adekvat qiymətləndirilməsində təşkilatçı bankın və ya digər iştirakçı bankların birgə qiymətləndirməsinə deyil, kredit sifarişinin tam həcmdə özü tərəfindən aparılan hərtərəfli təhlilinə əsaslanır.

5.8. Borcalanın ödəmə qabiliyyətinin informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi bankın kredit risklərinin idarə edilməsi siyasətində müəyyən edilmiş kreditlər üzrə bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.

5.9. Bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalıdır.

6.1. Bank kredit riskinin idarə edilməsi siyasətinə müvafiq olaraq borcalanlarla bağlı kredit riskini qiymətləndirmək üçün daxili risk reytinqi (bundan sonra - DRR) sistemini hazırlayır. DRR sistemi borcalanları risk reytinqləri üzrə təsnifləşdirməli və portfel üzrə ümumi risk profilini müəyyən etməyə imkan verməlidir.

6.2. DRR sistemi bankın fəaliyyətinə, ölçüsünə və aparılan əməliyyatların mürəkkəbliyinə adekvat olmalıdır.

6.3. Borcalanın risk reytinqi kredit tələbinin yaranma anında müəyyən edilir və ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir. İqtisadi şəraitin, habelə makroiqtisadi göstəricilərin, borcalanın öhdəlik üzrə davranışının dəyişməsi hallarında borcalanın risk reytinqinə yenidən baxılır.

6.4. Borcalanın risk reytinqi müəyyən olunan zaman onun maliyyə və keyfiyyət (fəaliyyət göstərdiyi sahə, fəaliyyətinin davamlılığı, kredit tarixçəsi və s.) göstəriciləri nəzərə alınır.

6.5. Yeni kredit tələbi yarandıqda, habelə mövcud kredit tələbinin məbləği artırıldıqda, borcalanın risk reytinqi yenidən müəyyən edilir.

6.6. Risk reytinqinin müəyyən edilməsi metodologiyası, onun yenilənmə tezliyi və halları kredit risklərinin idarə edilməsi siyasətində əks olunur.

6.7. Ən azı ildə bir dəfə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən DRR sisteminin əks-yoxlaması (modelin ehtimal olunan nəticələrinin faktiki nəticələrlə müqayisə edilməsi) aparılır və yoxlama nəticələri RİK-ə və İdarə Heyətinə təqdim edilir.

6-1.1. Kreditlərin verilməsi prosesində “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın tələbləri nəzərə alınmaqla davranış modellərindən istifadə oluna bilər. Davranış modelləri əsasında borcalanın proqnozlaşdırılmış gəlir məlumatları müəyyən edilə və həmin məlumatlar bu Qaydanın 5.2-ci bəndinin tələblərinə uyğun olaraq borcalanın ödəmə qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər.

6-1.2. Davranış modelinin hazırlanması və təkmilləşdirilməsi bankın risklərin idarə edilməsi funksiyasına daxil olmayan ayrıca struktur bölməsi tərəfindən həyata keçirilir.

6-1.3. Bu Qaydanın 6-1.2-ci bəndində nəzərdə tutulan struktur bölmənin əməkdaşları, azı bir əməkdaş maliyyə modelləşdirmə sahəsində olmaqla, bank sektorunda verilənlərin təhlili (data analitikası) və ya maliyyə modelləşdirməsi sahəsində iş təcrübəsinə malik olmalıdır.

6-1.4. Davranış modelinin hazırlanması prosesinə maraqlar münaqişəsinə yol vermədən bankın digər struktur bölmələrinin əməkdaşları və (və ya) kənar ekspertlər cəlb edilə bilər.

6-1.5. Davranış modelinin təsdiq edilməsindən əvvəl daxili və xarici validasiyası həyata keçirilir. Davranış modelinin xarici validasiyası daxili validasiyadan sonra tətbiq edilir.

6-1.6. Davranış modelinin daxili validasiyası risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə tərəfindən həyata keçirilir.

6-1.7. Davranış modelinin xarici validasiyası beynəlxalq audit standartlarına uyğun auditi həyata keçirən audit şirkətləri və ya bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Davranış modelinin validasiyasına cəlb edilən audit şirkəti və ya ixtisaslaşmış şirkət modellərin validasiyası üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalı və modellərin validasiyası üzrə iştirak etdiyi layihələr barədə məlumatı banka təqdim etməlidir.

6-1.8. Daxili və xarici validasiyası həyata keçirilmiş davranış modeli İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi ilə razılaşdırıldıqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilir. Davranış modeli təsdiq edildikdən sonra onun bankdaxili kommunikasiyası təmin edilir və növbəti 5 (beş) iş günü ərzində xarici validasiyanın nəticələri ilə birlikdə Mərkəzi Banka təqdim edilir.

6-1.9. Davranış modeli üzrə validasiya prosedurları bankın daxili qaydaları ilə tənzimlənir. Təsdiq edilmiş davranış modelinin daxili validasiyası bankdaxili qaydalara uyğun olaraq mütəmadi, xarici validasiyası isə iki ildə bir dəfədən az olmayaraq həyata keçirilir.

6-1.10. Təsdiq edilmiş davranış modelinin validasiya nəticələri, habelə davranış modeli əsasında verilmiş kredit portfelinə, o cümlədən portfelin keyfiyyətinə dair məlumatlar bankdaxili qaydalarda müəyyən edilmiş dövrilikdə İdarə Heyətinə, Riskləri İdarəetmə Komitəsinə və Müşahidə Şurasına təqdim edilir.

7.1. Təminatın qiymətləndirilməsi zamanı ən azı aşağıdakılar nəzərə alınır:

7.1.1. təminat qismində zaminlik çıxış etdikdə, zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına baxılır. Zaminin ödəmə qabiliyyəti bu Qaydanın 5-ci hissəsinə müvafiq olaraq qiymətləndirilir;

7.1.2. təminat qismində qarantiya çıxış etdikdə, qarantın bu Qaydanın 5-ci hissəsinə müvafiq olaraq ödəmə qabiliyyəti qiymətləndirilir;

7.1.3. təminat qismində daşınar əmlak çıxış etdikdə, onun yüklülüyü Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yoxlanılır, habelə onun bazar qiyməti, satış imkanları təhlil edilir;

7.1.4. təminat qismində daşınmaz əmlak çıxış etdikdə, onun bazar qiyməti və satış imkanları təhlil edilir;

7.1.4-1. girov predmeti üzrə iqlim və digər ESİ riskləri nəzərə alınır (girov qismində qiymətləndirilən daşınmaz əmlakın coğrafi yerləşməsi üzrə daşqın riskinin nəzərə alınması və s.);

7.1.5. təminat qismində qiymətli kağızlar çıxış etdikdə, onun bazar dəyəri, emitentin ödəmə qabiliyyəti və qiymətli kağızların satış imkanları təhlil edilir;

7.1.6. təminat qismində hüquqların girovu çıxış etdikdə girov predmetinin hüquqi etibarlılığı, təminat qismində borc tələbi çıxış etdikdə müvafiq borclunun ödəmə qabiliyyəti bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq qiymətləndirilir.

7.2. Kreditlər üzrə təminat qismində bu Qaydanın 7.1-ci bəndində qeyd olunmuş təminatlar çıxış etdikdə, təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır.

7.3. Təminatın qiymətləndirilməsi bu Qaydanın 7.4-cü və 7.4-1-ci bəndlərində göstərilən tələblərə cavab verən bankın əməkdaşı və ya “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici (bundan sonra – qiymətləndirici) tərəfindən aparılır. Qiymətləndirməni aparan şəxslərin siyahısı bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən nəzərdən keçirilir və azı ildə bir dəfə onların fəaliyyəti yenidən qiymətləndirilir.

7.4. Qiymətləndirməni aparan bankın əməkdaşına dair tələblər aşağıdakılardır:

7.4.1. kreditin verilməsi prosesində iştirak edən şəxs deyil;

7.4.2. qiymətləndirmə nəticələri ilə bağlı maraqlar münaqişəsi yoxdur;

7.4.4. qiymətləndirmə sahəsində ən azı 3 (üç) illik iş təcrübəsinə malikdir;

7.4.5. borcalanın ödəmə qabiliyyəti onun qiymətləndirmə nəticələrinə təsir etmir;

7.4.6. təhrif olunmamış və obyektiv qiymətləndirmə hesabatı hazırlayır;

7.4-1. Qiymətləndirməni aparan bank əməkdaşı və qiymətləndirici təminatın mülkiyyətçisinə və borcalana aidiyyəti olan şəxs olmamalıdır.

7.5. Borcalanın təqdim etdiyi təminat üzərində bankın hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir.

7.6. Bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı kredit tələbləri bankın məcmu kapitalının 5 (beş) faizindən yuxarı olduqda təminat iki qiymətləndirici tərəfindən ayrıca olaraq qiymətləndirilir. Bu zaman qiymətlər fərqli olduqda, bank tərəfindən təminatın aşağı olan qiyməti əsas götürülür.

7.7. Bankdaxili qaydalarda təminatın qiymətləndirilməsi və qiymətləndirməni həyata keçirən bank əməkdaşının və ya qiymətləndiricinin seçilməsi meyarları müəyyən edilir.

8.1. Hər bir kredit tələbi üzrə borcalanın kredit risklərinin təhlili nəticələri, kreditin verilməsi ilə bağlı qərar sənədləşdirilir və kredit dosyesində saxlanılır. Kredit dosyesinə daxil olmalı sənəd və məlumatların siyahısı bu Qaydaya 1 nömrəli Əlavədə nəzərdə tutulur.

8.2. Kreditlər üzrə müraciətlərin reyestri aparılır və kreditin verilməsindən imtina edildikdə, bank kredit üçün müraciət edən şəxsə onun sorğusu əsasında imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verir.

8.3. Kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi bağlanılır. Kredit risklərinin idarə edilməsi siyasətində kreditin verilməsi üzrə məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edir. Bank müvafiq sığorta növü üzrə icazəyə malik bütün sığortaçılardan bu sığorta növü üzrə sığorta haqlarına dair təklifləri (sığortalamaqdan imtina olduqda bu barədə bildirişi) almalı və müvafiq təkliflərin hər hansı dəyişiklik edilmədən müştəriyə təqdim edilməsini təmin etməlidir. Bank tərəfindən bu Qaydaya 3 nömrəli Əlavədə göstərilən məlumat formasının müştəri tərəfindən doldurulmasına və sığorta müqaviləsinin müştərinin seçdiyi müvafiq icazəyə malik sığortaçı ilə bağlanmasına imkan yaradılır. Kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi, habelə həyat sığorta müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli 20/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” ilə tənzimlənir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bu Qaydaya 3 nömrəli Əlavədə göstərilən məlumat formasının doldurulması təklifi bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim edilir.

8.3-1. İstehlak krediti müqaviləsinə bu Qaydanın 5.5-2-ci bəndinin tələbinin pozulması ilə kreditin verildiyi və ya kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir.

8.4. Kredit üzrə faktiki illik faiz dərəcəsi bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlak krediti ilə bağlı reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, kredit üzrə faktiki illik faiz dərəcəsi göstərilməlidir.

8.5. İstehlak krediti müqaviləsinin məsafədən bağlanması, müqaviləyə dəyişiklik edilməsi, o cümlədən kredit limitinin artırılması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məsafədən hesabların açılması Qaydası”nın” tələblərinə əməl edilməlidir.

9.1. Bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə malik olmalıdır. Kredit risklərinin monitorinqi məqsədilə aşağıdakılar həyata keçirilir:

9.1.1. borcalanın, emitentin və kontragentin maliyyə göstəriciləri, borc yükü və likvidliyi təhlil edilir;

9.1.2. borcalanın və emitentin öhdəlik üzrə əsas məbləğ, habelə faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərlə bağlı ödəmə davranışı izlənilir;

9.1.3. təminat qismində çıxış edən daşınar və ya daşınmaz əmlakın vəziyyətinin və saxlanma şəraitinin monitorinqi aparılır, habelə iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar qiymətinə təsiri ölçülür;

9.1.4. mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyəri izlənilir;

9.1.5. kredit tələbinin təyinatı üzrə istifadə edilməsi yoxlanılır.

9.2. Kənd təsərrüfatı kreditləri üzrə bu Qaydanın 9.1-ci bəndində qeyd edilənlərlə yanaşı, borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılır.

9.2-1. Bank “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərinin azı illik əsasda monitorinqini aparmalı və bankın strateji planına uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməlidir.

9.2-2. Bank “dayanıqlılıqla əlaqəli” kredit risklərinin monitorinqi zamanı borcalandan onun ƏFG və ƏDH-lərinə dair məlumatları (ilkin göstərici, cari göstərici və mümkün olduğu hallarda ƏFG-nin borcalanın fəaliyyət göstərdiyi sahə üzrə orta bazar göstəriciləri ilə müqayisəsi və olduğu halda bu göstəricilər üzrə 3 (üç) illik tendensiya) tələb etməlidir.

9.2-3. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərinin monitorinqinin aparılması qaydası, bu Qaydanın 5.4-1-ci bəndində nəzərdə tutulan və monitorinq zamanı tələb edilən təsdiqləyici sənədlərin dairəsi kredit müqaviləsi ilə müəyyən edilir.

9.3. Kredit risklərinin monitorinqi funksiyasını həyata keçirən struktur bölmə bankın kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölməsindən ayrı olmalıdır. Bankın daxili qaydalarında monitorinqin aparılması funksiyasını həyata keçirən struktur bölmə, monitorinqin aparılma tezliyi, aşkarlanmış problemlərin sənədləşdirilməsi və görüləcək tədbirlər müəyyən olunur. “Yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda “yaşıl” və ya “dayanıqlılıqla əlaqəli” olmayan kateqoriyaya keçirilməsi üçün mexanizmlər müəyyən edilməlidir.

10.1. Bank portfel səviyyəsində kredit risklərinin idarə edilməsi və monitorinqi sisteminə malik olmalıdır.

10.2. Portfel səviyyəsində kredit risklərinin idarə edilməsi aşağıdakı tədbirlər vasitəsilə həyata keçirilir:

10.2.1. yeni kredit tələblərinin yaranmasının limitləşdirilməsi və ya tam məhdudlaşdırılması;

10.2.2. törəmə maliyyə alətlərinin tətbiqi;

10.2.3. kredit tələblərinin bank sirrinin qorunması qaydalarına riayət etməklə satışı.

11.1. Bankın kredit portfeli üzrə qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı qaydası İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası tərəfindən təsdiqlənir. Qaydada ən azı aşağıdakılar əks olunur:

11.1.1. daxili və xarici amillərin bankın qeyri-işlək kreditlərinin idarə edilməsinə təsiri;

11.1.2. bankın qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı imkanlarının (resursların mövcudluğu, informasiya texnologiyaları və s.) artırılması hədəfləri;

11.1.3. qısamüddətli, ortamüddətli və uzunmüddətli dövrdə qeyri-işlək kreditlərin həcminin azaldılması hədəfləri;

11.1.4. qeyri-işlək kreditlərin idarə edilməsi prosesinin monitorinqi.

11.2. Qeyri-işlək kreditlərin idarə edilməsi qaydasına uyğun olaraq tədbirlər planı hazırlanır. Tədbirlər planı bankın İdarə Heyəti tərəfindən təsdiqlənir və ən azı ildə bir dəfə nəzərdən keçirilir. Tədbirlər planı aşağıdakıları əhatə edir:

11.2.1. qeyri-işlək kreditlərin azaldılması ilə bağlı tədbirlər və onların reallaşdırılma müddətləri;

11.2.2. qeyri-işlək kreditlərin müxtəlif seqmentlər üzrə təsnifləşdirilməsi və hər bir seqment üzrə görülməli tədbirlər;

11.2.3. tədbirlərin icrası üçün tələb olunan resurslar;

11.2.4. maraqlı tərəflərlə tədbirlər planının icrasının koordinasiyası.

11.3. Tədbirlər planının icrası bankın qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən həyata keçirilir. Qeyri-işlək kreditlərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmə kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmədən ayrı olmalı və lazımi resurslarla təmin olunmalıdır. Bankın İdarə Heyəti rübdə bir dəfə tədbirlər planının icrasına dair hesabatı bankın Müşahidə Şurasına təqdim edir.

11.4. Bankın qeyri-işlək kreditlərin idarə edilməsi qaydasının səmərəliliyinin monitorinqi ən azı aşağıdakı göstəricilər əsasında aparılır:

11.4.1. dövr ərzində qeyri-işlək kreditlərin həcmində dəyişiklik;

11.4.2. kreditlər üzrə yığımların və yığımlar üzrə xalis gəlirlərin həcmi;

11.4.3. restrukturizasiya tədbirlərinin sayı və növləri, hər bir növ üzrə effektivlik göstəricisi;

11.4.4. görülmüş hüquqi tədbirlər, o cümlədən, realizə edilmiş təminatlar.

12.1. Bank borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiya edə bilər. Kreditin restrukturizasiyası aşağıdakı prosedurlardan ibarətdir:

12.1.1. borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyətinin qiymətləndirilməsi bu Qaydanın tələblərinə müvafiq olaraq aparılır. Qiymətləndirmədə restrukturizasiya tarixinə təqdim olunmuş məlumatlardan istifadə olunur. Borcalanın yeni şərtlər daxilində ödəmə qabiliyyəti kredit öhdəliyinin ödənilməsi üçün yetərli olmalıdır. Kreditin təminatı (olduqda) restrukturizasiya tarixinə aşağıdakı şərtlərlə qiymətləndirilir:

12.1.1.1. təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 (on iki) ayadək müddət keçdikdə təminatın yenidən qiymətləndirilməsi aparılmır (iqtisadiyyatda baş verən dəyişikliklərin təminatın bazar dəyərinə mənfi təsir etməsi halları istisna olmaqla);

12.1.1.2. təminatın sonuncu qiymətləndirilmə tarixindən restrukturizasiya tarixinə 12 (on iki) aydan çox müddət keçdikdə təminat yenidən qiymətləndirilir;

12.1.2. restrukturizasiya tədbirinin seçilməsi. Bankdaxili qaydalarda müxtəlif kredit növləri, iqtisadi sektor və borcalanların xüsusiyyətlərinə müvafiq olan restrukturizasiya tədbirləri müəyyən edilir;

12.1.3. ödəniş şərtlərinin müəyyən edilməsi. Ödəniş şərtləri borcalanın ödəmə qabiliyyətinə adekvat olaraq müəyyən olunur.

12.1.4. monitorinq. Borcalanın ödəmə davranışına müvafiq olaraq restrukturizasiya tədbirlərinin səmərəliliyi monitorinq vasitəsilə qiymətləndirilir.

13.1. Bank bir və ya bir neçə şokun kredit portfelinə potensial təsirini qiymətləndirmək üçün stres-test aparır.

13.2. Stres-testlər Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

13-1.1. Kreditlərin verilməsi prosesinə poçt rabitəsinin milli operatoru, bank olmayan kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatları cəlb edilə bilər. Bu halda həmin təşkilatlar tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:

13-1.1.1. kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu;

13-1.1.2. borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;

13-1.1.3. kreditlərlə bağlı təqdim edilməli olan sənədlərin, o cümlədən müştərinin fiziki imzası tələb olunan sənədlərin, ödəniş alətlərinin müvafiq olaraq banka və (və ya) müştərilərə çatdırılması.

13-1.2. Bank kreditlərin verilməsi prosesinə bu Qaydanın 13-1.1-ci bəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdikdə, kreditin verilməsi məqsədilə bank hesabı aşağıdakı qaydada açılır:

13-1.2.1. bank tərəfindən məsafədən; və ya

13-1.2.2. kredit üçün müraciət edən şəxs müvafiq olaraq bu Qaydanın 13-1.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin mövcud müştərisi olduqda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏL/TMM Qanunu) 5-ci maddəsinə uyğun olaraq həmin şəxslər (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) tərəfindən aparılan müştəri uyğunluğu tədbirlərinə bank tərəfindən güvənilməklə (məsafədən açılmadıqda).

13-1.3. Bankın strateji planında kreditlərin verilməsi prosesinə bu Qaydanın 13-1.1-ci bəndində göstərilən şəxslərin cəlb edilməsi nəzərdə tutulduqda, kredit risklərinin idarə edilməsi siyasətində və bankdaxili qaydalarda azı üçüncü səxslərin iştirakı ilə verilən kredit məhsulları və müvafiq məhsullar üzrə limitlər (tətbiq edildikdə), müvafiq xidmətlər üzrə haqlar və xidmətlərin göstərilməsi proseduru, kredit inzibatçılığı, sənəd və məlumat mübadiləsinə dair tələblər, habelə bank sirri məlumatlarının qorunması üzrə öhdəliklər nəzərdə tutulmalıdır. Bu zaman həmçinin Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 17 yanvar tarixli 02/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nın 3-cü və 4-cü hissələrinin, 5.1-ci bəndi və 5.2.3-cü yarımbəndinin tələblərinə əməl olunmalıdır.

14.1. Kredit risklərinin effektiv idarə edilməsi məqsədilə bankın risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölməsi tərəfindən bankın məruz qaldığı kredit riskləri barədə hesabat hazırlanır. Hesabatda bankın kredit və investisiya portfeli üzrə məruz qaldığı risklər, bu risklərin bankın risklərin idarə edilməsi siyasətinə adekvatlığı, habelə risklərin bankın kapitalına təsiri barədə məlumatlar əks olunur.

14.2. Hesabat aylıq əsasda hazırlanır və bankın Müşahidə Şurasına, RİK-ə və İdarə Heyətinə təqdim edilir.

14.3. Bankın risklərin idarə edilməsi siyasətindən kənarlaşmalar olduqda, habelə makroiqtisadi vəziyyətin ani dəyişməsi hallarında kredit riskləri barədə hesabat bu Qaydanın 14.2-ci bəndində qeyd olunmuş dövrilikdən daha sıx dövriliklə hazırlanıb təqdim edilə bilər.

1. Borcalanın özünün, yaxud səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit müraciəti (sifarişi).

2. Borcalan, yaxud onun səlahiyyətli nümayəndəsi barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – ƏL/TMM Qanunu) müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a uyğun olaraq əldə edilmiş məlumat və sənədlərlə yanaşı:

2.1. borcalan hüquqi şəxs və ya fərdi sahibkar olduqda, faktiki fəaliyyət göstərdiyi ünvan;

2.2. borcalanın fəaliyyət sahəsi (fiziki şəxsin məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat.

3. Borcalan hüquqi şəxs olduqda, onun səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd.

4. Kreditin ödənilməsi üçün pul axınlarının mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə).

5. Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat.

6. Bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat.

7. Biznes-plan (kreditin növündən asılı olaraq tələb olunduqda).

8. Daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi.

9. Bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolundan çıxarış və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar.

10. Kredit müqaviləsi.

11. Bu Qaydada nəzərdə tutulmuş hallarda borcalanın öhdəlikləri barədə kredit tarixçəsini təşkil edən məlumatlar.

12. Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi ilə təsdiq edilmiş (olduqda) illik maliyyə hesabatları (kredit verilərkən əldə edilmiş) və aralıq maliyyə hesabatları. Borcalan banka aidiyyəti hüquqi olan şəxs olduqda onun auditor rəyi ilə təsdiq edilmiş (olduqda) ən azı son iki illik maliyyə hesabatları.

13. Borcalan hüquqi şəxs olduqda, kreditin müddəti ərzində illik maliyyə hesabatları.

14. Borcalan hüquqi şəxs olduqda onun korporativ idarəetmə strukturuna dair bankın rəyi.

15. Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı təmərküzləşmə riski barədə məlumat (belə hal baş verdikdə).

16. Borcalan hüquqi/fiziki şəxs olduqda borcalanın bank tərəfindən müəyyən edilmiş daxili risk reytinqi.

17. Borcalan hüquqi şəxs olduqda onun fəaliyyət göstərdiyi sektorun təhlili nəticələri.

18. Borcalanın valyuta riskinə qarşı istifadə etdiyi valyuta məzənnəsinin hedcinq alətləri barədə məlumat (olduqda).

19. Kreditin təyinatı üzrə istifadəsini təsdiq edən sənədlər (borcalanın satıcı və podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.).

20. Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq struktur bölməsi tərəfindən tərtib olunmuş hesabat.

21. Kreditin restrukturizasiyası ilə bağlı müqavilə və digər sənədlər.

22. İstehlakçıya təqdim edilmiş istehlak krediti üzrə standart məlumatlandırma forması.

23. Kredit müəyyən malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi vasitəsilə verildikdə, həmin mal və ya xidmətin alışını təsdiq edən sənəd.

24. Sığorta müqaviləsi (mövcud olduqda) və onunla əlaqəli digər sənədlər.

25. Məsafədən rəsmiləşdirildiyi halda istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə dair borcalanın tətbiq etdiyi məhdudiyyətin olub-olmaması barədə məlumat.

1. Təminata dair mövcud qanunvericiliyə uyğun bağlanmış (təsdiq edilmiş) müqavilə.

2. Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti.

3. Girov predmeti birgə mülkiyyətdə olduqda onun rəsmiləşdirilməsi ilə əlaqədar bütün mülkiyyətçilərin, razılığını təsdiq edən sənədlər (razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda), habelə sonrakı girov əvvəlki girov müqaviləsi ilə qadağan edilmədiyi halda, sonrakı girov zamanı əvvəlki girov qoyanın (ipoteka qoyanın) razılığını təsdiq edən sənədlər.

4. Bank təqdim olunan girov predmetinin alınmasını maliyyələşdirdikdə (daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər.

5. Girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirməni həyata keçirən bank əməkdaşı və ya qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat.

6. Girov predmetinin fiziki və texniki vəziyyətinin yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, soyadı, vəzifəsi habelə yoxlamanın nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə) barədə məlumat.

7. Bank tərəfindən girov predmetinin bankın xeyrinə sığortalanması tələb edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şəhadətnaməsi).

8. Təminat qarantiya və ya zaminlik növündə olduqda müvafiq olaraq qarantın və ya zaminin maliyyə vəziyyəti barədə məlumat və onun bank tərəfindən qiymətləndirilməsinin nəticələri.

9. Təminatın əvəz edilməsinin sənədləşdirilməsinə dair sənədlər (zərurət yarandıqda)

10. Təminatçı hüquqi şəxs olduqda:

10.1. təsis və dövlət qeydiyyatına dair sənədlər;

10.2. təminatçının səlahiyyətli idarəetmə orqanının qərarı (bu səlahiyyətlər kollegial idarəetmə orqanına məxsus olduqda);

10.3. təminat müqaviləsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər.

11. Zamin fiziki şəxs olduqda:

11.1. onun gəlir mənbəyini (mənbələri) təsdiq edən məlumatlar;

11.2. onun ödəniş qabiliyyətinə dair digər məlumatlar, o cümlədən kredit tarixçəsini təşkil edən məlumatlar.

12. Pul vəsaitinin girovu ilə təmin olunmuş kreditlər üçün hesabın bloklaşdırılmasını təsdiq edən sənədlər.

1. Borcun tutulmasına dair sənədlər (borcalanlara ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.).

2. Tikinti sahəsinə verilən kreditlər üçün tikinti layihələrinə dair sənədlər, o cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, layihələrin və onun mərhələlərinin başa çatdırılmasına dair sənədlər və tikintidə aparılmış yoxlamalar haqqında hesabatlar.

3. Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir rəsmi iddia, yaxud borcalan tərəfindən banka qarşı qaldırılmış rəsmi şikayət/iddia).

4. Borcalanla yazışmalar.

5. Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər.

6. Kənd təsərrüfatı kreditləri üzrə əlavə olaraq aşağıdakı sənədlər:

6.1. borcalanın kənd təsərrüfatı sahəsində icazə, sertifikat və digər hüquqmüəyyənedici sənədləri (qanunvericiliklə tələb olunduqda);

6.2. istehsalı planlaşdırılan məhsulun satış planları, müqavilələri və ya satış üzrə niyyət protokolları.

A. FİFD-in hesablanması aşağıda göstərilmiş riyazi tənlik vasitəsilə hesablanır:

S – borcalana verilən xalis kredit məbləği, yəni verilən kredit və banka ödəniləcək cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişin və digər xərcin) sıra nömrəsi;–

n — pul axınlarının (ödənişlərin və digər xərclərin) sayı;

x — Faktiki illik faiz dərəcəsi;

m — illik ödəniş intervalı;

Ak — kredit müqaviləsi üzrə k – cı pul axınlarının (ödənişlərin və digər xərclərin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir.

B. FİFD-in hesablanmasına aşağıdakı xərc maddələri daxil edilmir:

a) kredit müqaviləsinin şərtləri ilə əlaqədar deyil, qanunvericiliyin tələblərindən irəli gələn xərclər (məsələn, icbari sığorta, notarial xərclər və s.);

b) kreditin əldə edilməsini məhdudlaşdırmayan sığorta xərcləri;

c) banka əvvəlcədən məlum olmayan sığorta haqları;

d) borcalanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı yarana biləcək xərclər (ödənişlər gecikdirildiyi halda gecikdirilmə faizləri, dəbbə pulu və s.);

e) həcmi və/və ya müddəti borcalanın qərarından və/və ya davranışından asılı olan, kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər, o cümlədən:

i. kreditin vaxtından əvvəl tamamilə və ya qismən geri qaytarılması üzrə kompensasiya xərcləri;

ii. borcalan üçün müəyyən edilmiş overdraft limitinin aşılması üzrə xərclər;

iii. kredit borcunun vəziyyəti barədə məlumatın əldə edilməsi üzrə ödənişlər;

iv. kredit kartları üzrə mübadilə və bu kimi digər tutulmalar.

C. Kredit kartları (xətti) vasitəsilə ayrılan kreditlər üzrə FİFD-in hesablanması aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

a) kredit müqaviləsi borcalana kreditin istifadəsi üzrə sərbəst davranışa imkan yaratdıqda, kreditin verildiyi gün tam məbləğdə istifadə edilməsi imkanı nəzərə alınır. Kreditin hissə-hissə istifadəsi nəzərdə tutulduqda, sərbəst istifadə edilə bilən hissənin məbləği nəzərə alınır;

b) kredit müqaviləsində kreditin istifadəsi üzrə sərbəst davranış müəyyən edildikdə və bu əsasda fərqli faiz dərəcəsi və (və ya) digər ödənişlər tələb edilməsi nəzərdə tutulduqda, hesablama tətbiq oluna biləcək ən yüksək tələblər nəzərə alınmaqla həyata keçirilir;

c) kredit müqaviləsi üzrə borcalanın ödəniş qrafiki nəzərdə tutulmadıqda aşağıdakılar fərz olunur:

i. kreditin müddətinin bir il olması;

ii. ödənişlərin aylıq əsasda və bərabər ödənişlərlə həyata keçirilməsi.

d) kredit müqaviləsi üzrə ödəniş qrafikində yalnız müddət müəyyən edildikdə, ödənişlərin həcmi isə sərbəst olduqda (yəni, müqavilə üzrə müəyyən edilmədikdə), ən kiçik ödənişin (yalnız faiz və (və ya) müqavilədə göstərilən digər ödənişlərin) həyata keçiriləcəyi və əsas məbləğin müddətin sonunda ödəniləcəyi fərz olunur.

1. Borcalanın eyniləşdirmə məlumatları:

Adı, soyadı, atasının adı:__________

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi:_________

Fərdi identifikasiya nömrəsi (FİN):___________

2. Borcalana kredit müqaviləsi üzrə həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta ilə bağlı aşağıdakı sığortaçılardan biri ilə sığorta müqaviləsi bağlanması təklif edilir:

3. Qeyd edilən sığortaçılar üzrə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində ilkin hesablanmış sığorta haqqı*:

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

4. Hissə-hissə ödənilməsi halında ilkin hesablanmış sığorta haqqının aylıq kredit ödənişinə əlavə ediləcək hissəsi:

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

5. Sığorta müqaviləsi bağlanmadan kredit müqaviləsi üzrə hesablanmış

6. Sığorta müqaviləsi bağlanmaqla kredit müqaviləsi üzrə hesablanmış

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

“__________” ASC __________

* Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılar tərəfindən təqdim edilən ilkin hesablanmış sığorta haqqı müştəri barədə təqdim edilmiş məlumatlara əsasən müəyyən edilir.

Sığortalanmağa razıyam Sığortalanmağa razı deyiləm

Borcalanın imzası: __________________________

Tarix: __________________________

1. 16 may 2024-cü il tarixli 20/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202405160205, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 may 2024-cü il)

2. 10 dekabr 2024-cü il tarixli 49/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412100496, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 dekabr 2024-cü il)

3. 16 dekabr 2025-ci il tarixli 44/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512160445, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il)

4. 23 dekabr 2025-ci il tarixli 45/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202512230453, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 yanvar 2026-cı il)

5. 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)

6. 28 aprel 2026-cı il tarixli 18/11 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604281811, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyun 2026-cı il)

7. 4 avqust 2026-cı il tarixli 35/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202608040352, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 avqust 2026-cı il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver