15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.
15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:
15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına beynəlxalq müqavilələrdə nəzərdə tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına əməl edildikdə icazə verilməsini;
15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun daxil olduğu və çıxdığı məntəqələri göstərməklə müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini;
15.2.3. tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla);
15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilməsini;
15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması haqqında idxal edən ölkənin məlumatlandırılmasını.
15.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:
15.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşalmasının dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini;
15.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq müqavilələrin tələb və tövsiyələrinə uyğun hazırlanmasını və istifadə olunmasını.
15.3-1. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidirlər.
15.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.