Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Baytarlığın maliyyə təminatı

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Baytarlıq sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir:

39.1.1. baytarlıq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma xərcləri;

39.1.2. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı üzrə heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım olan epizootiya əleyhinə xərclər, dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının ehtiyatının yaradılması və saxlanılması xərcləri;

39.1.3. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya uyğun olaraq heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi xərcləri;

39.1.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi ilə əlaqədar onların sahiblərinə dəyən zərərin ödənilməsi;

39.1.5. baytarlığın elmi təminatı;

39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin törədiciləri və keçiricilərinin ştammlarının saxlanma xərcləri;

39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri;

39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata keçirilən digər baytarlıq tədbirlərinin xərcləri.

39.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı baytarlıq xidməti və nəzarəti tədbirləri maliyyələşdirilir:

39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatlarının istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və keyfiyyətin müəyyən edilməsi xərcləri;

39.2.2. heyvanların identikləşdirilməsi (kodlaşdırılması) xərcləri;

39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası xərcləri;

39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi xərcləri;

39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin verilməsi xərcləri.

39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının, pasportunun, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

39.4. Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

39.5. Bu Qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla), habelə dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver