12.1. İdman klubu təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata keçirən təşkilatdır.
12.2. Təşkilati-hüquqi formasından asılı olmayaraq idman klubları qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır və nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərirlər. Hüquqi şəxs statusu olmayan idman klubu haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
12.3. İdman klubları hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilərlər.
12.4. İdman klubları fəaliyyət istiqamətlərinə görə ayrı-ayrı idman növləri ilə məşğul olan kompleks idman klublarına, həvəskar, peşəkar və digər istiqamətli idman klublarına bölünürlər.
12.5. İdman klubları istehsalat, təhsil və tibb müəssisələri, həmkarlar ittifaqları, bələdiyyələr, eləcə də digər qurumlarla əlaqələr yarada bilərlər.
12.6. İdman klubları ilk növbədə uşaq-gənclər idmanı sahəsində təlim-məşq prosesinin və idman yarışlarının təşkili üçün imkanlar yaradır, klubların üzvləri arasında vətəndaşlıq və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması üzrə məqsədyönlü iş aparır, fəaliyyətlərini bədən tərbiyəsi və idman sahəsində dövlətin siyasətinə uyğun qururlar.
12.7. Dövlət orqanları və bələdiyyələr idman klublarının yaradılmasına, fəaliyyətlərinin təşkilinə və iş şəraitinin yaxşılaşdırılmasına aşağıdakıların həyata keçirilməsi yolu ilə kömək göstərirlər:
12.7.1. idman qurğularının və digər idman obyektlərinin tikintisi, bərpası, təmir edilməsi;
12.7.2. dövlət və bələdiyyə mülkiyyətində olan binaların, qurğuların əvəzsiz istifadəyə və ya güzəştli şərtlərlə uzunmüddətli icarəyə verilməsi;
12.7.3. idman ləvazimatı və avadanlığı ilə təmin edilməsi;
12.7.4. qanunvericilikdə müəyyən olunmuş qaydada digər dəstəklərin göstərilməsi.
12.8. İdman klublarının səlahiyyətlərinə aşağıdakılar aiddir:
12.8.1. ölkədə tanınmış müxtəlif idman növləri üzrə idman məktəblərinin, idman bölmələrinin, həvəskar və peşəkar komandalarının yaradılması;
12.8.2. Vahid idman təsnifatının tələblərinə əsasən müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində idman dərəcələrinin verilməsi;
12.8.3. əhaliyə bədən tərbiyəsi-sağlamlıq və idman xidmətlərinin göstərilməsi;
12.8.4. müəyyən edilmiş qaydada idmançıların bir idman təşkilatından digərinə keçməsində iştirak edilməsi;
12.8.5. klubun nizamnaməsinə (əsasnaməsinə) və qanunvericiliyə əsasən digər fəaliyyətin həyata keçirilməsi.
12.9. İdman klublarının fəaliyyəti qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.